Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlk dəfə tamhüquqlu üzv kimi Çolpon – Atada…

İlk dəfə tamhüquqlu üzv kimi Çolpon – Atada…

02.08.2026 [11:46]

Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib

Azərbaycan son 6 ildə yaratdığı yeni reallıqlar fonunda Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji nizamı dəyişdirən əsas aktorlardan birinə çevrilib. Rəsmi Bakının apardığı çoxvektorlu siyasət, enerji və nəqliyyat diplomatiyası, regional platformaların qurucusu kimi oynadığı rol geniş bir coğrafiyada yeni situasiya formalaşdırıb. Bu gün Bakı müstəqil strateji xəttə sahib dövlət olmaşqla yanaşı, həm də Mərkəzi Asiya – Cənubi Qafqaz inteqrasiyasının mərkəzi sütunudur – başqa sözlə, Xəzərin iki sahili arasında zaman-zaman mövcud olan siyasi əlaqələr bu gün tamamilə yeni inkişaf məcrasına keçib və qarşılıqlı fəaliyyətin səviyyəsi tarixi maksimum həddə çatıb. Bu və digər komponentlər isə bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının artıq bir çox aspektlərdə vahid orqanizm kimi çıxış etməsini şərtləndirir. Regionlararası proseslərin koordinasiyası, iqtisadi və investisiya layihələrinin uzlaşdırılması, enerji və nəqliyyat strategiyalarının sinxronlaşdırılması Azərbaycan – mərkəzi Asiya əlaqlərini yeni bir müstəviyə daşıyır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlığı yüksək səviyyədə qəbul etməsi və bu inteqrasiya formatını rəsmən dəstəkləməsi isə yaranan mənzərəni tam təsdiqləyir.

Artıq Azərbaycan yalnız Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəfdaş deyil - həmin formatın tamhüquqlu üzvü, regional qərarların formalaşmasında aparıcı iştirakçı, yeni Avrasiya nizamının arxitekturasını quran əsas ölkələrdən biridir. Artıq bütün səviyyələrdə: dövlət və hökumət başçıları, nazirliklər, dövlət qurumları, ictimai təşkilatlar, ekspert və analitik strukturlar - Azərbaycan Mərkəzi Asiya mexanizmlərinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu, həm Azərbaycanın strateji yüksəlişinin nəticəsi, həm də Mərkəzi Asiyanın ölkəmizə verdiyi geosiyasi dəyərin göstəricisidir.

Ötən ilin noyabrından başlanan yol…

Xatırladaq ki, Azərbaycanın Mərkəzi Asiya ilə vahid regional formatın tərkibinə daxil olması təkcə Bakının öz təşəbbüsü deyil, həm də region dövlətlərinin bu prosesə yüksək siyasi dəstəyinin nəticəsi kimi meydana çıxmışdı. Mərkəzi Asiya ölkələri Azərbaycanın bu platformaya qatılmasını strateji seçim kimi qəbul edib və bunu açıq şəkildə ifadə ediblər. Çünki Azərbaycan yeni dünyanın iqtisadi və nəqliyyat xəritəsində körpü missiyasını uğurla icra edən, Şərqdən Qərbə uzanan bütün əsas enerji və kommunikasiya arteriyalarının üzərində yerləşən əsas dövlətdir. Bu reallıq Mərkəzi Asiya ölkələrinin inkişaf konsepsiyasında Azərbaycanı zəruri tərəfdaş kimi ön plana çıxarır. Təsadüfi deyil ki, ötən ilin noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq bildirmişdi ki, biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik: "Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək".

Bu təklif digər qurum üzvləri tərəfindən də böyük etimadla qarşılanmışdı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq demişdi ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırmışdı.

Bəli, Cənubi Qafqaz – Mərkəzi Asiya geostrateji goğrafiyalarının vahid iqtisadi-siyasi orqanizmə çevrilməsi bir çox aspektlərdən üstünlüklər yaradır, Avrasiyada yeni bir münasibətlər sistemi formalaşdırır. O baxımdan ki, Azərbaycan sabit, proqnozlaşdırıla bilən və uzunmüddətli regional siyasəti ilə tanınır, həm türk dünyasının inteqrasiyasında aparıcı rola malikdir, həm də eyni zamanda Avropa və Qərb bazarlarına çıxış imkanlarını açır, yeni nizamın orta güc statuslu aktorudur və həm regional, həm də qlobal miqyasda sabitləşdirici faktor kimi özünü təsdiqləyib. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün həm Şərqə, həm Qərbə, həm də Cənubi Qafqaza açılan qapıdır. Bu gün Mərkəzi Asiyada Azərbaycan faktoru ikiqat dəyər daşıyır: həm iqtisadi, həm siyasi. Bakı həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm nəqliyyat dəhlizlərinin şaxələnməsində, həm də regional sabitliyin qorunmasında real rol oynayır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı öz formatlarına tamhüquqlu üzv kimi görmək istəyi həm də bu funksional dəyərdən irəli gəlir.

Komandanın tamhüquqlu üzvü kimi…

Qeyd edək ki, iyulun 31-də Çolpon-Ata şəhərində baş tutan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü gələcək hədəflərin həyata keçməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakı özünün Şərq-Qərb transkontinental kommunikasiyasındakı rolunu daha da inkiaşf etdirmək fikrindədir – bu mənada, Mərkəzi Asiya ilə əlaqələrin inkiaşfı aparıcı prioritetlərdən biri sayılır. Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə çıxış edərək bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir: "Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib".

Dövlət başçısı bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak etdiyini bildirərək, Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə minnətdarlıq edib: "Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm".

Azərbaycan-Mərkəzi Asiya inteqrasiyasının aktivliyi…

Prezident İlham Əliyevin bildirdiyi kimi, son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin artması, imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik sənədləri, birgə iqtisadi komissiyaların işinin aktivləşdirilməsi Azərbaycan –Mərkəzi Asiya inteqrasiyanın hansı miqyas aldığını aydın şəkildə göstərir. Azərbaycan Prezidentinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistana ardıcıl səfərləri, həmin ölkələrin liderlərinin Bakıya səfərləri yeni siyasi reallığın formalaşdığını təsdiqləyən ən güclü faktlardır. Bu səfərlər isə yalnız diplomatik jest deyil – bu səfərlərin hər birində konkret layihələr imzalanır, sərmayə paketləri hazırlanır, investisiya zonalarının açılması müzakirə edilir, nəqliyyat, sənaye, enerji və müdafiə sənayesi kimi sahələrdə dərin əməkdaşlıq mexanizmləri formalaşdırılır. Mərkəzi Asiya liderləri Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir və ölkəmizin həm iqtisadi gücünə, həm də diplomatik nüfuzuna xüsusi önəm verirlər.

Azərbaycan isə öz növbəsində Mərkəzi Asiya regionunu ayrı-ayrı ölkələr kimi deyil, vahid geosiyasi və geoiqtisadi məkan kimi qəbul edir. Bu yanaşma Bakı üçün strateji baxımdan çox böyük üstünlük yaradır. Çünki Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, inteqrasiya səviyyəsi və qarşılıqlı fəaliyyətin miqyasına görə artıq faktiki olaraq Mərkəzi Asiyanın ayrılmaz hissəsinə çevrilib. Artıq Mərkəzi Asiya və Azərbaycan birlikdə qlobal miqyasda nüfuzu artan vahid geosiyasi blok kimi çıxış edir.

Azərbaycan–Mərkəzi Asiya koordinasiyası həm də regional təhlükəsizliyin güclənməsinə xidmət edir. Terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi sahələrində vahid yanaşma modelləri hazırlanır. Bütün bunlar Azərbaycanı regionda həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından mərkəzi dövlətə çevirir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31