Azərbaycanın regionlarında toxumçuluğun inkişafı diqqət mərkəzində saxlanılır
24.11.2018 [10:46]
Son illərdə respublika üzrə 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzi istifadəyə verilib
Torpaq fondu məhdud olan Azərbaycan kənd təsərrüfatını mövcud əkin sahələrini daha səmərəli metodlarla becərməklə və məhsuldarlığın artırılmasına nail olmaqla inkişaf etdirməyi hədəfləyib. Toxumçuluq burada strateji sahə qismində çıxış edir. Mütəxəssislərin də qənaəti belədir ki, regionlarda fermerlərin yüksək reproduksiyalı toxumlarla təchiz edilməsi aqrar sektorda məhsuldarlığın artmasını şərtləndirən çox mühüm amildir. Buna görə də son illərdə respublikamızda toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, bu sahədə qabaqcıl təcrübənin mənimsənilməsi, elit sortların toxumlarının istehsalında aqrotexniki qaydalara əməl olunması, səpinqabağı becərmənin, həmçinin səpinin özünün düzgün və vaxtında aparılması diqqət mərkəzində saxlanılır.
Toxumçuluqda daxili tələbatın yerli istehsal hesabına ödənilməsi qarşıya məqsəd qoyulub
Respublikamızda toxumçuluğun inkişafı ilə bağlı qarşıya çox mühüm məqsədlər qoyulub. Seleksiya işinin düzgün aparılması, vegetasiya dövrü az olan, ayrı-ayrı regionların iqlim xüsusiyyətlərinə uyğun gələn, həmçinin xəstəliklərə davamlı bitki sortlarının yetişdirilməsi bu kimi məqsədlər sırasında yer alır. Aqrar sektorda istehsal xərclərinin, məhsulun maya dəyərinin azaldılmasına nail olmaq istəyən Azərbaycan həmçinin toxumçuluqda daxili tələbatın yerli istehsal hesabına ödənilməsini hədəfləyib. Buna nail olmaq üçün respublikamızda toxum istehsalı təşviq olunur, bu sahə ilə məşğul olan təsərrüfatlara və fermerlərə müəyyən güzəştlər edilir. Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov son illərdə respublika üzrə 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini bildirib. Qurum rəsmisi deyib ki, fermerlərə təklif olunan toxumların keyfiyyəti ilə bağlı analizlər bəhs olunan mərkəzlərin laboratoriyalarında aparılır. Mərkəzlər ən müasir abvadanlıqlarla təchiz edilib.
Perspektivdə respublikamızda toxumçuluq elmi yanaşmalar və innovasiyalar əsasında inkişaf etdiriləcək. Eyni zamanda, toxumçuluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında fəaliyyətə başlayan Dövlət Toxum Fondunun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında 5 toxum emalı müəssisəsinin yaradılması 2019-cu ildə tam başa çatdırılacaq. Layihəyə əsasən müəssisələrin istehsal gücü saatda 5 tondur. Bu müəssisələrdə toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri həyata keçiriləcək və fermerlər yüksək kondisiyalı toxumlarla təmin ediləcəklər.
Respublikadakı 6 Dövlət Sort Sınaq Məntəqəsində payızlıq dənli bitkilərin səpini başa çatıb
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq olunmuş iş planına əsasən, müxtəlif torpaq-iqlim şəraitinə malik 6 Dövlət Sort Sınaq Məntəqəsində (DSSM) payızlıq dənli bitkilərə aid sort-sınaq işləri həyata keçirilir. İsmayıllı DSSM-də 31 buğda, 6 arpa, Gədəbəy və Qusar DSSM-də 19 buğda, Salyan DSSM-də 33 buğda, 8 arpa, Ağdam DSSM-də 26 buğda, Naxçıvan DSSM-də isə 19 buğda və 10 arpa sortları üzrə səpin işləri yerinə yetirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına əsasən, müxtəlif bölgələr üzrə Təsərrüfat Faydalı Sınaqların (TFS) aparılmasında əsas məqsəd yerli şəraitə uyğun, xəstəlik və zərərvericilərə davamlı, daha məhsuldar və keyfiyyətli sortların seçilməsindən, dövlət reyestrində qeydiyyata alınmasından və istehsalatda tətbiq olunmasından ibarətdir.
Fərqlilik, Oxşarlıq və Sabitlik (FOS) sınaqlarının aparılmasında isə məqsəd seleksiya nailiyyətlərinin fərqliliyini, oxşarlığını və sabitliyini müəyyən etməklə patent verilməsi və mühafizə hüququnun qorunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə İsmayıllı DSSM-də 31 buğda və 6 arpa sortu üzrə FOS sınaqlarına aid təcrübələr üzrə səpin aparılıb.
Son illər müxtəlif şirkətlər, hüquqi və fiziki şəxslər tərəfindən respublikaya gətirilən buğda və arpa sortlarının yerli şəraitə uyğunluğunu müəyyən etmək üçün İsmayıllı (dəmyə şəraitdə) və Salyan (suvarma şəraitdə) DSSM-lərdə nümayiş əkinlərinə aid səpin işləri aparılıb. Bu məqsədlə hər iki məntəqədə İtaliya, Fransa, Türkiyə və Rusiya mənşəli 28 yumşaq buğda, 6 bərk buğda və 8 arpa sortu sınaq üçün əkilib. Nümayiş əkinlərinə xarici sortlarla bərabər, hazırda respublika ərazisində geniş əkin sahəsinə malik olan yerli “Qobustan”, “Fatimə”, “Qırmızıgül 1”, “Əsgəran” və s. sortlar da daxil edilib. Qeyd olunan məntəqələrdə hazırda sort-sınaq işlərinə aid fenoloji müşahidələr və qiymətləndirmə işləri aparılır.
Dövlət Sort-Sınaq məntəqələrində pambığın istehsalat əkinlərinə geniş yer verilir
Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığın inkişafı istiqamətində son illərdə ciddi addımlar atılır. Respublika ərazisində pambığa aid əkin sahələri genişləndirilir, yeni məhsuldar sortlar qeydiyyata alınaraq istehsalatda tətbiq olunur. Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin müvafiq sort-sınaq məntəqələrində yeni pambıq sortlarına aid sort-sınaq işlərinin aparılması ilə bərabər, pambığın istehsalat əkinlərinə də geniş yer verilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Salyan Dövlət Sort-Sınaq Məntəqəsində (Salyan DSSM) pambıq bitkisinə aid 19 yerli və xarici sortdan ibarət sort-sınaq işləri görülüb. Sortlar üzrə ayrı-ayrılıqda fenoloji müşahidələr aparılıb, məhsuldarlıq göstəriciləri təyin edilib və kimyəvi analiz aparmaq üçün nümunələr Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Məntəqədə UPOV (Yeni Bitki Sortlarının Mühafizəsi haqqında Beynəlxalq Konvensiya) metodikasına uyğun olaraq pambıq sortlarının 41 xüsusiyyəti üzrə qiymətləndirmə işləri yerinə yetirilərək fərqlilik, oxşarlıq və sabitlik əlamətləri müəyyən edilib. Bundan başqa, Salyan DSSM-də 14 hektar sahədə pambıq becərilib və 38 ton məhsul əldə edilib. Orta məhsuldarlıq məntəqə üzrə 27,5 sentner/hektar olub.
Ağdam Dövlət Sort-Sınaq Məntəqəsində 18 hektar sahədə pambıq becərilib və 52,2 ton məhsul toplanıb. Orta məhsuldarlıq məntəqə üzrə 29 sentner/hektar təşkil edib.
Kürdəmir Pambıq Toxumu üzrə Sınaq Məntəqəsində isə cari ildə 30 hektar sahədə pambıq becərilib. Bu günə qədər sahədən 60 tondan çox məhsul yığılıb və orta məhsuldarlıq hər hektara 20 sentner olub. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qeyd olunan sort-sınaq məntəqələrində pambıq yığımı yekunlaşmaq üzrədir.
Təcrübə məqsədilə əkilən ADN-123 pambıq sortu yüksək məhsuldarlığı ilə fərqlənir
Cari ildə “Azərpambıq ASK” MMC tərəfindən Bərdə rayonunda təcrübə məqsədilə Türkiyənin “Set Tohum” toxumçuluq şirkətinə məxsus ADN-123 tezyetişən pambıq sortu becərilib. “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdir müavini Fərman Kərimov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov və “Set Tohum” şirkətinin nümayəndələri ADN-123 pambıq sortunun yetişdirildiyi Lək kəndi ərazisində keçirilən tarla günündə çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan, əldə olunan uğurlardan, məhsuldarlığın artırılması yollarından danışıblar. Bildirilib ki, pambıqçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yüksək reproduksiyalı, yerli şəraitə uyğun məhsuldar toxumlardan istifadədir. Yüksək məhsuldarlıq keyfiyyətli toxumdan başlayır.
Diqqətə çatdırılıb ki, “Azərpambıq ASK” MMC ilə əməkdaşlıq edən fermerin sahəsində becərilən tezyetişən ADN-123 sortu məhsuldarlığı ilə seçilir. Digər pambıq sortlarından xeyli gec - may ayının 23-də 2 hektar sahədə əkilən ADN-123 pambıq sortu yüksək məhsul verib. Bu sort Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğundur.
Tədbirdə həmçinin Türkiyənin CANSA şirkətinə məxsus pambıqyığan maşının sınağı aparılıb. Bu texnikanın digərlərindən fərqli cəhəti odur ki, tam açmış pambıq sahəsinə bir dəfə girməklə tarladakı bütün pambığı yığır.
Yeri gəlmişkən, cari ildə Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin sahələrində də pambıq tədarükündə yüksək məhsuldarlıq əldə olunub. Bu il Salyanda 7055 hektar pambıq əkilib ki, bunun da 7 hektardan çoxu Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin payına düşür. İkinci ildir ki, mərkəzin təcrübə sahəsində xarici və yerli sortların qarışıq, yəni çarpaz əkini aparılır.
Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin direktoru Sədrəddin İbrahimov bildirib ki, bu il Mərkəzə məxsus sahədə Yunanıstan və Türkiyədən gətirilən 10 sort, eləcə də 4 sort yerli pambıq əkilib. Bunda məqsəd yerli iqlim şəraitinə yaxşı uyğunlaşan daha məhsuldar sortların müəyyənləşdirilməsi və həmin sortlardan geniş istifadə olunmasıdır.
“Alimlərimizin yetişdirdiyi “Gəncə-110”, “Gəncə-160”, “Gəncə-8”, “Aznixi” sortları xarici sortlara nisbətən 8-10 gün tez yetişir. Həmçinin yerli sortda hər qozada olan pambığın çəkisi 4-4,5 qramdırsa, xarici sortlarda 3-3,5 qrama çatır. Yerli sortlar xəstəlik və ziyanvericilərə daha davamlıdır. Bu üstünlüklərinə görə yerli pambıq sortları iqtisadi cəhətdən daha səmərəlidir”, - deyə Sədrəddin İbrahimov vurğulayıb.
Direktor onu da qeyd edib ki, yerli pambıq sortlarının hər hektarından 40-50 sentner məhsul götürülür. Hədəf isə yaxın gələcəkdə yerli sortların xarici sortlarla seleksiyası nəticəsində hər hektardan 60 sentner məhsul götürməkdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47

