Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 100 illik tarixin izi ilə...

100 illik tarixin izi ilə...

07.07.2023 [10:35]

Ermənilərin Qarabağ iddialarının SSRİ dövrü

Tarixi ədalətin bərpası milli indentifikasiyanın inkişafında mühüm rol oynayır. Bu mənada, coğrafi kimliyin milli kimliklə paralellik daşıması əsas götürülür. Yəni, coğrafi məkanın məxsusluğu daha çox orada yaşayan insanların tarixi məskunlaşmasına, regional tarixi köklərin və mədəniyyətin formalaşmasındakı roluna, keçmişinə, bu gününə və gələcəyinə əsaslanır. Qarabağın Azərbaycanın tarixi torpağı olması faktı bütün istiqamətlər üzrə öz təsdiqini fakt və sübutlarla tapır. Ötən yüzilliklərdə, hətta sonuncu XX əsrdə baş verən kataklizmlər isə bu tarixi Azərbaycan torpağının milli indentikliyinin daha da artmasına, mlli yaddaşda bərkiməsinə yol açıb.

Qeyd edildiyi kimi, faktlar və reallıqlar təsdiqləyir ki, tarixi ədalətin bərpası, ictimai-siyasi yaddaşın yenilənməsi, əsas etibarilə, milli köklərə, mənəvi dəyərlərə bağlılıqdan irəli gəlir. Bunun bir çox nümunələri tariximizin müxtəlif qatlarında və səhifələrində əks olunub - özünə yer tapıb, milli hafizəmizin silinməz izlərinə çevrilib. 44 günlük müharibə zamanı Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası da milli mənəviyyatımızın yenilənməsi, dövlətin gücləndirilməsi, dövlətçiliyin möhkəmləndirilməsi ilə əlamətdar olduğu qədər milli keçmişimizin bərpasında mühüm yer tutur. Azərbaycanın bu qəti qələbəsi son 100 illik regional geosiyasi vəziyyəti - tarixi şəraiti dəyişdirdi. Burada söhbət təkcə yeni əməkdaşlıq və təhlükəsizlik mühitinin yaradılmasından getmir. Eyni zamanda, Azərbaycan ermənilərdən istifadə edən böyük güclərin gələcəyə (onilliklərə, hətta yüzilliklərə) hesablanmış planlarını iflasa uğratdı - haqsızlığı ədalətlə bərpa etdi.

Qarabağın muxtariyyət dekreti...

Qarabağın taleyi olduqca keşməkeşli olub - tarixin bir sıra dönəmlərində münaqişə və müharibələrə şahid olan bu tarixi məkan XX əsrin ikinci onilliyindən sonrakı dövrdə qara günlər yaşamağa məhkum edildi. 1920 - ci ildə Xalq Cümhuriyyətinin süqutunun ardından, Azərbaycan SSRİ tərkibinə qatıldı. Həmin dövrdə erməni daşnaklarının həm siyasi, həm də hərbi birləşmələri söykəndikləri böyük güclərin dəstəyi sayəsində öz çirkin niyyətlərini biruzə verməyə başladılar. Qısa zaman kəsiyində Azərbaycana qarşı ərazi iddiaları boy göstərdi - yeni qurulmuş Ermənistan SSR-inin əraziləri məhz Azərbaycanın tarixi torpaqları sayəsində böyüdülürdü. Bu işdə sapı özümüzdən olan baltalar - Əliheydər Qarayev və onun kimi daşnak xarakterli, Moskvanın rəğbətini qazanmaq üçün bütün yollara əl atanların da “zəhməti” danılmaz idi. Həmin dövrdə başda ermənilər olmaqla qaragüruh daha çox Qarabağa fokuslanmışdı - 1921-ci il iyul ayının 4-də Qafqaz bürosu plenumunun axşam iclasında RKP MK üzvü Stalinin və büro üzvlərinin (Orconikidze, Maxaradze, Myasnikov, Nazarapetyan, Oraxelaşvili və Fiqatnerin) iştirakı ilə Qarabağın gələcək taleyi müzakirə edilir. Burada Qarabağ məsələsinə iki baxış: 1) Qarabağı Azərbaycan hüdudunda saxlamaq; Bütün əhalinin, erməni və azərbaycanlıların iştirakı ilə Qarabağda sorğu keçirmək, 2) Qarabağın Dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək; sonra sorğunu ancaq Dağlıq Qarabağda keçirmək səsə qoyulur. Plenumda meydana çıxan iki baxışa iştirakçıların səsverməsindən sonra, nəticədə qərara alınır: “Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək, sorğunu ancaq Dağlıq Qarabağda keçirmək”.

N.Nərimanov qərarla razılaşmır, bəyənatla çıxış edərək deyir: “Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onun RKP MK-nın qəti qərarına keçirilməsini vacib hesab edirəm. Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!”

Ertəsi gün, yəni, 5 iyul 1921-ci ildə RKP MK Qafqaz bürosu plenumu iclasında eyni tərkibli iştirakçılar Qarabağ məsələsini müzakirə edir, səsvermənin nəticəsi olaraq qərara alınır: “Müsəlmanlar və ermənilər arasında milli (sülhün) asayişin vacibliyinin və Yuxarı, həm Aşağı Qarabağın Azərbaycanla daimi olan Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyatı verilməklə, o, Azərbaycan SSR-in hüdudlarında saxlanılsın.

Xankəndinin adının dəyişdirilməsi...

Beləliklə, 1923-cü il iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqda dekret qəbul edildi. Onu da qeyd edək ki, bu barədə tövsiyə qərarı 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdur. Bu məsələ də, eləcə də 1923-cü ilin iyulunda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra həmin ilin sentyabrında Xankəndinin adının dəyişdirilib Stepanakert adlandırılması da onu təsdiq edir ki, bölgədə həmişə erməniləşdirmə siyasəti aparılıb. Bu da ermənilərin zaman-zaman əsassız iddialarına meydan açıb. Amma Muxtar Vilayətin həmin dövrdəki coğrafi-iqtisadi bölgüsünə nəzər saldıqda, bütün reallıqlar göz önündə canlanır.

Tarixi faktlar  - Qarabağ Azərbaycanın ayrılmaz bölgəsi olub...

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü:

- Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.

- Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi.

- Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.

- Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;

- Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi;

Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür:

- Ceraberd,

- Martuni,

- Xankəndi,

- Şuşa.

Göründüyü kimi, Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Xankəndiyə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir, lakin N. S. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur.

Sovet İttifaqının ilk illərində Qarabağın ermənilərə verilməsi üçün bütün yollara əl atılırdı - hətta, regionun əhalisinin erməniləşdirilməsi üçün də böyük “səy” nümayiş etdirilib. Belə ki, həmin vaxt SSRİ rəhbərliyində təmsil olunan ermənilərin və ermənipərəstlərin əli ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin sayı süni şəkildə artırılırdı. Ardından isə həyata keçirilən deportasiyalarla bu yalanlarını faktlaşdırmağa çalışırdılar. Amma tarixi yaddaş unudulmur. Qarabağ dünən də, bu gün Azərbaycan torpağı sayılır. Bütün dünya Azərbaycanın ərazi bütövluyünü tanıyır. 44 günlük Vətən müharibəsindəki qələbə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfər isə Qarabağı tarixi sahibinə qaytardı - bu qələbə Azərbaycanın Qarabağ üzərindəki tarixi suverenlik hüququna növbəti dəfə imza atmış oldu...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31