Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan "Müasir Azərbaycan dövrün baxışında" ikicildliyinin təqdimat mərasimi keçirilib

İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan "Müasir Azərbaycan dövrün baxışında" ikicildliyinin təqdimat mərasimi keçirilib

11.10.2011 [00:50]

Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Müasir Azərbaycan dövrün baxışında” adlı ikicildlik kitabın  təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, ideya rəhbəri akademik Ramiz Mehdiyev olan ikicildliyi “Azərbaycan” qəzetinin redaksiyası hazırlayıb çap etdirib. Kitab müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilib.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
İkicildliyin təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu günlər ölkəmizin hər bir guşəsində bayram ovqatı yaşanır. Vətənimizin tarixində ən şanlı, unudulmaz günlərdən birinin - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü ərəfəsindəyik: “Təqdimatına toplaşdığımız kitabın hər bir vətənpərvər azərbaycanlı üçün əziz olan belə bir bayram ərəfəsində işıq üzü görməsi də heç şübhəsiz ki, mühüm məna daşıyır. çünki ötən iyirmi ilin Azərbaycanın müasir tarixində həqiqətən müstəsna əhəmiyyəti var”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, müasir müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və xarici siyasətinin geostrateji istiqamətləri barədə çox qiymətli əsərlərin, sanballı dərsliklərin müəllifi, tarix elmləri doktoru, professor Əli Həsənov çıxış edərək deyib: “Bu gün biz fundamental bir kitabın - yeni və müasir Azərbaycanın salnaməsinin təqdimatına yığışmışıq. Bir müddət bundan əvvəl isə biz “İnkişafın Azərbaycan modeli” adlı kitabın təqdimatını keçirmişdik. Azərbaycanın müasir inkişafının xarakteristikasını əks etdirən bu kitabda ölkəmizdə həyata keçirilən inkişaf modeli, ayrı-ayrı sahələrin müasir standartlara uyğun yenidən qurulması və digər məsələlər öz əksini tapmışdır. Qısa vaxt keçməsinə baxmayaraq, biz yenidən ölkəmizin inkişaf salnaməsini əks etdirən “Müasir Azərbaycan dövrün baxışında” adlı kitabı oxuculara təqdim edirik. Hər iki kitabın ideya müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, görkəmli akademikimiz Ramiz Mehdiyevdir. Hər iki kitabın tərtibçisi isə Milli Məclisin deputatı, tanınmış jurnalist Bəxtiyar Sadıqovdur”.
Əli Həsənov deyib ki, “Müasir Azərbaycan dövrün baxışında” kitabını oxuyarkən bir daha əmin olursan ki, Bəxtiyar Sadıqov bu nəşrin işıq üzü görməsinə həssas yanaşıb və dövrün salnaməsinin yaradılmasına özünün və başçılıq etdiyi redaksiyanın bütün potensialını yönəldib.
Natiq diqqətə çatdırıb ki, son 200 ildə ilk dəfədir, Azərbaycan müstəqil dövlət kimi 20 il davamlı olaraq yaşayıb və dünyanın beynəlxalq münasibətlər sistemində fəal subyekt kimi çıxış edib: “Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra - yəni 1813-1828-ci illər arasında Azərbaycan iki hissəyə parçalanmışdır. Bir hissə İrana, digər hissəsi isə Rusiyaya birləşdirilmişdir. Ondan sonrakı dövrdə - XX əsrin əvvəlində Azərbaycan müstəqilliyə qovuşmuş, lakin Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay olmuşdur”.
Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırıb ki, Azərbaycan dövləti müstəqil olaraq 20 il ərzində çox böyük uğurlara imza atıb: “Bu illər ərzində dövlətçiliyin qorunması və inkişaf etdirilməsi baxımından mühüm işlər görülmüşdür. Hazırda müstəqil Azərbaycan davamlı, olduqca sürətli bir inkişaf yolundadır. Bu 20 ilin həqiqi salnaməsini yaratmaq baxımından bu gün təqdimatına yığışdığımız kitab böyük əhəmiyyət kəsb edir”.
Əli Həsənov deyib: “Tale Azərbaycana ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyət bəxş etmişdir və Onun hansı dövrdə dünyaya gəlməsi, hansı missiyanı reallaşdırması, hansı dövrdə Azərbaycana rəhbərlik etməsi taleyin işi idi. Unutmamalıyıq ki, xalqların, millətlərin taleyini bir qayda olaraq onlara rəhbərlik edən milli liderlər müəyyən edir. Müstəqil Azərbaycan dövlətinin taleyi də bu anlamda ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev tarix yaratmış, sözün həqiqi mənasında Azərbaycan müstəqil dövlətinin tarixini formalaşdırmışdır. Dahi rəhbər dövlət quruculuğuna rəhbərlik etmiş, onun daxili və xarici siyasətinin formalaşmasının müəllifi kimi bu prosesin reallaşdırılmasını çox böyük uğurla həyata keçirmişdir”.
Şöbə müdiri Əli Həsənov deyib ki, salnaməçilərin, tarixçilərin, jurnalistlərin, tədqiqatçıların, politoloqların vəzifəsi siyasət xadimlərinin yaratdığı tarixin salnaməsini tərtib edib gələcək nəsillərə çatdırmaqdan ibarətdir: “Tarix keçmiş, bu gün və gələcək arasındakı əlaqələrə söykənir. Hər bir dövlətin tarixi özünün varislik prinsipini gözləyirsə, ona əməl edilərək qurulursa və keçmişin təcrübəsini nəzərə alaraq bugünkü həyatda istifadə olunursa, bu tarixdən gələcək üçün nəticələr çıxarılırsa, onda o tarix davamlı olur. Həmçinin o zaman dövlətlərin dövlətçiliyi güclü olur, ətraf aləmlə münasibətləri rəvan davam edir və inkişafında da daha az maneələrlə rastlaşır. Bu anlamda tariximizin 20 illik dövrünü əks edən bu cür kitablar sözün həqiqi mənasında dövlətin verdiyi inkişaf yolunun öyrənilməsi üçün mühüm mənbə rolunu oynayır. Ona görə də mən Prezident Administrasiyası adından 20 illik tariximizin ayrı-ayrı sahələrini səhifələrində əks etdirən “Müasir Azərbaycan dövrün baxışında” kitabının bütün yaradıcı heyətinə təşəkkür edirəm. Onların əməyi tərifəlayiqdir. Düşünürəm ki, bu ikicildlik bütövlükdə Azərbaycan tarixinin salnamələri sırasında özünə layiqli yer tutacaqdır”.
“Müasir Azərbaycan dövrün baxışında” kitabının yaradıcı heyətini təbrik edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar təqdim oluna biləcək çox dəyərli töhfələr içərisində, inanıram ki, bu kitab özünəməxsus yer tutacaq: “Bu kitabda əks olunmuş fikirlər və bütövlükdə onun yazılması ilə əlaqədar ortaya çıxmış məntiqə söykənərək 3 əsas tezisimi hörmətli iştirakçıların diqqətinə çatdırmaq istəyirəm. Bu gün Azərbaycan dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü ərəfəsindədir. Təbii ki, bu, böyük hadisə, böyük tarixdir. Bu kitabdan əxz etdiyim ideyaları ümumiləşdirərək birinci tezis kimi onu bildirmək istəyirəm ki, müstəqillik hər bir xalqın yaşamaq, fəaliyyət göstərmək haqqıdır. İkincisi, müstəqillik hər bir xalqın öz sərvətlərindən faydalanmaq haqqıdır. üçüncüsü isə, müstəqillik hər bir xalqın öz taleyini müəyyən etmək haqqıdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaşadığı 20 il ərzində bütün bunları təsdiq və ifadə etmişdir”.
YAP Sədrinin müavini-İcra katibi bildirib ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin titanik səylərinin, zəkasının yekunudur: “Dövrün verdiyi imkanlar çərçivəsində Heydər Əliyevin həyata keçirdiyi siyasət müasir Azərbaycan reallıqlarını və gerçəkliklərini ortaya qoyubdur. Bu reallıq, bu gerçəklik bugünkü müasir Azərbaycanın gələcək inkişafını da əslində müəyyən və təyin etmişdir”.
Ə.Əhmədov diqqətə çatdırıb ki, təqdimatına toplaşdığımız ikicildlikdə Azərbaycanın 20 illik dövlət müstəqilliyinin tarixi, bu tarixin yaradılmasına sərf edilmiş Heydər Əliyevin titanik səyləri, bu tarixin formalaşması üçün bu gün də reallaşdırılan Prezident İlham Əliyevin siyasəti və bundan sonrakı hədəflər və başlıca istiqamətlər geniş şəkildə öz əksini tapıb.
Milli Məclisin deputatı vurğulayıb ki, bu kitab həqiqətən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə dəyərli hədiyyədir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycanda müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında ən maraqlı və yaddaqalan tədbirlərdən biri də, məhz, bu təqdimat mərasimi olacaq: “Bu gün müasir və müstəqil anlamları bir-biri ilə bərabər yaşayaraq, bizə milli dövlətçiliyimizi daha da möhkəmlətməyə imkan və şərait yaradır”.
Nazir deyib ki, bu kitab olduqca rəvan, səlis və oxucuların düşüncəsinə yaxın bir dildə qələmə alınıb. Mədəniyyət və turizm naziri müstəqillik illərində ölkəmizdə mədəniyyət, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından, bu sahədə görülən məqsədyönlü işlərdən geniş söz açıb. Nazir vurğulayıb ki, “Müasir Azərbaycan dövrün baxışında”  kitabı gənc nəslə müstəqilliyimizin qazanılması naminə atılmış addımlar və görülmüş işlər barədə olduqca geniş məlumat verir.
Təbirdə çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev deyib ki, tarixi yazmaq da yaşatmaq qədər məsuliyyətli işdir.
Fərəc Quliyev deyib ki, Azərbaycan xalqı müstəqillik naminə zaman-zaman mübarizə aparıb: “Bizim müstəqilliyimiz, başqa dövlətlərdən fərqli olaraq, gerçək bir müstəqillikdir”.
Bütün iştirakçılara təşəkkürünü bildirən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib ki, müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı hazırladığımız kitabın sevincini sizinlə bölüşməkdən məmnunuq: “Müstəqilliyimizin 20 illiyi bütün xalqımızın nailiyyətidir. Bütün xalqımız buna sevinir və biz də bu sevinci sizinlə bir yerdə bölüşməyə toplaşmışıq”.
Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevə və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova dərin minnətdarlığını bildirən natiq deyib ki, belə kitabların ərsəyə gəlməsində bu insanların verdiyi məsləhətlər böyük rol oynayır.
Tədbirə yekun vuran AzərTAc-ın baş direktoru Aslan Aslanov deyib ki, kitaba həqiqətən layiq olduğu yüksək qiymət verilib: “çıxış edən natiqlər həm təqdimatı keçirilən kitab barədə, həm də ümumiyyətlə Azərbaycanın dünəni, bu günü və gələcəyi haqqında çox dəyərli fikirlər söylədilər”.
AzərTAc-ın baş direktoru tədbirin bütün iştirakçılarına, həmçinin çıxış edən natiqlərə təşəkkürünü bildirib.
Paylaş:
Baxılıb: 978 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30