Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Böyük səbirsizliklə  gözlənilən köç günü...

Böyük səbirsizliklə  gözlənilən köç günü...

19.10.2023 [09:50]

Üç onilliyi əhatə edən işğal dövründən Azərbaycana kədərli miras qalıb. Bir vaxtlar çiçəklənən, ahəngdar inkişaf edən şəhər və kəndlərimiz, tarixi mədəni-dini abidələrimiz erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılaraq yerlə-yeksan edilib. Müharibə başa çatandan sonra ermənilər və onların havadarları tez-tez belə bir iddia səsləndirirdilər ki, əraziləri bərpa etmək mümkün olmayacaq və yaxud buna onilliklər lazım gələcək. Bu, vandalların və onları dəstəkləyənlərin xisləti və bəd niyyətləri idi. Azərbaycan dövləti və xalqımız onların xəbis niyyətlərini gözlərində qoydu. Müharibə başa çatandan dərhal sonra dünya Azərbaycan dövlətinin gücünün və xalqımızın yurd yerlərinə bağlılığının şahidi oldu. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpasına vaxt itirilmədən başlanıldı. Aradan cəmi üç il vaxt ötüb. Ötən qısa zaman kəsiyində Qarabağda çox işlər görülüb. İndi bu ərazilərə həyat qayıdır, xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər boy göstərir.

Böyük Qayıdış prioriteti

Vətən müharibəsi böyük Zəfərlə başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açılıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə  hədəflərimiz dəyişib. Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib.  Azərbaycan dövləti üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızı doğma yurd yerlərinə mümkün qədər tez və layiqli şəkildə qaytarmaq niyyətindədir. Qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Müharibə başa çatandan sonra Qarabağın bərpasına dövlət büdcəsindən 7 milyard dollardan çox vəsait ayrılıb.

İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu ilə paralel şəkildə, şəhər və kəndlərin bərpası da həyata keçirilir. Ötən il Böyük Qayıdışın ilk müjdəsi verildi - Zəngilan rayonunda yeni yanaşmalar əsasında bərpa olunan Ağalı kəndinə sakinlər köçürüldü. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Kəndin sakinləri doğma yurdlarına qayıtdıqları üçün özlərini xoşbəxt hiss edirlər.

Ağalı kəndindən sonra köç karvanları Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə istiqamət aldı. Həmçinin ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə - Laçın və Füzuli şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb. Bütövlükdə indiyədək 2300 keçmiş məcburi köçkün evlərinə qayıdıb. Əslində, bu rəqəm şərtidir. Çünki son vaxtlarda Qarabağa çox tez-tez köçlər təşkil edilir və rəqəmlər dəyişir. Qarabağa axırıncı köç karvanı Laçın şəhərinə oktyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 96 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib. Bütövlükdə Laçın şəhərinin böyük hissəsi tamamilə yenidən qurulub. Burada qısa müddətdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq.

Füzuli - ilk məskunlaşan şəhərlərimizdən biri

Oktyabrın 17-də Şəhər Günü qeyd olunan Füzuli ilk məskunlaşdırılan şəhərlərimiz sırasında yer alır. Füzuli şəhərinə ilk köç 2023-cü ilin 18 avqustunda reallaşdırılıb.  Həmin tarixdə ilk olaraq 23 ailənin (90 nəfər) qayıdışı təşkil olunub. Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı,76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Oktyabrın 14-də “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə növbəti köç yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib. Yaxın perspektivdə Füzuli şəhərinin və digər ərazilərin məskunlaşdırılması daha intensiv hal alacaq. Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında məskunlaşma ilə bağlı qarşıya qoyulan hədəflərə diqqət çəkərək vurğulayıb: “... Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31