Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar

Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar

30.04.2019 [09:52]

Məlum olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə böyük uğurlar qazanılıb. Məhz bunun nəticəsidir ki, dünyanın aparıcı beynəlxalq qurumlarının, nüfuzlu reytinq agentliklərinin keçirdiyi rəy sorğularında, hesabatlarında Azərbaycanın inkişaf edən ölkə kimi əldə etdiyi uğurlar yüksək qiymətləndirilir.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, həyata keçirilən düşünülmüş və uğurlu siyasət nəticəsində Azərbaycan dövləti son 15 ildə dünyaya nümunəvi inkişaf modeli təqdim etməyi bacarıb. Heç şübhəsiz, bunu şərtləndirən mühüm amillərdən biri ölkədə davamlı xarakter daşıyan islahatların həyata keçirilməsi ilə bağlıdır. 2019-cu ilin əvvəlindən isə ölkəmizdə islahatların əhatə dairəsi daha da genişləndirilib. Əksər ekspertlərin də vurğuladıqları kimi, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan islahatlar Azərbaycanın perspektivdə də dinamik inkişafının təmin olunmasına hesablanıb.
Əsas məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizdə həyata keçirilən islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Belə ki, Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Eyni zamanda dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib.
Qürur doğuran haldır ki, son 15 ildə respublikamızda aparılan islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. O cümlədən, 2019-cu ilin ilk iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb. Qeyd edək ki, bu, son illərin ən yüksək göstəricisidir. Daha böyük artım isə 15,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu da dünya rekordudur.
Beləliklə, hazırda respublikamızda islahatların yeni mərhələsi başlayıb. Cari ilin əvvəlindən daha intensiv şəkildə həyata keçirilən islahatların mühüm bir bloku institusional sferanı əhatə edir. Prezident İlham Əliyev ölkədə aparılan islahatların əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkərək deyib: “Ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur”.
Qeyd edilməlidir ki, Azərbaycanda reallaşdırılan islahatların böyük bir qismi sosial sferanı əhatə edir. Prezident İlham Əliyev bildirib ki, bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. Hazırda ökəmizdə dövlət başçısı tərəfindən hələ ötən il elan olunan ciddi sosial paket uğurla reallaşdırılır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev cari ilin əvvəlindən ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, gəlir imkanlarının artırılmasına hədəflənən bir sıra mühüm sənədlər imzalayıb. Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək.
Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artırılması təmin edilib. Dövlət başçısının imzaladığı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin əvvəllər mövcud olan 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.
Respublikamızda əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, son 15 ildə Azərbaycanda minimum əməkhaqqı 6,5 dəfə artırılıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib. Bundan başqa, respublikamızda əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Qeyd edək ki, minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir.
Cari il fevralın 25-də isə Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq Fərmana əsasən müəyyən kateqoriyadan olan şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi həyata keçirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Respublikamızda 2019-cu ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan geniş sosial paket çərçivəsində problemli kreditlərlə bağlı mühüm qərar verilməsi isə çox doğru olaraq inqilabi xarakterli addım kimi səciyyələndirilir. Belə ki, Prezident İlham Əliyev 2019-cu il 28 fevral tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Bütövlükdə sözügedən Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixində imzaladığı müvafiq Sərəncam və fərmanlarda bir sıra kateqoriyalardan olan vətəndaşlara verilən sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması, yeni təqaüd növlərinin təsis olunması nəzərdə tutulub. Bu sənədlər dövlət başçısının iradəsi ilə reallaşdırılan böyük sosial paketin əhatə dairəsinin getdikcə genişləndiyini, xüsusilə də həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində önəmli addımların atıldığını təsdiqləyir.
Beləliklə, sonda bir daha vurğulamaq yerinə idüşər ki, ölkəmizdə 2019-cu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar paketinin əhatə dairəsi kifayət qədər genişdir. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin vətəndaşlarının maraqlarına xidmət göstərdiyini bir daha təsdiqləyir.
Pərviz SADAYOĞLU
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31