Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

23.05.2023 [10:10]

İrəvandan növbəti etiraf...

Brüssel sülh gündəliyi çərçivəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, davamlı sülhün və təhlükəsizliyin əldə edilməsi istiqamətində davam edən proses özünün məntiqi nəticəsinə çatmaqdadır. Yeni regional reallıqları özündə əks etdirən danışıqlar prosesi bir sıra mühüm məqamları özündə birləşdirir. Belə ki, Azərbaycanın qəti və illərdir ki, dəyişməyən mövqeyi, yanaşması mövcuddur. Ölkəmizin ərazi bütövlüyü müzakirə predmeti ola bilməz. Bu fakt mayın 14-də Brüsseldə də səsləndi. Vasitəçi qismində çıxış edən Aİ Şurasının prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirdi ki, liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Bu fakt Azərbaycanın öz mövqeyində israrlı və qəti olduğunun növbəti əyani nümayişi idi. Təbii ki, qalib tərəf olaraq Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsinə fokuslanıb. Regionda yaranan yeni geosiyasi, eləcə də iqtisadi reallıqlar isə mühüm perspektivlər vəd etməkdədir.

Azərbaycanın ərazi bütövlüyünü tanıyır...

Qeyd edək ki, analoji fakt Ermənistan tərəfindən növbəti dəfə təsdiq edilib. Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan 86 600 kv. km-lik ərazisinə Qarabağ ərazisi də daxildir.

Bəli, Azərbaycan tərəfindən irəli sürülən və dayanıqlı sülhün söykənəcəyi baza prinsipləri arasında bu məqam xüsusi qeyd edilir. Məhz nəzərədə tutulan ilk prinsip dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanıyır və bunu artıq bir neçə dəfə bəyan edib. Erməni baş nazirin yenidən bu fikri qəti şəkildə bildirməsi isə, bununla bağlı “fərqli düşüncə” içində olan bəzi revanşistlərə mesajdır. Xatırladaq ki, “Alma-Ata Bəyannaməsi”ni imzalayan üzv respublikalar bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacaqları, respublikaların mövcud dövlət sərhədlərinin dəyişdirilməyəcəyini bəyan ediblər. Beləliklə, Ermənistan Brüssel görüşündə bu sənədə istinad etməklə növbəti dəfə Azərbaycanın ərazi bütövluyünü tanımış oldu.

İrəvan Rusiyanı bəhanə edir - KTMT-dən canını qurtarmaq istəyir...

Paşinyan mətbuat konfransında Ermənistan ilə KTMT arasında aylardır davam edən gərginliyə də toxunub. O bildirib ki, Ermənistan təşkilatın öhdəliklərini yerinə yetirməsi baxımından ölkəni tərk etdiyini başa düşsə, KTMT-dən de-yure çıxacaq. Bununla yanaşı, KTMT üzvü statusu digər ölkələrlə təhlükəsizlik məsələlərinin müzakirəsinə mane olarsa, belə bir qərar da verilə bilər. Onun sözlərinə görə, məhz KTMT-yə üzvlük İrəvana üçüncü ölkələrdən silah əldə etməyi müzakirə etməyə mane olub. “Bizə dedilər: sən KTMT-nin üzvüsən, səninlə nəyi müzakirə edək?”, - Paşinyan bildirib.

Qeyd edilməlidir ki, KTMT-nin ötən il Ermənistanın sədrliyi ilə keçirilən sonuncu iclası mühüm qarşıdurma ilə nəticələnmişdi. Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsi dövründən başlayaraq Ermənistanın çoxsaylı səylərinə baxmayaraq təşkilatın Azərbaycana qarşı loyal münasibət bəsləməsi rəsmi İrəvanı incik salmışdı. Bu baxımdan, 2020-ci ildən bəri keçirilən bütün iclaslarda Ermənistan tərəfi KTMT-ni qınamaq, incikliyini dilə gətirmək, qurum üzvlərini Azərbaycana qarşı çevirmək yolunu tutmuşdu. Amma hər dəfə təşkilat üzvləri Ermənistanın bu mövqeyini bölüşmədiyini açıq şəkildə bildirir, onu yerində oturdurdular. Artıq narazılığını açıq şəkildə ortaya qoyan Ermənistan son iclasda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etmişdi. Çünki rəsmi İrəvanın Azərbaycanın Ermənistan torpaqlarına “təcavüz etməsi” görüntüsü yaratmaq və bununla da KTMT-ni ölkəmizə qarşı qoymaq cəhdləri boşa çıxmışdı.

Ardından isə Ermənistan KTMT-dən çıxmaq məsələsini gündəmə gətirmişdi. Hətta bununla bağlı həm baş nazir Paşinyan, həm də təhlükəsizlik şurasının katibi Qriqoryan açıqlama vermişdi. Məsələyə son nöqtə isə yenidən Moskvadan qoyulmuşdu. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanının sözsüz ki, KTMT-də fəaliyyətini davam etdirəcəyini bildirmişdi. Bu isə artıq Rusiyanın Ermənistana mövzu ilə bağlı əmri də sayıla bilərdi.

İndiki halda isə, “silah alınması” məsələsini əlində bəhanəyə çevirməyə çalışan Ermənistan öz aləmində “KTMT qandalı”ndan qurtulmaq istəyir. Başqa sözlə, KTMT-dən çıxmaq, üzünü Qərbə tərəf tutmaq istəyi Ermənistan üçün mənzərəni yenidən “mürəkkəbləşdirə” bilər. Kremlin hələ ötən ilin noyabr ayında qəti şəkildə İrəvanın KTMT-də qalacağı fikrini irəli sürməsi bu məsələdə iradənin Paşinyandan və ya Ermənistandan asılı olmadığını bir daha göstərmişdi.

Paşinyan mətbuat konfransında bu məsələyə də toxunub. Belə ki, KTMT-dən çıxmaq qərarının Ermənistan-Rusiya münasibətlərinə xələl gətirəcəyi ilə bağlı suala cavab verən baş nazir bildirib ki, respublikada son rəy sorğuları ölkədə Rusiya Federasiyasına etimadın səviyyəsinin azaldığını göstərib.

Delimitasiya ilə bağlı Ermənistanın “şərti” - məğlub ölkənin qaranlıq arzusu...

Erməni baş nazir Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə də münasibət bildirib. O, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasının 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacağının güman edildiyini dilə gətirib. Onun sözlərinə görə, Rusiya tərəfi bir neçə dəfə bu xəritələrdən bəhs etmişdi: “Ermənistanın mövqeyi dəyişməz olaraq qalır, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır. İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu, mühüm haldır. Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”.

Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı olduğunu dilə gətirib. Amma Ermənistanın ritorikasında şərtlərin yer alması yolverilməzdir. Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası müzakirələri ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bu, dövlət səviyyəsində də öz ifadəsini tapıb. Hər zaman bildirilib ki, Ermənistanın hər hansı bir şərtlə danışması mümkün deyil. İndiki halda, Ermənistanın qoşunların sərhəddən uzaqlaşdırılmasına çalışması bəlli maraqlardan qaynaqlanır.  Ermənistan hakimiyyətinin fikrincə, delimitasiya prosesi bundan sonra başlaya bilər. Bu isə mümkün deyil - Azərbaycan işğaldan azad edilmiş regionlarda, o cümlədən, sərhəd ərazilərimizdə son bir ildə kifayət qədər möhkəm və etibarlı infrastruktur yaradıb. Orada bizim postlarımız qurulub, yollar çəkilib, müxtəlif kommunikasiyalar formalaşdırılıb, hətta sərhəd görmük məntəqəmiz belə fəaliyyət göstərir. Bu, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləridir. Azərbaycan dövləti heç kimin topağını zəbt etməyib - bütün işlər beynəlxalq qanunlarla tanınan sərhədlərimiz çərçivəsində həyata keçirilir.

Bu məsələdə Ermənistanın güddüyü maraq isə bəllidir - onlar sərhədləri tam nəzarətsiz saxlamaq istəyirlər. Bu isə yolverilməzdir və Azərbaycan üçün məqbul deyil. İndiki halda bəzi qızışdırıcı ünsürlərin fəallaşdığı bir məqamda Paşinyanın belə bir “manipulyasiyadan” istifadə etməyə çalışması onların məkrli niyyətlərindən xəbər verir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31