Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Qara fələyin ağ maskası

Qara fələyin ağ maskası

28.08.2026 [08:51]

Herman Melvillin “Mobi Dik, yaxud Ağ balina” romanı haqqında

əvvəli ötən sayımızda

İzmail nə Allahdan, nə də Allaha qaçır - o, Yunisin Allahla barışandan sonrakı halıdır. Həlim xasiyyətli, aydın fikirli, ağır təmkinli bu gənc, sadəcə, canını sıxan reallıqdan dartınıb qopmağa çalışır. Okean adlı üstünə su sərilmiş əsrarəngiz kainat onu özünə çəkir. O, qurudaykən sanki hələ ana bətnində, həyatın sahilindədir, dəryaya baş vurmaqla həyata doğulmaq, gözlərini dünyaya açmaq istəyir. Gəmi heyətinə yazıldığı vaxt ona verilən sualı da belə cavablayır: “Dünyanı görmək istəyirəm”. Ona göylərdən heç bir missiya yüklənməyib, onun missiyası elə bu kitabda baş verənləri insan oğluna danışmaq, batan gəmidən - fələyin emalatxanasında dişləri itilənmiş azman balığın qarnından nə hesaba qurtulduğunu dünyadan qırağa çıxan abid kimi hücrəsindən zikr eləməkdir.

Nantaket limanında İzmaillə Kvikeq üçillik səfərə hazırlaşan “Pekod” adlı balıqçı gəmisinə yazılırlar. Balina ovu üzrə ixtisaslaşmış gəminin adı avropalı gəlmələrin qırıb kökünü kəsdiyi yerli amerikan qəbiləsinin xatirəsinə qoyulub. Bunun özü artıq nəhs əlamətdir. “Pekod” gəmisinin müxtəlif xalqların, irqlərin nümayəndələrindən ibarət beynəlmiləl tərkibli heyəti var. Bunu adətən romanda təsvir olunan dövrün sosial-siyasi gerçəkliyinə, Şimali Amerikada məskunlaşan əhalinin etnik-irqi rəngarəngliyinə bağlayırlar - əlbəttə, belə yozumun yaşamağa tam haqqı var; ancaq biz daha çox o varianta inanırıq ki, o gəmi elə kainat adlı okeanda uzun bir səfərə çıxmış yer adlı planetin, gəminin heyəti də həyatdan şərikli bəslənən ağlı-qaralı, sarılı-qırmızılı cəmi bəşəriyyətin rəmzidir.

“Pekod”un kapitanı Axav dəryada hər balığın keçdiyi yola bələd olan usta balina ovçusu, inadından dönməyən qəzəbli, kinli qocadır (yaşı hələ altmışa çatmasa da, dövrünün arşınıyla onu qoca saymalıyıq). Bir ayağını dizdən aşağı balina dişi qoparmış kapitan balina çənəsindən qayırılmış protezlə gəzir. İndi onun ailə ocağının istisinə qızınmaq yerinə belə bir ağır səfərə çıxmağı da qazanc niyyəti güdmür; Axav onu şikəst qoymuş həmin ağ balinanı - dəniz ovçularının Mobi Dik adı verdiyi, canına sancılan nizələrin açdığı yaralardan gövdəsi neçə yerdən çapılmış nəhəng albinoz balığı tapıb ondan qisasını almaq istəyir.

Axavın adı da Bibliyadan - miladdan əvvəl doqquzuncu əsrdə hökm sürmüş İsrail padşahının adından götürülüb. Yəhudilərin müqəddəs kitabı Əhdi-ətiqdə Axav pis əməllər törətdiyinə, yad qadınla evlənib yad bütlərə sitayiş elədiyinə görə Tanrının qəzəbinə gəlmiş padşah kimi xatırlanır. Dövrünün peyğəmbəri İliya (müsəlman versiyasında İlyas) ona qarşı amansız mübarizə aparır, sonda həmin mübarizə bütlərin məğlubiyyəti, yəhudi tanrısının qələbəsiylə başa çatır. Məsələ burasındadır ki, İzmaillə Kvikeq də Nantaket limanında “Pekod” gəmisinin heyətinə yazılmağa hazırlaşanda bir suyumu cır-cındır geymiş dəliyə, bir suyumu dünya malına həqarətlə baxan müqəddəsə bənzər İliya adlı qəribə qoca onların yolunu kəsib dostları bu qanlı sevdadan daşınmağa çağırır. Onun fikrincə, Axav gəmiyə yığdığı adamları öz taleyinə şərik tutmaq istəyir, kindən-nifrətdən ağlını itirmiş kapitanın niyyəti qaranlıqdır, bu səfərin sonu fəlakət görünür. Təbii ki, okeana baş vurmağa böyük həvəslə hazırlaşan gənclər sərsəm peyğəmbərin sözünə məhəl qoymurlar, yeni həyatın ağuşuna sevinclə atılırlar.

***

Gəmi dənizə çıxandan yalnız bir neçə gün sonra kapitan Axav göyərtədə görünür. Onun tutqun, sərt görkəmi, əzabdan qarsılmış üzü İzmaili sarsıdır. Göyərtəyə döşənmiş taxta lövhələrin üstündə xüsusi oyuqlar açılıb ki, gəmi yırğalananda Axav protez ayağını həmin dəliklərə yerləşdirib müvazinətini itirməsin. Dor ağacına çıxıb müşahidə aparanlara xüsusi tapşırılıb ki, ağ balina görsələr, dərhal kapitana xəbər versinlər. Axavın üzü gülmür, eyni açılmır, intiqam duyğusu ona rahatlıq vermir.

Günün birində “Pekod”un bütün heyəti kapitanın əmriylə göyərtəyə toplaşır. Axav bir qızıl sikkəni ortasından dor ağacına mıxlayır: kim Mobi Dik adlı ağ balinadan ilk soraq versə, bu qızıl da onundur. O nəhəng çılğın balıq insan oğullarıyla neçə-neçə döyüşdən qalib çıxıb, gövdəsinə sancılmış nizələrlə yenə də okeanın altından vurub üstündən çıxır. Dənizçilər artıq onu yenilməz, batılmaz sayırlar, ovçuların dilində Mobi Dik neçə vaxtdır qorxulu əfsanəyə, balıqçılara qənim kəsilmiş müdhiş yuxuya çevrilib. Ağ balığın qara sulara gömdüyü gəmilərin, insanların sayı bilinmir. Döyüşkən ruhlu Axavı da məhz bu balıq yaralayıb.

Ağ balina şər rəmzi, niqabı yırtılmış təbiətin gerçək üzü, fələyin, ölümün ağ kəfənli elçisidir. Melvill üçün ağ rəng əsla xeyir simvolu deyil, bu haqda kitabda hətta ayrıca bir fəsil var. Ondan ötrü ağ rəng saflığı, təmizliyi yox, kainatın, təbiətin insan əzablarına biganəliyini, kosmosun əbədi soyuqluğunu, varlığın mütləq boşluğunu, dünyanın sərt bozluğunu, həyatın rəngsizliyini, yaşamağın mənasızlığını, ölü canın solğunluğunu ifadə eləyir. Əslində, Mobi Diki şər timsalı saymaq da doğru deyil, çünki təbiətin şüuru yoxdur, o, xeyir-şər nə olduğunu bilmir, xeyiri şərdən, şəri xeyirdən ayırmır, səbəb-nəticə qanunlarının yedəyində atını kainat boyu işıq sürətiylə çapır. Onun şər qanunlarıyla hərəkətə gəldiyini insan oğlu kəşf eləyib.

Kapitan Axav da ağ balinayla savaşını şərlə mübarizətək qələmə verir, bundan ötrü gəmidə xüsusi mərasim də keçirir, magik ovqata bürünmüş dənizçi ritualıyla matrosları öz çılğın mübarizəsinin əsgərlərinə çevirir. Kapitanın baş köməkçisi ağıllı, praqmatik Starbek Axavı inandırmağa çalışır ki, kor instinktlərin təhrikiylə hərəkətə gələn şüursuz bir məxluqa qarşı düşmənçilik aparmaq sağlam düşüncəyə ziddir, dini baxımdam yanaşılsa, hətta küfrdür; Axavın qorunmalı olduğu tək bir düşməni varsa, o da özüdür.

Fəqət Şekspir qəhrəmanları kimi canını yandıran intiqam hissinə mübtəla olmuş kapitan Axava belə sözlər əsər eləməz. O özünü möhkəm inandırıb ki, gözəgörünməz iplərlə hər tərpənişini idarə eləyən Tanrının göstərişini yerinə yetirir, Yaradanın iradəsini həyata keçirir. Beləcə, qəzəbli kapitan özünü zorla zərurət zəncirinin bir halqasına pərçimləyib ağ balinanın timsalında fələyə meydan oxuyur, Tanrı cəngavəri kimi şərə savaş açır. İzmaillə söhbətində Axav deyir ki, bu dünyada təsadüfə yer yoxdur, hər bir məxluq özünün konkret ömür yolu, həyat marşrutuyla doğulur. Onda İzmail kapitandan soruşur: əgər bizi gələcəkdə nə gözlədiyini bəri başdan biliriksə, niyə gələcəyimizi dəyişməyə çalışırıq? Axav anlayır ki, sərsəm, sərsəri İliyanın proqnozu İzmailin də qulağına çatıb, ona görə də qəti şəkildə deyir ki, öz ölümünü özü seçəcək: “Bizim azadlığımız taleyimizdən qaçıb gələcəyimizi öz əlimizlə qurmaq uğrunda apardığımız mübarizədə sınaqdan çıxır”.

Göründüyü kimi, Axavın həyata baxışında dərin təzad var: bir yandan o, zərurət zəncirinin halqası, ilahi iradənin icraçısı kimi davranır, o biri yandan determinizm qandalını sındıran azad iradədən, Epikürün təsadüfən silsiləni qırıb qaçan başıpozuq atomundan danışır. Azadlığı taleyə qarşı qoymaqda kapitan haqlıdır, amma onun azadlığının mənəvi bazası yoxdur, onun azad sandığı əməl tam bir determinizm aktı, qisas əməliyyatıdır, təbiətin törətdiyi şərdən törəyən şərdir. Axav daim şər istehsal eləyən azman çarxın qarşısına özünün bir atımlıq nifrəti, bir şilləlik höcəti, taytıyan hikkəsiylə çıxır. O, xəyali tanrısının yox, məhz elə fələyin iradəsini icra eləyir, insan azadlığına qənim kəsilmiş taleyin hökmünü yerinə yetirir. Sonda bu hökmün icrası çox böyük ustalıqla həyata keçirilir...

davamı növbəti sayımızda...

F.Uğurlu

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31