Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

11.10.2026 [12:20]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfər etdi. Səfər çərçivəsində dövlət başçımız Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak və çıxış etdi.

Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən Məşvərət görüşündə çıxışı Azərbaycanın regional əməkdaşlıq sistemində artan rolunu, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyanın genişləndirilməsi və ortaq geoiqtisadi məkanın formalaşdırılması istiqamətində strateji prioritetlərini bir daha nümayiş etdirdi.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin gücləndiyi, nəqliyyat-kommunikasiya marşrutlarının və enerji təhlükəsizliyinin strateji əhəmiyyətinin artdığı bir şəraitdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq yeni məzmun kəsb edir. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu baxımdan regionlararası münasibətlərin inkişafında mühüm mərhələ idi. Dövlət  başçımızın çıxışı Azərbaycanın regional əməkdaşlığın dərinləşdirilməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə və ortaq strateji maraqların reallaşdırılmasına yönəlmiş siyasətinin əsas istiqamətlərini əhatə etdi.

Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvünə çevrilməsi ölkəmizin regionla münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Çıxışda bu qərarın xüsusi vurğulanması onun yalnız diplomatik hadisə deyil, həm də dəyişən regional geosiyasi reallıqların nəticəsi olduğunu göstərir.

Azərbaycanın formata tamhüquqlu üzv kimi qoşulması Xəzər dənizinin iki sahilində yerləşən ölkələr arasında siyasi dialoqun daha sistemli şəkildə aparılmasına, iqtisadi təşəbbüslərin əlaqələndirilməsinə və ortaq maraqların çoxtərəfli platformada müzakirəsinə imkan yaradır. Bu, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə, regionlararası əməkdaşlığın daha geniş coğrafiyada inkişafına xidmət etməkdədir.

Bununla beləŞ Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın bu formata qoşulması ilə bağlı təşəbbüsdəki rolunun qeyd olunması Bakı ilə Aşqabad arasında münasibətlərin strateji və mənəvi əsaslarını da əks etdirir. Son illərdə Azərbaycan-Türkmənistan münasibətlərində yüksək səviyyəli təmasların intensivləşməsi siyasi etimadın möhkəmləndiyini göstərir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin mühüm xüsusiyyətlərindən biri siyasi həmrəyliyin konkret layihələr və qarşılıqlı dəstək vasitəsilə möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyinə xüsusi yer ayrılması bunun bariz nümunəsidir.

Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi regional həmrəyliyin əməli təzahürüdür. Türkmənistanın Füzuli şəhərində məscid tikintisi ilə bağlı təşəbbüsü də xalqlar arasında tarixi-mədəni yaxınlığın və mənəvi bağların ifadəsidir.

Bu layihələr yalnız infrastrukturun bərpası baxımından deyil, həm də humanitar əməkdaşlığın genişləndirilməsi, təhsil və mədəniyyət əlaqələrinin inkişafı, gələcək nəsillər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında tərəfdaşlıq iqtisadi və siyasi maraqlarla yanaşı, ortaq tarixi yaddaş və qarşılıqlı etimada da əsaslanır.

Prezident İlham Əliyevin çıxışında iqtisadi-ticari əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyaların artırılması regional əməkdaşlığın əsas istiqamətlərindən biri kimi təqdim olunub. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir.

Bu göstəricilər iqtisadi münasibətlərin genişlənməsini nümayiş etdirsə də, qarşıda duran əsas vəzifə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçirilməsidir. Dövlətimizin başçısının Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının potensialından daha fəal istifadə olunması ilə bağlı fikirləri məhz bu məqsədə xidmət edir.

İnvestisiya fondları vasitəsilə birgə istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının inkişafı, xammalın emalı və hazır məhsul istehsalının təşviqi region ölkələrinin iqtisadi dayanıqlığını gücləndirəcək.

Görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2027-ci ildə Xivə şəhərində “Mərkəzi Asiya – Azərbaycan” biznes forumunun keçirilməsi və “Altı iqtisadiyyat – bir məhsul” yanaşmasının irəli sürülməsi təklifi də bu baxımdan diqqətəlayiqdir. Təklif bir neçə ölkənin istehsal imkanlarının vahid dəyər zəncirində birləşdirilməsini nəzərdə tutur. Belə əməkdaşlıq modelinin inkişafı regional bazarın genişlənməsinə, istehsal imkanlarının səmərəli istifadəsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edəcək.

Prezident İlham Əliyevin çıxışında nəqliyyat və logistika əməkdaşlığı xüsusi yer tutdu. Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, Asiya ilə Avropa arasında alternativ marşrutlara tələbatın artdığı bir şəraitdə Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir.

Dövlət başçısının açıqladığı məlumatlara görə, Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi ötən il 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu dinamika marşrutun iqtisadi əhəmiyyətinin yüksəldiyini göstərməklə yanaşı, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və ölkələr arasında koordinasiyanın gücləndirilməsi zərurətini də ön plana çıxarır.

Azərbaycanın dəniz limanlarına, hava limanlarına, dəmir və avtomobil yollarına yatırdığı sərmayələr ölkəmizin tranzit potensialının genişləndirilməsinə xidmət edir. Bununla belə, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması yalnız infrastrukturun inkişafından asılı deyil. Gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi, daşımaların koordinasiyası və logistika xərclərinin azaldılması da mühüm əhəmiyyət daşıyır.

“Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər əməkdaşlığın rəqəmsal ölçüsünü gücləndirir. Beləliklə, nəqliyyat əlaqələri ilə yanaşı, rəqəmsal infrastrukturun inteqrasiyası da regionun beynəlxalq iqtisadi sistemə qoşulmasını sürətləndirəcək.

Energetika Azərbaycan ilə Mərkəzi Asiya arasında əməkdaşlığın digər mühüm istiqamətidir. Azərbaycanın Türkmənistan və Qazaxıstandan neftin beynəlxalq bazarlara nəqlində tranzit ölkə kimi rolu Xəzər hövzəsində enerji əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Bu əməkdaşlıq Mərkəzi Asiya dövlətlərinin ixrac marşrutlarının şaxələndirilməsinə, Azərbaycanın tranzit potensialının artırılmasına və regionun qlobal enerji bazarlarında mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Enerji resurslarının nəqli ilə yanaşı, bərpaolunan enerji sahəsində birgə layihələrin inkişafı da strateji əhəmiyyət daşıyır.

Azərbaycanın Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlığı regionun enerji sistemlərinin gələcək inteqrasiyası baxımından perspektivlidir. Bu istiqamətdə layihələrin reallaşdırılması enerji mənbələrinin şaxələndirilməsinə, elektrik enerjisi mübadiləsinin genişlənməsinə və aşağı karbonlu iqtisadi modelə keçidə töhfə verəcək.

Energetika və nəqliyyat sahələrinin qarşılıqlı əlaqədə inkişafı Azərbaycanın regional əməkdaşlıqda rolunu daha da artırır. Bununla yanaşı, enerji və logistika layihələrinin davamlılığı üçün siyasi sabitlik, təhlükəsizlik və dövlətlər arasında etimad əsas şərtlər olaraq qalır.

Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşünün mühüm nəticələrindən biri Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçıları tərəfindən iki sənədin imzalanması olub. Belə ki, dövlət başçıları “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzalayıblar.

Birgə Bəyanat dövlət başçılarının görüş çərçivəsində ifadə etdikləri ortaq mövqelərin və əməkdaşlıq prioritetlərinin siyasi baxımdan təsbit edilməsi əhəmiyyəti daşıyır. Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar isə formatın institusional əsaslarının möhkəmləndirilməsi baxımından diqqətəlayiqdir.

Bu sənədlər Azərbaycanın formata tamhüquqlu üzv kimi qoşulmasından sonra çoxtərəfli əməkdaşlığın təşkilati əsaslarının inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edir. Siyasi dialoqun davamlılığı və birgə təşəbbüslərin əlaqələndirilməsi region ölkələrinin iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə daha sistemli əməkdaşlığına zəmin yaradacaq.

Məşvərət görüşündə Azərbaycanın 2027-ci ildə formata ilk dəfə sədrlik edəcəyi də diqqətə çatdırılıb. Bu, ölkəmizə regional əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi, dövlətlər arasında koordinasiyanın gücləndirilməsi və ortaq layihələrin təşviqi baxımından əlavə imkanlar yaradacaq.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq ayrı-ayrı sahələr üzrə münasibətlərin genişləndirilməsindən daha böyük məna daşıyır. Söhbət siyasi etimada əsaslanan, iqtisadi maraqları uzlaşdıran, nəqliyyat və enerji əlaqələrini birləşdirən, eyni zamanda regional sülh və sabitliyə xidmət edən əməkdaşlıq məkanının formalaşdırılmasından gedir.

Beləliklə, Türkmənbaşı görüşü Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin strateji xarakterini və regional proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Qarşılıqlı ticarətin, investisiyaların, tranzit imkanlarının və birgə istehsal layihələrinin genişləndirilməsi üçün mövcud potensialın reallaşdırılması isə bu tərəfdaşlığın növbəti mərhələdə əsas vəzifəsi olacaq.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31