Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

01.10.2026 [08:10]

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Müasir dünyada təhlükəsizlik mühitinin sürətlə dəyişməsi dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsini, milli hərbi sənayenin inkişafını və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişləndirilməsini zəruri edir. Artıq güclü ordu anlayışı yalnız mövcud silah və texnikanın sayı ilə ölçülmür. Müdafiə texnologiyalarının hazırlanması, innovativ məhsulların istehsalı, yeni texnologiyaların mənimsənilməsi və beynəlxalq tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi də dövlətlərin strateji imkanlarının mühüm göstəricisinə çevrilib. Azərbaycan da bu prosesin fəal iştirakçılarındandır. Ölkədə müdafiə sənayesinin inkişafı ilə yanaşı, müxtəlif dövlətlərlə hərbi-texniki əlaqələr genişlənir, yeni əməkdaşlıq istiqamətləri formalaşır. Bu baxımdan, Bakının beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır. Ənənəvi ADEX sərgisi Azərbaycanın hərbi sənaye potensialının nümayiş etdirilməsi ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi nümayəndələrinin, şirkətlərin və mütəxəssislərin bir araya gəldiyi mühüm platformaya çevrilib.

Ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından biri...

Qeyd olunduğu kimi, “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ölkəmizin hərbi sənaye potensialının nümayişi ilə yanaşı, həm də beynəlxalq hərbi əlaqələrin güclənməsini göstərən aparıcı amillərdəndir. “ADEX” Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Sərgiyə maraq isə ildən-ilə artır. Bu il “ADEX” iştirakçı şirkətlərin sayına görə rekord vurur. Bununla əlaqədar olaraq, məhz “ADEX 2026” sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib. Bu mühüm yenilik “ADEX”in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 5-ci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də “ADEX”in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir. “ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır. ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunur. Bütün bunlar isə qeyd edildiyi kimi, Azərbaycanın keçirdiyi sərgiyə marağın artdığını, Bakının həm də beynəlxalq müdafiə əməkdaşlığı üçün mühüm platforma rolu oynadığını sübut edir. Prezident İlham Əliyev sərgi iştirakçılarına müraciətində bildirib ki, Bakı şəhərində ənənəvi olaraq təşkil edilən “ADEX” sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur: “Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.

Dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən bu mühüm beynəlxalq sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin, həmçinin innovativ həllərin nümayiş etdirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirə olunmasına və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradır”.

Əldə etdiyimiz nailiyyətlər dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir

Ölkəmizdə milli müdafiə sənayesinin formalaşdırılması güclü ordu quruculuğu strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin  fəaliyyət istiqamətlərinə, əsasən, müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, habelə müdafiə sənayesi sahəsinin inkişafını təmin etmək, dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını təmin etmək daxildir. Hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan çoxlu sayda istehsalat böyük uğurla fəaliyyət göstərir. Artıq ordumuzun müxtəlif növ silah-sursatla təchizatı məhz yerli istehsal hesabına təmin edilir. O cümlədən respublikamızda buraxılan hərbi təyinatlı məhsulların müəyyən qismi ixraca yönəldilir. Qeyd edək ki, daxili istehsala aid “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM pulemyotları, “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı”  snayper tüfəngləri, “Boran” artilleriya qurğusu, “Qaya” tank əleyhinə əl qumbaraatanları, “Komando” tipli “Aşırım” minaatanları,  “Matador” və “Marauder” zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə öz seqmentləri üzrə bütün dünyada ən yaxşılardan sayılır. Görülən işlərin nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir.

Dövlət başçımız sərgi iştirakçılarına müraciətində qeyd edib ki, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir: “Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir”.

Müdafiə sənayesi məhsullarımızın keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Azərbaycanda “ADEX” sərgisi ilk dəfə 2014-cü ildə baş tutub. Türkiyə, Rusiya, Çin, Fransa, Belarus. Cənubi Afrika Respubliukası, bütövlükdə 34 ölkədən 200 şirkət və 22 rəsmi nümayəndənin qatıldığı bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilib. İlk sərgidən sonra böyük yol keçilib və ildən-ilə müdafıə sənayemizin uğurları daha da artıb. Bunun nəticəsidir ki, “ADEX 2026”da beynəlxalq auditoriyaya daha geniş və daha yeni məhsullar təqdim edilir. “ADEX 2026”nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq milli ekspozisiyaya ayrılmasıdır. Pavilyonda Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlər yer alır. Milli pavilyonda Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi, Minatəmizləmə Agentliyi, Kosmik Agentliyi - “Azərkosmos”, “Rynex Solutions” MMC, “Synapline Technologies”, “Vektor DS”, “Miras Military Industrial Company” LLC, “ITX MOTORS”, Milli Müdafiə Universiteti, “RD Smart” ASC, “Az-Tex-Import” LLC, “AZEL Systems” və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi təmsil olunur.

Vurğulandığı kimi, “ADEX”in tarixində bu il ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilib və sərgi üçün rekord göstərici qeydə alınıb. Yeni ölkələrin və dünyanın tanınmış müdafiə sənayesi şirkətlərinin sərgiyə qoşulması, ənənəvi iştirakçıların isə “ADEX”də təmsilçiliklərini davam etdirməsi sərginin miqyasındakı rekord genişlənməni şərtləndirən əsas amillərdir. Bütün bunlar “ADEX”in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir: “ADEX” sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Sərgilər yeni işgüzar əlaqələrin qurulmasına mühüm töhfə verəcək

“ADEX 2026” ilə paralel olaraq, Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi - “Securex Caspian” də keçirilir. “Securex Caspian” Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunur. “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatları, kompleks mühafizə sistemlərini və perspektivli texnoloji həlləri nümayiş etdirir. Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, videomüşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, eləcə də yanğın təhlükəsizliyi bölmələri təqdim olunur. Dövlət başçısı müraciətində vurğulayıb ki, “ADEX” ilə paralel olaraq və bu il artıq 15-ci dəfə keçirilən “Securex Caspian” sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır: “Əminəm ki, “ADEX” və “Securex Caspian” sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31