Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 3-cü işğal...

3-cü işğal...

07.08.2026 [11:40]

O məşəqqətli tarixdən 35 il ötür. İnsanlar kənddən çox çətin vəziyyətdə çıxmışdılar. Əyinlərinə münasib paltar geyinməyə, uzun illərin xatirələri dolaşan həyat-baca ilə sağollaşıb hallalaşmağa, qiymətli əşyalarını götürməyə, evlərinin qapısını bağlamağa, mal-qaranı, toyuq-cücəni rahatlamağa belə macal tapmamışdılar. Bir canlarını götürüb çıxmışdılar kənddən. Heç kəs də doğma yurd yerlərini tərk etmək istəmirdi, nəmli gözləri elə hey arxaya baxır, sanki kəndin, dağların bütün cizgilərini əbədi xatırlamaq üçün bir rəsm tablosu kimi yaddaşlarına köçürmək istəyirdilər.

Bu, Qərbi Azərbaycanın məşhur icmalarından birinin faciəsi idi. Söhbət  azərbaycanlıların indiki Ermənistan ərazisindən sonuncu deportasiyasından -  1991-ci il 7 avqust tarixində Nüvədinin boşaldılmasından və uzun illər ərzində dişi-dırnağı ilə müqavimət göstərən bu yaşayış məntəqəsinin ermənilərin əlinə keçməsindən gedir. İllər ötsə də, nüvədililər həmin məşum günün yaşantılarını unutmurlar...

Heydər Əliyev: Nüvədi camaatı çox dəyanətli insanlardır

İlham Əliyev: Soydaşlarımız Qərbi Azərbaycana tanklarla yox, avtomobillərlə qayıdacaqlar

Bir əsrdə 4 mərhələdə reallaşdırılan dəhşətli deportasiyalar

Təzada baxın: Son 200 ildə məkrli qüvvələr tərəfindən hazırlanan planlar, yazılan ssenarilər əsasında ermənilər dünyanın müxtəlif yerlərindən tarixi torpaqlarımıza - Qərbi Azərbaycana köçürülüblər. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. İndiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən çoxsaylı sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarca yaşayış məntəqələrinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir və bunlar əyani şəkildə təsdiqləyir ki, ermənilər bu yerlərdə sonradan məskunlaşdırılıblar.

Beləliklə, torpaqlarımızın ilhaqına başlanılıb. XX əsr bu baxımdan xalqımız üçün bir sıra faciələrlə yadda qalıb. Belə ki, ötən yüzillikdə indiki Ermənistan ərazisinin aborogen sakinləri olan azərbaycanlılar bütünlüklə öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalıblar. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılmasını “dəhşətli deportasiyalar” kimi səciyyələndirib. Soydaşlarımızın tarixi yurd yerlərindən qovulması bir neçə mərhələdə reallaşdırılıb. Belə ki, bir əsrdə 4 dəfə - 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Bu deportasiyalar və soyqırımları bizim tariximizin bir hissəsidir və gələcəkdə də belə faciələrlə üzləşməmək üçün tariximizi yaxşı öyrənməliyik. Beləliklə, bəzi ştrixlərə diqqət çəkmək yerinə düşər. Xatırlayaq: 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Prezident İlham Əliyev bunu çox doğru olaraq bağışlanmaz bir addım,  xəyanət və cinayət kimi səciyyələndirib.

Zamanında bir çoxları düşünürdülər ki, ermənilər İrəvana sahibləndikdən və tarixi Azərbaycan ərazisində öz dövlətlərini qurduqdan sonra daha dayanacaqlar, bir daha ərazi iddialarından çıxış etməyəcəklər. Ancaq unutmamalıyıq ki, söhbət ermənilərdən - bütün düşüncələri və ruhları ilə “dənizdən-dənizə Ermənistan” mifinə uyan bir toplumdan gedir. Əlavə edək ki, bu toplumun iliyinə həm də “türkə nifrət” ideologiyası yeridilib, hər bir erməni körpəsinin ana laylası məhz bunu təlqin edir. Qeyd edək ki, bu həqiqəti Ermənistanın hazırkı rəhbərliyi də zaman-zaman dilə gətirir. Baş nazir Nikol Paşinyan dəfələrlə belə bir fikri açıq mətnlə ifadə edib ki, erməni toplumunu utopik vətən anlayışından, qonşulara qarşı əsassız iddialardan reallığa qaytarmaq lazımdır. 

Ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə keçmiş sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız  olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da səbəbləri və məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə yerləşmişdilər və siyasi qərarlar verilməsinə təsir göstərmək imkanlarına malik idilər. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.

İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi - 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu, keçmiş sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayəti idi. Bəhs olunan deportasiya mərkəzi hakimiyyətin iki qərarı əsasında reallaşıb. Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. Fərmana əsasən, Ermənistandan 100 min nəfər azərbaycanlı əhalinin 1948-1950-ci illər ərzində köçürülməsi nəzərdə tutulurdu.

Xalq Təsərrüfatı üzrə uçot məlumatlarına və Ermənistan SSR Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, köçürülmə başlanmamışdan əvvəl 1948-ci ildə Ermənistanda 25 min azərbaycanlı ailəsi, yaxud 110 minə yaxın azərbaycanlı yaşayırdı. Onlardan yalnız 9 min ailə və ya 35 min nəfər aran rayonlarında, qalan 75 min nəfər isə Ermənistan SSR-in yüksək dağlıq rayonlarında yaşayırdı.

1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti “1951-1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında” yeni qərar qəbul edib. Həmin qərara əsasən, müəyyən edilmiş müddət ərzində Ermənistan SSR-dən 15 min kolxozçu və digər azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulurdu. Azərbaycanlı əhalinin yüksək dağlıq ərazilərdən aran bölgələrinə köçürülməsi böyük faciələrə səbəb oldu. İnsanlar üçün öyrəşmədikləri şəraitdə yaşamaq dözülməz idi...

Zəngəzurun qeyrət qalası Nüvədi 3 il müqavimət göstərsə də...

1970-1980-ci illərdə böyük siyasətçi Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə məkrli proseslərin qarşısı alındı, xalqımız Ermənistan ərazisində növbəti deportasiya və etnik təmizləməyə məruz qalmadı. Lakin 1987-ci ildə Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyindən uzaqlaşması ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti qara günləri başladı. Belə ki, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu mərhələsi həyata keçirildi. Ağır işgəncələrlə, çoxlu sayda insanın məqsədli şəkildə qətlə yetirilməsi ilə müşayiət olunan sonuncu etnik təmizləmə tariximizə ən amansız deportasiya kimi düşdü. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev deyib: “Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi”.

Onu da qeyd edək ki, ötən yüzillikdə Nüvədi kəndi düz 3 dəfə erməni işğalına məruz qalıb. Ermənilər tərəfindən kəndə ilk hücum 1905-ci ildə baş verib. Həmin il Nüvədi camaatı kəndi tərk etməyə məcbur olub. İkinci dəfə Nüvədi 1918-ci ildə ermənilər tərəfindən yandırılıb. Kənd üçüncü dəfə 1991-ci ildə işğal edilib. Qərbi Azərbaycanda 1987-ci ildə başlayan yeni deportasiya, soyqırımı dalğası Nüvədidə dayandırılıb. Kənd camaatı düz 3 il dəyanət göstərərək, vuruşaraq, gecə-gündüz növbə çəkərək doğma el-obanı qoruyub. Təsadüfi deyildir ki, ulu öndərimiz Heydər Əliyev “Nüvədi camaatı çox dəyanətli insanlardır”, - deyirdi. Nüvədililərin bildirdikləri kimi, bu qiymətin əsasında gerçək və şərəfli bir tarix dayanır. Nüvədi Zəngəzurun qeyrət, mətanət qalası kimi düşmənə sinə gərib. Qüvvələr nisbəti bərabər deyildi. Nüvədililər çətinliklərə, məhdudiyyətlərə baxmayaraq,  yalın əllə erməni silahlı dəstələrinə qarşı vuruşurdular, mübarizə aparırdılar. Onların mücadiləsi bir qəhrəmanlıq nümunəsi idi. Sədd heyif ki, Nüvədi köməksiz qaldı və 1991-ci il avqustun 7-dən 8-nə keçən gecə üçüncü dəfə işğal altına düşdü.

Zamanında Nüvədidə yaşamış insanların kəndlə bağlı xatirələri çox nisgillidir. Onlar bildirirlər ki, ömrün və yaşın elə bir məqamı gəlir ki, sən doğulduğun yerə getmək, atanın məzarını ziyarət etmək istəyirsən, babanın, nənənin kəndini, ata-baba yurdunu görmək istəyirsən. Amma bu, mümkün olmur. Çünki sənin vətənin işğal altındadır...

Böyük inam: Qərbi Azərbaycana qayıdan ilk kənd Nüvədi olacaq

İkinci Qarabağ müharibəsinədək müstəqil Azərbaycanın əsas ümummilli ideyası ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi idi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu məsələ daim ölkəmizin gündəliyinin mərkəzində saxlanıldı və milli güc bu istiqamətdə səfərbər edildi. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan şanlı qələbələr sayəsində biz əsas ümummilli ideyamızın gerçəkləşməsinə nail olduq.

Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələrin əhəmiyyəti misilsizdir. Biz dünya erməniliyinə, Azərbaycanofob güclərə qalib gəlmişik. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, biz uğurlarımızı, tarixi zəfərlərimizi uzun müddət istismar edə bilmərik. Yeni strateji mərhələdə qarşımızda digər mühüm prioritetlər dayanır. Hazırda bizim əsas ümummilli ideyalarımızdan biri zamanında indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanıların tarixi yurd yerlərinə qayıdışının təmin edilməsi ilə bağlıdır. Azərbaycan dövləti və cəmiyyəti bu məsələdə israrlı yanaşma sərgiləyir.

Məğlub Ermənistan Qərbi Azərbaycandan olan insanların geri qayıdış hüququnu tanımaq istəmir. Rəsmi İrəvan Azərbaycanın bu məsələni gündəmə gətirməsini yanlış olaraq Ermənistanın ərazi bütövlüyünə təhdid anlamında təqdim etməyə çalışır. Bu, Ermənistan rəhbərliyinin əl atdığı növbəti manipulyasiyadır. Ölkəmizin heç bir qonşu dövlətin, o cümlədən də Ermənistanın ərazi bütövlüyünü pozmaq kimi bir niyyəti yoxdur. Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıtmaları məsələsinə gəldikdə isə bu, beynəlxalq hüquqla təsbit edilən insan haqları məsələsidir. Ermənistanın özünün də qoşulduğu bir sıra beynəlxalq konvensiyalar insanların qayıdış hüquqlarını tanıyır. Bu sıradan Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı, Pinheiro Prinsiplərini və beynəlxalq adət hüququnu qeyd etmək mümkündür.

Biz tarixi ərazilərimizə dinc yolla qayıtmaq istəyirik. Prezident İlham Əliyevin təbirincə desək, soydaşlarımız Qərbi Azərbaycana tanklarla yox, avtomobillərlə qayıdacaqlar. O cümlədən nüvədililər də tarixi qayıdış gününə şahidlik edəcəklərinə əmindirlər. Onlar möhkəm inanırlar ki, “Qərbi Azərbaycanda boşaldılan sonuncu kəndimiz Nüvədi” ifadəsi gün gələcək  “Qərbi Azərbaycana qayıdan ilk kəndimiz Nüvədi” deyimi ilə əvəzlənəcək və biz bu ifadəni məhz Azərbaycan Prezidenti İlham Əliyevin dilindən eşidəcəyik.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31