Qarabağın bərpasına dost dəstəyi
28.08.2026 [11:16]
Özbəkistan köməyə gələn ilk ölkələrdən biridir
Qalib Azərbaycan Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərinin bərpasını, ora Böyük Qayıdışı qısa müddətdə və layiqli şəkildə təmin etməyi ölkəmizin daxil olduğu yeni strateji mərhələnin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu, əhatə dairəsi kifayət qədər geniş olan məsuliyyətli bir hədəfdir. Söhbət erməni vandalları tərəfindən tamamilə dağıdılmış və talan olunmuş 11 min kvadratkilometr ərazinin dirçəldilməsindən və məskunlaşdırılmasından gedir.
Buna görə də güclü və məsuliyyətli dövlət olan Azərbaycan bəhs olunan ərazilərin bərpasına və yenidən qurulmasına İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başladı. Arxada qalan altı ilin təcrübəsi və əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan erməni lobbisinə bağlı olan müəyyən dairələrin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı bütün skeptik yanaşmalarını tamamilə alt-üst etməyi bacarıb. Göz önündə yeni, daha gözəl, yaşamaq və çalışmaq üçün daha rahat bir Qarabağ formalaşır. Uzun illər ərzində işğal altında qalan, qəribsiyən Şuşa, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Ağdam və digər yurd yerlərimiz geri dönən doğma insanların isti nəfəsi ilə isinir, bu yerlərdə həyat qaynamağa başlayır.
Daim Azərbaycanın yanında olan qardaş ölkə
Özünün ardıcıl siyasətində ədalət və beynəlxalq hüquq mövqeyindən çıxış edən Azərbaycan regional və qlobal miqyasda çoxlu dostlar qazanıb. Ölkəmiz hər zaman dost dövlətlərin sevincini bölüşdüyü kimi, onların kədərinə də şərik çıxır, çətinliklər yarananda köməyə tələsir və ehtiyac duyulan dəstəyi göstərir. Eyni zamanda, dost dövlətlər də daim ölkəmizlə, xalqımızla həmrəylik nümayiş etdirməyi özlərinə borc bilirlər. O cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında da biz dost dövlətlərin xoş niyyətini və dəstəyini hər addımda hiss edirik.
Bu sırada, əlbəttə ki, qardaş Türkiyə ilə bərabər, Özbəkistanın da adı ön sırada dayanır. Azərbaycanla Özbəkistanın dostluğu tarixə söykənir. Xalqlarımızı oxşar ənənələr, zəngin milli-mənəvi dəyərlər, etiqad eyniliyi, dil, mədəniyyət oxşarlığı və digər belə fundamental amillər birləşdirir. İki qardaş dövlətin siyasi rəhbərliyi də cəmiyyətlərimizin hər cəhətdən yaxınlığını və istəyini nəzərə almaqla ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə güclü qətiyyət nümayiş etdirirlər. Sevindirici haldır ki, Azərbaycanla Özbəkistanın münasibətləri strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə yüksəlib və bu günlərdə Prezident İlham Əliyevin qardaş ölkəyə uğurla baş tutan növbəti dövlət səfəri çərçivəsində imzalanan müvafiq sənəd iki ölkə arasında əbədi dostluğun möhkəm hüquqi-siyasi əsaslarını müəyyənləşdirir.
Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına öz dəstəyini göstərməsi də bu ölkənin cəmiyyətinin və siyasi rəhbərliyinin respublikamıza, Azərbaycan xalqına qardaşlıq münasibətinin növbəti təzahürüdür. Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib. “Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur”, - deyə dövlətimizin başçısı Özbəkistanın qardaşlıq dəstəyindən məmnunluğunu bildirib.
Ümumiyyətlə, Özbəkistanı “daim Azərbaycanın yanında olan ölkə” kimi də adlandıra bilərik. Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Özbəkistan tərəfi Müstəqil Dövlətlər Birliyinin sədri kimi dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiqləyib.
Türk Dövlətləri Təşkilatının 2021-ci il 31 mart tarixində (həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı) keçirilən videokonfrans formatında qeyri-formal Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı “Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik edib.
Qardaş ölkənin hədiyyəsi - Füzulidə Özbəkistan məktəbi
Qardaş ölkənin işğaldan azad olunmuş ərazilərimizin bərpasına ilk hədiyyəsi Füzulidə inşa olunan məktəb olub. Xatırladaq ki, 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib. Qardaş ölkənin dövlət başçısının bu vədi qısa müddətdə və yüksək səviyyədə yerinə yetirilib. 2023-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi baş tutub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. 2022-ci ildə başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Burada uşaqların keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb.
Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının gözəl nümunəsi
Azərbaycanla Özbəkistan praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş, bütün istiqamətlərdə əməkdaşlıq edir. İki ölkə arasında birgə investisiya fondu yaradılıb və bu, Prezident İlham Əliyevin təbirincə desək, ən yaxşı investisiya fondlarından biridir. Dövlətimizin başçısının mətbuata bəyanatında xatırlatdığı Xankəndidəki tikiş fabriki də Azərbaycan-Özbəkistan iqtisadi və investisiya əməkdaşlığının bariz nümunəsidir.
Müəssisənin açılışını Azərbaycan və Özbəkistan prezidentləri 13 noyabr 2024-cü il tarixində ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 çərçivəsində baş tutan görüşdən sonra videoformatda ediblər. Dövlətimizin başçısı bildirib ki, bu fabrik birliyimizin daha bir rəmzidir. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.
Ötən il iyulun 3-də isə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.
Fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə, müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.
Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3,5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Qarabağın və Özbəkistanın qardaşlaşan şəhərləri
Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, postmüharibə dövründə Qarabağın və Özbəkistanın ayrı-ayrı şəhərləri qardaşlaşıblar ki, bu da iki ölkənin xalqları arasında mənəvi bağların nə qədər möhkəm olduğunu bir daha təcəssüm etdirir. O cümlədən Şuşa və Xivə, Füzuli və Güliston qardaşlaşıblar. Şuşa və Xivə tarixi məkanlardır. Qardaşlaşmış bu şəhərlər mədəni-tarixi irs və turizm sahəsində sıx əməkdaşlıq edəcəklər. Füzuli və Gülistan şəhərləri isə bərpa, yenidənqurma və sosial inkişaf sahəsində əməkdaşlığı genişləndirəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Özbəkistana növbəti dövlət səfəri çərçivəsində isə Laçın şəhərinin Buxara şəhəri ilə qardaşlaşmasına dair sənəd imzalanıb. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov KİV-ə açıqlamasında diqqətə çatdırıb ki, bu, regionlararası əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, mövcud imkanlardan səmərəli istifadə edilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdəndir. “İki ölkənin regionları arasında təmaslar keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq institusional xarakter alıb. Artıq geniş şəbəkə təşkil edən qardaşlaşmış şəhərlər mühüm mərkəzlər kimi çıxış edirlər”, - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

