Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müasir Azərbaycan Konstitusiyası: insan hüquqlarının əsas təminatçısı və dövlətçiliyin hüquqi təməli

Müasir Azərbaycan Konstitusiyası: insan hüquqlarının əsas təminatçısı və dövlətçiliyin hüquqi təməli

13.11.2013 [09:17]

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır. 
Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə Ulu öndər dövlətçiliyimizi təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi və silinməz dəsti-xəttinin, zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən Konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi- referendum yolu ilə qəbul olundu. Bu gün Əsas Qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev Konstitusiyası” adlandırır, eyni zamanda, onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, Konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir.
Konstitusiyanın qəbul edilməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.
Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir.
Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Bu sənəd Azərbaycanda dövləti idarəetməni prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkili prinsipi isə dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış səlahiyyət bölgülərinin həyata keçirilməsidir. Beləliklə, hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünərək, yüksək hüquqi inperativlərə və hüququn aliliyinə tabe edilmişdir. İcra, qanunverici və məhkəmə orqanlarının hüquqları konkret və düzgün müəyyənləşdirildiyindən hakimiyyət orqanlarının bir-birini çəkindirə bilməsi də real sürətdə təmin olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.
Yeni Konstitusiyamız Azərbaycanın müstəqillik qazanmasının, iqtisadi-siyasi və sosial mədəni sahədə ictimai münasibətlərin əsaslı keyfiyyət dəyişikliklərinin nəticəsi hesab olunduğundan, onun əvvəllər qəbul edilmiş və hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarına zidd olması şübhəsizdir. Belə vəziyyətdə Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar Əsas Qanuna zidd olmayan tərzdə qüvvəsini saxlayır. 147-ci maddəyə əsasən Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, Konstitusiyaya zidd olan bütün qanunvericilik aktları və ya onların müəyyən müddəaları qüvvəsini itirmiş hesab olunur. Həmin aktlar və ya müddəalar istinad mənbəyi ola bilməz. Hər hansı qərar qəbul edilərkən və ya məsələ həll olunarkən əsas götürülə bilməz.
Hüquq və dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına, hüquqi maddi, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz. Mütərəqqi cəhət odur ki, Azərbaycan Konstitusiyasının hazırlanması zamanı bu sahədə o dövrə qədərki dünya təcrübəsi, insan hüquq və azadlıqlarının keçdiyi inkişaf yolu ümumiləşdirilmiş və ölkəmizin reallıqlarına, ənənələrinə tam uyğunlaşdırılmışdır.
Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. XVIII əsrdə Avropa ayrılmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şahidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) XIX əsrdə əldə edilmişdir. XX əsr bütün bu hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqların müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır.
İnsan hüquqlarının bir qismi ayrılmaz hüquqlardır. Dövlət insanı onun hüquqlarından məhrum edə bilməz. Hətta insanın özü belə könüllü olaraq öz hüquqlarından istifadə edə bilməz. Əgər bir adam sənəd imzalayıb könüllü şəkildə azadlıqdan imtina edərsə və özünü qula çevirərsə, bu sənəd məhkəmədə həqiqi sənəd sayılmaz. Lakin insan qərar verib özünü mülkiyyətdən təcrid edə bilər, çünki mülkiyyət hüququ insanın ayrılmaz hüquqlarından deyil. İnsan dövlətdən öz haqqını tələb edərkən heç də məhkəmədə sübuta yetirməyə borclu deyil ki, onun anadan olan gündən filan hüququ var. Dövlətə (adətən, bizim hüquqlarımızı pozan dövlət məmurlarına) etiraz etmək haqqı insan hüquqları ideyasının əsas müddəalarından biridir. İnsan hüquqları ictimaiyyət yox, fərdiyyət məsələsidir. Ona görə də insan hüququ anlayışı altında azlığın hüquqları yox, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur.
Öz Konstitusiyası olan respublikalarda insan hüquqları məhz Konstitusiya qanunu kimi müəyyən edilir və bu qanun parlamentin qəbul etdiyi adi qanunlardan yüksəkdə dayanır. Odur ki, insan hüquqlarını bəzən “Konstitusiya hüquqları” da adlandırırlar. Eyni zamanda, əgər kimsə öz hərəkətləri ilə hər hansı bir insana zərər vurursa, bu, artıq insan hüququ məsələsi yox, qanunçuluq məsələsidir.
İnsan hüquqları iki əsas qrupa ayrılır: maddi hüquqlar və prosessual hüquqlar. Maddi hüquqlar insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və seçki azadlığı daxildir. Prosessual hüquqlar insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham olunarkən hakimiyyət qarşısında öz hüquqlarını müdafiə edir. Maddi hüquqlara hüquq və azadlıqlar daxildir. Vətəndaş hüquqları dövlətin hər bir insan qarşısında eyni dərəcədə daşıdığı vəzifələrdir. Məsələn, insanın təhsil hüququ və təhsil sistemi yaratmağa və həmin sistemi dəstəkləməyə dövləti məcbur edir. Yaxud insanın məhkəmə təhqiqatı hüquqi dövləti hər kəsin şikayətlə müraciət edə biləcəyi məhkəmə sistemi yaratmağa məcbur edir.
Vətəndaş azadlıqları şəxsi həyatımızla (məsələn, fikir azadlığı, vicdan azadlığı ilə, yığıncaq keçirmək, yer dəyişmək və ailə qurmaq hüququ ilə) bağlı olaraq, dövlət qarşısında qoyulmuş qadağalardır.
İnsan hüquqları hökumətin mənafeyi, mənəvi əxlaq anlayışı, cəmiyyətin iqtisadi maraqları ilə tez-tez toqquşur, amma hər dəfə insan hüquqları ilə digər dəyərlər arasında toqquşmalar baş verəndə üstünlük insan hüquqlarına verilir. Məhz buna görə deyirlər ki, insan hüquqları digər dəyərlərdən daha üstün və əsasdır. Digər dəyərlərlə müqayisədə insan hüquqlarının bəziləri daha vacib və üstün sayılsa da, onlar hər halda mütləq hüquqlar hesab edilmir və başqa hüquqlarla toqquşmada olan müəyyən məhdudiyyət qoymaq olar. Məsələn, söz azadlığına irqçiliyi təbliğ etmək qadağası qoyula, yaxud mənzilin toxunulmazlığı hüququ cinayət axtarışı prosesində pozula bilər. Hüquqların məhdudlaşdırılması hakimiyyətin qərarı ilə yox, qanun əsasında həyata keçirilməlidir. İnsan hüquqlarının məhdudlaşdırılmasının dərəcəsi bu qanunda məhdudlaşdırmanı doğuran vəziyyətin gərginliyi ilə və bu məhdudlaşdırma müqabilində başqa bir dəyərin qorunmasının vacibliyi ilə müəyyən olunmalıdır.
Beynəlxalq və milli hüquq normalarının qarşılıqlı əlaqəsi və təsiri məsələlərinin ətraflı araşdırılması beynəlxalq ümumi hüququn və dövlət və hüquq nəzəriyyəsinin və ümumilikdə yurisprudensiyanın ən aktual məsələlərindən biridir. Bu problemə kifayət qədər tədqiqatlar həsr edirsə də, hal-hazırda da sözügedən sahədə əhəmiyyətli fikir mübadilələri aparılır. Bu bir tərəfdən dövlətdaxili hüquq nomalarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması ilə bağlıdırsa, digər tərəfdən beynəlxalq münasibətlərdə beynəlxalq hüququn artan rolu xüsusi olaraq qeyd edilməlidir.
Hüquq ədəbiyyatında bəzən qeyd edilir ki, beynəlxalq və dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqə problemi beynəlxalq hüquq elmi tərəfindən inhisara alınmışdır. Bu fikirlərlə razılaşmaq çətindir. Hazırda məsələnin öyrənilməsində hüquq nəzəriyyəsi kimi fundamental hüquq elminin rolu danılmazdır. Söhbət yalnız çağdaş dövrümüzdə bu sahədə beynəlxalq hüququn aparıcı rol oynamıs, həmçinin, beynəlxalq hüquq normalarının müxtəlif sahələrdə beynəlxalq hüququn əsas subyektləri kimi dövlət tərəfindən razılaşdırılmış iradələri kimi yaradılması ilə izah edilməsindən gedə bilər. Əsas insan hüquqlarının beynəlxalq hüquq normaları tərəfindən müəyyən edilməsini xatırlamaq bu zaman kifayətdir. Eyni zamanda, bu xüsusiyyətləri nəzərə alaraq beynəlxalq hüququn milli qanunvericiliyin təkmilləşdirilməsi amili kimi çıxış etməsi tam əsaslıdır. Belə ki, doktrinada haqlı olaraq qeyd edilir ki, beynəlxalq hüquq milli hüquq sistemlərinin normal fəaliyyət göstərməsi üçün, onların inteqrasiyası üçün əlverişli şərait yaradır və ya beynəlxalq hüquq olmadan milli hüquq sistemlərinin zənginlənməsini təsəvvür etmək çətindir.
Hüquq ədəbiyyatında göstərilir ki, insan hüquqları sahəsində çoxlu sayda beynəlxalq sazişlərdə iştirak edən dövlətlər Pacta sund servanda prinspinə uyğun olaraq onları vicdanla yerinə yetirməli və bu məqsədlə də beynəlxalq öhdəliklərin realizəsi üçün dövlətdaxili tədbirlər həyata keçirməlidirlər. Hüquq ədəbiyyatında qeyd edildiyi kimi, hər bir dövlətin insan hüquqlarına hörmət və əməl etmək öhdəliyi bilavasitə müasir beynəlxalq hüququn əsas prinsiplərindən biri olan insan hüquqlarına hörmət etmək prinsipindən irəli gəlir. İnsan hüquqlarına hörmət prinsipinin məzmunu isə ilk növbədə, dövlətlərin onların yurisdiksiyası sferasında yerləşən bütün şəxslərə münasibətində hər hansı diskriminasiya olmadan bu hüquqlara hörmət və əməl etmək öhdəliyi təşkil edir. Bununla da insan hüquqları sahəsində dövlətin üzərinə mühüm öhdəliklər qoyulur və bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət edilir. Bundan başqa, müasir beynəlxalq hüquq inkişafı həmin normaların dövlətdaxili münasibətlər sferasında təsbit edilməsi ilə xarakterizə olunur ki, bu da beynəlxalq hüquq normalarına hörmət prinsipi əsasında həyata keçirilməlidir.
Yuxarıda göstərilənlərlə tam razılaşaraq belə qənaətə gəlmək olar ki, dövlətlər qarşısında duran əsas və birinci dərəcəli vəzifələrdən biri hüquq və azadlıqları sahəsində beynəlxalq hüquq normalarının realizəsi üçün zəruri şəraitin yaradılmasıdır. Çağdaş dövrümüzdə bu, Azərbaycan Respublikası qarşısında əsas vəzifə kimi dayanır. Yenicə müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası öz dövlətdaxili hüquq normalarını beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurmuşdur. Hələ 18 oktyabr 1991-ci il tarixli “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 19-cu maddəsində Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi. Bu, sonradan 12 noyabr 1995-ci il tarixli ümumxalq səsverməsi (referendumu) yolu ilə qəbul edilmiş, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində ümumxalq səsvermələri (referendumu) yolu ilə bir sıra dəyişikliklər edilmiş Azərbaycan Respublikası Konstitusiyasında daha da inkişaf etdirilmişdir. Bununla da, Azərbaycan Respublikasında dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin milli hüquqi implementasiyası üçün adekvat konstitusion əsas yaradılmışdır.
Müstəqilliyi yenicə əldə etmiş Azərbaycan Respublikası üçün beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsinin müəyyən edilməsi üzrə siyasətin müəyyənləşdirilməsi, nəhayət öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə ilk implementasiya formalarının seçilməsi mühüm yer tutur. Beynəlxalq hüquq ədəbiyyatında beynəlxalq hüquq normalarının implementasiyasının müxtəlif formaları fərqləndirilir.
Azərbaycan Respublikası timsalında bu məsələlərin təhlil edilməsi daha maraqlı olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının implementasiyası zamanı inkorporasiya yolunu seçmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində birbaşa göstərilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası ilə və referendumu qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Lakin qeyd etmək lazımdır ki, bu zaman məsələ beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları arasında mümkün ziddiyyətləri həll etmək rolunu oynayır.
İnsan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsində dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilirsə 12-ci maddənin 2-ci hissəsində isə qeyd edilir ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Hal-hazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə gələcəyə yönələn hüquqi “çərçivə” və ya “layihə” potensialı yüksək olan 1995-ci ilin “Heydər Əliyev Konstitusiyası” dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır.
Siyavuş Novruzov
Milli Məclisin komissiya sədri,
YAP İcra katibinin müavini

Paylaş:
Baxılıb: 1187 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31