Əsrə bərabər ömür...
13.10.2021 [10:25]
Düşüncələrini rənglərə köçürən Mikayıl Abdullayev
Rəssamlıq incəsənətin çox çətin, fitri istedad tələb edən bir növüdür. Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə iz buraxmış Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə kimi rəssamların hər birinin yaradıcılıq yolu əsl məktəb, əvəzolunmaz irsdir. Elə haqqında söhbət açacağımız Mikayıl Abdullayevin də...
Bu il SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, professor Mikayıl Abdullayevin anadan olmasının 100 illik yubileyi ilə əlamətdardır. Belə ki, Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
Ümummilli Lider “İstiqlal” ordenini şəxsən özü təqdim etmişdi
Ulu Öndər Heydər Əliyev incəsənət və mədəniyyət işçilərinə xüsi qayğı və diqqət yetirir, onların işini yüksək qiymətləndirirdi. Rəssamın yaradıcılığına daima hörmətlə yanaşıb, müstəqillik illərində onu Prezident təqaüdünə və “İstiqlal” ordeninə layiq görüb, ordeni şəxsən özü rəssama təqdim etmişdi. Heydər Əliyevin rəssama ünvanladığı məktubda deyilirdi ki, Mikayıl Abdullayev Azərbaycan incəsənətinin inkişafında böyük xidmətləri olan mahir fırça ustasıdır: “Müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri sənət tariximizə əbədi daxil olmuşdur... Böyük emosional təsir qüvvəsinə, milli koloritə, tərbiyəvi məzmuna malik əsərləriniz gənc nəslin formalaşmasında böyük rol oynamışdır. Sizin yorulmaz, məhsuldar fəaliyyətiniz daim Azərbaycan xalqına xidmət etmişdir”.
...Yolların vurğunu olmuşam... Ən yaxşı qəhrəmanlarımı bu yollarda tapmışam...
Mikayıl Abdullayev Azərbaycan rəssamları arasında yeganə adamdır ki, öz yaradıcı arzularını təsviri sənətin bütün sahələrində həyata keçirə bilmişdi. Sovet dövründə rəngkarlıq, qrafika, monumental rəngkarlıq, həm də heykəltəraşlıq sahəsində əsərlər yaratmış, bir sənətkar kimi böyük nüfuz qazanmışdı.
“Fərhadın məşqi” necə yarandı
Onun əlində fırça sanki dirijor çubuğunu xatırladırdı. O, fırçanı hərəkət etdirəndə kətan üzərində rənglər, boyalar insanın ruhuna sakitlik gətirən harmonik melodiyalar kimi süzülüb axırdı. Bəstəkar Fərhad Bədəlbəyli Mikayıl Abdullayevi belə təsvir edir.
Rəssamın zəngin əsərləri içərisində diqqəti cəlb edən portretlərdən biri də Xalq artisti, professor Fərhad Bədəlbəylinin portretidir. Rəssam pianoçunun barmaqlarını canlı kimi təsvir etməyə nail olmuş, bu da öz növbəsində tabloya yüksək ifadəli ekspressiya bəxş etmişdi. Həmsöhbətimiz Fərhad Bədəlbəyli o günləri belə xatırlayır: “Mikayıl Abdullayev 20-ci əsrin ən böyük rəssamlarından biri idi. Mən deyərdim ki, əsl klassik və real akademik idi. Sənətkarın işləri nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində tanınırdı. Mikayıl müəllimlə atam yaxın dost idilər. Zağulbada istirahət edərkən Mikayıl müəllim də bizə tez-tez gələrdi. O söhbətlər bu günə kimi mənim yadımdadır. Taleyimdən çox razıyam ki, böyük insanla təmasda olmuşam. Hər zaman tablosunu özü ilə gətirərdi. Birdən dedi ki, gəl mən səni məşq edərkən çəkim. Mən piano çaldım, o da çəkdi. Nəticədə “Fərhadın məşqi” adlı portret yarandı. Hazırda həmin portret muzeydə qorunub saxlanılır. Mənim üçün böyük fəxrdir ki, böyük ustadın fırçasının məhsulu olan portretim muzeydə sərgilənir”.
Onun fərqliliyi, milliliyində idi...
Sənətkarı daha yaxından tanıyanlardan biri də Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev olub. Z.Əliyev deyir ki, Mikayıl xoşbəxt sənətkarlardan biridir ki, oz sözünü deyib getdi. Bizə isə zəngin irs buraxdı: “Mikayıl Abdullayev ən milli rəssamlarımızdan biri idi. Bakıdan sonra Moskvada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almasına baxmayaraq, qayıdandan sonra da o milli rəssam kimi tanındı. Bu da onu başqa rəssamlardan fərqli edirdi. Azərbaycanın qədim incəsənət nümunələrinə yaxından tanış olmağından irəli gəlirdi. Bu isə qədim milli-tarixi ənənə ilə müasirliyin harmoniyası olaraq Mikayıl Abdullayevin əsərlərinə köçürdü. Hər bir sənətkarın zamansızlığa qovuşmasını şərtləndirən başlıca səbəb onun öz yaradıcılığında ənənə ilə müasirliyin vəhdətini təşkil edə bilməsidir. Bu da yaradıcılıqda çox çətin məsələdir. Hər adam öhdəsindən gələ bilmir. Elə insanlar var ki, ömrünü yaradıcılığa həsr edir, ancaq iz qoymur. Bu dünyadan izsiz köç edir. Elə adamlar da var ki, başqalarının izi ilə gedir. Başqasının izilə getməyin də yaxşı nəticəsi olmur axı. Mikayıl Abdullayev həm iz qoydu, həm də milli rəssam kimi tanındı. Onun tanınmağı da Azərbaycan çərçivəsində qalmadı, zamansızlığa qovuşdu. Sağlığında da, ölümündən sonra da əsərləri dünyanın məşhur sərgilərində nümayiş olundu”.
Rəngkarlığın şah əsəri “Nizami” metrosundadır
Sənətşünas onu da bildirib ki, rəssamın Bakı metropoliteninin “Nizami” stansiyasını bəzəyən 18 mərmər tağda yerləşdirilmiş N.Gəncəvi “Xəmsə”sinə çəkdiyi mozaikalar Azərbaycan təsviri sənətində monumental rəngkarlığın şah əsərləri hesab oluna bilər: “Bakı metrosunun “Nizami” stansiyasının yeraltı muzeyə çevrilməsi Mikayıl Abdullayevin təxəyyülü sayəsində baş verdi. Bildiyim qədərilə, bu stansiya dünyanın ən məşhur 5 stansiyasından biri hesab edilir”.
Əzim Əzimzadə Mircəfər Bağırovdan nəyi xahiş etdi?
Həmsöhbətimiz deyir ki, Mikayıl Abdullayev ilə Əzim Əzimzadənin çox yaxın dostluğu olub. Hər adamı özünə yaxın buraxmayan Ə.Əzimzadə Mikayıla oğlu kimi dəyər verirdi: “Mikayılın gözündə zəiflik də vardı. Buna baxmayaraq, ona müharibəyə çağırış vərəqi gəlir. Bu xəbər Əzim Əzimzadəni çox üzür. Bundan sonra Əzimzadə dərhal Mircəfər Bağırova zəng vurur. Deyir ki, mənim 3 oğlum hazırda cəbhədədir. Heç biri üçün sizə xahiş etməmişəm. Amma Mikayıl üçün sizdən xahiş edirəm. Mikayıl xalqımız üçün önəmli rəssamlardan biri olacaq. Belə istedadı itirə bilmərik. Bununla da Mikayıl Abdullayev müharibəyə getmədi”.
Onun sənətini Allah seçmişdi
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev isə Mikayıl Abdullayevin yaradıcılıq üslubunu xüsusi qeyd edərək, sənətkar heç vaxt dəst-xəttini dəyişmədi, söylədi. Ömrünün axırına kimi realizm və klassizmi özünün yaradıcılıq yönümünə çevirməklə ona sadiq qaldı: “Mikayıl Abdullayev görkəmli rəssam idi. Görkəmli sözü belə, Mikayıl müəllim üçün azdır. Deyirlər, sənəti insan özü seçir, amma rəssamı Allah. Mikayıl Abdullayevin sənətini Allah seçmişdi. Həyata nikbin baxışı, dərin müşahidə qabiliyyəti, qeyri-adi rəng duyumu, eləcə də təbiətin bəxş etdiyi nadir istedad onu digərlərindən ayırırdı. Gənc olmağına baxmayaraq, hər bir işi rezonans doğururdu. Dünya miqyasında öz yerini tutdu və sözünü deməyi bacardı. Həmçinin dünya klassikasının mahir bilicisi idi. Mən deyərdim ki, Mikayıl Abdullayev Azərbaycanın ən intellektual və savadlı rəssamı idi. Onun ən sevdiyim əsəri “Axşam” tablosudur. Hələ 26 yaşı olarkən çəkdiyi bu şah əsəri hazırda muzeyimizdə qorunub saxlanılır. Bu tablo sənət aləmində onun adını, ünvanını təsdiq etdi”.
Bu arada xatırladaq ki, rəssamın 100 illik yubileyi münasibətilə dekabrda sərgi keçiriləcək. Ç.Fərzəliyev bildirib ki, muzeyin zəngin kolleksiyasında Mikayıl Abdullayevə məxsus 500-ə yaxın eksponat yer alır. Sərgidə 210 rəngkarlıq, 240 qrafikası nümayiş olunacaq. M.Abdullayevin hələ sağlığında Zeynalabdin İsgəndərov onun büstünü hazırlamışdı. Həmin büst hazırda muzeydədir. Onun sərgiyə girişdə nümayiş olunacağı gözlənilir. Sərgilənəcək büst ağ mərmərə köçürüləcək. Həmçinin yaxın günlərdə Mikayıl Abdullayev haqqında kataloqun da buraxılacağı planlaşdırılır.
Rəqib kimi görünən iki dostun bir qızı
Görkəmli rəssam Böyükağa Mirzəzadə ilə də möhkəm dostluq bağları vardı. B.Mirzəzadənin qızı Ofeliya Mirzəzadə o xatirələri bizimlə bölüşür: “Atam danışırdı ki, Mikayıl Abdullayev çox istedadlı rəssamlardan idi. Hər kəs onları rəqib kimi görsə də, bir-birilə rəqabətləri yox idi, həm də yaxın dost idilər. Atam həmişə onu, o da atamı tərifləyirdi. İkisi də özünəməxsus istedadlı rəssam idi. Bir sözlə, zəmanənin adamı deyildilər. Mikayıl müəllim hər dəfə bizə qonaq gələndə yaradıcılıq müzakirələri aparardılar. Biz də onları böyük maraqla dinləyərdik. Gözəl günlər idi. Mikayıl Abdullayev çox alicənab, çox nəzakətli insan idi. Bir dəfə olsun onu qəzəbli görə bilməzdin. Onun xoş xasiyyəti əsərlərinə də yansımışdı. Tablolarına baxanda sevinc, xoşbəxtlik hiss olunurdu. Bilirsiniz, heç vaxt övladı olmayıb, amma hər kəsə ata qayğısı ilə yanaşardı. Günlərin bir günü sənətkar haqqında dissertasiya hazırlamaq istədiyimi dedim. Necə qarşılayacağını bilmirdim. Onun haqqında dissertasiya hazırlamaq istədiyimi biləndə təvazökarlıqla qarşılasa da, daxilən çox sevindiyini hiss edirdim. Belə məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildiyim üçün çox məmnunam”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16

