Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Güclənən Azərbaycan Ordusu işğalçı Ermənistan üçün daim qorxu mənbəyidir

Güclənən Azərbaycan Ordusu işğalçı Ermənistan üçün daim qorxu mənbəyidir

09.09.2014 [09:38]

Prezident İlham Əliyev: Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlamışdır
Məlum olduğu kimi, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün göstərilən səylər hələlik heç bir nəticə vermir. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ölkəmizdən fərqli olaraq Ermənistan rəhbərliyinin bu vaxta qədər münaqişənin həllinə münasibətdə nümayiş etdirdiyi mövqe isə status-kvonu mümkün qədər çox saxlamağa hesablanıb. Məlumdur ki, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya prezidentinin təşəbbüsü və digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın və Ermənistanın dövlət başçıları, həmçinin, xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirilib. Atəşkəsin imzalanmasından keçən 20 il ərzində danışıqlarda qazanılan çoxillik təcrübə isə onu göstərir ki, məsələ yalnız görüşlərin keçirilməsi, problemin müzakirə olunması ilə bitmir. Münaqişənin həlli üçün konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib. BMT Təhlükəsizlik Şurası, İƏT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar və qətnamələrində Azərbaycan torpaqlarının işğal faktı təsdiqlənib, Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən çıxarılması, məcburi köçkünlərin yurd-yuvasına qayıtması tələb edilib. Lakin işğalçı Ermənistan bu qərarların heç birinə məhəl qoymur. Bu ölkənin danışıqlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır. Ona görə də, hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil.
Onu da vurğulayaq ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi avqustun əvvəlində cəbhə xəttində törətdiyi təxribatlarla bir daha təsdiq olundu. Amma Azərbaycan Ordusunun tutarlı cavabları işğalçı ölkəni təşvişə saldı. Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 28-də Beyləqana səfəri zamanı yeni istifadəyə verilmiş Gənclər Mərkəzində rayon gənclərinin və ictimaiyyətin nümayəndələri ilə görüşündə Ermənistanın təşviş içində olduğunu bildirib: “Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. Onlarla işğalçı məhv edilmişdir və onların təxribatı baş tutmamışdır. Bu təxribatın səbəbləri də aydındır. Çünki bildiyiniz kimi, Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycanın mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vurulmuşdur və hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər. Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq təmas xəttindəki son hadisələr bunu daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir və son hadisələr bu prosesə yeni təkan vermişdir”.
Dövlət başçısının vurğuladığı kimi, Ermənistanda əhali bu ölkəni sürətlə tərk edir. Bunun əsas səbəbi isə işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır. Ermənistan hakimiyyəti bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır. Dövlət başçısı İlham Əliyev bu məsələ ilə bağlı qeyd edib: “Bu yaxınlarda, hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün sadəcə olaraq Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir”.
Qeyd edək ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş reallıqdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdəki inkişaf, Azərbaycanın müəyyən layihələr həyata keçirməklə qlobal mənada Avropanın enerji təhlükəsizliyinə töhfələr verməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda ölkəmizin üstünlüyünü artırır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyini vurğulayıb: “Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir”.
Reallıq Azərbaycan dövlətinin inkişafının dinamik xarakter aldığını göstərir. Təbii ki, bu inkişaf bütün məsələlərdə ölkəmizin mövqelərini gücləndirir. Bu prosesdə ordu quruculuğu da xüsusi yer tutur. Prezident İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, Azərbaycanın artan gücü fonunda Ermənistan zəifləyir: “Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir”.
Qeyd etmək lazımdır ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Buna görə də, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər. Şübhəsiz, ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.
Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Qeyd etmək lazımdır ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair tam əminlik yaradır.
Bir sözlə, Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistanın sosial-iqtisadi böhranla üzləşməsinə səbəb olub. Bu faktı Prezident İlham Əliyev də Füzuli rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğulayıb: “Bu ayın əvvəlində təmas xəttində baş vermiş hadisələr bir daha Azərbaycan Ordusunun qüdrətini, gücünü, qarşı tərəfin isə gücsüzlüyünü, acizliyini əyani şəkildə göstərmişdir. Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır. Ona görə biz hələ çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31