Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir

Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir

05.12.2017 [10:17]

Məlum olduğu kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib. Eyni zamanda, hər bir sahədə olduğu kimi, iqtisadi sferada da Ümummilli liderin əsasını qoyduğu siyasi kursu davam etdirən Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun inkişafını daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirərək, onun ümumi iqtisadiyyatdakı tutumunu 80 faizdən də yüksəyə qaldırıb. İqtisadiyyat Nazirliyinin statistikasına əsasən, ötən ilin 1 yanvar tarixində ölkədə fərdi sahibkarların sayı 576906 nəfər idisə, 2017-ci ilin əvvəlində bu rəqəm 685406-ya yüksəlib.
İstər ötən ilin, istərsə də bu ilin geridə qalan aylarının makroiqtisadi göstəricilərinə nəzər salsaq, iqtisadiyyatın müxtəlif sahələrində uğurların əldə olunmasında özəl sektorun xüsusi rolunu qeyd edə bilərik. Bu da səbəbsiz deyil. Belə ki, ölkəmizdə sahibkarlar üçün yaradılan münbit şərait onların fəaliyyətinə güclü təkan verib.
Sahibkarlar əlverişli hüquqi mühitdən faydalanırlar
Qeyd edək ki, sahibkarlığın inkişafına dəstəyin ilkin şərtlərindən biri əlverişli hüquqi zəminin yaradılmasıdır. Və son illərdə ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb. Bildiyimiz kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmışdı. Prezident İlham Əliyevin 3 noyabr 2017-ci il tarixli Fərmanı ilə isə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb.
Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında və həmin tarixli digər Fərmanına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılaraq, onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuralarının qərarlarından, hərəkət və hərəkətsizliyindən verilən şikayətlərə isə Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Apelyasiya Şurasında baxılır.
Həmçinin Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilib.
Sahibkarlıq fəaliyyətinə dair tələblər sadələşdirilib
2015-ci ilin 2 noyabr tarixindən etibarən müəyyən hallar istisna olmaqla İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyətinə dair lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə başlanılıb. Ölkə Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2016-cı il tarixli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə regional televiziya və radio yayımı istisna olmaqla 4 dəfə azaldılıb, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilib.
Sahibkarlığın inkişafında vacib amil olan investisiyaların təşviqi məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində 19 yanvar 2016-cı il tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və müvafiq torpaqlara görə torpaq vergisini, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad ediliblər. “Gömrük tarifi haqqında” qanunda 19 yanvar 2016-cı il tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad olunub.
Yerli istehsala və məhsulların dünya bazarlarına ixracına dövlət dəstəyi göstərilir
Ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanına əsasən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılır. Həmin mərkəzlər vasitəsilə ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müasir avadanlıqlardan istifadə etməsinə şərait yaradılır, onlara biznes planların hazırlanması, marketinq, brendinq, dizayn, maliyyə-mühasibat, hüquqi yardım və məlumatlandırma xidmətləri göstərilir, istehsal olunan məhsulların daşınması və satışının, həmçinin sertifikatlaşdırmanın sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili həyata keçirilir.
Özəl sektorun inkişafına ən geniş imkanların olduğu ənənəvi sahələrdə çalışan sahibkarlara da hərtərəfli dövlət dəstəyi göstərilir. Belə ki, ölkə Prezidentinin 15 və 22 sentyabr, 5 oktyabr 2016-cı il tarixli sərəncamlarına və 5 aprel 2017-ci il tarixli Fərmanına əsasən respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi, həmin məhsulların istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə barama, pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiya verilməsi müəyyən edilib.
Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2017-ci ilin doqquz ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1154 sahibkara 90 milyon manatdan çox güzəştli kredit verilib.
İxracın təşviqi və dəstəklənməsi istiqamətində də qanunvericilik xeyli təkmilləşdirilib. “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli Sərəncamında kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi nəzərdə tutulub. Bununla əlaqədar ölkə Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanı ilə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiq edilib.
Xarici ölkələrdə dövlətimizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi və çevikliyin artırılması məqsədi ilə Prezident İlham Əliyev 26 yanvar 2017-ci il tarixində “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərman imzalayıb. Artıq Rusiya Federasiyasında, Çində, Birləşmiş Ərəb Əmirliklərində ölkəmizin ticarət nümayəndələri təyin olunub.
Azərbaycanda istehsal və təklif olunan məhsul və xidmətlərin yerli və xarici bazarlara çıxarılmasını asanlaşdırmaq məqsədilə son illərdə müxtəlif dillərdə fəaliyyət göstərən “www.export.az”, “www.azexport.az” kimi yeni elektron portallar yaradılıb.
Azərbaycanın dünya iqtisadi reytinqlərindəki yeri möhkəmlənir
Azərbaycan özünün beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşdırılmasına da önəm verir. Bu, xarici investorların ölkəyə daha çox cəlb olunmasına, yerli və xarici şirkətlərin əməkdaşlığının genişləndirilməsinə müsbət təsir göstərir. Azərbaycan Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin sədrliyi ilə müvafiq Komissiyanın yaradılmasında məqsədlərdən biri də beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasıdır. Habelə, Prezident İlham Əliyevin 2 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsi olaraq beynəlxalq səviyyədə ölkələrin biznes mühitini qiymətləndirən və hər il Dünya Bankı tərəfindən dövri olaraq dərc edilən ən mühüm hesabatlardan biri olan “Doing Business 2018” hesabatında Azərbaycan əvvəlki 65-ci pillədən 57-ci pilləyə yüksəlib. Həmçinin Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Bəhs olunan hesabatda ölkəmiz ən böyük irəliləyişi məhz biznesin mürəkkəbliyi kateqoriyası üzrə qazanıb. Bu indikator üzrə republikamızın mövqeyi 20 pillə yaxşılaşıb və Azərbaycan hesabatın əhatə etdiyi ölkələr arasında 40-cı yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi islahatların səmərəliliyini bir daha təsdiqləyir.
Zahid İlhamoğlu
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31