Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı altında yürüş edən Həbib Müntəzir erməni separatçıları ilə eyni cəbhədə...

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı altında yürüş edən Həbib Müntəzir erməni separatçıları ilə eyni cəbhədə...

09.06.2016 [09:51]

Avropada yaşayan bir qrup azərbaycanlı “siyasi mühacir”in Robert Minor kimi anti-Azərbaycan ünsürlərlə birgə ermənilərin piketində iştirak etməsi onların xalqımıza və dövlətimizə qarşı real münasibətini ortaya qoyur
Müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Bu kontekstdə qeyd edə bilərik ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ümumiyyətlə, regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Qərb dövlətlərinin müsbət beynəlxalq imicə malik Azərbaycanla əməkdaşlığa olan yüksək marağı da ayrıca qeyd edilməlidir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri də strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasındakı müxtəlif sahələr üzrə getdikcə güclənən qarşılıqlı-faydalı əlaqələrin geniş miqyasından xəbər verir. Azərbaycan Respublikasının Prezidentinin səfər zamanı yüksək səviyyədə qarşılanması, Almaniya Kansleri Angela Merkel və digər mühüm şəxslərlə keçirdiyi ikitərəfli görüşlər, bu görüşlərdə müzakirə edilən bir sıra məsələlər ölkəmizin beynəlxalq müstəvidə getdikcə möhkəmlənən müsbət imicinin uğurlu nəticəsidir.
Həbib Müntəzir kimi saxta “insan hüquqları müdafiəçiləri”nin hansı dairələrə xidmət etdikləri növbəti dəfə bəlli oldu
Bunlarla yanaşı, bəhs olunan səfər çərçivəsində müşahidə olunan bir məqam bəzi anti-Azərbaycan dairələrin niyyət və mahiyyətlərini bir daha ortaya qoymuş oldu. Belə ki, Prezident İlham Əliyevin Almaniyanın federal Kansleri Angela Merkellə görüşü ərəfəsində bir qrup erməni separatçısı qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları ilə Kanslerin iqamətgahı qarşısında piket təşkil edib. Əlbəttə, ilk baxışdan bunu, bəlkə də, normal qarşılamaq olardı. Çünki Azərbaycan Prezidentinin bu cür səfərləri Dağlıq Qarabağın erməni istilasından azad olunması üçün aparılan hücum diplomatiyası siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Əvvəlcədən də bildirilmişdi ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq. Almaniya ATƏT-in fəaliyyətdə olan sədri olduğundan, üstəlik, Almaniya federal parlamentinin bəlli qətnaməsindən sonra bu danışıqlar xüsusi əhəmiyyət daşıyırdı... Lakin normal olmayan hal Avropada yaşayan bir qrup azərbaycanlı “siyasi mühacir”in Robert Minor kimi anti-Azərbaycan ünsürlərlə birgə ermənilərin piketində iştirak etməsidir. Fotolardan görünür ki, Həbib Müntəzir və Elmir Mirzəyev kimi azərbaycanlı “hüquq müdafiəçiləri”nin qatıldığı piketdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı da qaldırılıb...
Beləliklə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı altında erməni separatçıları ilə birgə yürüş edən Həbib Müntəzir kimi saxta “insan hüquqları müdafiəçiləri”nin hansı dairələrə xidmət etdikləri bir daha gün işığına çıxıb. Bu cür şəxslər separatçılarla eyni cəbhədən çıxış etməklə Azərbaycanın müsbət beynəlxalq imicinə qarşı yönəlmiş, ermənilərə və Ermənistanın maraqlarına xidmət edən mövqe nümayiş etdirirlər ki, bu da onların antimilli mahiyyətini bir daha aşkar edir.
Separatçılarla sinxron hərəkət edənlərin “Milli şura” deyilən antimilli qurum və Əli Kərimlinin “facebook” qrupu tərəfindən qızğın müdafiəsi nəyin ifadəsidir?!
Bu məqamda onu da qeyd edək ki, bəhs olunan ərəfədə Almaniyada Azərbaycan diasporunun üzvləri və bir sıra mütərəqqi dairələr Azərbaycana dəstək mitinqi keçirib, gündən-günə inkişaf edən Almaniya-Azərbaycan əlaqələrini alqışlayıblar. Bu, Azərbaycandan xaricdə yaşayan keçmiş vətəndaşlarımızdan kimin vətənə, kimin isə başqa dairələrə bağlı olduğunu göstərən iki əyani nümunədir. Başqa dairələrə bağlı olan, “Azərbaycan iqtidarı ilə mübarizə” adı altında erməni separatçılarla belə ittifaqa gedən, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıranların ölkəmiz daxilində “Milli şura” deyilən antimilli qurum və Əli Kərimlinin “facebook” qrupu tərəfindən qızğın müdafiəsi isə ayrı bir mövzudur. Əlbəttə, bu, təəccüblü və təsadüfi deyil. Çünki bu cür ermənipərəst, antimilli şəxslər və qruplar anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin qüvvələrin bəzi xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır.
Anti-Azərbaycan dairələr və onların ölkəmizdəki tərəfdarları Azərbaycana qarşı aqressiv mövqe sərgiləyirlər
Sirr deyil ki, bu gün dövlətimiz tərəfindən əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, gələcək üçün strateji zəmin rolunu oynayır. Bunlara paralel olaraq ölkəmizin uğurlu diplomatiyasının və diaspor siyasətinin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz işğalçı Ermənistanın və xüsusilə erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyanı və “qara piar” kampaniyasını iflasa uğradır. Bu isə ermənipərəst və anti-Azərbaycan dairələri ciddi şəkildə əndişələndirir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, ələlxüsus heç bir vəchlə bir qarış da olsun torpağından əl çəkməmək kimi prinsipial mövqeyini qəbul etməyən bəzi dairələr ölkəmizə qarşı aqressiv şəkildə “qara piar” kampaniyası həyata keçirirlər. Onu da qeyd etmək lazımdır ki, xüsusən aprel ayının əvvəllərində milli ordumuz erməni işğalçılarına sarsıdıcı zərbələr endirərək bir sıra strateji əhəmiyyətə malik yüksəklikləri, yaşayış məntəqələrini geri aldıqdan sonra erməni diasporunun, anti-Azərbaycan dairələrin və onların ölkəmizdəki tərəfdarlarının Azərbaycana qarşı aqressivliyinin artması müşahidə olunur. Bu aqressiv mövqe fonunda həm ölkə daxilindəki bəzi antimilli ünsürlər, həm də Həbib Müntəzir kimi “hüquq müdafiəçisi” adı altında ermənilərlə eyni mövqedən çıxış edənlər Azərbaycana qarşı fəaliyyət göstərməklə öz gerçək simalarını növbəti dəfə ictimaiyyət qarşısında aşkar edirlər. Beləliklə, sadalananların timsalında görünən odur ki, həmin antimilli ünsürlərin fəaliyyəti sırf Azərbaycan xalqı və dövlətinə qarşı yönəlib. Halbuki normal siyasi təfəkkürə malik olan qrup və şəxslərin fəaliyyəti sırf dövlətçilik maraqlarına və milli mənafeyə söykənməlidir. Amma həm Həbib Müntəzir kimi “hüquq müdafiəçisi” kimliyi ilə maskalanmış və öz ölkəsinə, xalqına qarşı çıxış edən ünsürlərin, həm də Əli Kərimli kimi anti-milli şəxslərin bəhs olunan faktlar fonunda anti-Azərbaycan mövqeyi sərgiləməsi onlar üçün milli maraq, ümummilli məsələ anlayışlarının olmadığı gerçəkliyini göstərdi.
Nurlan

Paylaş:
Baxılıb: 684 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30