Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ələt İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır

Ələt İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır

23.06.2026 [11:25]

Ələt İqtisadi Zonasının (ƏİZ) yaradılması Azərbaycanın qabaqcıl dünya təcrübəsinin, innovasiyaların tətbiqi ilə səciyyələnən yeni sənaye inkişafı mərhələsinə keçid etdiyinə daha bir nümunədir. ƏİZ-nın təməli 1 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Onun yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Azad İqtisadi Zona 850 hektar ərazidə yaradılır.

Bu günlərdə Bakıda Azərbaycan Amerika Ticarət Palatası (AmCham Azerbaijan) tərəfindən təşkil olunan “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya Forumunda Ələt İqtisadi Zonasının perspektivləri ilə bağlı önəmli fikirlər ifadə olunub. Mütəxəssislərin qənaətinə görə, müasir infrastruktur təminatı, beynəlxalq nəqliyyat marşrutlarına yaxınlıq, ölkənin əlverişli investisiya mühiti, rezidentlər üçün çoxlu sayda güzəştlərin nəzərdə tutulması, mükəmməl hüquqi baza Ələt İqtisadi Zonasının cəlbediciliyini artıran amillərdir. Ümumi qənaət belədir ki, Azad İqtisadi Zonanın tam gücü ilə fəaliyyətə başlaması ölkədə qeyri-neft iqtisadiyyatının inkişafına və bu əsasda “Made in Azerbaijan” brendi ilə məhsul ixracına, həmçinin məşğulluğun yüksəlməsinə güclü impuls verəcək.

Əlverişli logistika - investorlar üçün əlavə imkanlar

Hazırda dünyada investorları cəlb etmək üçün azad iqtisadi zonalar arasında kəskin rəqabət olduğu heç kəsə sirr deyil. İnvestor öz sərmayələrini yönəltməkdən öncə ciddi axtarışlar aparır və seçimində daha üsün şərtləri təmin edən iqtisadi zonalara üstünlük verir. Burada bir sıra digər şərtlərlə yanaşı, əlverişli logistika ən önəmli amillərdən biri qismində çıxış edir. Əlverişli logistika təchizatı asanlaşdırır, zaman itkisinin və izafi xərclərin qarşısını alır ki, bu da son nəticədə özünü hazır məhsulun maya dəyərində göstərir.

Azad İqtisadi Zona üçün yer seçilərkən bu kimi amillərin nəzərə alındığını bildirən Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən”TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya Forumunda bildirib ki, ƏİZ logistika qovşağı kimi formalaşır. “Biz yalnız qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən istənilən azad iqtisadi zonadan daha cəlbedici olmağa borcluyuq. Rəqabətədavamlı olaq ki, investorlar məhz Ələt Azad İqtisadi Zonasını seçsinlər. Məhz buna görə də Ələt Azad İqtisadi Zonası üçün xüsusi məkan seçilib. Bu ərazi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində - Şərq-Qərb və Şimal-Cənub marşrutlarının qovşağında, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə bizə investorlar və müştərilər üçün su, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş logistik xidmətlər təqdim etmək imkanı yaradır”, - deyə qurum rəsmisi qeyd edib.

Bundan başqa, sədr deyib ki, Ələt Azad İqtisadi Zonasında yüksək texnologiyalar üçün yeni logistika-infrastruktur modeli formalaşdırılır. Yüksək texnologiya sənayesinin inkişafı üçün istehsal sahələrinə yaxın ərazidə karqo hava limanının mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Ələt İqtisadi Zonası ərazisində karqo hava limanının tikintisi üçün yerli aviadaşıyıcı “Silk Way Airlines” şirkəti ilə razılıq əldə edilib. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə azad iqtisadi zona ərazisində inşa edilən ilk hava limanı olacaq. Onun tikintisinə 2024-cü ilin mart ayında başlanılıb və gələn il hava limanının tam istifadəyə verilməsi planlaşdırılır. Bu infrastruktur yüksək texnologiya şirkətlərinin Ələt Azad İqtisadi Zonasında öz bizneslərini qurması üçün əlavə imkanlar yaradacaq.

Ələt İqtisadi Zonasının digər bir üstünlüyü burada investorlara zəruri infrastruktur və kommunal xidmətlərlə tam təmin olunmuş sənaye torpaq sahələrinin təqdim edilməsidir. Əlbəttə, tələbin hələ formalaşmadığı şəraitdə infrastruktur qurulmasına və kommunal xidmətlərin təmin olunmasına qabaqcadan vəsaitlər yönəldilməsi asan məsələ deyil. Bəlkə, investorlar gəlməyəcəklər və yaxud daha gec gələcəklər? Belə olan halda vəsaitlərin səmərəsiz xərcləndiyi qənaəti yarana bilər. Ancaq bu, Azərbaycan dövlətinin iradəsidir, ölkədə yeni sənaye quruculuğuna, qeyri-neft iqtisadiyyatının inkişafına həssas yanaşmasının ifadəsidir. Burada ilk növbədə potensial investorlar üçün daha rəqabətli və cəlbedici mühitin təmin edilməsi əsas şərt kimi götürülür. Başqa yolla investorları cəlb etmək sadəcə mümkün deyil. Biz dünya praktikasında da bunun şahidi oluruq. Xüsusilə də İrlandiyanın “Şennon” Azad İqtisadi Zonası və Sinqapurun “Curonq” təcrübələri bu baxımdan mühüm nümunədir.

Möhkəm hüquqi baza və sərmayəçilər üçün proqnozlaşdırıla bilən mühit

Qurum rəsmisinin sözlərinə görə, həmçinin  Ələt İqtisadi Zonasında hüquqi baza investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit yaradır. Bununla bağlı fikirlərini ifadə edən V.Ələsgərov vurğulayıb: “Zonanın cəlbediciliyinin ən mühüm amillərindən biri onun hüquqi bazasıdır. Bu zona “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna əsaslanır. Həmin qanun digər qanunlarından üstün hüquqi qüvvəyə (“prevailing law statusu”) malikdir. Azad iqtisadi zonaların tarixində belə xüsusi hüquqi rejimlərin tətbiqi yeni deyil. Oxşar yanaşmalar 1959-cu ildə İrlandiyada, daha sonra Sinqapurda, Çində və digər ölkələrdə tətbiq olunub. Bu cür üstün qanunvericilik çərçivəsinin mövcudluğu investisiya mühiti üçün həlledici əhəmiyyət daşıyır”.

V.Ələsgərov əlavə edib ki, bu qanuna əsasən, ümumi daxili qanunvericilik Ələt İqtisadi Zonasına və onun rezidentlərinə şamil edilmir. Zonanın ərazisində bütün münasibətlər yalnız bəhs olunan qanun və zonanın daxili qaydaları ilə tənzimlənir. Məsələn, planlaşdırma-tikinti icazələri üzrə prosedurlar xüsusi olaraq sadələşdirilib. Məlumdur ki, bir çox ölkələrdə tikinti və planlaşdırma icazələrinin alınması aylarla çəkən mürəkkəb prosesdir. Ələt İqtisadi Zonasında isə, layihə sənədləri Avropa standartlarına (“European code”) uyğun hazırlandığı halda, icazələrin verilməsi və tikintiyə başlanması cəmi 3-5 gün ərzində həyata keçirilə bilər.

ƏİZ-da günəş panelləri istehsalı müəssisəsinin yaradılması böyük perspektiv vəd edir

Ələt İqtisadi Zonası Azərbaycanın müasirləşmə siyasətini aydın şəkildə əks etdirir. Belə ki, burada innovativ tətbiqlər nəzərdə tutan və iqtisadi transformasiyaların meydana çıxardığı çağırışlara uyğun məhsul istehsalını hədəfləyən investorlara böyük məmnuniyyətlə “yaşıl işıq” yandırılır. Bu baxımdan ƏİZ-nın ərazisində Çinin “Sichuan Sunsync Photovoltaic Technology Co. Ltd.” şirkətinin iştirakı ilə yaradılacaq günəş panellərinin istehsalı müəssisəsi böyük perspektiv vəd edir.

Zavodun inşasına yaxın həftələrdə başlanılacağı gözlənilir. V.Ələsgərovun sözlərinə görə, zavodun ilk mərhələsində ildə təxminən 3 QVt gücündə günəş panelləri istehsal ediləcək, sonrakı mərhələdə isə istehsal gücünün 10 QVt-a çatdırılması planlaşdırılır. Layihənin reallaşması günəş enerjisinin maya dəyərinin azalmasına, bərpaolunan enerji mənbələrinə çıxışın genişlənməsinə və elektrik enerjisinin saxlanılması üzrə həllərin inkişafına imkan yaradacaq.

Günəş panelləri müəssisədə buraxılacaq yeganə məhsul olmayacaq. Paralel şəkildə, külək energetikası üçün komponentlərin, xüsusilə turbin pərləri və qüllələrinin yerli istehsalının təşviqi müzakirə olunur. Bu məhsulların xaricdən daşınması mürəkkəb və bahalı prosesdir. Valeh Ələsgərov qeyd edib ki, enerji sisteminə böyük həcmdə külək və günəş generasiyasını səmərəli inteqrasiya etmək üçün elektrik enerjisinin saxlanılması üzrə həllər vacibdir.

Xatırladaq ki, 2025-ci il sentyabrın 9-da Baş nazirin müavini və Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Çində imzalanan investisiya sazişi Ələt İqtisadi Zonasında müasir günəş paneli istehsal kompleksinin yaradılmasını nəzərdə tutur. Layihəyə əsasən, 23 hektar ərazini əhatə edən sənaye zonasında üç müasir istehsal obyekti tikiləcək.

V.Ələsgərov bildirib ki, Ələt İqtisadi Zonasında günəş panelləri istehsalı üçün tikilən müəssisədə yüzlərlə Azərbaycan vətəndaşı işləyəcək və onlar yeni texnologiyaları, bilgiləri və təcrübəni mənimsəyəcəklər. Bu layihə respublika iqtisadiyyatı üçün də çox böyük töhfə olacaq. Müəssisə Azərbaycanı bu sahədə regionun qabaqcıl ölkəsinə çevirəcək. “Azərbaycan günəş panellərinin və müvafiq avadanlığın ixracı sahəsində regionun ən böyük, ən uğurlu ölkəsi olacaq. Bu layihənin uğurlu icrası başqa şirkətləri, o cümlədən Çin şirkətlərini də Azərbaycana, ƏİZ-ə sərmayə yatırmağa təşviq edəcək. Çünki Çin şirkətləri ilk layihənin uğurunu gördükdən sonra onların ƏİZ-ə maraqları daha da artacaq”, - deyə Valeh Ələsgərov bildirib.

Çin şirkəti tərəfindən yaradılacaq müəssisədə istehsal ediləcək günəş panelləri, eyni zamanda, şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək ki, bu da Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.

İxracyönümlü məhsul istehsalına üstünlük veriləcək

Əsas məqamlardan biri də ondan ibarətdir ki, ƏİZ daha çox dərəcədə ixrac mərkəzi kimi inkişaf etdirilir. Tələb belə qoyulur ki, ƏİZ-da istehsal olunan malların ən azı 75 faizi ölkədən ixrac edilməlidir. Bunun əsas səbəblərindən biri Ələt İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrlə ölkə iqtisadiyyatının əsas sektorundakı yerli şirkətlər arasında qeyri-bərabər rəqabətin yaranmamasını təmin etməkdir. Çünki azad zonada fəaliyyət göstərən müəssisələr vergi və gömrük rüsumlarından azad olduqları üçün üstün rəqabət mövqeyinə malik olurlar və bu, yerli şirkətlər üçün ciddi çətinliklər yarada bilər. ƏİZ-da çalışacaq investorların qarşısında ixrac tələbi qoyulmaqla bu təhlükənin qarşısı alınacaq və yerli sahibkarlar qorunacaqlar.

Burada yaxşı nəticələr qazanan ölkələrin təcrübəsi nəzərə alınıb. V.Ələsgərov bildirib ki, yüksək əlavə dəyərli istehsal ölkələrin inkişafını sürətləndirir. “Bəzən yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla bağlı mövqeyimiz tənqid edilir. Lakin İrlandiya kimi ölkələrin təcrübəsi bu yanaşmanın nə qədər doğru olduğunu göstərir. Onlar 1959-cu ildə Şennon Azad İqtisadi Zonasını yaratdılar və bəyan etdilər ki, yüksək əlavə dəyər yaradan, ixracyönümlü istehsalla məşğul olan müəssisələri məmnuniyyətlə qəbul edirlər. Bu çərçivədə istehsal olunan məhsulların böyük hissəsi ixrac edilməli idi.

Bugünkü İrlandiya ilə 1960-cı illərin İrlandiyasını müqayisə etdikdə görürük ki, biznesin inkişafında məhz bu cür ixracyönümlü strategiya nəticəsində ölkə tamamilə fərqli bir səviyyəyə yüksəlib”, - deyə qurum rəsmisi əlavə edib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30