Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - İsveçrə: Yeni mərhələyə yüksələn çoxvektorlu əməkdaşlıq

Azərbaycan - İsveçrə: Yeni mərhələyə yüksələn çoxvektorlu əməkdaşlıq

06.08.2026 [11:28]

Müstəqil Azərbaycan həm coğrafi yerləşməsi, həm də xoş mərama əsaslanan xarici siyasəti  ilə Qlobal Şərqlə Qlobal Qərb arasında körpülər yaradan dövlət qismində çıxış edir. Əlamətdar haldır ki, respublikamızın davamlı həmrəylik təşəbbüsləri, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini hədəfləyən fəaliyyətləri geniş İslam coğrafiyasında olduğu kimi, Avropa məkanında da yüksək dəyərləndirilir. Azərbaycan Avropa İttifaqının üzvü olmasa da, “qoca qitə”nin ayrı-ayrı dövlətləri ilə sıx partnyorluq münasibətləri qurmağa nail olub ki, onlardan biri də İsveçrədir. 

Azərbaycan və İsveçrə arasında sıx və dinamik inkişaf edən əlaqələr mövcuddur. İkitərəfli  münasibətlər uzun illər qarşılıqlı hörmət, etimad və siyasi dialoq prinsipləri əsasında inkişaf edərək çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Qarşılıqlı etimada əsaslanan münasibətlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, qarşılıqlı investisiyalardan regional və beynəlxalq məsələlər üzrə tərəfdaşlığa qədər geniş spektri əhatə edir. Diqqətçəkən əsas məqam ondan ibarətdir ki, hər iki tərəf bir-birinə qarşılıqlı rəğbət bəsləyir və əlaqələrin inkişafına böyük maraq göstərir. Bununla bağlı İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin bugünlərdə respublikamıza səfəri çərçivəsində keçirilən tədbirlərdə və qonağın yerli mətbuata verdiyi müsahibəsində növbəti dəfə önəmli fikirlər ifadə olunub.

Müntəzəm siyasi dialoq

Azərbaycanla İsveçrə arasında davamlı şəkildə inkişaf edən çoxvektorlu əməkdaşlığın əsas təkanverici amili müntəzəm xarakter alan siyasi dialoqdur. İki ölkə  arasında diplomatik münasibətlərin qurulması 35 ilə yaxınlaşır. Bu isə əlaqələrin keçdiyi yola nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri də əlaqələrin dinamik xarakter aldığını göstərir.

İllər ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər və yüksəksəviyyəli görüşlər iki ölkənin bir-birinin mövqelərini daha yaxından öyrənməsinə və ortaq maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmasına imkan yaradıb. Qeyd edək ki, 2000-ci ilin yanvarında Azərbaycan Prezidenti Heydər Əliyev Davosda keçirilən Beynəlxalq iqtisadi forumun işində iştirak edib və səfər çərçivəsində İsveçrə Prezidenti A.Oqi və maliyyə departamentinin rəhbəri (Maliyyə Naziri) K.Villiqerlə görüşüb, digər məsələlərlə yanaşı, keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə edib. Sonrakı mərhələdə isə Prezident İlham Əliyev dəfələrlə İsveçrədə işgüzar və rəsmi səfərlərdə olub, dost ölkənin ev sahibliyi ilə keçirilən Davos Forumunda müntəzəm qaydada iştirak edib.

Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulub. İsveçrə Azərbaycanın müstəqilliyini 23 dekabr 1991-ci ildə tanıyıb. Berndəki səfirliyimiz isə 6 oktyabr 2004-cü ildə təsis olunub. İqnasio Kassisin yerli mətbuata müsahibəsində qeyd etdiyi kimi, İsveçrənin Azərbaycanın müstəqilliyini erkən tanıması ölkələr arasında sıx və davamlı münasibətlərin təməlini qoyub.

İqnasio Kassisin səfəri siyasi dialoqu dərinləşdirmək, iqtisadi əməkdaşlığı gücləndirmək və ortaq maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Çünki Azərbaycan üçün İsveçrə Avropanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, beynəlxalq diplomatiyada xüsusi nüfuza malik ölkədir. İsveçrənin neytrallıq siyasəti, beynəlxalq vasitəçilik və dialoq ənənələri, çoxtərəfli diplomatiyada fəal iştirakı onu regional və qlobal məsələlər üzrə mühüm tərəfdaşa çevirir. Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi Avropa ilə Asiya arasında nəqliyyat və enerji əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan qarşılıqlı siyasi maraqların genişlənməsi iki ölkə arasında əməkdaşlığın yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmamasına, regional və beynəlxalq gündəliyin müxtəlif məsələlərini də əhatə etməsinə şərait yaradır. Əsas məqsədi siyasi dialoqu dərinləşdirmək olan səfər, həmçinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu sübut edir.

Beşinci ticarət tərəfdaşı

Azərbaycan və İsveçrə hökumətləri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlığı müxtəlif istiqamətlərdə genişləndirirlər.  Azərbaycan Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 2003-cü ildə təsis edilib. Artıq 20 ildən çoxdur fəaliyyət göstərən bu platforma iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında və investisiya mühitinin genişləndirilməsində mühüm rol oynayır. İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin müsahibəsində bildirdiyi kimi, birgə İqtisadi Komissiya ikitərəfli münasibətlərimizin əsas alətidir. “Bu, bizə konkret imkanları müəyyən etməyə, biznes mühitini yaxşılaşdırmağa, İsveçrə və Azərbaycan şirkətlərinin, xüsusilə də neft və qazdan başqa digər sektorlarda bir-birinə yaxınlaşmasına imkan yaradır.

Sentyabrın 15-də İsveçrədə keçiriləcək 10-cu iclas biznes-forum ilə birlikdə bu əməkdaşlığı dərinləşdirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün fürsət yaradacaq”, - deyə İsveçrə rəsmisi yerli KİV-ə müsahibəsində vurğulayıb.

Diqqətçəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, dost ölkələr qarşılıqlı investisiya qoyuluşunu artırmaqla iqtisadi əlaqələrini davamlı şəkildə genişləndirirlər. Son 30 il ərzində İsveçrədən Azərbaycana 1,6 milyard ABŞ dolları, Azərbaycandan isə İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırılması iki ölkə arasında investisiya əməkdaşlığının kifayət qədər balanslı xarakter daşıdığını göstərir. Bu rəqəmlər həm də Azərbaycan və İsveçrə biznes dairələri arasında qarşılıqlı marağın yüksək olduğunu nümayiş etdirir. Azərbaycanın İsveçrəyə investisiya yatırması ölkənin xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətlidir. İsveçrə investisiyalarının Azərbaycandakı mövcudluğu isə ölkənin biznes mühitinə və uzunmüddətli iqtisadi potensialına olan marağın və inamın göstəricisidir. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən mühüm islahatlar sayəsində Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb. Ölkəmizdə xarici investorların maraqları möhkəm hüquqi baza ilə qorunur. Eyni zamanda, uzunmüddətli sabitlik, cəmiyyətdəki tolerantlıq mühiti, Avrasiyada əlverişli coğrafi yerləşmə xarici investorların respublikamıza marağını artırır. O cümlədən dost İsveçrəni təmsil edən investorlar da ölkəmizin bu üstünlüklərindən bəhrələnməyə çalışır və böyük inamla sərmayələrini Azərbaycana yönəldirlər.

İsveçrənin Azərbaycan ixracı üçün əhəmiyyətli bazarlardan birinə çevrilməsi də iqtisadi münasibətlərin inkişafında mühüm amildir. Xüsusilə enerji sektorunun aparıcı mövqeyi qorunmaqla yanaşı, qeyri-neft sektorunda ixrac imkanlarının genişləndirilməsi qarşıdakı dövrdə əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti fonunda kənd təsərrüfatı, qida sənayesi, logistika, nəqliyyat, informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat və innovasiya kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

İki ölkə arasında iqtisadi münasibətlərin dinamikasını əks etdirən əsas göstəricilərdən biri ticarət dövriyyəsidir. İsveçrə Azərbaycanın beşinci ən mühüm ticarət tərəfdaşıdır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2025-ci ildə İsveçrə ilə ticarət dövriyyəmiz 1 milyard 773 milyon ABŞ dolları təşkil edib. Bu isə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 3,6 faizlik pay deməkdir. Ticarət dövriyyəsində 2024-cü illə müqayisədə ciddi artım qeydə alınsa da, iqtisadi münasibətlərin potensialı mövcud göstəricilərdən daha böyükdür. Həmçinin Azərbaycanda 110 İsveçrə şirkətinin qeydiyyatdan keçməsi, onlardan 87-nin aktiv fəaliyyət göstərməsi iki ölkənin biznes əlaqələrinin də real iqtisadi əsaslara söykəndiyinin açıq nümunəsidir.

İki ölkə arasında uzun illər ərzində Bretton Vuds institutları çərçivəsindəki əməkdaşlıq münasibətlərin xüsusi bir istiqamətidir.  Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi qrupda üzvlüyü etimadın göstəricisidir. Bu etibarlı və uzunmüddətli tərəfdaşlıq həm də müntəzəm siyasi dialoqa, koordinasiyalı fəaliyyətə və texniki əməkdaşlığa şərait yaradır.

Eyni zamanda, Azərbaycan və İsveçrə arasında münasibətlər regional sabitlik, nəqliyyat bağlantıları, innovasiya və dayanıqlı inkişaf kimi qlobal gündəlik məsələlər ətrafında da inkişaf edən çoxşaxəli tərəfdaşlıq xarakteri daşıyır. Qarşılıqlı siyasi iradə və mövcud iqtisadi potensialın daha səmərəli şəkildə səfərbər edilməsi isə növbəti illərdə bu tərəfdaşlığın daha da dərinləşməsinə və yeni məzmun qazanmasına imkan yarada bilər. Mütəxəssislərin qənaətinə görə,  gələcək mərhələdə Azərbaycan - İsveçrə iqtisadi münasibətlərinin ənənəvi enerji əməkdaşlığından kənara çıxaraq, rəqəmsal transformasiya, yaşıl texnologiyalar, logistika, bankçılıq, müxtəlif maliyyə xidmətləri və insan kapitalının inkişafı sahələrinə doğru genişlənməsi tam realdır.

Enerji və nəqliyyat sahələrində əməkdaşlığa artan maraq

Azərbaycan və İsveçrə hazırda dünyada izlənilən gərgin geosiyasi və geoiqtisadi proseslər fonunda aktuallığı heç vaxt olmadığı qədər artan enerji və nəqliyyat kimi strateji istiqamətlərdə əməkdaşlıqda üst-üstə düşən mövqe sərgiləyirlər. Enerji seqmenti ölkələrimniz arasında iqtisadi sahədə əməkdaşlığın ənənəvi və əsas istiqamətini təşkil edir. Zəngin resurslara malik olan Azərbaycan etibarlı tərəfdaş olaraq indiki mürəkkəb, ziddiyyətli qlobal şəraitdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Respublikamızın üstünlüyünü şərtləndirən yalnız resurslar deyil. Məlumdur ki, hazırda bir sıra tranzit marşrutları təhlükə altındadır və “qoca qitə”nin enerji təchizatında müəyyən problemlər yaranıb. Belə bir şəraitdə Azərbaycan özünün şaxələndirilmiş nəql marşrutları ilə Avropanın köməyinə çatır. Zamanında maneələrə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin,  Cənub Qaz Dəhlizinin inşasına nail olması Azərbaycanın və onun Liderinin strateji baxışlarının ifadəsidir. İndi hamı bu nəql marşrutlarının Avropa üçün nə qədər zəruri imkanlar yaratdığını təsdiqləyir və ölkəmizin əvəzolunmaz rolu Avropa Komissiyasında təqdir olunur. Eyni zamanda, xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan fürsətcil ölkə deyil. Respublikamızın davamlı enerji siyasəti ədalət prinsipinə əsaslanır. İndiyədək elə bir forsmajor hal olmayıb ki, Azərbaycan müqavilə şərtlərini pozsun və istehlakçılara əlavə şərtlər diktə etsin. Buna görə də digər partnyorlar kimi, İsveçrə də Azərbaycanın konstruktiv rolunu və Avropa ilə etibarlı enerji əməkdaşlığına sadiqliyini yüksək qiymətləndirir. “Bugünkü geosiyasi kontekstdə enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi Avropanın təhlükəsizliyi və dayanıqlığı üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan etibarlı enerji tərəfdaşına çevrilib və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır. Onun töhfəsi yalnız bir təchizatçıdan asılılığı azaltmağa kömək edir, həmçinin daha sabit və şaxələndirilmiş enerji təchizatını təmin edir”, - deyə İqnasio Kassis müsahibəsində bildirib.

Eyni zamanda, Cənubi Qafqazda sülh və sabitlik perspektivlərinin güclənməsi, Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və enerji bağlantılarında rolunun artması, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl transformasiya istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan-İsveçrə əməkdaşlığının gələcək inkişafı üçün yeni imkanlar açır. Azərbaycanın coğrafi mövqeyi ona Şərqlə Qərb arasında bağlantılar yaranmasında böyük üstünlüklər qazandırır. İqnasio Kassis vurğulayıb ki,  İsveçrə Orta Dəhlizin inkişafında maraqlıdır, çünki etibarlı və şaxələndirilmiş ticarət yolları açıq və dayanıqlı qlobal iqtisadiyyat üçün çox əhəmiyyət kəsb edir. Logistika, infrastruktur və rəqəmsallaşdırma kimi sahələrdə əməkdaşlıq üçün potensial var. “Cenevrədə yerləşən “Mediterranean Shipping Company” (MSC) tərəfindən ötən il Bakıda nümayəndəliyin açılması Azərbaycanın regional nəqliyyat mərkəzi kimi roluna artan marağın bariz nümunəsidir”, - deyə İsveçrə rəsmisi bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31