Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh prosesində növbəti raund

Sülh prosesində növbəti raund

11.07.2024 [10:20]

XİN başçılarının 7-ci görüşü Vaşinqtonda... 

Xəbər verildiyi kimi, ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-nun 75-ci yubiley Zirvə görüşü keçirilir. 9-12 iyul aralığında baş tutacaq sammitdə bir sıra məsələlər, xüsusilə qlobal təhlükəsizliklə bağlı problemlər müzakirə edilir. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Bu arada məlum olub ki, Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş ilə bağlı razılaşma əldə edilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb: “Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

ABŞ sülhün vacibliyini dərk edir...

Xatırladaq ki, bu görüş XİN başçılarının sayca 7-ci, Vaşinqtonda isə 3-cü görüşləridir. Son olaraq nazirlər Qazaxıstanın Almatı şəhərində görüşüblər. ABŞ paytaxtındakı son görüş isə ötən ilin mayına təsadüf edir. Rəsmi Vaşinqtonun belə bir görüşün keçirilməsi ilə bağlı müraciəti isə son dövrlərdə nümayiş etdirdiyi mövqenin davamı kimi xarakterizə oluna bilər. Belə ki, bir müddət öncə, ABŞ Dövlət katibi Antoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması haqqında danışmışdı və bildirmişdi ki, iki ölkə arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb. O qeyd etmişdi ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yaradacaq. “Azərbaycan bu işdə çox böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən mümkündür. Mən təxminən bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm ki, bu mümkündür və tam mənada Azərbaycanla Ermənistanın, həmçinin bütün regionun maraqlarına xidmət edir”, - deyə A.Blinken vurğulamışdı. 

İndiki halda yenidən vasitəçi rolunda çıxış etmək istəyi Vaşinqtonun prosesə olan marağının göstəricisidir. Bu isə anlaşılandır. Cənubi Qafqazın yeni dövrdə iqtisadi-siyasi proseslərdəki rolunu nəzərə alan Vaşinqton bölgədə sülhün əldə olunmasının prioritet olduğunu dərk edir - Azərbaycanın məsələdəki qətiyyəti və davamlılığı sülhün bölgə üçün hansı anlamı daşıdığını ortaya qoyur. 

Azərbaycanın sülh gündəliyi yüksək dəyərləndirilir...

ABŞ Dövlət katibinin bu təşəbbüsü Azərbaycanın sülh gündəliyinin qlobal səviyyədə yüksək dəyərləndirildiyini sübut edir. Qeyd edildiyi kimi, sülh imkanlarının müzakirəsi və əldə ediləcək nəticələr mühüm bir coğrafiyanın gələcək siyasi-iqtisadi inkişafının əsas amili sayılır. Xüsusilə, sülh prosesinin indiki məqamında - artıq nəticəyə yaxın olan dövrdə bu istiqamətdə müzakirələrin  intensivləşdirilməsi nəzərə çarpır ki, bu da təsadüfi deyil. İnkar edilə bilməz ki, aylardır vasitəçisiz formatda davam edən ikitərəfli təmasların verdiyi nəticələr təqdir olunur - ötən ilin dekabrında bəyan edilmiş ikitərəflli açıqlama və orada əksini tapan müddəalar, bu il aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması, may ayında Almatıda keçirilən ikitərəfli görüş sülhə olan inamı artırır. Bu məqam onu təsdiqləyir ki, ikitərəfli təmaslar bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olmasını təmin edə bilər və bu istiqamətdə atılan addımlar yetərincə effektiv nəticələr vəd edir. Bunun üçün isə Azərbaycanın irəli sürdüyü şərtlər qəbul edilməlidir.

Sülh üçün başlıca şərt

Sülh üçün zəmin və şərait mövcuddur - sadəcə, Ermənistanın qeyri-konstruktiv davranışları prosesi əsaslı nəticədən uzaq salıb. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. Məsələn, 2022-ci ildə Azərbaycanın irəli sürdüyü 5 şərtdə göstərildiyi kimi, sülhün davamlı və əbədi xarakter daşıması təmin olunmalıdır. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülh üçün ilkin və əsaslı şərt məhz budur - bunun üçün isə Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Azərbaycan isə haqlı olaraq Ermənistan Kosntitusiyasının dəyişikliyinə ehtiyac duyulduğunu önə çəkir - rəsmi İrəvan Konstitusiyasında dəyişiklik etməklə sülh üçün maraqlı olduğunu isbat edə bilər. Hər iki dövlətin rəsmiləri açıq şəkildə bildirirlər ki, artıq bütün detallar üzrə müzakirələr yekunlaşmaq mərhələsindədir. Ötən ilin sentyabrında baş tutan antiterror tədbirlərinin uğurlu nəticəsi sülh prosesi ilə bağlı mənzərəni daha da aydınlaşdırıb - artıq Ermənistanın manipulyasiya imkanları əlindən alınıb. İndiki məqamda yeganə əsas problem və başlıca şərt Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişinin imzalanması mümkünsüz görünür. Azərbaycanın bununla bağlı mövqeyi qətidir...

P.SADAYOĞLU 

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31