Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın İKT-də yeni imkanları...

Azərbaycanın İKT-də yeni imkanları...

02.10.2026 [08:37]

“Azərkosmos” 36 ölkəyə xidmət ixrac edib

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı artıq yalnız internet şəbəkəsinin genişləndirilməsi, yeni proqramların hazırlanması və rəqəmsal xidmətlərin artırılması ilə ölçülmür. Müasir dövrdə texnologiya həm də ölkənin xarici bazarlara çıxardığı məhsul və xidmətlərdən birinə çevrilir. Bu baxımdan Azərbaycanın peyk imkanlarının xarici şirkətlərə təqdim edilməsi bunun diqqətçəkən nümunələrindəndir.

2026-cı ilin yanvar-avqust aylarında “Azərkosmos” dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 17,4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə Böyük Britaniya, Lüksemburq, Türkiyə, Pakistan və Tanzaniya yer alıb.

Qeyd edək ki, bu rəqəmlər ilk növbədə Azərbaycanın kosmik sənayesinin göstəricisi kimi qəbul oluna bilər. Lakin məsələnin başqa və daha geniş tərəfi də var. Söhbət informasiya və kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında yaratdığı yeni ixrac imkanlarından gedir.

Texnologiya artıq ixrac məhsuludur

Mövu barədə “Yeni Azərbaycan”a açıqlama verən İKT üzrə ekspert Natiq Əsədov bildirib ki, ənənəvi ixrac dedikdə göz önünə fiziki məhsullar gəlir: “Neft, qaz, kənd təsərrüfatı məhsulları, sənaye malları müxtəlif ölkələrə göndərilir və bunun qarşılığında gəlir əldə olunur. Rəqəmsal iqtisadiyyatda isə məhsulun fiziki formada daşınmasına ehtiyac yoxdur.

Proqram təminatı, bulud xidmətləri, məlumat ötürülməsi, rəqəmsal platformalar və peyk rabitəsi kimi xidmətlər sərhədləri keçərək xarici müştərilərə təqdim oluna bilir. Bu baxımdan “Azərkosmos”un 36 ölkəyə xidmət göstərməsi Azərbaycanın texnologiya potensialının yalnız daxili ehtiyacların qarşılanmasına deyil, xarici bazarlara da yönəldiyini göstərir.

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan artıq texnologiyadan sadəcə istifadə edən ölkə kimi deyil, müəyyən texnoloji xidmətləri xaricə təqdim edən ölkə kimi də çıxış edir”.

Ekspert bildirib ki, sözügedən 17,4 milyon dollarlıq ixrac gəliri göstərir ki, rəqəmsal xidmətlərin iqtisadi əhəmiyyəti getdikcə artır: “Bu göstəriciyə yalnız “36 ölkəyə xidmət göstərilib” prizmasından baxmaq kifayət deyil. Əsas məsələ həmin xidmətlərin yaratdığı əlavə dəyərdir.

Rəqəmsal iqtisadiyyatın üstünlüklərindən biri də məhz budur: texnoloji infrastruktur qurulduqdan sonra onun imkanlarından eyni vaxtda müxtəlif bazarlarda istifadə etmək mümkündür. Bir peyk infrastrukturu bir neçə ölkənin şirkətlərinə xidmət göstərə, bir proqram təminatı müxtəlif bazarlarda satıla, bir rəqəmsal platforma minlərlə istifadəçiyə eyni anda xidmət göstərə bilər.

Deməli, İKT-nin inkişafı yeni iqtisadi model də formalaşdırır. Burada əsas resurs yalnız xammal və fiziki istehsal deyil, texnologiya, bilik və rəqəmsal infrastruktur olur”.

Peyk texnologiyası gündəlik həyatın bir hissəsinə çevrilir

N.Əsədovun sözlərin görə, peyk texnologiyası uzun illər ərzində daha çox kosmik tədqiqatlarla əlaqələndirilib: “Halbuki bu gün peyklər gündəlik istifadə etdiyimiz kommunikasiya sistemlərinin mühüm hissəsidir. Televiziya yayımı, məlumat ötürülməsi, internet bağlantısı, müxtəlif kommunikasiya xidmətləri və ucqar ərazilərlə əlaqənin təmin olunması peyk texnologiyalarının tətbiq sahələrindəndir.

Bu baxımdan kosmik sənaye ilə İKT arasında sərhəd getdikcə daha çox aradan qalxır. Peyk bir tərəfdən kosmik texnologiyanın məhsuludur, digər tərəfdən isə rəqəmsal iqtisadiyyatın infrastruktur elementidir.

Məhz buna görə də Azərbaycanın peyk imkanlarının inkişafını ölkənin ümumi informasiya-kommunikasiya texnologiyaları siyasətindən ayrı təsəvvür etmək çətindir”.

Rəqəmsal iqtisadiyyat üçün yeni gəlir mənbəyi

Mütəxəssis qeyd edib ki, ölkəmizin qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatın müxtəlif sahələrində texnologiyanın tətbiqini genişləndirməklə yanaşı, texnoloji imkanları gəlir gətirən xidmətlərə çevirməkdir: “ “Azərkosmos”un ixrac fəaliyyəti bu istiqamətdə konkret nümunə yaradır. Burada dövlət və ya şirkət yalnız texnologiya əldə etmir, eyni zamanda həmin texnologiyanı xarici bazarda kommersiya xidmətinə çevirir.

Bu yanaşma gələcəkdə digər İKT sahələri üçün də əhəmiyyətli ola bilər. Proqram təminatı, kibertəhlükəsizlik, süni intellekt, məlumat emalı, bulud texnologiyaları və digər rəqəmsal xidmətlər üzrə yerli imkanların inkişaf etdirilməsi Azərbaycanın texnologiya ixracını genişləndirə bilər”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikası Media və Yayım Şurası"nın maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31