Uşaqların sosial platformalardan istifadəsi qanunla tənzimlənəcək
07.08.2026 [10:50]
Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi qanunla tənzimlənəcək. Bununla bağlı ölkəmizdə müvafiq hüquqi baza yaradılır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Milli Məclisdə qəbul olunan İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib. Yeni tənzimləmənin məqsədi müəyyən yaş qrupunadək uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi və onları zərərli məzmunun mənfi təsirlərindən qorumaqdır.
Yeni tənzimləmə qaydasına keçidi zəruri edən amillər
Milli Məclisdə qəbul olunan və dövlət başçısının təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun heç bir halda ölkə ərazisində internetdən istifadənin məhdudlaşdırılması və yaxud uşaq hüquqlarının pozulması anlamında qəbul edilməməlidir. Ölkəmizdə internetə çıxış imkanlarının artırılması üçün infrastruktur getdikcə daha da müasirləşdirilir və onun əhatə dairəsi bütün ölkə üzrə genişləndirilir. 2026-cı ildə dərc edilən son ölkə hesabatına əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 9 milyon 270 min nəfərə, yəni, ölkə əhalisinin təxminən 89 faizinə çatıb. Azərbaycanda 7 milyon 610 min sosial media istifadəçi identifikatoru qeydə alınıb. Başqa sözlə, təkrar və xaricdən qoşulma amilini nəzərə aldıqda, ölkəmizin hər on sakinindən səkkizi rəqəmsal məkandadır. Onlar internet vasitəsilə bank əməliyyatları aparır, dövlət xidmətləri alır, vergilərini ödəyir, tibbi məlumatlarını əldə edir, təhsil alır və şəxsi ünsiyyət qururlar.
Eləcə də müvafiq Qanun qəbul edilməsi ilə ölkədə uşaq hüquqlarının guya hansısa bir formada pozulması ilə bağlı müəyyən qüvvələrin dövriyyəyə buraxdıqları şayiələrin heç bir əsası yoxdur. Ölkəmizdə uşaqlara qayğı siyasəti geniş əhatə dairəsinə malikdir və bu siyasət ardıcıl səciyyə daşıyır. Ölkənin iqtisadi inkişaf tempi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq aztəminatlı ailələrdən olan, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların hərtərəfli inkişafı istiqamətində tədbirlərin gücləndirilməsinə imkan verir. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” ölkəmizdə uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə milli səviyyədə uşaq siyasətinin əsas hədəflərini müəyyən edir. Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı uğurla reallaşdırılıb. Həmçinin 1998-ci ildə qəbul olunan “Uşaq hüquqları haqqında” Qanun ölkədə uşaqların hüquqlarının təmin olunmasına geniş imkanlar açır.
Yeni tənzimləmə mexanizmi hazırlanarkən də bilavasitə uşaqların mənafeyi nəzərə alınıb. İndiki dövrdə internet, o cümlədən də sosial şəbəkələr üzərindən kibercinayətkarlığın nə qədər geniş vüsət aldığı hər kəsə bəllidir. Təhlükələrin miqyası o qədər böyükdür ki, onlayn platformalar hətta siyasi, iqtisadi, hərbi təsir alətlərinə çevrilib. Daha hansısa bir dövlətə ağır zərbə vurmaq üçün həmişə onun ərazisinə qoşun yeritmək tələb olunmur. Bəzən zərərli bir kod ölkənin enerji, bank, rabitə, nəqliyyat sistemlərinə, xəstəxanalarına və idarəetmə strukturlarına ənənəvi silahdan az olmayan zərər vura bilər.
Uşaqlarla vəziyyət isə daha ciddidir. Sosial şəbəkələr hüdudsuz bir məkandır və burada uşaqlar ən müxtəlif kontentlərlə qarşılaşa bilərlər. Sosial şəbəkələr üzərindən uşaqlara zərəli təsirlərin ötürülməsindən bəhs etdikdə xüsusilə də zorakılıq, aqressiya, nifrət nitqi, saxta məlumatlar, yaşa uyğun olmayan reklamlar və vizual materiallar nəzərdə tutulur. Uşaqlar sosial şəbəkələrdə həmçinin kibertəhlükəsizlik, ailə sirlərinin ötürülməsi, təhqir, mənəvi zorakılıq, pis vərdişlərə çağırışlar və digər belə hallarla üz-üzə qalırlar. Dünyagörüşləri tam formalaşmayan uşaqlar bu təzyiqlərin gerçək məzmununu anlamaqda və düzgün qərar çıxarmaqda acizdirlər. Onlar uzun müddət əl telefonlarından, kompüterlərdən aldıqları təsirlərdən yaxa qurtara bilmirlər və beləliklə də psixoloji sıxıntılara məruz qalırlar. Bir çox hallarda sosial şəbəkələr uşaqlarda asılılıq sindromu yaradır və onlar özlərinə qapanırlr. Belə uşaqlar üçün real həyatda sosiallaşma çətinləşir, onlar düşdükləri yeni mühitdə ünsiyyət qura bilmirlər. Uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə keçid edilməsi də bu kimi reallıqlardan yaranan bir zərurətdir. Ölkəmizdə uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə keçid edilməsi Azərbaycan dövlətinin uşaq siyasətinə son dərəcə həssas yanaşmasının növbəti ifadəsidir.
Hansı şərtlər tətbiq olunacaq?
Yeni tənzimləmə qaydası 12 aydan sonra qüvvəyə minəcək. Müvafiq hüquqi bazanın yaradılmasının dövlət başçısı tərəfindən təsdiqlənməsi respublikamızda uşaqların sosial şəbəkələrin zərərəli təsirlərindən qorunması kimi aktual məsələyə həssas yanaşılmasının ilk ifadəsi deyil. Xatırladaq ki, Prezident İlham Əliyev 27 fevral 2026-cı il tarixində “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” ayrıca Sərəncam imzalayıb. Sənəddə vurğulanır ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.
Milli Məclisdə qəbul olunan Qanun bu sahədə dövlət siyasətinin ardıcıllığını təsdiqləyir. Bəhs olunan qanunla 16 yaşadək uşaqların sosial platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar isə bunu valideyn icazəsi ilə edə bilərlər. Yeni tənzimləmə qaydası dövlət tərəfindən uşaqların müdafiəsinin gücləndirilməsi, onların gələcəyinə qayğının davam etdirilməsi, uşaqların yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanması, daha sonrakı dövrdə isə valideyn nəzarəti ilə icazə verilməsi və digər müsbət məqamları əks etdirir. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Bu məsələ fərd, ailə, cəmiyyət və dövlət üçün mühüm əhəmiyyət daşıyır. Bu məqamda qeyd etmək yerinə düşər ki, uşaqların hüquqları qorunmaqla onlara münasibətdə digər sahələrdə də yaş məhdudiyyətləri var (uşaqlara siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, pornoqrafik məzmunlara çıxışına məhdudiyyət və s.) və bu tədbirlər uşaqların sağlamlığı və rifahı üçün tətbiq olunub. Müasir rəqəmsal dövrdə bu mexanizm sosial platformalara münasibətdə də öz əksini tapmalıdır.
Provayderlərin məsuliyyəti artırılır
Yeni tənzimləmə mexanizminə əsasən, provayderlərin məsuliyyəti artırılır və onların qarşısına bir sıra tələblər qoyulur. O cümlədən provayder istifadəçi yaşının yoxlanılması məqsədilə topladığı fərdi məlumatlarla bağlı aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:
- onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;
- onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.
Bundan başqa,
-provayder bu Qanunda qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir,
-provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir,
-16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır,
-provayderlər bu Qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər,
-provayderlər bu Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.
Getdikcə daha çox ölkədə uşaqların sosial platformalardan istifadəsinə qanunla məhdudiyyətlər qoyulur
Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad olunub. Dünya ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə fərqli yanaşmalar sərgilənir. Getdikcə daha çox ölkədə uşaqların sosial platformalardan istifadəsinə qanunla məhdudiyyətlər qoyulur. 2025-ci ilin dekabrdında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarkada 18, İspaniyada 16, Fransada 15, ABŞ-da federal səviyyədə 17, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18, Kolorado, Corciya, Luizianada 16, Floridada 14 yaş məhdudiyyətləri, eləcə də İrlandiyada OnlineSafetyCode və Böyük Britaniyada OnlineSafety Act kimi yanaşmalar mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Qonşularımız olan Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
Dünya siyasətçilərinin narahatlığı
Yeri gəlmişkən, dünya miqyasında tanınan siyasətçilər də uşaqlar üçün sosial şəbəkələrdən gözlənilən risklərə diqqət çəkiblər və öz narahatlıqlarını ifadə ediblər. “Bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq. İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Artıq Avropa rəsmiləri də sosial şəbəkələrin uşaqlar və yeniyetmələr üçün ciddi təhlükələr yaratmasından narahatlıqlarını gizlətmirlər. Bununla bağlı mövqeyini bildirən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib: “Məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın gənclərə çıxışının olub-olmamasındadır”.
Norveçin Baş naziri Jonas Gar Store isə bildirib ki, biz bu qanunvericiliyi uşaqların uşaq kimi yaşaya biləcəyi bir uşaqlıq dövrü istədiyimiz üçün tətbiq edirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir. Bu, uşaqların rəqəmsal həyatını qorumaq üçün vacib bir tədbirdir. İspaniyanın Baş naziri Pedro Sançez da narahatlığını dilə gətirib. O, “Real dünyada qanuni olmayan şey virtual dünyada qanuni ola bilməz”, - deyə bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40

