Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

10.08.2026 [15:17]

Şuşanın Qarabağ küçəsi bu gün keçmişlə gələcəyin qovuşduğu məkan təsiri bağışlayır. Bir tərəfdə şəhərin tarixi simasını yaşadan Yuxarı Gövhər Ağa məscidi ucalır, digər tərəfdə isə yenidən qurulan binalar və abadlaşdırılan küçələr uzanır. Burada hər daş, hər döngə Şuşanın keçmişindən bir iz daşıyır. Küçənin yenidən qurulması zamanı şəhərin tarixi-milli memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilir.

Məhz bu küçədə uzun illərdən sonra doğma şəhərinə qayıdan Şuşa sakini, Əməkdar müəllim, Birinci Qarabağ müharibəsi veteranı və yazıçı Əyyub Əbdüləzimovla (Əyyub Şırlanlı) görüşürük. O, bizimlə söhbətində dünyaya göz açdığı Şuşaya sonsuz sevgisindən, doğma qala şəhərinə 30 illik həsrətindən və hazırda dirçələn bu məkanın gələcəyindən söz açır.

Əyyub Şırlanlı üçün Şuşa sadəcə doğulduğu şəhər deyil. Bura onun uşaqlığının, müəllimlik illərinin, ailəsinin və həyatının mühüm bir hissəsinin keçdiyi doğma yurddur. 1992-ci il mayın 8-də Şuşadan ayrılan Əyyub müəllim sonrakı 30 ildən artıq müddətdə Bakıda yaşasa da, doğma şəhərinin tarixini və təhsil ənənələrini araşdırmaqdan, bu mövzuda yazmaqdan vaz keçməyib.

Əmək fəaliyyətinə müəllim kimi başlayan Əyyub Şırlanlı müxtəlif illərdə təhsil və mədəniyyət sahəsində çalışıb, uzun müddət Şuşa Rayon Təhsil Şöbəsində fəaliyyət göstərib. Əyyub Şırlanlı həmçinin 40-a yaxın kitabın müəllifidir. Əsərlərində Şuşanın tarixi, təhsili və mədəni irsinə xüsusi yer ayırıb.

İşğaldan azad olunandan sonra doğma Şuşaya ilk dəfə qayıdan Əyyub Şırlanlı həmin günü ömrünün ən sarsıdıcı və unudulmaz anlarından biri kimi xatırlayır. İllərlə həsrətini çəkdiyi şəhərə daxil olduğu anı belə yada salır: “Otuz ilin ayrılığından sonra birinci dəfə Şuşaya qədəm qoyanda ayaqlarım tutuldu, üzüqoylu yıxıldım yerə...”.

Lakin onun üçün ən ağır mənzərə doğma evinin yerində gördüyü dağıntılar olub. Vaxtilə ailəsinin yaşadığı, uşaqlığının keçdiyi həyətə daxil olan zaman ağacların doğranıb kötüyə çevrildiyini görüb. Bu mənzərə onu illər əvvəl ayrıldığı evin xatirələri ilə üz-üzə qoyub və yaşadığı hissləri şeirə çevirib:

Hər axşam, hər səhər məni səsləyir Şuşada,

Şırlanında qalan evimiz.

Xalısı, xalçası, yorğan-döşəyi

Düşmənin əlinə talan evimiz.

Bu misralarda onun üçün ev anlayışı yalnız daş və divarlardan ibarət deyil. Burada uşaqlıq, ailə, nənəsinin laylası və doğma ocağın xatirəsi yaşayır.

Bütün ağrılarına baxmayaraq, Əyyub Şırlanlının Şuşaya qayıdışında əsas hiss qürurdur.

“Torpaqlarımızın düşmən tapdağından azad olunmasından qiymətli heç nə yoxdur. Təkcə Şuşa yox, bütün vaxtilə işğal altında olan torpaqlarımızın hamısının azad edilməsi mənim üçün böyük qürur hissidir”, – deyə o bildirir.

Bu gün Şuşada qalan Əyyub Şırlanlı şəhəri hər gün gəzir, dağıntıların izləri ilə yanaşı, yenidən qurulan küçələrə və həyatın geri qayıtdığını göstərən mənzərələrə baxır. Şəhərin gələcəyi ilə bağlı ən böyük arzusu isə onun yenilənərkən öz ruhunu qorumasıdır.

Şuşanın gələcəyini böyük ümidlərlə təsəvvür edən Əyyub Şırlanlı şəhərin dünyada analoqu olmayan məkanlardan birinə çevriləcəyinə inanır. O, ömrünün qalan hissəsini burada keçirmək arzusundadır: “Mən Şuşanı gələcəkdə dünyada analoqu olmayan şəhər kimi düşünürəm. Ömrümün qalan hissəsini, inşallah, burada keçirə biləcəyimi düşünürəm...”

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31