Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naxçıvan yeni geoiqtisadi reallıqların mərkəzinə çevrilir

Naxçıvan yeni geoiqtisadi reallıqların mərkəzinə çevrilir

14.08.2026 [13:28]

Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində
Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişaf
strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Müsahibədə vurğulanan
fikirlər Naxçıvanın həm sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi, həm də
təhlükəsizlik, enerji, sənaye, nəqliyyat və regional inteqrasiya məsələlərini əhatə
edən kompleks yanaşmanın mövcudluğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri məhz mühüm layihələrin
təməlqoyma və təqdimat mərasimləri ilə yadda qalıb. Dövlət başçısının qeyd etdiyi
kimi, hər səfərin öz böyük mənası və nəticələri var. Bu səfər də Naxçıvanın
inkişafının yeni mərhələsinin konturlarını müəyyənləşdirən mühüm hadisə kimi
dəyərləndirilir.
Son illərdə Naxçıvanın sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində
genişmiqyaslı layihələr həyata keçirilib. İnfrastrukturun yenilənməsi, enerji
təminatının gücləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və nəqliyyat
imkanlarının genişləndirilməsi muxtar respublikanın iqtisadi potensialının
artırılmasına xidmət edir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı
“Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri bu prosesin bundan
sonra da davam etdiriləcəyini təsdiqləyir. Burada əsas məqsəd Naxçıvanın gələcək
inkişaf üçün daha geniş imkanlara malik iqtisadi məkana çevrilməsidir. Bu
baxımdan dövlət proqramlarının icrası xüsusi əhəmiyyət daşıyır. İnfrastruktur
layihələri ilə yanaşı, yeni sənaye müəssisələrinin yaradılması, investisiyaların cəlb
edilməsi, enerji istehsalının artırılması və nəqliyyat bağlantılarının inkişaf
etdirilməsi Naxçıvanın iqtisadi fəallığının yüksəlməsinə şərait yaradacaq.
Naxçıvanın geostrateji mövqeyi onun təhlükəsizliyinin Azərbaycanın milli
təhlükəsizlik sistemində xüsusi yer tutmasını şərtləndirir. Prezidentin
müsahibəsində müdafiə potensialının gücləndirilməsinin prioritet məsələ kimi
təqdim olunması da məhz bu reallıqdan irəli gəlir. Naxçıvanın coğrafi
xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması
və regiondakı geosiyasi proseslər burada təhlükəsizlik məsələlərinə xüsusi

yanaşmanı zəruri edir. Bu məqsədlə Naxçıvanda Əlahiddə Ordu yaradılıb və
maddi-texniki bazası müasir standartlara uyğunlaşdırılıb. Yeni komando
qüvvələrinin yaradılması, hərbi texnikanın yenilənməsi və ən müasir silah
sistemləri ilə təchizatın davam etdirilməsi mühüm önəm kəsb edir. Bu proses
Azərbaycanın ümumi müdafiə strategiyasının Naxçıvan istiqamətində də ardıcıl
şəkildə həyata keçirildiyinin göstəricisidir. Azərbaycan Silahlı Qüvvələrinin
regionda söz sahibi olması ölkənin təhlükəsizlik imkanlarının mühüm
komponentlərindən biridir.
Səfərin mühüm hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması
oldu. Bu layihə muxtar respublikanın sənaye potensialının artırılması, yeni istehsal
sahələrinin yaradılması və məşğulluğun genişləndirilməsi baxımından mühüm
əhəmiyyət daşıyır. Naxçıvan Sənaye Parkının ərazi baxımından Azərbaycanda
Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olması layihənin
miqyasını təsdiqləyir. Sənaye parklarının yaradılması ölkədə qeyri-neft sektorunun
inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması və
investisiya imkanlarının artırılması siyasətinin mühüm istiqamətlərindən biridir.
Naxçıvan Sənaye Parkının fəaliyyəti də bu siyasətin muxtar respublikada yeni
mərhələsini formalaşdıracaqdır. Burada diqqət çəkən əsas məqamlardan biri enerji
təminatı ilə sənaye inkişafının paralel şəkildə planlaşdırılmasıdır.
Prezident İlham Əliyev müsahibəsində enerji təhlükəsizliyi məsələsinə də diqqət
yetirib. Müasir dünyada enerji təminatının davamlılığı iqtisadi təhlükəsizliyin əsas
şərtlərindən birinə çevrilib. Enerji daşıyıcılarının nəqli ilə bağlı mümkün
problemlər, nəqliyyat zəncirlərinin qırılması və regional münaqişələr enerji
təhlükəsizliyinə yeni çağırışlar yaradır. Azərbaycanın bu sahədə üstünlüklərindən
biri böyük enerji resurslarına və inkişaf etmiş enerji infrastrukturuna malik
olmasıdır.
Naxçıvanın enerji təminatı istiqamətində həyata keçirilən siyasət çoxşaxəli və
dayanıqlı enerji sisteminin yaradılmasına yönəlib. Muxtar respublikada
qazlaşmanın 100 faizə çatdırılması da sosial və enerji təhlükəsizliyi baxımından
mühüm göstəricidir. Ölkə üzrə qazlaşmanın yüksək səviyyəyə çatdırılması ilə
yanaşı, Naxçıvanda bu göstəricinin tam səviyyəyə yüksəldilməsi uzunmüddətli
enerji siyasətinin nəticəsidir. Bununla yanaşı, Naxçıvanda su, Günəş və modul tipli

elektrik stansiyalarının yaradılması enerji mənbələrinin şaxələndirilməsinə imkan
verir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət yetirdiyi məsələlərdən biri
Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək
nəqliyyat bağlantısının yaradılması uzun illərdir ölkənin strateji məqsədlərindən
biridir. 2020-ci il Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi
reallıqlar bu layihənin həyata keçirilməsi üçün mühüm imkanlar formalaşdırıb.
Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən bu nəqliyyat bağlantısı yalnız
Naxçıvanın ölkənin əsas hissəsi ilə əlaqəsinin təmin edilməsi baxımından deyil,
daha geniş mənada Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı baxımından
əhəmiyyətlidir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın əsas
ərazisindən Naxçıvana, oradan isə Türkiyəyə və daha geniş beynəlxalq nəqliyyat
şəbəkələrinə çıxış üçün yeni imkanlar yaradacaq.
İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycanın azad edilmiş ərazilərdə
genişmiqyaslı yol və dəmir yolu layihələrinə başlaması gələcək regional
bağlantıların formalaşdırılmasına hesablanmış strateji addım idi. Hazırda
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi bu
baxımdan mühüm mərhələdir. Dəmir yolunun inşası da sürətlə davam etdirilir.
Azərbaycan öz ərazisində zəruri infrastrukturun hazırlanmasını təmin edir. Bu
yanaşma dövlətimizin regional nəqliyyat layihələrində uzunmüddətli strateji
planlaşdırmaya üstünlük verdiyini nümayiş etdirir.
Qarşıdakı illər Naxçıvanın Azərbaycanın iqtisadi, enerji və nəqliyyat məkanında
rolunun daha da yüksəldiyi yeni mərhələ olacaqdır.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31