Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nəqliyyatda Məlumat Anbarı yaradılır: Nə dəyişəcək?

Nəqliyyatda Məlumat Anbarı yaradılır: Nə dəyişəcək?

25.07.2026 [10:18]

Hədəf daha ağıllı, dayanıqlı və vətəndaşyönümlü nəqliyyat ekosisteminin formalaşmasına nail olmaqdır

Müasir dövrdə həyatın bütün sahələrinə daxil olan süni intellekt əhaliyə xidmət sektorunun mühüm seqmenti qismində çıxış edən nəqliyyat sektorunda fəaliyyətin optimallaşdırılması üçün geniş imkanlar açıb. Artıq yeni texnologiyaların tətbiqi ilə məlumatları bir bazada toplayaraq onları operativ şəkildə emal etmək və alınan nəticələrə uyğun marşrutların fəaliyyətinin səmərəliliyini artırmaq mümkündür.

Beləliklə, xidmət keyfiyyətini yüksəltməklə vətəndaş məmnunluğunu artırmaq üçün nəqliyyatda məlumatların bir bazada toplanaraq səmərəli idarəçiliyə keçid dönəmi başlayır. Hazırda  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat əsaslı idarəetməni gücləndirmək üçün zəruri infrastruktur qurulmaqla Məlumat Anbarının (Data Warehouse - DWH) yaradılması istiqamətində işlər aparır.

Məlumat Anbarı nədir?

Məlumat Anbarı toplanan bütün nəqliyyat, sərnişin və hərəkət datalarını vahid mərkəzdə birləşdirən böyük verilənlər bazasıdır. Süni intellekt məhz bu bazadakı məlumatları emal edərək  onlar üzərindən qərarlar qəbul edilməsinə imkan yaradır. Qurumdan verilən məlumata əsasən, yaxın və ortamüddətli perspektivdə AYNA süni intellekt əsaslı qərarvermə dəstəyi, vətəndaş müraciətlərinin ağıllı emalı, rəqəmsal köməkçilərin (AI Assistant) tətbiqi, “Big Data” analitikası vasitəsilə sərnişin və nəqliyyat axınlarının təhlili, proqnozlaşdırıcı analitika, risk əsaslı nəzarət mexanizmləri və proseslərin daha geniş avtomatlaşdırılması nəzərdə tutulur. “Məlumat Anbarı” layihəsi isə müxtəlif informasiya sistemlərində toplanan məlumatların vahid platformada birləşdirilməsini, standartlaşdırılmasını və təhlil üçün əlçatan olmasını təmin edəcək. DWH infrastrukturu “Big Data” analitikası üçün etibarlı baza rolunu oynayacaq. Platformada ictimai nəqliyyat, sərnişin axını, marşrutların fəaliyyəti, yol hərəkətinin intensivliyi və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumatlar vahid mühitdə emal ediləcək. Bu da böyük həcmli məlumatların təhlilinə, tendensiyaların müəyyənləşdirilməsinə və gələcək nəqliyyat tələbatının daha dəqiq proqnozlaşdırılmasına imkan verəcək”, - deyə AYNA-nın məlumatında vurğulanır.

AYNA-dan əlavə edilib ki, Məlumat Anbarı həmçinin süni intellekt və proqnozlaşdırıcı analitika həllərinin tətbiqi üçün möhkəm zəmin yaradacaq: “Bunun nəticəsində nəqliyyat şəbəkəsinin planlaşdırılması, resursların idarə olunması, marşrutların optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması daha səmərəli olacaq, qərarlar isə məlumatlara əsaslanaraq daha operativ qəbul ediləcək. Uzunmüddətli perspektivdə isə DWH və “Big Data” texnologiyalarının tətbiqi AYNA-nın rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biri olaraq daha ağıllı, dayanıqlı və vətəndaşyönümlü nəqliyyat ekosisteminin formalaşmasına mühüm töhfə verəcək”.

Xidmətlərin müxtəlif rəqəmsal platformalar üzərindən təqdim olunması

Ölkənin digər xidmət  qurumlarında olduğu kimi, AYNA  da son illərdə nəqliyyat sahəsində xidmətlərin rəqəmsal platformalar üzərindən təqdim olunmasını özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Qurumdan bildirilib ki, bu məqsədlə sərnişinlər, sürücülər, daşıyıcılar və dövlət qurumları üçün xidmətlərin vahid rəqəmsal mühitdə təqdim olunmasını təmin edən müasir informasiya sistemləri yaradılıb. Bu ekosistemin əsasını AYNA İnformasiya Sistemi və onun altsistemləri təşkil edir. Bunlardan aşağıdakıları misal göstərmək mümkündür:

- Şəhər mobilliyinin idarə olunması üçün “Rəqəmsal Əkiz” (Digital Twin),

- “Taksi Rəqəmsal Əkiz”,

- Şəhərlərarası sərnişin daşımaları üzrə Biletim.az,

- Parklanmanın idarə olunması üçün “AzParking”,

- İctimai nəqliyyatda QR-kod və NFC əsaslı nağdsız ödəniş sistemi,

- Eləcə də vahid mobillik platforması olan “AYNA MaaS” (Mobility as a Service).

Təbii ki, qeyd olunan rəqəmsal platformalar son deyil və bu istiqamətdə işlər davam etdirilir. O cümlədən AYNA İnformasiya Sistemi vasitəsilə daşıyıcıların elektron qeydiyyatı, elektron əmtəə-nəqliyyat qaiməsinin tərtibi, fərqlənmə nişanlarının və beynəlxalq daşımalar üçün icazə blanklarının verilməsi, şəhərlərarası avtobus biletlərinin onlayn satışı, elektrik doldurma məntəqələrinin məlumat bazası, elektron formulyarların hazırlanması, rəqəmsal taxoqraf kartları üçün müraciətlər, avtovağzal və avtostansiyalara pasportların verilməsi, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə xüsusi icazələrin rəsmiləşdirilməsi, həmçinin reysqabağı texniki baxış və tibbi müayinələrin elektron uçotu həyata keçirilir.

Hazırda  AYNA-nın ən mühüm innovativ layihələrindən biri “Rəqəmsal Əkiz” platformasıdır. “Bakı şəhərinin virtual modelini yaradan bu sistem süni intellekt və “Big Data” texnologiyalarından istifadə etməklə real vaxt rejimində məlumatları emal edir, nəqliyyat axınlarını təhlil edir və proqnozlaşdırır. Platforma yol infrastrukturunun səmərəliliyinin qiymətləndirilməsi, sıxlığın azaldılması, avtobus marşrutlarının optimallaşdırılması, ictimai nəqliyyatın əlçatanlığının artırılması, eləcə də qəza və təmir zamanı alternativ hərəkət ssenarilərinin hazırlanmasına imkan verir. Taksi sahəsində tətbiq olunan “E-taksi” altsistemi və “Taksi Rəqəmsal Əkiz” platforması operatorlardan alınan adsızlaşdırılmış məlumatları real vaxtda emal edərək bazarı təhlil edir. Bu sistem taksi kvotalarının müəyyənləşdirilməsi, sıxlığın və sərnişin axınının analiz edilməsi, həmçinin icazə və buraxılış kartlarının tam rəqəmsal idarə olunmasını təmin edir”, - deyə məlumatda vurğulanır.

AYNA-dan bildirilib ki, rəqəmsallaşma istiqamətində mühüm yeniliklərdən biri də SİMA rəqəmsal identifikasiya sisteminin taksi platformalarına inteqrasiyasıdır. Verilən məlumata görə biometrik identifikasiya sürücünün şəxsiyyətini təsdiqləyir, qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsi ilə fəaliyyət göstərilməsi və ya sürücü hesabından başqa şəxslərin istifadə etməsi kimi halların qarşısını alır. İctimai nəqliyyatda da rəqəmsal həllər geniş tətbiq olunur. Sərnişinlər fiziki “BakıKart”, mobil tətbiqlər vasitəsilə yaradılan QR-kod, eləcə də NFC texnologiyasını dəstəkləyən bank kartları və mobil cihazlarla (“Apple Pay” və “Google Pay”) ödəniş edə bilirlər. Bu sistem hazırda Bakı şəhərində nağdsız ödəniş sistemi tətbiq olunan bütün avtobus marşrutlarında, Gəncə, Xankəndi şəhərdaxili avtobuslarında, eləcə də Bakı-Sumqayıt marşrutlarında istifadə olunur.

Agentlikdən əlavə edilib ki, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması məqsədilə Ədliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemlərindən real vaxt rejimində məlumat əldə olunur. Bundan əlavə, İcbari Sığorta Bürosu və Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrləri vasitəsilə sığorta və mülkiyyət hüquqları avtomatik yoxlanılır. Hazırda “MyGov Biznes” portalı ilə də inteqrasiya işləri davam etdirilir. Bu əməkdaşlıq sahibkarlara digər rəqəmsal xidmətlərə vahid biznes ekosistemi üzərindən çıxış imkanı yaradır və sənəd dövriyyəsinin tamamilə kağızsız formada aparılmasını təmin edir.

AYNA Təlim-Tədris Mərkəzində beynəlxalq yük və sərnişin daşıyan sürücülər, eləcə də taksi sürücüləri üçün təlimlər “ayna.empro.az” platforması vasitəsilə onlayn və ya əyani formatda keçirilir. Kağız üzərində aparılan bir çox proses elektron iş axınları ilə əvəz edilib, sənəd dövriyyəsi və qərarların razılaşdırılması tam rəqəmsal mühitə keçirilib. Hazırda AYNA-nın təqdim etdiyi xidmətlərin təxminən 90 faizi tam rəqəmsal formatda göstərilir və rəqəmsallaşdırma prosesi mərhələli şəkildə davam etdirilir.

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,8 dəfə artıb

Öz növbəsində, vətəndaşların rəqəmsal platformaların istifadəyə üstünlük vermələri məmnunluq doğurur. Cari ilin 5 ayı ərazində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 456 min 195 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

2025-ci ilin yanvar-may ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 31,8 faiz idisə, cari ilin müvafiq dövründə bu göstərici 43 faizə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Hazırda “biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 364 reys olmaqla 411 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə “biletim.az” üzərindən tətbiqə giriş zamanı “myGov ID ilə giriş” funksionallığı təmin edilib. Eyni zamanda, istifadəçilərə əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da yaradılıb.

Bu funksionallıqlar sayəsində istifadəçilər ilkin qeydiyyat zamanı portala birbaşa və sürətli giriş, həmçinin əvvəlcədən əldə etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə imkanı əldə ediblər.

Xidmət asanlaşır, əlçatanlıq artır, vətəndaş məmnunluğu yüksəlir

AYNA-nın məlumatında qeyd edilib ki, rəqəmsal həllərin tətbiqi vətəndaşlarla qarşılıqlı əlaqənin daha rahat və çevik qurulmasına imkan yaradıb. Bildirilir ki, artıq daşıyıcılar, sərnişinlər və sürücülər bir çox xidmətdən istənilən vaxt, istənilən yerdə elektron qaydada istifadə edə, müraciətlərini, eləcə də ödənişlərini onlayn həyata keçirə və müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə bilirlər. Elektron xidmətlərin genişləndirilməsi dövlət qurumlarına fiziki müraciətlərin və növbələrin sayını azaldıb, xidmətlərin göstərilmə müddətini xeyli qısaldıb. Eyni zamanda, elektron sənəd dövriyyəsi həm insanların vaxtına qənaət edir, həm də dövlət resurslarından daha səmərəli istifadəyə imkan yaradır.

Agentlikdən bildirilib ki, rəqəmsal sistemlər şəffaflığın artırılmasına da müsbət təsir göstərir. “Müraciətlərin bütün mərhələləri elektron qaydada qeydə alındığı üçün proseslər izlənilə bilir, insan amilindən asılılıq azalır və xidmətlərin keyfiyyəti yüksəlir. AYNA-nın təqdim etdiyi mühüm rəqəmsal həllərdən biri də “AYNA MaaS” mobil tətbiqidir. Tətbiq ictimai nəqliyyatdan istifadəni daha rahat və səmərəli edir. İstifadəçilər marşrutlarını planlaşdıra, dayanacaqlar barədə məlumat əldə edə və avtobusların hərəkətini real vaxt rejimində izləyə bilirlər. Bu da avtobusun dayanacağa çatma vaxtını əvvəlcədən görməyə, gözləmə müddətini azaltmağa və səfərləri daha səmərəli planlaşdırmağa imkan verir”, - deyə məlumatda bildirlir.

Digər dövlət qurumları ilə sıx inteqrasiya

Rəqəmsal platformaların əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, elektron məkanda AYNA-nın digər digər dövlət ququmları ilə sıx inteqrasiyası təmin edilir. Hazırda AYNA rəqəmsal hökumət ekosisteminin fəal iştirakçılarından biridir və müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir.

Agentliyin xidmətləri “digital bridge” platforması üzərindən təqdim edilir. Eyni zamanda, aidiyyəti dövlət qurumlarının informasiya sistemləri ilə məlumat mübadiləsi aparılır. Bu, vətəndaş və sahibkarlardan eyni məlumatın təkrar tələb olunmasının qarşısını alır və xidmətlərin daha operativ göstərilməsini təmin edir. AYNA İnformasiya Sistemi Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin məlumat bazaları ilə birbaşa inteqrasiya olunub. Ödənişlərin şəffaf uçotu üçün Hökumət Ödəniş Portalı (GPP) ilə tam əlaqə yaradılıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31