Ərə gedirəm, yoxsa gora?
06.01.2022 [11:20]
İlhamə Rəsulova
Ailə problemləri həmişə olub, olacaq. İkili münasibətlərdə, əslində, üçüncü tərəf də olur. Üçüncü tərəf özündə sevgini, hörməti, güvəni ehtiva edən duyğular, ailə bağlarıdır. Ona da bir insan qədər qayğı göstərilməsə, ikili münasibətlərin sonu ən yaxşı halda ayrılıqla bitir, ən pis halda ailə faciələri ilə. Dilimizdə yer almış “ər evindən bir də gor evinə gedəndə ayrılarsan” deyimini, yəqin, ata ocağını tərk edən çox gəlinlər eşidib. Təəssüf ki, çoxunun aqibəti də ərə yox, gora getməklə sonlanıb.
Statistik məlumatlara görə, dünyada hər gün 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən isə 27-si zorakılıqla üzləşir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, 2021-ci ildə Azərbaycanda 81 nəfər kişi ailə zorakılığına məruz qalıb. Dünyanın müxtəlif ölkələrində kişi sığınacaqları açılıb. İsveçrə, ABŞ, Almaniya, Kanada, Niderlandda çətin vəziyyətə düşən, hətta cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər özlərinə sığınacaqlarda kömək axtarırlar. Hətta mentaliteti bizə yaxın olan qardaş Türkiyədə də kişi sığınacaqları var. Azərbaycanda zorakılığa görə təxminən 300-400 civarında qadın həbsxanadadır. Özünü idarə edə bilməyən yaşlı kişilərin həyat yoldaşı, ailə üzvləri tərəfindən də fiziki zorakılığa məruz qalması barədə faktlar var. Lakin onların qadınlardan fərqli olaraq sığınacaq yeri yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyini istisna etməklə. Buraya adətən küçələrdə yaşayan, səfil həyatı keçirən şəxslər gətirilir. Bu da könüllülük prinsipi əsasında. Məlum məsələdir ki, səfil həyatı keçirənlərin çoxu alkoqolizmdən, narkomaniyadan, ruhi xəstəliklərdən əziyyət çəkənlərdir. Və müstəqil qərarlar vermək, könüllü olaraq müalicə almaq niyyətləri də olmur (çox zaman bu barədə ümumiyyətlə məlumatsız olurlar). Belə çıxır ki, məcburi şəkildə müalicəyə cəlb edilməlidirlər.
Qadınlar üçün sığınacaq ümid yeridir. Burada problemlərinə kömək axtarırlar. Amma müvəqqəti. Sığınacaqdan ayrılandan sonra çox vaxt onları eyni həyat gözləyir. Çünki problemin kökü bu divarlar arasında çözülmür, sadəcə bir müddətlik yaralara məlhəm olur.
Azərbaycanda qadınlar üçün dövlət sığınacaqlarının yaradılmasına zərurət olsa da, belə sığınacaqlar yoxdur. Dövlət sığınacaqları yaradılmalıdır və yaradılarkən də müxtəlif qeyri-hökumət təşkilatlarının tərkibində fəaliyyət göstərən sığınacaqlarla yer dəyişdirməməlidir. 2010-cu ildə qanun qəbul edilsə də, dövlət sığınacaqlarını yaratmaq mümkün olmayıb.
Hazırda özəl sığınacaqların sayı kağız üzərində kifayət qədərdir. 13 QHT-nin sığınacağı qeydiyyatdan keçsə də, reallıqda hamısı fəaliyyət göstərmir. Ümumiyyətlə, özəl sığınacaqların fəaliyyəti də çox zaman şübhə doğurur. Məsələn, bu sığınacaqlar beynəlxalq standartlara uyğun fəaliyyət göstərirmi? Yaxud da onların əməkdaşları sertifikatlaşmadan keçibmi, sığınacaqların şəraitləri standartlara cavab verirmi və s. Dövlət komitəsi, digər dövlət qurumları tərəfindən sığınacaqlara dəstək olsa da, bu, yetərli deyil. Oradakı hər bir şəxsin fərd olaraq vəziyyəti qiymətləndirilməlidir. Bu sığınacaqlarda nəinki psixoloji, sosial və hüquqi xidmətlər göstərilməli, eyni zamanda, geyim, qida və təhsillə təmin edilməlidir. Sığınacaqların təhlükəsizliyi xüsusilə nəzərə alınmalıdır. Bir çox qadınlar hər gün zorakılığa məruz qalsalar da, həyat yoldaşlarından ayrlmaq istəmirlər. Çünki heç bir peşəyə sahib deyillər. Ayrılsalar, uşaqlarına baxa bilməyəcəklərini düşünürlər. Həm də cəmiyyətin bir hissəsinin boşanmış qadınlara münasibətindən qorxurlar.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə qadınlara sığınacaq verən üç QHT-nin fəaliyyət göstərdiyini deyir. Onun təşkilatının sığınacağı uşaqlar üçün nəzərdə tutulsa da, burada qadınlar da yerləşdirilir. K.Ağazadənin dediyinə görə, uşaqlarla qadınların eyni arada saxlanılmasının da öz problemləri var: “Sığınacağa heç də həmişə ər qəzəbindən qaçanlar sığınmırlar. Bir çoxları qərəzli şəkildə, çox zaman ərlərini şantaj etmək istəyənlər, rahat həyat axtaranlar da gəlirlər. İstədiyi hər şey verilir, rahatlığı var, qayıdıb getmək istəmirlər. İnanın ki, qadınlar olub ki, buradan yük maşını ilə “ cehiz” aparıb. Geyim, ərzaq, qab-qacaq. Çoxunu ailənin dərd-səri maraqlandırmır. Qadınlar olub ki, 2-3 ay qalıb. Göndərmək istəmişik, yalvarıb ki, məni göndərməyin. Burada mənə rahatdır. Belələri də var. Gedəndən sonra yenə iqtisadi səbəblərlə evində problem yaranacağını bilənlər də var”.
“Statistika göstərir ki, qadın iqtisadi cəhətdən azad olmayınca yenə kimlərinsə himayəsində olacaq və bu, reabilitasiyanın tam başa çatmasına mane olacaq. Reabilitasiyadan sonra cəmiyyətə inteqrasiya prosesi normal getmir, şəxsin cəmiyyətdə güvənli olması üçün kifayət qədər şərait yaradılmır. Başqa ölkələrdə sığınacaqlar açılanda mütləq onun yanında istehsal tipli müəssisələrin olması, qadının sahibkarlıq bacarıqlarını öyrənməsi diqqətdə saxlanılır ki, öz biznesini idarəetmə biliklərinə malik olsun. Əks təqdirdə, göstərilən yardımlar yarımçıq olur və şəxs yenidən asılı vəziyyətə düşür. Bizdə peşə öyrənilməsinə də laqeyd baxırlar. Fəhləlik istəmir, başqa işi görmək də əlindən gəlmir. Bəs necə olsun? Reabilitasiya prosesində bir çox insanlar düşünür ki, bu, hansısa təşkilatın onlara dayəliyi deməkdir. Bu düşüncələr elə ən çox onların özlərinə problem yaradır”,- deyə Kəmalə Ağazadə qeyd edir.
O təklif edir ki, sığınacaqlara əslində qadın və uşaqlar deyil, onları incidən, ailədə problem yaradan şəxslər gətirilsin. Həm də məcburi şəkildə. Görünür cəmiyyətin özünün də bəzi seçimləri yanlışdır. Pişik bülbülü parçalamasın deyə pişiyi yox, bülbülü qəfəsə salmağa adət etmişik.
Ailə sağlam təməllər üzərində qurulmasa, dağılması labüddür. Cəmiyyətin şikəst övladları da var və bu kimi qurumlar, əslində, məhz həmin o “şikəst fərdlər”in sağalmasına diqqət ayırmalıdır.
Yanvarın 4-də Bakıda bir ailə faciəsi barədə eşitməyim bu yazını qələmə almağıma səbəb oldu. Ruhi xəstə olan kişi xanımını vəhşicəsinə öldürmüş, ürəyi soyumamış meyiti də parçalamışdı. Qaynana gəlininə bir neçə gün öncə ata evinə dönməyi məsləhət bilib, əks halda, oğlunun onu öldürə biləcəyini söyləyib. Amma ağlına gəlməyib ki, oğlunun psixoloji problemləri ilə bağlı müraciət etsin, bu qanlı sonun qarşısını alsın. Ən azından, polisə xəbərdarlıq edilsə, sahə müvəkkili xəbər tutsa, psixoloji problemləri olan şəxs qeydiyyata alınsaydı, bəlkə, bu faciə baş verməyəcəkdi. Psixoloji problemləri olan şəxslərin qeydiyyata alınıb, müalicəsinin məcburi şəkilə salınması ehtiyacı yaranıb. Həmin şəxs evdə xanımını öldürə bilirsə, ən adi gərginliklə küçədə gedən adamlara da hücum edə bilərdi. Bu ehtimal var. Biz “nəslin adı çıxar” düşüncəsilə belə xəstəliyi olan şəxslər barədə susduqca, onları gizlədikcə öz gərəksiz mərhəmətimizin qurbanlarına çevriləcəyik.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49

