Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ankaradan BƏYANAT!!!

Ankaradan BƏYANAT!!!

10.07.2026 [09:52]

NATO dövlətləri 50 milyard dollardan artıq yeni tədarük sazişlərini elan edib

Növbəti görüş yeri Albaniyadır

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin yekun bəyanatı qəbul olunub. Bəyanatda üzv dövlətlərin NATO-nun 5-ci maddəsinə, kollektiv müdafiə bəndinə və transatlantik əlaqələrə “sarsılmaz öhdəliklərini” təsdiqləmək üçün Ankarada görüşdüyü qeyd olunur: “Bir müttəfiqə hücum bütün müttəfiqlərə hücum deməkdir. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz azad və demokratik ölkələrdən ibarət olan Alyansımızın 1 milyard vətəndaşı üçün sülh, təhlükəsizlik və rifahın təməli olaraq qalır. Biz çəkindirmə və müdafiəyə 360 dərəcə yanaşmamıza sadiq qalırıq.”

Bəyanatda həmçinin qeyd olunur ki, müttəfiq ölkələr Rusiyanın Avro-Atlantik təhlükəsizliyi və sabitliyinə uzunmüddətli təhdidi, eləcə də davam edən terrorizm təhdidi ilə mübarizə aparmaq üçün Haaqa Müdafiə Andını həyata keçirirlər. Sənəddə həmçinin Avropa müttəfiqləri və Kanadanın 2025-ci ilə qədər vacib müdafiə ehtiyaclarına investisiyalarını 139 milyard dollardan çox artırdığı vurğulanır. Bəyanatda investisiyaların müdafiə sənayesini və dayanıqlığını gücləndirdiyi, eyni zamanda lazımi imkanları təmin etdiyi qeyd olunur: “Bu gün Ankarada kollektiv istehsal gücümüzü artırmaq və innovasiyanı sürətləndirmək üçün sənaye ilə işləməyi öhdəmizə götürərək 50 milyard dollardan çox yeni tədarük sazişlərini elan edirik. Müttəfiqlər arasında müdafiə ticarət maneələrini aradan qaldırmaq üçün səylərimizi davam etdirəcəyik və müdafiə sənayesində dərinliyi və əməkdaşlığı maksimum dərəcədə artırmaq üçün NATO tərəfdaşlığından istifadə edəcəyik.”

Ukraynaya iki il üçün 140 milyard avro... 

Bəyanatda daha güclü Avropa və daha güclü NATO daxilində modernləşdirilmiş Alyansın qurulması istiqamətində hədəflər müəyyənləşdirilir, Avropa müttəfiqləri və Kanadanın ABŞ ilə birlikdə Alyansın müdafiəsi üçün daha böyük məsuliyyət daşıdığı vurğulanır. Bəyanatda qeyd olunur ki, NATO-nun çəkindirmə və müdafiəsi kosmik və kiber elementlər tərəfindən dəstəklənən nüvə, ənənəvi və raketdən müdafiə imkanlarının uyğun kombinasiyasına əsaslanır. Bəyanatda həmçinin Ukraynanın transatlantik təhlükəsizliyə töhfə verdiyi qeyd olunur və müttəfiqlərin Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsinə sarsılmaz dəstəyi vurğulanır. Sənəddə bildirilir ki, müttəfiqlər 2026-cı ilə qədər Ukraynaya hərbi avadanlıq, yardım və təlim dəstəyi üçün 70 milyard avro ayırır və 2027-ci ildə ən azı eyni səviyyədə dəstəyi saxlamaq üçün suveren öhdəliklərini bir daha təsdiqləyirlər.

Bəyanatda Alyansın daha geniş təhlükəsizlik mühitini formalaşdıran strateji rəqabətə, geniş yayılmış qeyri-sabitliyə, hibrid təhdidlərə və təkrarlanan böhranlara cavab verməyə və uyğunlaşmağa davam etdiyi qeyd olunur: “Müttəfiqlər İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu təkrarlayır və İranı Hörmüz boğazında naviqasiya azadlığına tam hörmət etməyə çağırır.”

Ərdoğan: Türkiyə hər zaman Alyans daxilində vəzifələrini şərəflə yerinə yetirib

36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsindən sonra mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avro-Atlantik təhlükəsizliyin sınaqdan keçdiyi bir dövrdə ev sahibliyi etdiyimiz bu tarixi zirvə görüşü ortaq gələcəyimizi formalaşdıracaq şəkildə baş tutdu. Avropalı müttəfiqlərin Alyans daxilində daha çox məsuliyyət daşıyacağı və hərbi imkanlarımızın ədalətli yük bölgüsü yolu ilə gücləndiriləcəyi daha güclü bir NATO üçün Ankarada təməl qoyduq: “Zirvə toplantısında ötən il Haaqada götürülmüş öhdəliklərin yerinə yetirilməsinə diqqət yetirdik. Baş katib cənab Rutte müttəfiqlərin əldə etdiyi irəliləyişi rəqəmlərlə də təqdim etdi. Bu münasibətlə biz həmçinin Alyansa çoxşaxəli və tədricən artan töhfələrimizi konkretləşdirdik. Müttəfiqlər arasında həmrəylik ruhu NATO-nun Ankara Zirvə Toplantısında çox aydın şəkildə özünü göstərdi”.

Ərdoğan bildirib ki, Türkiyə hazırda NATO-nun ikinci ən böyük quru ordusuna malikdir. Onilliklərdir ki, NATO-nun cənub-şərq cinahının təhlükəsizliyi əsasən ölkəmizə həvalə edilib.” O, Türkiyənin bu etimadı haqlı olaraq yerinə yetirdiyini vurğulayıb. Prezident Ərdoğan bildirib ki, Türkiyə həmişə Alyans daxilində vəzifələrini şərəflə yerinə yetirib: “Biz NATO-nun əməliyyatlarına, missiyalarına və ortaq fondlarına ən çox töhfə verən ölkələrdənik”.

Ərdoğan, Alyansın bu yeni dövründə, yenidən kollektiv müdafiəyə yönəlmiş ədalətli yük bölgüsü baxımından daha çox məsuliyyət daşımağa hazır olduqlarını bildirib və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin avqust ayında başlayacaq NATO Hava Polisi missiyasının bir hissəsi olaraq Estoniyada yerləşdiriləcəyini bildirib: “Biz 2028-2029-cu illərdə Alyans Cavab Qüvvələrinə komandanlıq edəcəyik. Türkiyə olaraq, biz qırıcı təyyarələrini,  tanklarını, gəmilərini istehsal edən və hava hücumundan müdafiə sistemlərini inkişaf etdirən nadir müttəfiqlərdən biriyik”.

Tramp: Zalda böyük bir birlik ruhu var idi

ABŞ Prezidenti Donald Tramp 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsindən sonra keçirilən mətbuat konfransında ev sahibi Türkiyəyə və Prezident Ərdoğana istinadən söylədi: “Türkiyədə çox uğurlu bir NATO Zirvəsini başa vurdum. Prezident Ərdoğana, gözəl bir insana, böyük bir liderə, uzun müddətli dosta, çox güclü bir liderə təşəkkür etmək istəyirəm. Onun çox güclü bir şəxsiyyəti var və buna görə də belə uğurlu və yaxşı bir ölkəni idarə edir” deyib. Türkiyənin güclü orduya sahib olduğunu vurğulayan Tramp ABŞ-ın NATO-ya ən böyük töhfə verən ölkə olduğunu vurğulayıb: “Silahlı qüvvələrimizə 1 trilyon dollar sərmayə qoymuşuq və hazırda Konqresdən əlavə 1,5 trilyon dollar tələb edirik”. NATO görüşü ilə bağlı isə Tramp bildirib ki, “Zalda böyük bir birlik ruhu var idi. Bütün ölkələri müdafiə öhdəliklərini çox tez bir zamanda artırmağa çağırıram”. ABŞ dövlət başçısı tədbiri “çox uğurlu bir zirvə” adlandırıb və Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əl-Şaara da daxil olmaqla bir çox liderlə görüşmək fürsəti qazandığını önə çəkib.

Rutte: növbəti beş ildə pilotsuz sistemlərə 40 milyard dollar, yanacaq təchizatı üçün 27 milyard avro yatırılacaq

NATO-nun Baş katibi Mark Rutte isə keçirilən mətbuat konfransında Ankara Zirvəsini çox uğurlu bir görüş adlandırıb. “Bu zirvə görüşünün mesajı sadədir: NATO nəticə verir”, - deyə vurğulayan Rutte ötən il Haaqada keçirilən Zirvə Görüşündə müttəfiqlərin Alyansı gücləndirmək üçün tarixi qərarlar verdiyini xatırladaraq “Ankarada bu öhdəliklər artıq tətbiq olunur” deyib.

O, müdafiə investisiyalarının artmağa davam etdiyini, yeni hərbi imkanların inkişaf etdirildiyini və müdafiə sənayesində istehsalın artdığını bildirib. Rutte Avropa və Kanadadakı müttəfiqlərin ümumi təhlükəsizlik üçün daha böyük məsuliyyət daşıdıqlarını da əlavə edib. O, müttəfiqlərin 2035-ci ilə qədər ümumi daxili məhsullarının (ÜDM) 5 faizini müdafiəyə ayırmaq məqsədinə doğru əhəmiyyətli irəliləyiş əldə etdiklərini və təhlükəsizliyi gücləndirən əsas müdafiə xərclərinin və investisiyaların artmağa davam etdiyini bildirib. Baş katib bunun sadəcə daha çox xərcləmək demək olmadığını, əksinə silahlı qüvvələri getdikcə daha təhlükəli bir dünyada ehtiyac duyduqları imkanlarla təchiz etmək demək olduğunu vurğulayıb. Rutte, istehsalın sürətləndirilməsinin, müdafiə sənayesindəki maneələrin aradan qaldırılmasının, dayanıqlığın artırılmasının və innovasiyaya investisiya qoyuluşunun prioritetlər arasında olduğunu söyləyib və NATO Zirvəsi Müdafiə Sənayesi Forumunda cəmi bir gündə 50 milyard dollardan çox yeni satınalma müqavilələrinin imzalandığını qeyd edib.

O, həmçinin müttəfiqlərin növbəti beş il ərzində pilotsuz sistemlərə 40 milyard dollar, NATO-nun yanacaq təchizatı zəncirini gücləndirmək üçün infrastruktur investisiyalarına isə 27 milyard avro yatırılacaq “NATO Dron Kənarları” təşəbbüsünü başlatdıqlarını bildirib.

Rutte həmçinin süni intellekt və qarşılıqlı fəaliyyət göstərən transatlantik döyüş bulud infrastrukturu kimi texnoloji sahələrdə yeni addımların atıldığını deyib. O, Ukraynaya dəstəyin davam edəcəyini vurğulayaraq, müttəfiqlərin bu il və gələn il Ukraynaya ən azı 70 milyard avro dəyərində hərbi texnika, yardım və təlim dəstəyi verməyə öhdəlik götürdüklərini bildirib. Vurğulayıb ki, bu, 1 milyard insanın təhlükəsizliyini təmin etməyə və uyğunlaşmağa davam edən NATO 3.0-ın mahiyyətidir. Rutte əlavə edib ki, növbəti NATO Zirvəsi Albaniyada keçiriləcək. Bu qərarın Haaqa Zirvəsində verildiyini deyən Rutte dəqiq tarixin hələ müəyyən edilmədiyini bildirib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31