Rusiyahlar...
02.08.2025 [11:45]
Pruşkeviçdən zatulinlərə, solovyovlara...
Rusiyah XX yüzilin əvvəllərində Rusiyada fəaliyyət göstərən terrorçu qruplara müsəlman türklərinin verdiyi addır. Daha doğrusu, rus terroristləri özləri-özlərini bu adla təqdim edirdilər. “Qara yüzlər” (Çernaə sotnə, çernosotenüı). Qara yüzlər, əsasən, yəhudiləri və Rusiya türklərini terror edir, xüsusən, Kazan tatarlarını ölkədən qovmaq istəyirdilər.
Həqiqi Rus İttifaqını və Mixail Arxangel Cəmiyyətini də öz ətrafında birləşdirən bu təşkilat Rusiya Dövlət Dumasında deputat Pruşkeviç tərəfindən yönləndirilirdi. Dumada siyasəti-fürusətlə, yəni at oynatmaqla məşğul idilər. Adları “Qara yüzlər” olsa da, tarixə bu şəkildə keçib: Rusiyahlar. Qara üzlər. Əli bəy Hüseynzadə o illərdə yazdığı “Siyasəti-fürusət” əsərində rus “qarayüzlərinin və qaraüzlülərinin” lideri Pruşkeviçin kölgəsinə bu sözləri dedizdirib onu ifşa edirdi: “Siyasəti-fürusət əfsunlarının biri də əhali arasına nifaq və təfriqə salmaqdadır... Bizim Rusiyada sehr, əfsun, tilsim, filan yoxsa da, onun yerinə “hipnotizm” deyilən təlqin fənni vardır. Biz bu fənnin sayəsində rus ilən müxalif olan millətlərin siyasi hüquq və mülkiyyətcə bərabərlik tələbindən vaz keçmələrinə çalışıyoruz. Etdikləri təqdirdə yenə eyni fənn sayəsində bütün əhaliyə insanlıqlarını unutdurub, bir-biri ilə qovğa etdiriyoruz...”
Hüseynzadə Rusiya türklərinə Pruşkeviçin hipnozlarına uymamağı təlqin edir, Rusiya Dövlət Dumasında at oynadan Həqiqi Rus İttifaqının liderlərini ələ salırdı.
Qabdulla Tukayın da qarayüzlərə ünvanladığı “Kitmibez” (Getmərik) adlı bir şeiri var. Şeirdə hədəf yenə də Rusiya Dövlət Dumasında meydan sulayan Pruşkeviçdir. Həmin Pruşkeviç idi ki, Rusiya İmperiyasının türklərə laqeyd münasibətini tənqid edən müsəlman fraksiyasının deputatlarını hədələyib, lağa qoyurdu. O Pruşkeviç ki, ən adi hüquqlarını tələb edən müsəlman türklərə Rusiyadan Türkiyəyə köçüb getməyi “tövsiyə” edir, yəhudilərə və türklərə qarşı gerçəkləşdirilən terror aksiyalarına başçılıq edirdi. Tukay “rusiyah gruhun - “Rus Xalq İttifaqı”nın başçısı Pruşkeviçin şəstini sındırır, onun rəhbərlik etdiyi Mixail Arxangel Cəmiyyətinin qarayüzlü (rusiyah - qara üz və çernıe sotni - qara yüzlər) çətəsinə xitab edib “getmərik” deyirdi. Tukayın şeirini rus dilinə tərcümə edən Dumaeva, qəribədir, nəinki Rusiya adının keçdiyi misraya düzəliş edib, hətta tatarca yazılmış şeirdəki “Tiz qenə kuzqalmıybız bez, i qöruhe rusiəh!” misrasındakı rusiyah sözünü tərcümə etməyə belə ehtiyac duymayıb.
Net, ne svernete nas s puti vı, podlıe rusiəh!
Üstündən 110 il keçib. Rəzil qara yüzlər - “Podlıe rusiyah”lar yenidən aktivləşib. Rusiyanın Dövlət Dumasında yeni Pruşkeviçlər baş qaldırıb. Vitse-spiker Pyotr Tolstoy da Azərbaycana dil uzadır, Rusiyada yaşayan azərbaycanlıları şərləyir.
Biz Rusiyanı Lev Tolstoya görə sevmişik. Əfsus ki, bu gün Rusiyanın ali qanunverici orqanında Azərbaycana qarşı həqarət püskürən adamın da soyadı Tolstoydur. Pyotr Toltoy. Özü də deyirlər, bu Tolstoy yazıçı Tolstoyun nəslindəndir. O Tolstoyun ki, az qala, rus sufizmini yaradıb “fənalığa müqabilə etmə” deyirdi. O zaman Əli bəy Hüseynzadə bildirirdi ki, “Tolstoy Engelqard adlı birisinə yazdığı məktubda deyir ki, əgər evimə afrikalı bir zulus vəhşisi hücum edib gözümün önündə ciyərparam olan övladımı xəncərlə doğrasa, mən əsla müqabilə etməm!” Hüseynzadə deyirdi ki, “Həyatın bütün zövqü fənalıqla mübarizədən ibarətdir... Tolstoy, həqiqətən, müqabilə edərdimi, etməzdimi, bu, başqa mövzudur. Lakin bu sözdə bir həmaqət (axmaqlıq) olduğu aşkardır. Ey oxucu, bu xüsusda o qədər böyük bir zata axmaqlıq isnad etdiyimdən ötrü dilgir olma. Çünki Tolstoyun ara-sıra axmaqlıq xoşuna gediyor”. Bəlkə ona görə ki, siyasət başqa, ədəbiyyat başqadır? Necə ki, böyük ruhşünas kimi tanıdığımız Dostoyevski “İstanbul ruslara məxsusdur” deyirdi.
İmperiyanın türk qövmü ilə münasibətlərinin mahiyyətinə diqqəti cəlb edən Hüseyzadə 1915-ci ildə Avropanın siyasi rəhbərlərinə ünvanladığı məktubda bildirirdi ki, “Rus ədəbiyyatının Rusiya türkləri üzərində faydalı təsirləri inkar ediləməz. Fəqət, bu mədəniyyətin qaynaqlarından biri Bizans ortodoksluğudur. Onda Avropa mədəniyyətinin əsaslı keyfiyyətləri yoxdur. Bu kifayətsizlik rusların yaydığı kültürü daima axsatmışdır. Ruslar kəndi kültürlərini yayarkən milli kültürləri yox etmə qayəsini güdürlər...”
Rusiya-Ukrayna savaşı başlayanda qələmə aldığım “Panslavyanizmin qürubu” yazımdan sonra bu mövzuya qayıdacağımı düşünmürdüm. Amma Rusiyadakı şovinist dilmancların son vaxtlar Azərbaycana qarşı sərgilədikləri davranış istər siyasi, istərsə də mənəvi əndazələri aşır.
Rusiyanın başlıca iddiası üçüncü Roma olmaq idi. Amma Rusiya ilə Ukrayna arasında baş verən və slavyan birliyini özülündən zədələyən müharibə Kazan türklərinin dövlət xarabalığı üzərində qurulmuş üçüncü Bizansın süqutunu yaxınlaşdırmışdır. Vaxtilə “Moskva - üçüncü Roma” ideologiyasını irəli sürən Monax Filofey “Yeni bir Roma şimalda yüksəlir və kainatı işıqlandırır... Bu üçüncü Roma qiyamətə qədər davam edəcəkdir. Dördüncü bir Romanın düşünülməsi mümkün deyil”, - deyirdi. Eyni fikirlər Rusiyanı üçüncü Bizans olaraq dəyərləndirən Karamzin tərəfindən də təkrar və təsbit edilmişdi. Pyotr Tolstoyların, Solovyovların timsalında Antixrist dördüncü Bizansın doğuluşuna imkan buraxmadı. Artıq üçüncü və sonuncu Bizans süqut etməkdədir. Azərbaycana dil uzadan rusiyahlar - qaraüzlü Pyotr Tolstoylar, Konstantin Zatulinlər, Nikolay Valuyevlər, Vladimir Solovyovlar parlament və TV-lərində Azərbaycanı deyil, öz aqibətlərini müzakirə etsinlər...
30 iyul 2025
Azər TURAN
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

