Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Müşfiqin sirli ölümü

Müşfiqin sirli ölümü

05.06.2024 [11:00]

(Sevimli şairimizin 116 illiyinə)

NKVD qulluqçuları 1937-ci il iyun ayının 4-də gecəyarı görkəmli şair-dramaturq Hüseyn Cavidin evinə soxularaq onu həbs edirlər. Qarşıdakı dustaq həyatı üçün özünə bəzi şeylər götürən Cavid yan otaqda yatan övladlarının üzünə son dəfə baxmaq naminə gecə cəlladlarından icazə alır. Beləcə, qollarına repressiyanın qəfil qandalı vurulan böyük şair iki il sərasər Bakı türmələrində cəza çəkdikdən sonra - 1939-cu ildə Sibirə sürgün edilir.

Bu iki il müddətində Cavidin ailə üzvləri hər an Moskvadan bəraət gözləyir, özlərini dramaturqun səhvən həbs olunduğuna inandırmağa çalışırdılar. Səhər oyananda atasının qəfil yoxa çıxdığını görən 14 yaşlı Turan düz 45 ildən sonra Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə Rusiyanın İrkutsk vilayətindən atasının nəşi gətirilərkən hava limanında bu kədərli qayıdışı qarşılamışdı.

Sonralar həmin illərin acı xatirəsini qələmə alan Cavidin həyat yoldaşı Müşkünaz xanım Müşfiqi xatırlayarkən təxminən belə yazır: “Cavid həbs edildikdən sonra onun ətrafında dolanan adamların hamısı qorxuya düşmüşdü. Dostlarının heç biri uzun müddət bizim evə gəlmədi. Bu aralarda Müşfiqin də həbs olunduğu haqda tez-tez şay?ələr dolaşırdı. 1937-ci ilin soyuq payız ayı idi, Kommunist küçəsi ilə üzü aşağı düşüb mağazadan çörək almağa gedirdim. Parapet bağının girəcəyindəki pinəçi budkasının ağzında təsadüfən Müşfiqi gördüm. Şair ayaqqabısının bir tayını tikdirmək üçün pinəçiyə verdiyinə görə, yalın ayağını o biri ayağının üstünə qoyub Hadidən astaca şeir söyləyirdi. Onu beləcə azadlıqda sağ-salamat gördüyümə çox sevindim. Yaxınlaşıb hal-əhval tutdum. Cavidin gecəylə həbs olunmasından, Dilbər xanımın təlaşlarından danışdıq. Ayrılanda dalğın halda dedi, nə bilim, elə mən də hər gecə qapımın döyülməsini gözləyirəm”.

Müşfiqi bir ildən sonra, 1938-ci ildə apardılar. Bakıda at oynadan erməni komissarları bircə siyahı ilə onlarla seçmə Azərbaycan aydınını türmələrə salır, sürgünə yollayırdılar. Türk qanına susamış ermənilərin Mərkəzi Komitədə oturan rus məmurunun qulağına pıçıldadığı adın sahibi isə mütləq güllələnirdi...

***

Biz orta məktəbdə oxuyanda, bir qayda olaraq, ədəbiyyat dərsliklərimizdə əsərini keçdiyimiz müəlliflərin həyatı haqda da geniş məlumat yazılırdı. Bir çox başqa görkəmli şairimiz kimi Mikayıl Müşfiqin də şeirlərindən dərs keçir, o şeirləri sevə-sevə əzbərləyirdik. Ancaq şairin həyatdan niyə belə gənc getdiyi haqda heç bir məlumat yazılmır, qısaca bir cümlə keçirdi: “Şair Mikayıl Müşfiq 30 yaşında vəfat etmişdir” - vəssalam!..

***

1975-ci il idi, doqquzuncu sinifdə oxuyurdum. Bir gün ədəbiyyat dərsini bizə məktəbimizə praktika məqsədilə ezam olunmuş Azərbaycan Pedaqoji Universitetinin (o vaxtkı APİ-nin) sonuncu kurs tələbəsi, kəndçimiz Mehman müəllim keçəsi oldu. Bütün dərs boyu Mikayıl Müşfiqin həyat yolundan, repressiyanın nə demək olduğundan, şairə iyirmi dəqiqəyə güllələnmə kəsilən məhkəməsindən, həyat yoldaşı Dilbər xanımın iztirablarından danışdı. Gənc müəllimimiz danışdıqca kövrəlir, cib dəsmalı ilə gözünün yaşını silirdi. Biz kitabların yalan yazdığına heyrətlənərək, müəllimə qoşulub kövrəlirdik. Hər birimiz çaşqınlıq içərisində anlaşılmaz hisslər yaşayırdıq. Dərsin sonunda Mehman müəllim Dilbər xanımın “Müşfiqli günlərim” adlı xatirə kitabını bizə verib növbə ilə oxumamızı tövsiyə elədi.

***

Müşfiqlə Dilbər Axundzadə 1931-ci ildə evlənməyə qərar verirlər. O vaxtdan ta 1937-ci ilədək hər gecə yüngül bir səsə, naməlum taqqıltıya diksinib oyanır, qorxu içərisində yaşayırlar. Müşfiq qanlı repressiyadan yayınmaq üçün sosializm quruluşunu vəsf edən şeirlər yazır, rus şairlərindən tərcümələrini çap elətdirir. Ancaq ermənilər gözünü bu gözəl şairimizdən yığmır, qanını içməyincə ondan əl çəkmirlər. Nəhayət, 20 dəqiqə sürən məhkəmə ona güllələnmə kəsir...

Deyilənə görə, Müşfiq güllələnmir, şairə güllələnmədən də ağır cəza verirlər. Onu gəmi ilə Nargin adasına atıb geri qayıdırlar. Mikayıl Müşfiqin dəfn yerinin, qəbrinin olmaması da bu versiyanı möhkəmləndirir.

Böyük Zirə adası kimi tanınan bu cəhənnəm adasını Birinci Pyotr Fin körfəzindəki Nayssar adasına bənzədərək, Nargin adlandırıb. 1915-ci ildə ada əsir düşərgəsi elan edilib. Nargin çar Rusiyasından üzübəri ta İkinci Dünya müharibəsinə qədər rusların əlində cəza məkanı, əsir düşərgəsi, ölüm adası olmuşdu. Qafqaz uğrunda müharibələrdə ruslar tərəfindən əsir götürülmüş on minlərlə türk əsgəri bu adada saxlanmaqla aclıqdan, susuzluqdan ölməyə məhkum olunmuşdu. Qayalıqlardan və daim göyə sovrulan qumluqdan ibarət olan adanın hər tərəfində bu gün də insan sümükləri ağarmaqdadır. Burada ağac bitmir, günəş şüası adamın beynini deşir.

Şairimizin sevdiyi xanımla xoşbəxt yaşamasını, yaraşıqlı olmasını, bənzərsiz romantik təbini ermənilər həzm edə, bağışlaya bilməmişdi. Kabuslar onun gözəl adını rus cəlladlarının qulağına pıçıldayaraq, cavan şairin yenicə çağlayan həyatını cəhənnəmə döndərmişdilər...

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 795 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31