Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert proqramı təqdim edib

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert proqramı təqdim edib

12.11.2019 [17:08]

Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə reallaşan konsert Dövlət Bayrağı Gününə həsr edilib

Noyabrın 8-də Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi "Yeni nəfəs" adlı solo konsert proqramı təqdim edib. Məktəbin direktoru, Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə reallaşan konsert Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilib.
Konsert Xalq artisti Fidan Hacıyevanın ifasında Üzeyir Hacıbəylinin "Sevgili canan" romansı ilə başlanıb. Onu fortepianoda Zülfiyyə Sadıqova müşayiət edib. İfadan əvvəl Xalq artisti həyəcan keçirdiyini etiraf edib: "Bu gün ilk konsertimizdir. Bir ay yarımdır direktor təyin olunmuşam. Bu müddətdə var qüvvəmizlə çalışdıq ki, məktəbimizin istedadlı müəllimlərinin və şagirdlərinin gözəl ifalarını siz tamaşaçılara təqdim edək".
Bu məqamda vurğulamaq yerinə düşər ki, Fidan Hacıyevanın çoxşaxəli fəaliyyətində uşaqların musiqi təhsili alması və musiqi mədəniyyətinin inkişafı, peşəkarlıq səviyyəsinə çatdırılması xüsusi yer tutur. Xatırladaq ki, üç il öncə onun təsis etdiyi Vokal Musiqi Məktəbinin şagirdləri bu gün şəhərimizin müxtəlif musiqi ocaqlarında uğurla konsertlər verir, respublika və beynəlxalq müsabiqələrdə çıxış edirlər. Elə bu konsertdə musiqi məktəbinin istedadlı şagirdlərinə öz bacarıqlarını nümayiş etdirmək üçün imkanın yaradılması da Fidan Hacıyevanın sözügedən istiqamətdə fəaliyyətinin davamı kimi dəyərləndirilə bilər.
Beləliklə, bu konsert həm də Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin eyni səhnəni bölüşməsi ilə yadda qaldı. Belə ki, J.Bizenin "Karmen" operasından Habanera ariyasını ifa edən Fidan Hacıyeva şagirdi Südabə Eyvazovanın səhnəyə çıxmaq arzusunu həyata keçirib. Fidan Hacıyevanın ifasını, eləcə də "Karmen" operasını tez-tez dinləyən Südabə Eyvazovanın belə bir mürəkkəb əsəri tezliklə səhnədə ifa etmək arzusu müəlliminin dəstəyi ilə reallaşıb. Onları məktəbin müəllimləri Sevda Rəhimova, Nigar Babayeva və Samirə Fərəcova müşayiət ediblər. 
Fidan Hacıyevanın yeni tələbələrindən olan Xədicə Əkbərzadəyə də bu sənətkarla duet oxumaq xoşbəxtliyi nəsib olub. Müəllim-tələbə duetinin təqdim etdiyi Üzeyir Hacıbəylinin "Asyanın mahnısı" ("Arşın mal alan" musiqili komediyasından) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ümumiyyətlə, Dövlət Bayrağı Gününə həsr olunan konsertin zəngin proqramında həm solo ifalar (o cümlədən vokal və musiqi alətləri), həm də ansambl çıxışları yer alıb. Məktəbin qanunçalanlar ansamblının təqdimatında "Şalaxo" (bəstəkar Süleyman Ələsgərov), II sinif şagirdi Mail Manafovun ifasında "Ave Mariya" (İ.S.Bax/F.Ş.Quno), Gənc pianoçuların I beynəlxalq müsabiqəsinin qalibi, IV sinif şagirdi Amaliya İbrahimovanın səsləndirdiyi "Polka" (S.Raxmaninov), IV sinif şagirdi Elçin Məmmədovun müəllimi Muxtar Hüseynzadə ilə birgə klarnetdə ifa etdiyi "Arzu" (Niyazi) əsəri, IV sinif şagirdi Fərid Ziyalının skripkada səsləndirdiyi "Rəqs" (E.Cenkinson) tamaşaçılara xoş anlar yaşadıb.
Qarmonda III sinif şagirdi Eldar Hüseynovun, IV sinif şagirdi Nuray Abdullayevanın ifasında, Şükran Mirsalahov və Pərviz Məmmədovun müşayiətilə "Tərəkəmə", fortepianoda V sinif şagirdi Mədinə Əzimlinin müşayiətilə məktəbin müəllimi Nurlan Abbasın skripkada ifa etdiyi "Skerso" (F.Əmirov), fortepianoda V sinif şagirdləri Nərmin Əliyevanın "Caz etüd"ü (Manfred Şmidts), Zümrüd Həsənovanın "Etüd" (Milan Dvorjak), tarda V sinif şagirdi Yusif Həsənovun səsləndirdiyi "Xəzər balladası" (T.Bakıxanov), V sinif şagirdi Bəsrə Amanovanın "Arzular" (T.Quliyev, "Görüş" bədii filmindən) vokal ifası alqışlarla qarşılanıb.
Gecənin daha bir maraqlı məqamı Xalq artistinin ifasında Ernesto de Kurtisin "Non ti scordar di me" (Unutma məni) mahnısı oldu. Onu fortepianoda Raminə Ağayeva müşayiət edib.
Bu konsertin daha bir özəlliyi isə məktəbdə yaradılan ansamblların çıxışı olub. Daha dəqiq desək, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin tədris hissə müdiri Fəxriyyə Quliyevanın vurğuladığı kimi, Xalq artisti Fidan Hacıyevanın direktor təyin olunmasından sonra məktəbdə bir çox yeniliklər həyata keçirilib, həmçinin qısa müddətdə instrumental və xalq çalğı alətləri ansamblları yaradılıb. Beləliklə, konsertdə həmin ansamblların ilk çıxışları təqdim edilib. Üçüncü sinif şagirdi Elnur Əliverdiyevin qarmonda ifa etdiyi "Skerso" (Vasif Adıgözəlov) instrumental ansamblın müşayiətilə təqdim olunub. Ansamblın rəhbəri Sevda Rəhimovadır. Məktəbin "Rast" xalq çalğı alətləri orkestri müəllimlərdən ibarət olsa da, gələcəkdə kollektivə istedadlı şagirdlər cəlb ediləcək. Konsertdə Səma Zohorovanın ifası ("Buludlar", C.Cahangirov), eləcə də "Çahargah rəngi" məktəbin xalq çalğı alətləri ansamblı tərəfindən təqdim edilib.
Konsert proqramı Xalq artisti Fidan Hacıyevanın və kollektivin birgə ifasında M.Maqomayevin "Azərbaycan" mahnısı ilə başa çatıb.
Sonda Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru, Xalq artisti Fidan Hacıyeva tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürünü bildirib.

Paylaş:
Baxılıb: 1251 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30