Müstəqillik yolunun əsasını qoyan tarixi sənəd
29.08.2026 [08:15]
Ali Sovet 1991-cı il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edib
Heydər Əliyev: Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, xalqın qarşısında ikiüzlü olarıq!
(30 avqust 1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin sessiyası)
İlham Əliyev: 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu - həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi
(26 avqust 2025. “Əl-Ərəbiyyə” telekanalına müsahibə)
Azərbaycan xalqı zəngin dövlətçilik ənənələrinə malikdir. Məmləkətimizdə zaman-zaman müxtəlif adlar və fərqli idarəçilik modelinə əsaslanan qüdrətli dövlətlər mövcud olub. Həmin dövlətlər sonradan bu və ya digər səbəblərdən süquta uğrasa da, xalqımız azad yaşamaq, özünün müstəqil dövlətini qurmaq arzusundan heç vaxt geri çəkilməyib və daim bu amal uğrunda mücadilə aparıb.
İş elə gətirib ki, XX yüzillikdə Azərbaycanda iki dəfə müstəqil dövlət qurmaq mümkün olub. 1918-ci il mayın 28-də qurulan Azərbaycan Demokratik Respublikasının (AXC) ömrü qısa olub - cəmi 23 ay yaşayıb. Xalqımız XX yüzillikdə ikinci dəfə müstəqilliyinə ötən əsrin doxsanıncı illərinin əvvəlində qovuşub. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyə gedən yol isə Ali Sovetdə 1991-cı il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməsinin qəbul edilməsi ilə başlayıb.
AXC-nin süqutu - ikinci Rusiya işğalı
Dövlətçilik tariximiz zəngin olsa da, bu tarixdə bir sıra qara səhifələr də yazılıb. Belə ki, əcdadlarımız yadellilərin hücumlarını dəf etmək məcburiyyətində qalıblar, itkilər vermişik, torpaqlarımız qanla suvarılıb, bir sıra hallarda məmləkətimiz işğala məruz qalıb və böyük sərhədlərimiz daralıb.
Tariximizdə belə qara səhifələrdən biri də 1920-ci il aprelin 28-də baş verənlərdir. Keçmiş sovet dönəmində - təxminən 70 il ərzində xalqa bayram kimi sırınan bu tarix, əslində, dövlətçiliyimizə vurulan ağır zərbə, məmləkətimizin işğalının növbəti mərhələsi idi. Bundan əvvəl Azərbaycan ərazisində mövcud olmuş kiçik dövlətlər - xanlıqlar bir-birinin ardınca Rusiya tərəfindən işğala məruz qalmış və torpaqlarımız bölünmüşdü. İmperiya qüvvələri bununla kifayətlənmədilər və qeyd olunan tarixdə respublikamıza soxularaq 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətini də süquta uğratdılar
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, əslində, 1828-ci ildə baş tutan Rusiya işğalından sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra respublikamıza yalnız Rusiya Federasiyasının subyekti kimi hüquqi status verilə bilərdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız dövlətçilik tariximizin bərpası baxımından önəmli deyildi. Yeni respublikanın yaradılması, əslində, xalqımızın milli kimliyinin son dərəcə parlaq təcəssümü idi. Bu respublika cəmi 23 ay mövcudluğu ərzində dövlətin institusional əsaslarının yaradılması, hüquqi bazanın möhkəmləndirilməsi, təhsil, ordu quruculuğu, demokratik təsisatların formalaşdırılması, qadınlara seçki hüququnun verilməsi, beynəlxalq birliyə inteqrasiya və digər məsələlərlə əlaqədar mühüm qərarlar qəbul etdi. Əgər cümhuriyyət yaşasaydı, süqut etməsəydi, daha böyük uğurlara imza atacaqdı. Ancaq Rusiyanın imperiya xisləti qonşuluqda belə bir müstəqil və müasir dövlətin mövcudluğunu inkar edirdi. Burada AXC-nin süquta uğradılması və Azərbaycanın bütünlüklə işğal altına alınması məqsədilə ssenarilər hazırlanırdı. Həmin bədnam planlar 1920-ci ilin aprel ayında işə salındı...
AXC-nin Rusiya bolşevik qüvvələri tərəfindən süquta uğradılması faktiki olaraq Azərbaycanın Rusiya tərəfindən işğalının yekunlaşması demək idi. Bunu həm müstəqil Azərbaycanın banisi Heydər Əliyev, həm də Prezident İlham Əliyev işğal faktı kimi dəyərəndiriblər. Heydər Əliyev hələ 30 avqust 1991-ci il tarixində Azərbaycan parlamentindəki çıxışında işğal faktının müstəqilliyin bərpası haqqında bəyannaməyə salınmasını təkid etmişdi. Müdrik siyasətçi olan Heydər Əliyev Ali Sovetin sessiyasındakı çıxışında açıq şəkildə bildirmişdi: “Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, xalqın qarşısında ikiüzlü olarıq!”
Aradan illər ötəndən sonra Prezident İlham Əliyev də 1920-ci il 28 aprel olaylarını eyni baxış bucağından dəyərləndirib. Dövlətimizin başçısı “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində tariximizə ekskurs edərək vurğulayıb: “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu - həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi”.
Danışan sənədlər...
Keçmiş sovet rejimi tarixdə baş verənləri fərqli, saxtakar bir formada təqdim etsə də, zaman hər şeyi ələyərək öz yerinə qoyub. Baş vermiş işğal xalqımızın dövlətçilik tarixinə ağır zərbələr vurub və bunu danışan sənədlər, onilliklər boyunca sirr kimi saxlanılan arxiv materialları əyani şəkildə təsdiqləyir. Həmin sənədlərdən bir qismi Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında yaradılan “Siyasi repressiya qurbanları muzeyi”ndə saxlanılır. 2019-cu il mayın 24-də fəaliyyətə başlayan bu muzeyin 1925-ci ildən keçmiş rejimin əsas repressiya qurumlarının fəaliyyət göstərdiyi binada açılması rəmzi məna daşıyır.
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərardır. Bu qərara əsasən terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.
Dövlət Sərhəd Xidmətinin inzibati binasında belə bir muzeyin yaradılması yaxşı təşəbbüs olsa da, onun genişləndirilməsinə, respublika əhəmiyyətli işğal muzeyinin yaradılmasına ciddi zərurət var. Söhbət yaxın tariximizin yaşadılmasından gedir. 28 aprel işğalının, təxminən 70 ili əhatə edən işğal dövrünün heç bir məqamı diqqətdən kənarda qalmamalıdır. Son 200 ildə düçar olduğumuz məhrumiyyətlərdən nəticə çıxartmalıyıq. Keçmişi olmayan bir sıra xalqlar özlərindən saxta “qədim tarix” düzəldirlər, mifik xəritələr tərtib edirlər. Azərbaycan xalqının tarixi isə o qədər zəngindir ki, bütün bu kimi əməllərə əl atmağa heç bir lüzum yoxdur. Yetər ki, tariximizi unutmayaq, unutdurmayaq və onu dünyaya olduğu kimi təqdim edək.
Yeri gəlmişkən, artıq keçmiş sovet respublikalarının bir çoxunda, o cümlədən Tallində (Estoniya), Riqada (Latviya), Tbilisidə (Gürcüstan) belə muzeylər yaradılıb. Həmin muzeylərin milyonlarla ziyarətçisi qeydə alınıb.
Azərbaycanın müstəqilliyinin ən böyük fədaisi - Ulu Öndərin missiyası heç vaxt unudulmayacaq
Dünyanın bir sıra ölkələri kimi, Azərbaycanın da müstəqillik əldə etməsində, onun qorunmasında və möhkəmləndirilməsində lider amilinin müstəsna rolu olub. Böyük siyasətçi, Vətənini və xalqını çox sevən Heydər Əliyevin fəaliyyəti, aldığı cəsarətli qərarları, sözün əsl mənasında, müstəqillik mücadiləsi kimi səciyyələndirmək mümkündür. Bu böyük şəxsiyyətin istər keçmiş sovet dönəmində, istərsə də sonrakı mərhələdə bütün çalışmalarının əsas hədəfi Azərbaycanın müstəqilliyinin təmin edilməsi olub. O, bu məqsədlə heç vaxt unudulmayacaq müstəsna missiya yerinə yetirib. Əvvəla onu qeyd edək ki, Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində Azərbaycana rəhbərlik edərkən keçmiş sovet rejiminin ideoloji qadağalarına rəğmən, respublikamızın gələcəkdə müstəqil yaşaması üçün möhkəm əsaslar yaratmışdı. Sonrakı mərhələdə isə O, xalqın yaddaşını təzələməklə cümhuriyyət ideyalarının geniş şəkildə yayılmasına çalışırdı. XX yüzillikdə Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsası da məhz Onun səyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub.
Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövrdə hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi və belə addımların atılması çox təhlükəli idi. Heydər Əliyev isə təhdidlərdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi, həmçinin ölkənin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı.
10 maddədən ibarət bəyannamədə müstəqilliyimizin mühüm prinsipləri əks olunub
Müstəqillik mücadiləsini davam etdirən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 10 müddəadan ibarət olan sənəddə 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğu xüsusi vurğulanıb. Sənəddə ölkəmizin reallıqları nəzərə alınmaqla milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminatlar verilib və respublikanın vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyinə çağırış edilib. Eyni zamanda, respublikamızın keçmiş ittifaqın bütün subyektləri ilə dostluq münasibətlərinin bundan sonra da saxlamasının arzu edildiyi, eləcə də beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğu vurğulanır. Sənədin sonuncu bəndində oxuyuruq: “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir”.
Heydər Əliyevin təşəbbüsü ilə 30 avqust 1991-ci il tarixində qəbul olunan bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. Həmin ilin oktyabr ayının 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Sözügedən bəyannamənin mühüm müddəalarından biri də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlıdır. Burada ölkənin təhlükəsizliyinin, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi müqəddəs borc kimi vurğulanır. Bu müqəddəs borcu yerinə yetirən isə Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev oldu. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı zəfərlər sayəsində artıq müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

