Növbəti illərdə Azərbaycan daha iddialı və daha yüksək yerlərə nail olacaq
20.05.2009 [09:49]
Dünən İctimai Televiziya və Radio Verilişləri Şirkətində “Eurovision-2009” mahnı müsabiqəsində üçüncü yeri tutan Azərbaycan təmsilçiləri- Aysel və Araşın mətbuat konfransı keçirilib. Mətbuat konfransının keçirildiyi zalda quraşdırılan iki monitor vasitəsilə jurnalistlər əvvəlcə “Eurovision-2009” mahnı müsabiqəsinin məlum olan və pərdəarxası məqamlarını izləmək imkanı əldə ediblər.
Media mənsublarının çoxsaylı suallarını cavablandıran Azərbaycan təmsilçiləri ilk olaraq Moskvada keçirilən yarışmanın təəssüratlarını bölüşüblər. Azərbaycanı layiqli təmsil etdikləri üçün qürur hissi keçirdiklərini deyən Avropanın ən yaxşı üçüncü mahnısının ifaçıları bu işdə onlara dəstək olan İctimai Televiziyaya, Azərbaycan Gənclər və İdman Nazirliyinə, rəqslərinə quruluş verən İsveç xoreoqraflarına, ümumilikdə Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.
“Azərbaycan mənim ürəyimdir” - deyən Araş belə bir mötəbər yarışda məhz ölkəmizi təmsil etdiyi üçün xoşbəxt olduğunu söyləyib. Araş onu da bildirib ki, qalibiyyəti yalnız Aysel ilə əldə edə bilərdi. özünün milli kimliyinə də aydınlıq gətirən Araş onun üçün üç ölkənin çox doğma olduğunu bildirib: “Mənim üçün doğma olan ölkələrin- İran, İsveç və Azərbaycanın qəlbimdə xüsusi yeri var. Mən İranda anadan olmuşam, həyatımın çox hissəsini isə İsveçdə yaşamışam. Amma qəlbən özümü azərbaycanlı hiss edirəm. çünki, atam və babam əslən azərbaycanlıdır. Ona görə də “Eurovision-2009”da Azərbaycanı təmsil edərək uğur qazanmağımıza çox sevinirəm”.
Yeri gəlmişkən bildirək ki, bəstəkar, prodüser və müğənni kimi fəaliyyət göstərən Araş Labaf İranın paytaxtı Tehranda anadan olub. 10 yaşına qədər orada yaşayıb. Daha sonra ailəsilə birlikdə İsveçə köçüb.
“Always” mahnısı ilə yarışmada 207 xal qazanaraq üçüncülük əldə edən təmsilçilərimiz “Eurovision-2009” mahnı müsabiqəsinin nəticələrinə də münasibət bildiriblər. Sonluqdan razı qaldıqlarını deyən Aysel yarışmada özlərinə yalnız “Eurovision-2009”un qalibi olan Aleksandr Rıbakı rəqib gördüklərini və onun qələbəyə layiq olduğunu vurğulayıb. Araş isə bildirib ki, Aleksandr Rıbak və uğurlu mahnısı olmasaydı, bu il yarışmanın qalibi məhz Azərbaycan olacaqdı. Araşın sözlərinə görə onları uğurlu nailiyyətə çatdıran münsiflər heyəti deyil, məhz xalq səsverməsi olub.
Qaliblərimiz müsabiqə çərçivəsində Azərbaycan dövlətinin güclü dəstək və qayğısını hiss etdiklərini deyərək Gənclər və İdman Nazirliyi, həmçinin, Heydər Əliyev Fondunun hərtərəfli qayğı və diqqəti ilə əhatə olunduqlarını vurğulayıblar. Müsabiqədə qazandıqları uğur münasibətilə Azərbaycanın dövlət başçısı İlham Əliyevin onlara telefon açdığını, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın onları qəbul etmək barədə dəvətini böyük mənəvi dayaq kimi qiymətləndiriblər.
Aysel Teymurzadə yarışmada geyindiyi paltar ilə bağlı səslənən fikirlərə aydınlıq gətirərək bildirib ki, qiyafəsinin müəllifi İsveç kral ailəsinin libaslarını hazırlayan modelyerdir. Yarışmanın nəticəsindən sonra Moskvada olan gənclər və idman naziri Azad Rəhimovun onların otağına gəldiyini, yüksəksəviyyəli çıxışlarına görə təşəkkür etdiyini deyən Aysel maraqlı bir məqamı da vurğulayıb ki, yarışmadan öncə Ermənistan təmsilçiləri də onlara uğurlar arzulayıb. “Hələ yarımfinaldan əvvəl Ermənistan təmsilçiləri bizə yaxınlaşıb mahnımızın çox gözəl olduğunu dedilər. Hətta bizə uğurlar da arzuladılar. Mən onların bu hərəkətindən şoka düşmüşdüm. Demək ki, bizim mahnımız və ifamız həqiqətən də çox gözəldir. Müsabiqənin finalında Azərbaycana 1 xal vermələri də bunun əyani sübutudur. Bizim mahnımız o qədər ürəyəyatan idi ki, ermənilər özlərini saxlaya bilməyib, bizə səs verdilər”.
Müsabiqədən öncə onları tənqid atəşinə tutan şəxslərə ismarıc ünvanlayan Aysel onların nəticəyə baxıb utandıqlarına inandığını da dilə gətirib.
Ermənistanın növbəti
gülünc addımı
Qeyd edək ki, son günlər mətbuatda Ermənistan tərəfinin İctimai Televiziyanı məhkəməyə verməyə hazırlaşdığına dair xəbərlər yayılmaqdadır. Səbəb olaraq final mərhələsində səsvermə zamanı Ermənistan təmsilçilərinin sms üçün sıra nömrəsinin titırlarda yazılmamasıdır. İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov isə ermənilərin ittihamını əsassız sayaraq, belə cavablandırıb: “Bu addımı atmaq çox yanlış və gülünc olardı. Burada siyasi məna yaratmaqdan söhbət belə gedə bilməz. Həmçinin, bütün Azərbaycan xalqı hansı nömrə ilə səs verəcəyini bilirdi. Əgər Ermənistanın kodu bilinməsəydi və tamaşaçılar bundan xəbərsiz olsaydı, o zaman Azərbaycandan Ermənistan təmsilçilərinə 43 səs göndərilməzdi. Bunu deməyə bizə ünvanlan rəsmi məlumat əsas verir. Sadəcə göndərilən 43 səs heç bir faiz etmədiyi üçün canlı yayımda açıqlanmayıb”.
Final mərhələsində səsvermənin obyektiv olmadığı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirən İTV rəsmisi heç bir şəkildə bu nəticələrin dəyişdirilməsinin mümkün olmadığını vurğulayıb: “Səslər Almaniyanın xüsusi olaraq yarışma üçün ayrılan şirkəti tərəfindən hesablanıb və səsvermədən öncə hər bir ölkəyə faksla göndərilib. Ona görə də, səsləri gizlətmək mümkün deyildi. Ola bilsin, hansısa texniki nasazlıq üzündən səsvermə alınmasın. Amma ümumilikdə səsvermədə heç bir pozuntu olmayıb”.
T.Məmmədov Xalq artisti Aygün Kazımovanın “Eurovision-2009” müsabiqəsinin finalını şərh etməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Aygün Kazımova müsabiqə keçirilən ərəfədə Moskvada idi. Ona və digər müğənnilərə dəstəklərinə görə təşəkkür edirik. Amma Aygün Kazımovanın finalı şərh etməsi ilə bağlı İTV tərəfindən rəsmi məlumat verilməmişdi. Bu müsabiqədə müəyyən məhdudiyyətlər var. çünki, hər bir ölkənin nümayəndə heyətinə daxil olan şəxslərə icra edəcəkləri işin reallaşdığı məkanlara daxil olması üçün vəsiqələr verilirdi. Yəni bir neçə həftə öncədən qeydiyyatdan keçmək lazım idi”.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) nümayəndəsi və “Eurovision-2009” müsabiqəsinin şərhçisi Leyla Əliyeva Azərbaycanın beş nəfərdən ibarət münsiflər heyətinin 12 balı Norveç təmsilçisi Aleksandr Rıbaka verdiklərini də qeyd edib: “Azərbaycan tərəfindən münsiflər heyətində Vaqif Gərayzadə, Fəxriyyə Xələfova, Mübariz Tağıyev, Tünzalə Ağayeva, Mənzər Nurəliyeva təmsil olunurdu. Onlar öz səslərini məhz Norveç təmsilçisinə göndərmişdilər. Bu da bizim münsiflər heyətində təmsil olunan şəxslərin peşəkarlığından xəbər verir”.
Onu da qeyd edək ki, hazırda Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi olan Aysel Teymurzadə həm təhsilini həm də yaradıcı fəaliyyətini uğurla davam etdirmək arzusundadır. Belə ki, dünya standartlarına cavab verən kliplər çəkdirmək, albomlar çıxartmaq istəyində olan Ayselə bu işdə həm Araş həm də İTV dəstək olacaq. Araş Ayseli Avropa müğənnisi etməyə hazırlaşdığını, ona yeni mahnılar yazmaq arzusunda olduğunu deyərkən, İTV təmsilçisi T.Məmmədov təmsil etdiyi qurumun sıx beynəlxalq əlaqələrindən istifadə etməklə Ayselin Azərbaycandan kənarda da təbliğinin aparılması işində dəstək olacaqlarını diqqətə çatdırıb. özünü şahzadə kimi hiss etdiyini etiraf edən Aysel yalnız birillik fasilədən sonra yenidən ölkəmizi bu yarışmada təmsil etmək gərəkdiyində sevə-sevə bu addımı atacağını diqqətə çatdırıb.
Son olaraq media mənsublarının istəyini nəzərə alan təmsilçilərimiz Azərbaycanı yarışmanın üçüncüsü edən “Always” mahnısını canlı olaraq ifa ediblər.
“Eurovision-2009” mahnı müsabiqəsinin nəticəsinə münasibət bildirən Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov isə qeyd edib ki, onlar hər zaman Aysel Teymurzadə ilə fəxr ediblər. “İndi də fəxrlə deyirik ki, Avropanı fəth edən Aysel bizim Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinin ən gözəl tələbəsidir” - söyləyən S.Seyidov onu da əlavə edib ki, bütün Azərbaycan vətəndaşları kimi, bu uğura xüsusi münasibət bəsləyir. Və bunu Avropanın ən seçilib sayılan musiqi festivalında qazanılan çox böyük nailiyyət olaraq dəyərləndirib. S.Seyidovun sözlərinə görə, Azərbaycan üçün üçüncü yer böyük qələbədir. “Tələbəmizin belə nailiyyətini görəndə, bir daha əmin oluruq ki, Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkədir. Ayselin uğuruna butun Azərbaycan sevinir” - deyən S.Seyidov diqqətə çatdırıb ki, universitetdə Aysellə görüş keçiriləcək.
“Eurovision-2009” mahnı yarışmasının Azərbaycandan olan münsiflər heyətinin tərkibində olan Əməkdar artist Tünzalə Ağayeva müsabiqənin nəticələri ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, bu Azərbaycan xalqının, bütün musiqisevərlərin uğurudur. “Müsabiqədən öncə hər birimiz təmsilçilərimizi azı beşlikdə görürdük. Belə bir müsabiqədə ikinci dəfə iştirak edən Azərbaycan üçün üçüncü yer birinci yerə bərabərdir. çox sevinirəm ki, bu iş üzərində çalışan insanların zəhməti hədər getmədi. Dövlət olaraq, bunu hazırlayan bir komanda olaraq uğurlu seçim etdik və uğurlu nəticə də göz qabağındadır. İnşallah arzu edirəm ki, ildən-ilə Azərbaycan daha iddialı və daha yüksək yerlərə nail olacaq”.
Ayselin tək və yaxud Araş ilə birgə yenidən növbəti illərdə sözügedən müsabiqədə iştirak etməsi ilə bağlı irəli sürülən fikirlərə gəlincə, T.Ağayeva bildirib ki, bu birincilik qazanmaq üçün müəyyən mənada rol oynaya bilər. “Eurovision müsabiqəsi təcrübəsi onu göstərir ki, müxtəlif ölkələrin iştirakçıları özlərini dəfələrlə bu yarışmada sınayıb. Məsələn, Malta təmsilçisi, artıq üçüncü dəfə idi ki, yarışmada iştirak edirdi. İfası yaxşı olsa belə, bu tək bir adamın uğur qazanacağı iş deyil. Bu bir komandanın qalibiyyəti ola bilər. Düzgün aparılan piar ölkəni qalibiyyətə daha çox yaxınlaşdırır. Eurovision elə bir müsabiqədir ki, çox zaman gözlənilməyən nəticələr nümayiş etdirir”.
Sözügedən yarışmada ikinci dəfə iştirak etdikdən sonra qalibiyyət əldə edən Dima Bilana gəlincə, T.Ağayeva bunu tək Dima Bilanın uğuru görməyib. Onun sözlərinə görə, o, Rusiya dövləti olaraq, strateji seçim olaraq aparılan düzgün təbliğat nəticəsində qalib olub. Bu yarışmada təcrübə və düzgün piarın aparılmasını əsas şərt adlandıran T.Ağayeva artıq yetərincə təcrübəmiz olduğunu, bunun əsasında isə növbəti illərdə yenidən Ayseli və yaxud başqa bir ifaçını müsabiqəyə daha yaxşı hazırlaya biləcəklərini söyləyib.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

