Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Saxtakarlıq, yoxsa “düşünülmüş” təhrif...

Saxtakarlıq, yoxsa “düşünülmüş” təhrif...

25.02.2023 [10:20]

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə Ermənistanın istəyi üst-üstə düşmür

Paşinyanın puç olan xəyalları,  yaxud əyri güzgüdən baxış...

Məğlub Ermənistanın siyasi hakimiyyətinin, o cümlədən də baş nazir Nikol Paşinyanın saxtakarlığa əl atması, faktları, proseslərin mahiyyətini təhrif etməsi, bununla da daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri bir növ ənənə halını alıb. Ermənistan rəsmiləri yuxularını, xam xəyallarını da reallıq kimi qələmə verməyə çalışırlar. Bu dəfə baş nazir N.Paşinyan Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarını əyri güzgüdən təqdim etməyə çalışıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı Bəyanatda da vurğulandığı kimi, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir.

Laçın yolu bağlanıbmı?

“İlk növbədə qeyd edək ki, baş nazir Paşinyanın guya məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur”. Bu fikirlər Azərbaycan XİN-in yaydığı sənəddə yer alıb. N.Paşinyan bir qədər bundan əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasda, indi isə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarına şərh verərkən Laçın yolunda ekofəalların və vətəndaş cəmiyyəti təmsilçilərinin keçirdikləri aksiyalarla bağlı cəfəng iddialar səsləndirib. Ermənistan tərəfi 76 gündür ki, davam edən aksiyaların Azərbaycanın siyasi hakimiyyəti tərəfindən dəstəkləndiyi, yolun blokadaya alındığı və bölgədə yaşayan erməni əhalisinin humanitar böhran yaşadığını iddia edir. Halbuki bu kimi iddiaların heç bir əsası yoxdur. Bu aksiyalar ermənilərin Rusiya sülhməramlı kontingentinin müvvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində yerləşən təbii ehtiyat yataqlarının qeyri-qanuni istismarı, sərvətlərimizin talanması, ekologiyaya ziyan vurulması ilə əlaqədar keçirilir. Aksiya iştirakçıları vətəndaş mövqeyi ortaya qoyaraq qeyri-qanuni fəaliyyətlərin dayandırılmasını tələb edirlər. Onların tələbi budur ki, Azərbaycanın müvafiq qurumlarına ermənilərin qeyri-qanuni şəkildə istismar etdikləri faydalı qazıntı yataqlarında monitorinqlər aparmalarına şərait yaradılmalıdır. Hələlik belə bir imkan yaradılmayıb və buna görə də ekofəallar gecə-gündüz fasilə vermədən aksiyalarını davam etdirirlər. Ermənistan rəsmilərinin “aksiyaların siyasi hakimiyyət tərəfindən dəstəkləndiyini” iddia etmələri və bu xüsusda Beynəlxalq ədalət Məhkəməsi qarşısında vəsatət qaldırmaları, yumşaq desək, gülüş doğurur. Görünür bu qənaəti bölüşən N.Paşinyan və onun komandasının üzvləri öz ölkələrindəki təkhakimiyyətlilik reallığından çıxış edirlər.

Laçın yolunun blokadaya alınmasının iddia edilməsi də açıq-aşkar saxtakarlıqdır. Aksiyaların keçirildiyi məkandan çoxlu sayda foto və video materiallar təqdim olunur. Bir qədər bundan əvvəl xarici media qurumlarında çalışan əcnəbi jurnalistlər də həmin ünvanda oldular.  Onlar da çalışdıqları nəşrlərdə aksiyalar fonunda Laçın yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin yük və minik avtomobillərinin hərəkətinə hər hansı bir maneənin yaradılmadığına aid reportajlar dərc etdirdilər. Həmin avtomobillərdə Xankəndidən və digər yaşayış məntəqələrimizdən olan ermənilər də Ermənistan ərazisinə və əks istiqamətə gedib gəlirlər. Əldə etdiyimiz məlumata görə, bu günədək 585 erməni əsilli şəxsin aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb. Hazırkı vaxtadək ərazidən ümumilikdə 3000-dək avtomobilin keçidi təmin olunub. Verilən məlumatlardan aydın olur ki, çirkin məqsədlərlə Xankəndidə zühur etmiş Ruben Vardanyan, separatçı rejimin digər nümayəndələri vaxtaşırı İrəvana, Moskvaya təlimatlar almağa gedirlər və geri dönürlər. Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yalnız arzuladığı şəkildə şərh edən N.Paşinyana sual edirik: Əgər Laçın yolu azərbaycanlı ekofəallar tərəfindən blokadaya alınıbsa, onlar istədikləri vaxt istədikləri ünvanlara necə səfərlər edirlər? Ermənistanın lideri nə üçün daşıdığı vəzifənin məsuliyyətini unudaraq ağa qara deyir? Yeri gəlmişkən,  Azərbaycan tərəfi yanvarın 30-da Beynəlxalq Ədalət Məhkəməsində baş tutan dinləmələr zamanı həmin etiraz aksiyalarını  həqiqətən də ekofəllar tərəfindən təşkil olunduğunu, etirazlarda iştirak edən QHT-lərin siyahılarını, ekofəalların adlarını, ümumilikdə etiraz aksiyalarının nə ilə bağlı həyata keçirildiyini, bununla əlaqədar təfsilatlı məlumatı məhkəməyə təqdim edib. Həmin dinləmələr də açıq şəraitdə keçirilib, canlı yayımda göstərilib. Beləliklə də, Ermənistanın iddialarının tam əsassız olduğu sübuta yetirilib. Beynəlxalq Ədalət Məhkəməsi bunu, həmçinin fevralın 22-də qəbul etdiyi qərarda da təsdiqləyib. Azərbaycan XİN-in Bəyanatında bildirilir ki, bir qrup azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barədə Ermənistanın iki əsas iddiasının məhkəmə tərəfindən rədd edilməsini qəbul edə bilməyən baş nazirin məhkəmənin məsələ ilə bağlı əsaslandırmasını təhrif etməsi təəssüf doğurur.

Azərbaycanın öhdəliyi Laçın yolundan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır

O başqa məsələdir ki, üçtərəfli Bəyanatda Laçın yolu qanunsuz hərbi birləşmələrin, silah-sursatın, digər belə yüklərin, terrorçuların Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərinə daşınması üçün nəzərdə tutulmayıb . Bəyanatda bildirildiyi kimi, Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan baş naziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub. Beynəlxalq Ədalət Məhkəməsi də öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verilməsi üzrə sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb. Azərbaycan XİN-in Bəyanatında oxuyuruq: “Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan “fasiləsiz hərəkəti təmin etmək...” əvəzinə “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”. Məhkəmə, eyni zamanda, Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi “azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib”.

Mina təhdidi məsələsi gündəlikdən çıxarılmayıb

Mina terroru işğalçı Ermənistanın çoxsaylı müharibə cinayətləri siyahısında xüsusi yer tutur. XXI yüzillikdə erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərində mülki insanlar üçün ölüm saçan mina tələlərinin qurulması heç bir hüquq normasına və mənəvi dəyərlərə sığmır. Bu və digər utancverici müharibə cinayətləri ermənilərin uydurduqları “mədəni xalq” mifini darmadağın edir. Ermənilər 30 illik işğal dövründə ərazilərimizdə minlərlə minalar basdırıblar. Həmin minalar mülki insanları əkin sahələrində, həyət-bacalarda, qəbiristanlıqlarda, körpülərin  üstündə, bir sözlə, hər yerdə qarşılaya və onların həyatına son qoya bilər.  Ermənilər mina terrorunu postmüharibə dövründə də davam etdirirlər. Onlar ərazilərimizə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar daşıyaraq basdırıblar. Son iki ildə həmin minalardan 300-dək vətəndaşımız xəsarət alıb - ya həyatlarını itiriblər, ya da ağır yaralanıblar. Azərbaycan vəsatətində Ermənistan tərəfindən minalanmış ərazilərin səhih xəritəsinin ölkəmizə təqdim olunmasını, həmçinin bu ölkənin mina terroruna görə cəzalandırılmasını tələb edib. Ermənistan isə  2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında respublikamız tərəfindən ortaya qoyulan faktların heç birini məhkəmə prosesi zamanı təkzib edə bilməyib. Ermənistanda 2021-ci ildə istehsal olunan bu minalar ərazilərimizə ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son iki ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur. “Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq”, - deyə Azərbaycan XİN yaydığı Bəyanatda vurğulayıb.

Laçın yolunda şəffaflıq təmin olunmalıdır

Son hadisələr Laçın yolunda şəffaflığın təmin olunmasnın zəruriliyini bütün ciddiliyi ilə gündəmə gətirib. Ermənistanın üçtərəfli Bəyanata istinad edərək Laçın yolunu nəzarətsiz zonaya çevirmək cəhdi əbəsdir. Azərbaycan buna heç bir vəchlə imkan verməyəcək. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Laçın yolu üzərində nəzarət-buraxılış məntəqələrinin qurulması məsələsinə növbəti dəfə diqqət çəkdi. Azərbaycanın dövlət başçısının bu təşəbbüsü beynəlxalq səviyyədə də dəstəklənir. Ermənistanın isə bu təşəbbüsə münasibəti adekvat deyil. Buradan bir daha aydın olur ki, bu ölkə Laçın yolunda şəffaflığın təmin olunmasına səy göstərmir. “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermənistan arasında postmünaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir”, - deyə Azərbaycan XİN-in Bəyanatında qeyd edilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31