Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rasizmin və cılızlığın gerçək siması...

Rasizmin və cılızlığın gerçək siması...

16.03.2024 [10:07]

Evian-le-Bən şəhərində təhqirlərə məruz qalan Natəvanın heykəlinin respublikamızın Parisdəki   Mədəniyyət Mərkəzinə gətirilməsi Azərbaycanın ləyaqətli dövlət olduğunu bir daha təsdiqləyir

Azərbaycanın haqq savaşında qalib gələrək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bütövlükdə, dünya birliyi tərəfindən müsbət qarşılansa da, işğalçı Ermənistanın havadarları qismində çıxış edən bəzi ölkələr və ayrı-ayrı beynəlxalq təşkilatlar bunu sinirə bilmirlər. Bədnam xorda Fransanın canfəşanlığı xüsusilə diqqət çəkir.  Bu ölkənin birtərəfli mövqeyi beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir və təəssüf doğurur.

Təkcə son vaxtlarda  Fransa parlamenti Azərbaycanı əsassız yerə qınaq obyektinə çevirən bir neçə qətnamə qəbul edib. Parlamentdə bu qəbildən olan “sənədlər”in qəbul edilməsi əlbəttə ki, E.Makron iqtidarının siyasi sifarişidir. Eyni zamanda, Fransa rəhbərliyi Azərbaycana yönəlik subyektiv iddialarını  düz beş dəfə BMT Təhlükəsizlik Şurasına çıxarmağa və respublikamıza qarşı sanksiyaların tətbiq edilməsinə cəhdlər göstərib. Daha sonra oxşar cəhdlər Avropa İttifaqı (Aİ) çərçivəsində göstərilib. Ancaq  həmin cəhdlər obyektiv əsaslandırmaları olmadığına görə uğursuzluğa düçar oldu. Bütün bunlar da zəruri keyfiyyətlərə malik olmadığı halda liderlik ambisiyaları sərgiləyən Emmanuel Makronu və onun komandasını qəzəbləndirib. Baş verənlərdən sonra E.Makron iqtidarı qəzəbini Fransa kimi, böyük bir dövlətə xəcalət gətirən bir tərzdə - bu ölkənin tarixi ənənələrini və bəyan etdiyi dəyərləri ayaqlar altına atmaqla soyutmaq istəyir.

Evian-le-Bən şəhərində vandalizm aktı

E.Makron iqtidarının siyasi sifarişi əsasında Fransanın Evian-le-Bən şəhərində yaşanan hadisələri  başqa cür dəyərləndirmək mümkün deyil. Baş verənlər Fransaya başıaşağılıq gətirir, bu, üzqarasıdır, xəcalətdir. Söhbət zamanında Evian-le-Bən şəhərində ucaldılmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin təhqirlərə məruz qalmasından gedir. Prezident İlham Əliyev martın 14-də Bakıda, “Gülüstan” sarayında “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumundakı çıxışında bunu vandalizm aktı kimi dəyərləndirərək vurğulayıb: “Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəlin üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi”.

Bir vaxtlar Evian-le-Bən şəhərində “Azərbaycan parkı”nın salınması və burada Natavanın heykəlinin ucaldılması, bu gün isə ona vandalcasına münasibət bəslənilməsi göz önündə təzadlı mənzərə canlandırır. Zamanında hər ki tərəf bir-birinə qarşı xoş məram nümayiş etdirirdi. Xatırladaq ki, indiyədək Azərbaycanın və Fransanın bir sıra şəhərləri arasında dostluq, mədəni və digər istiqamətlərdə əməkdaşlıq üzrə müvafiq sənədlər imzalanıb. 2015-ci ildə isə Fransanın Evian-le-Bən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalayıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-le-Bən şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda “Dostluq” bulağı yaradılıb və Xurşidbanu Natəvanın  heykəli ucaldılıb. Hər iki ölkənin geniş ictimaiyyətinin qatıldığı tədbirdə həmin gün Evian-le-Bəndə İsmayıllı günü elan edilib. O da qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.

Şəhərdə yaradılan “Azərbaycan parkı”nda Natəvanın abidəsinin ucaldılması da təsadüfi deyil. Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi dünyaca məşhur klassik əsərlərin müəllifi olan fransız yazıçısı  Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycanda qalıb və bir sıra əraziləri gəzib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Əsərdə yazıçının Azərbaycan şairəsi ilə tanışlığı da təsvir olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Bu zaman Natəvan Dümadan yaşca xeyli kiçik idi. Onun cəmi 26, Dümanın isə 56 yaşı var idi. Sonradan Natəvanla Dümanın bu tarixi görüşü bir sıra bədii əsərlərin mövzusuna çevrilib...

Evian-le-Bən şəhərində yaradılan “Azərbaycan parkı”nda Natəvanın abidəsinin ucaldılması da məhz bu görüşdən qaynaqlanır. Bununla ideya müəllifləri dostluq əlaqələrinin tarixi zəminə və ən əsası heç vaxt dəyərini itirməyəcək mədəniyyət amilinə əsaslandığını önə çəkmək istəyiblər.

Eyni zamanda, Fransada Natəvanın abidəsinin ucaldılması qadın azadlığını simvolizə edir. Bunu Fransa cəmiyyətinin təmsilçiləri də bildiriblər. Ancaq belə görünür ki, qisasçı E.Makron iqtidarı üçün dostluq və qadın azadlığı dəyərləri heç bir önəm daşımır. Ötən ilin sonlarında Evian-le-Bən şəhərində salınmış  “Azərbaycan parkı”nda ölkəmizlə bağlı bütün yazılar yığışdırılıb. Həmçinin Natəvanın buradakı abidəsi təhqir olunub. Sonradan şəhərin meriyası abidəni “qorumağın” original üsulunu tapdı - daş heykəli ağ parça ilə bürüdü.

Azərbaycan ölkəmizə qarşı göstərilən hörmətsizliyi və təhqiri qəbul etmədi

Uğurlu siyasət sayəsində iqtisadi və siyasi müstəqilliyini təmin etmiş Azərbaycan heç bir güc mərkəzindən asılı olmayan siyasət həyata keçirir. Ölkəmiz qarşısında duran məsələləri sırf öz gücünə həll edir, bu zaman başqalarından gömək ummur. Bunu bütün dünya həm pandemiya dövründə, həm də İkinci Qarabağ müharibəsində və lokal xarakterli antiterror tədbirlərində bir daha gördü. Yeni növ koronavirus pandemiyasının pik mərhələsində çətinliklərlə üzləşən 150-dək ölkə kömək üçün Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna müraciət etdi. Azərbaycan bu siyahıda yer almadı. Respublikamız Vətən müharibəsində və antiterror tədbirlərində ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. Yenə də öz gücünə, kənardan dəstək gözləmədən. Əslində, bununla Azərbaycan on illiklər boyunca kağız üzərində qalan BMT qətnamələrinin icrasına nail oldu. İndi isə respublikamız daxili resurslarına istinad etməklə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirir. Bütün bunlar da dünyada Azərbaycana ləyaqətli dövlət imici qazandırırıb.

Azərbaycan dövləti Evian-le-Bən şəhərində Natəvanın heykəlinin təhqirlərə məruz qalmasına da oxşar yanaşma ortaya qoydu. Natəvan milli mədəniyyətimizin, ədəbiyyatımızın görkəmli nümayəndəsidir, xalqımız üçün böyük dəyərdir. Biz ənənələrimizə və milli-mənəvi dəyərlərimizə həssaslıqla yanaşan və böyük önəm verən xalqıq. Həmişə müstəqillik və suverenlik prinsiplərindən çıxış edən Azərbaycan dövləti  milli mədəniyyətimizin bir hissəsinin Fransa şəhərində təhqirlərə məruz qalmasına dözə bilməzdi və dözmədi də. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”, - deyə vurğulayıb.

Xatırladaq ki, heykəl Evian-le-Bən şəhərindən martın 4-də götürülüb və  Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb. Burada abidənin restavrasiyası həyata keçirləcək.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31