Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan–ABŞ tərəfdaşlığı: Yeni geosiyasi dövrün əsas konturları

Azərbaycan–ABŞ tərəfdaşlığı: Yeni geosiyasi dövrün əsas konturları

07.08.2026 [20:57]

Bakı – Vaşinqton münasibətlərinin inkişaf dinamikası

Son iki il ərzində Azərbaycan–ABŞ münasibətləri yeni məzmun və dinamika qazanaraq qarşılıqlı etimad və praqmatik əməkdaşlıq əsasında inkişaf etməyə başlayıb. Xüsusilə Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Vaşinqtonun Cənubi Qafqaza yanaşmasında müşahidə olunan dəyişikliklər Bakı ilə münasibətlərdə də özünü aydın şəkildə göstərdi. Yeni mərhələdə regional reallıqların qəbuluna, sabitliyin təmin edilməsinə və iqtisadi əməkdaşlığın genişləndirilməsinə əsaslanan daha praqmatik xətt ön plana çıxıb. Bu isə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların Vaşinqton tərəfindən nəzərə alındığını nümayiş etdirir.

Azərbaycan da öz növbəsində ABŞ ilə münasibətlərdə qarşılıqlı maraqlar prinsipini əsas götürərək enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutları, terrorizmlə mübarizə, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə dialoqu daha da dərinləşdirdi. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına təhlükəsiz çatdırılmasında Azərbaycanın oynadığı rol, Orta Dəhlizin artan əhəmiyyəti, eləcə də Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturası Vaşinqtonun Bakı ilə əməkdaşlığı strateji prizmadan qiymətləndirməsinə səbəb oldu.

Bu yeni mərhələnin ən mühüm siyasi ifadəsi isə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammit oldu. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş təkcə Azərbaycan - Ermənistan münasibətlərində deyil, həm də Bakı – Vaşinqton əlaqələrinin tarixində yeni səhifə açdı. Sammit göstərdi ki, ABŞ artıq Azərbaycanı yalnız regionun aparıcı dövləti kimi deyil, həm də Avrasiya məkanında sülhün, enerji təhlükəsizliyinin və nəqliyyat-kommunikasiya layihələrinin əsas tərəfdaşlarından biri kimi qiymətləndirir. Məhz buna görə də Vaşinqton sammiti iki ölkə arasında münasibətləri ənənəvi əməkdaşlıq formatından çıxararaq daha yaxın strateji tərəfdaşlıq müstəvisinə yüksəldən mühüm siyasi dönüş nöqtəsi kimi tarixə düşdü.

Strateji Tərəfdaşlıq Xartiyası: Münasibətlərin institusional çərçivəsi

Vurğulandığı kimi, Cənubi Qafqazda formalaşan yeni sülh şəraitinin siyasi və diplomatik təsdiqi kimi dəyərləndirilən 8 avqust görüşü regionun gələcəyi baxımından da mühüm dönüş nöqtəsi kimi qiymətləndirildi. Xüsusilə, görüş zamanı imzalanan "Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması" Anlaşma Memorandumu iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatdı - bu sənədin imzalanması Bakı-Vaşinqton əlaqələrində mühüm ştrixləri ortaya çıxardı. Belə ki, sənədin imzalanması Azərbaycan ilə ABŞ arasında əlaqələrin yaxın tərəfdaşlıq səviyyəsinə qalxdığının göstəricisi sayılırdı – sənədə görə, ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet saydığını bildirirdi. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq institusional çərçivədə müəyyənləşdirilirdi – başqa sözlə, münasibətlərin inkişaf imkanları artıq siyasi bəyanatlarla deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaqdı. ABŞ ilə Azərbaycan arasında dialoqun daha da genişlənməsi və şaxələnməsinə imkan yaradan bu sənəd təhlükəsizlik və müdafiə, enerji və yaşıl keçid, iqtisadiyyat və investisiya, regional sabitlik və nəqliyyat dəhlizləri, humanitar əlaqələrdə də yeni format müəyyənləşdirdi.

Bu ilin fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində imzalanan Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli münasibətlərə yeni bir status qazandırdı. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə ən yeni mərhələsinin başlanğıcına çevrildi. Qeyd edək ki, Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir.

907-ci düzəlişin dayandırılması: Keçmişin siyasi mirasına son

20205-ci ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı, ABŞ-n Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi. Beləliklə, 907-ci düzəlişin dayandırılması uzun illər Vaşinqtonun siyasi arsenalında qalan iradə baryerinin aradan qaldırılması deməkdir. ABŞ-ın bu addımı onu göstərir ki, Vaşinqton Azərbaycanla əməkdaşlıqda siyasi təzyiq alətlərini deyil, qarşılıqlı maraq və reallığa əsaslanan yanaşmanı seçib. Xatırladaq ki, bu əsassız düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Keçmiş prezident Co Bayden isə bu düzəlişin həyata keçməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatında ABŞ Prezidentinə məhdudiyyətlərin aradan qaldırılmasına görə təşəkkür etdi: "Azərbaycana qarşı həmin məhdudiyyətlər 1992-ci ildə - müstəqilliyinin bərpasından bir il sonra tətbiq edilib. Bizə qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq".

907-ci düzəlişin ləğvi Vaşinqtonun siyasi arsenalında qalan iradə baryerinin aradan qaldırılması demək idi. ABŞ-ın bu addımı onu göstərdi ki, Vaşinqton Azərbaycanla əməkdaşlıqda siyasi təzyiq alətlərini deyil, qarşılıqlı maraq və reallığa əsaslanan yanaşmanı seçir. Bu  düzəlişin tam ləğvi isə həm regional, həm də ikitərəfli siyasi dialoqun gücləndirilməsində, regionda əməkdaşlığın stimullaşdırılmasında və Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirməsində əsaslı rola malik ola bilər. Bu addım həm tarixi ədalətsizliyi aradan qaldıracaq, həm də ABŞ-ın Cənubi Qafqazda yeni reallıqlara dəstəyini gücləndirəcək. Nəticə etibarilə, Bakı ilə Vaşinqton arasındakı münasibətlərin gücləndirilməsi, 907-ci düzəlişin ləğvi və regional əməkdaşlıq layihələrinin reallaşması Cənubi Qafqazın gələcək inkişaf xəttini müəyyənləşdirəcək əsas elementlərdəndir. Bu proses həm Azərbaycan, həm də ABŞ üçün qarşılıqlı fayda və strateji üstünlüklər yaradır. Yeri gəlmişkən, bu ilin iyulunda Qlobal Şuşa Media Forumunda çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir: "Düşünürəm ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar".

Yeni əməkdaşlıq modeli: Regional təhlükəsizlik və qlobal tərəfdaşlıq

8 avqust görüşündən sonra münasibətlər sisteminin yeni mərhələsində bir sıra amillər diqqəti cəlb edir – xüsusilə, Azərbaycan-ABŞ münasibətlərində artıq davamlı yaxınlaşmalar, siyasi dialoqun inişafı nəzərə çarpır. Prezident Trampın son bir ildə artıq bir neçə dəfə Prezident İlham Əliyevlə görüşməsi, fərqli kontekstlərdə müzakirələrin aparılıması, Cənubi Qafqazın yeni gələcəyinin formalaşdırılması istiqamətində Azərbaycanın irəli sürdüyü strateji yol xəritəsinin dəstəklənməsi, sülhün və sabitliyin qorunmasına xidmət edən yaxınlaşmaların təqdir olunması göstərir ki, Bakı-Vaşinqton əlaqələri sağlam və dinamik xarakter daşıyır. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur.

Azərbaycanın sülh təşəbbüsləri bütövlükdə Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya və başqa yaxın coğrafiyalar üçün mühüm inkişaf perspektivləri yaradır. Bu mənada aparılan siyasət, atılan addımlar beynəlxalq aləm tərəfindən ciddi izlənir – Zəngəzur (TRİPP) dəhlizi ideyası, Orta Dəhlizin dirçəldilməsi, enerji və yaşıl gündəlik layihələri və digər məqamlar Azərbaycanın sülh təşəbbüslərinin çoxşaxəli olduğunu ortaya qoyur.

ABŞ – Azərbaycan münasibətlərində beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq xüsusi bir xəttlə keçir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan əlaqələr hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Azərbaycan Prezidentinin bu ilin yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalaması da təsadüfi deyil -  Bakı bu gün qlobal təhlükəsizliyin təminatında Vaşinqtonun ən yaxın strateji tərəfdaşlarından biridir.

Strateji dönüş nöqtəsi...

Son 1 ildə proseslərin inkişafı göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri artıq yalnız ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq formatı ilə məhdudlaşmır. Formalaşan yeni siyasi mühit ikitərəfli əlaqələri daha geniş strateji müstəviyə çıxararaq onları regional və qlobal proseslərin mühüm elementlərindən birinə çevirib. Vaşinqtonda qəbul olunan qərarlar, imzalanan sənədlər və sonrakı dövrdə atılan addımlar onu təsdiqləyir ki, tərəflər əməkdaşlığı uzunmüddətli perspektiv əsasında inkişaf etdirmək niyyətindədir.

Bu gün Azərbaycanın geosiyasi mövqeyi, enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafındakı rolu və regional sabitliyin təmin edilməsində nümayiş etdirdiyi məsuliyyət ABŞ üçün ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır. Digər tərəfdən, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yaranmış reallıqları nəzərə alması və regionun gələcəyinə praqmatik yanaşması qarşılıqlı etimadın daha da möhkəmlənməsinə şərait yaradır. Bu baxımdan münasibətlər artıq taktiki əməkdaşlıq deyil, ortaq maraqlara söykənən strateji tərəfdaşlıq mərhələsinə daxil olur.

Eyni zamanda, Bakı ilə Vaşinqton arasında formalaşan yeni dialoq regional sabitliyin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, innovasiya, rəqəmsal transformasiya və investisiya əməkdaşlığı üçün də yeni imkanlar açır. Bu əməkdaşlıq modeli təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, həm də Cənubi Qafqazın qlobal iqtisadi və siyasi sistemə daha sıx inteqrasiyasına mühüm töhfə verir.

Bütün bunların fonunda demək olar ki, 8 avqust 2025-ci ildə başlanan yeni mərhələ Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən strateji dönüş nöqtəsidir. Qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan bu model yaxın illərdə ikitərəfli əlaqələrin daha da dərinləşməsinə, regionda davamlı sülhün möhkəmlənməsinə və yeni geosiyasi əməkdaşlıq arxitekturasının formalaşmasına mühüm töhfə verəcək. Bu baxımdan Bakı–Vaşinqton xətti təkcə iki dövlət arasında münasibətlərin deyil, bütövlükdə Avrasiya məkanında sabitlik və inkişafın əsas dayaqlarından biri kimi əhəmiyyətini daha da artıracaq.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31