Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İş saatının yaratdığı Bakı tıxacı

İş saatının yaratdığı Bakı tıxacı

23.02.2022 [10:15]

Deputat: Tıxacı aradan qaldırmaq üçün iş saatlarında dəyişiklik edilməlidir

Günel ABBAS

Hər gün eyni saatda, eyni səbəblə müxtəlif ünvanlara üz tutan minlərlə adam var. Mənzilbaşına vaxtında çatmaq üçün yuxusuna haram qatan bu insanların əsas hədəfi tıxaca düşməməkdir. Ancaq çarəsi yoxdur, tələsə-tələsə avtobusa minəndən sonra ağır bir “mübarizə” aparırlar. Bu an sosial həyatları haqqında heç nə düşünə bilməyən insanların tək qayəsi işə vaxtında çatıb rəhbər şəxslərdən söz eşitməməkdir. Uğura gedən yolda avtobus sürücüsündən yol polisinə qədər hər kəsi günahlandırırlar. Bəli, tıxac qorxusu elə bir hal alıb ki, ondan yan keçənlər özlərini uğurlu hesab edirlər.

Ancaq unuduruq ki, Bakı, ərazisinə görə böyük olsa da, əhalinin eyni anda yollara axın edib savaş meydanına çevirəcəyi qədər dözümlü deyil. Elə bunun nəticəsidir ki, ağır iş rejiminə nə yollar dözür, nə də yol polisi. Onlar dözməsə də, ağır iş rejiminə tab gətirənlər az deyil. Paytaxt əhalisinin o qədər problem içində dözə bilmədiyi tək məqam tıxac və bu tıxacı idarə edərək yolu açmağa çalışan yol polisləridir.

Kimdir müqəssir?

Günahkarı yanlış yerdə axtardığımıza görə nəticə əldə etməyimiz də çətinləşir. Bu günlərdə daha bir Avropa ölkəsində - Belçikada 4 günlük iş rejiminə keçid edildi. Biz də nəyi qoyub, nədən danışırıq. Bu cür hadisələrin cərəyan etməsi göstərir ki, artıq bizdə də belə addımların atılmasına ehtiyac var. Bəlkə yaşaya bilmədiyimiz sosial həyatımızda və yorucu olduğunu düşündüyümüz iş şəraitindəki problemləri aradan qaldırmağa elə buradan başlamalıyıq. Bəzi iş yerlərində işçilər 7-8 saatlıq iş rejiminin heç də hər saatını çalışmaqla keçirmirlər. Hətta qapalı mühitdə oturmaqdan oksigen çatışmazlığı yaşayan işçilərin məhsuldarlığı da aşağı düşür. Sadaladığım faktorların reallıqları əks etdirməsinə baxmayaraq, hələ də tıxaclardan çıxışı yol polislərini və Bakı Nəqliyyat Agentliyini gücləndirilmiş iş rejiminə keçirməkdə görürük. Bunun əvəzində əhalinin iş rejimini yüngülləşdirməklə bağlı addımlar atılsa, daha effektiv olmazdımı? Bu və digər suallarımızın cavabını, problemdən çıxış yolunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ilə aydınlaşdırdıq.

Komitə sədri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, yeni peşələrin yaranması və bir sıra peşələrin sıradan çıxması peşə karyerası yönümündə kreativ düşüncənin önə çıxması kimi məsələlər bütün dünyanın məşğulluq mühitini düşündürür: “Azərbaycanda da bu sahədə bir çox problemlər var, ancaq onların həlli istiqamətində də işlər görülür. İşsizliyin aradan qaldırılmasının bir növü də iş rejiminin dəyişdirilərək azaldılmasından ibarətdir. Məsələn, həftədə beşgünlük olan iş rejimini dörd günə endirərək yeni iş yerlərinin açılmasına nail olmaq mümkündür. Əmək məhsuldarlığının artırılmasına ciddi fikir vermək lazımdır. Dünya təcrübəsindən müşahidə edirik ki, beşsaatlıq iş rejiminə keçirilir, maaşlar isə həftəlik və bəzən saatla hesablanır. Hazırda təəssüf ki, bu düşüncələri yalnız müzakirə etmək imkanımız var. Əmək məhsuldarlığının yüksəldilməsi bir çox faktorlardan asılıdır”.

M.Quliyev qeyd etdi ki, yollardakı yüklənməni aradan qaldırmaq üçün iş saatlarına düzəliş etmək yaxşı olardı: “Əksər iş yerləri və məktəblər saat 9-da fəaliyyətə başlayır. Bunu 8, 9, 10 aralığında olan saatlara uyğunlaşdırıb, işdən çıxış saatlarını da müvafiq olaraq 4, 5, 6 aralığında bölüşdürmək olar. Beləliklə, yollardakı tıxacın da qarşısı alınmış olacaq. Müəyyən iş yerlərində şənbə və bazar günlərində çalışıb digər günləri istirahət gününə çevirmək olar. Yollardakı tıxacın qarşısını almağın bir yolu da ikimərtəbəli yollar inşa etmək olardı. Yol infrastrukturu ilə bağlı cənab Prezidentin sərəncamı ilə yüksək səviyyəli işlər görülüb.

Şəhərin ümumi vəziyyəti ilə əlaqədar digər narahatedici bir məqam Bakının həddən artıq yüklənməsidir. Bunu dəfələrlə deməyimizə baxmayaraq, hələ də regionlardan paytaxta axın çoxdur. Yeni açılan iş yerlərinin də 75%-i ötən il Bakı şəhərinin hesabına qeydə alınıb. Regionlarımızı inkişaf etdirdikdə, xüsusən də Qarabağda münbit şərait yaratdıqdan sonra düşünürəm ki, insanlarımızın bir çoxu bu regionlara gedəcək və orada məskunlaşacaq. Beləcə, Bakının da yükü azalacaq”.

Psixoloq Gülnar Orucova qeyd etdi ki, həddindən artıq işləmək insanlarda yanma sindromu adlanan bir problemlə özünü büruzə verir: “Bu zaman işçilərdə işə həvəssizlik, diqqətsizlik yaranır. Hazırda nəinki 8 saat, hətta 12 saat fəaliyyət göstərən iş yerləri var. İş saatlarını dəyişmək daha yaxşı olardı. Bir gün işləyib digər günü evdə qala bilərsən. Bəzən görürük ki, insanlara 18 saatlıq iş rejimi tətbiq edirlər. Bir çox məsələlərdə Avropa ilə ayaqlaşmaq istəyirik, ancaq bu məsələdə bacara bilmirik. İnsanlar o qədər yorulur ki, şəxsi həyatlarına belə sevgi və diqqətlə yanaşa bilmirlər. Nəticədə sevgisiz övladlar yetişir, boşanmaların sayı artır. Bəzən o qədər çalışırıq ki, şəxsi həyat anlayışını da unuduruq. Bu haqqı insanların əlindən almaq onların hüquqlarının tapdalanması deməkdir”.

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31