Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xalqın Ulu Öndərə böyük inamı əsasında yaranan partiya

Xalqın Ulu Öndərə böyük inamı əsasında yaranan partiya

18.11.2022 [10:08]

Yaranmasından 30 il ötən Yeni Azərbaycan Partiyasının (YAP) tarixindən, keçdiyi yoldan danışmaq respublikamızın müstəqilliyinin möhkəmlənməsindən, inkişafından, beynəlxalq aləmdə özünün layiqli yerini tutmasından bəhs etmək anlamına gəlir. YAP-ın tarixi heç bir halda ayrılıqda götürülmüş bir siyasi təşkilatın keçdiyi yol kimi səciyyələndirilə bilməz. Son 30 ildə respublikamızda gedən bütün müsbət proseslərin aparıcı qüvvəsi qismində məhz Yeni Azərbaycan Partiyası, onun əsasını qoyan ulu öndər Heydər Əliyev və uğurlu siyasi kursu inamla irəli aparan YAP Sədri, Prezident İlham Əliyev çıxış ediblər.

Heç bir mübaliğəyə yol vermədən YAP-ın unikal bir partiya olduğu qənaətini ifadə edə bilərik. Dünyanın siyasi tarixinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələrdə hansısa bir partiyanın iqtidara gəlməsi prosesi adətən uzun illəri əhatə edir. Bu həm keçmiş dönəmlərdə belə olub, həm də indi də belədir. Yeni Azərbaycan Partiyası isə dünya tarixinə yeni bir nümunə gətirdi. 21 noyabr 1992-ci il tarixində təsis konfransı keçirilən YAP-ın Lideri Heydər Əliyev cəmi bir neçə aydan sonra-1993-cü ilin iyun ayında artıq ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gəlmişdi. Bütün ölkə boyunca YAP-ın siyasi qüvvə kimi formalaşması kütləvi prosesə çevrildi. Xatırladım ki, proses rəsmən 16 oktyabr 1992-ci il tarixində 91 nəfər tanınmış ziyalının o dövrdə respublikanın keçmiş rəhbərliyinin qısqanclığı səbəbindən Bakıda qala bilməyən və Naxçıvana gedib burada Muxtar Respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevə tarixi müraciəti ilə start götürmüşdü. Həmin müraciətdə ziyalılar zəngin idarəçilk təcrübəsinə malik olan Heydər Əliyevdən Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verməsini xahiş edirdilər. Heydər Əliyev bu razılığı verdi və partiya yuxarıda qeyd etdiyimiz tarixdə təsis olundu. Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın təsis olunmasına sadəcə bir partiyanın siyasi arenaya daxil olması faktı kimi dəyərləndirmək doğru olmazdı. Mən həmin dövrə qısa ekskurs etmək istərdim. Müstəqilliyimizin ilk illəri təlatümlü illər kimi yaddaşlarda qalıb. Ermənistanın respublikamıza qarşı apardığı işğalçılıq siyasətinin miqyasının genişlənməsi, siyasi hakimiyyətin səriştəsizliyi ucbatından ölkəni ağuşuna alan xaos, qarşıdurmalar, iqtisadi tənəzzül, insanların sosial vəziyyətinin dözülməz dərəcədə ağırlaşması, inflyasiya, xarici təzyiqlər o dövrdə respublikamızın həyatının acı reallıqları idi. Ölkə sözün həqiqi mənasında vətəndaş müharibəsinin astanasına gəlib çatmışdı. Acınacaqlı hal idi ki, o dövrdə müxtəlif populist şüarlarla siyasət meydanına atılan partiyalar, təşkilatlar bir-birlərinin dediklərini həzm edə bilmirdilər və konsensusa gəlməkdən çox uzaq idilər. Məşhur təmsildə olduğu kimi, hər kəs arabanı öz istədiyi səmtə dartmağa çalışırdı.

Vəziyyətin nə qədər ağır olduğunu dərk edən ziyalıların belə təlatümlü dövrdə Heydər Əliyevə üz tutmaları təsadüfi deyildi. Aydın şəkildə dərk olunurdu ki, yalnız Heydər Əliyev ziddiyyətlər burulğanına düşən respublikada birləşdirici və hadisələri düzgün istiqamətə yönəltməyi bacaran Lider ola bilər. Təsis konfransından sonra bütün ölkə üzrə

YAP-ın formalaşmasının kütləvi hal alması məhz Heydər Əliyevin xalq arasındakı nüfuzu ilə bağlı idi. Mən müsahibələrimin birində bildirmişəm ki, zaman keçdikcə, biz Ümummilli Liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən danışarkən demişdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Onun mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir. Heydər Əliyevin xalq arasındakı böyük nüfuzunun arxasında Onun keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdəki fəaliyyəti dayanırdı. Həmin dövr buxovları, məhdudiyyətləri, sərt qadağaları ilə səciyyələnirdi. Heydər Əliyev isə belə qadağalara baxmayaraq, xalqımızın özünüdərk hissinin güclənməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirirdi. O, 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail oldu. Həmin kadrlar sonradan müstəqil Azərbaycanın idarə olunmasında fəal iştirak edəcəkdilər. Ulu Öndər keçmiş İttifaqdakı nüfuzundan istifadə edərək bir sıra iqtisadi layihələrin məhz respublikamızda reallaşdırılmasına, o cümlədən neft-maşınqayırma sənayesinin modernləşdirilməsinə, yeni istehsalatların yaradılmasına, aqrar sektorun gəlirli sahələrinin inkişafına nail oldu. Bunlar isə gələcək müstəqil Azərbaycan üçün güclü iqtisadi dayaqlar idi. Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Onun hakimiyyətə gəldiyi dövrdən Azərbaycan mədəniyyətinin intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayda mədəniyyət hadisələri var. Azərbaycan ədəbiyyatına, Azərbaycan incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görülüb. Heydər Əliyev mütəfəkkir və gələcəyi düşünən böyük dövlət xadimi idi və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bilirdi. O, keçmiş sovet dönəmində respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycanı İttifaq məkanında tanıtmaqla həm də bütün dünyaya təqdim etdi. Deyə bilərik ki, Heydər Əliyev həmin dövrdə respublikanın idarə edilməsi ilə paralel şəkildə, həm də millət quruculuğu naminə məqsədyönlü fəaliyyətlər həyata keçirirdı. Hesab edirəm ki, ötən əsrin sonlarına doğru keçmiş İttifaq məkanında baş verən məlum proseslər fonunda Azərbaycanın öncüllər sırasında azadlıq, müstəqillik mübarizəsinə başlaması məhz zamanında Heydər Əliyevin məqsədyönlü fəaliyyət nəticəsində xalqda özünəinam hissinin gücləndirməsinin nəticəsi idi. Özünə inanan, böyüklüyünü dərk edən, azadlığa gedən yolda şəhidlər verən, 20 Yanvarda tankların qarşısına əliyalın çıxmağa cəsarət göstərən xalq bəhs etdiyimiz dövrdə müstəqilliyimiz üçün yaranan təhdidlərin qarşısının alınmasının yeganə yolunu ölkəyə hakimiyyətin sınanmış Lideri Heydər Əliyevə həvalə edilməsində görürdü. Ölkənin bütün bölgələrində insanlar Ulu Öndərin Azərbaycanın rəhbərliyinə gəlib XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizi xilas etməsini arzulayırdı. Bax, xalqın belə böyük inamına görə də YAP-ın təşkilatlanması və iqtidar partiyasına çevrilməsi prosesi qısa dövrü əhatə etdi. 1993-cü ilin yayında ölkədə baş verən vətəndaş qarşıdurmaları fonunda xalq mitinqlər keçirərək, imzalar toplayaraq yenicə təsis olunmuş YAP-ın Lideri Heydər Əliyevi Azərbaycanın siyasi rəhbərliyə gəlməsini təkid edirdi. Heydər Əliyev bu çağırışa müsbət cavab verdi.

Ulu Öndərin yenidən respublikanın siyasi hakimiyyətinə gəlməyə razılıq verməsi Onun cəsarətinin və xalq sevgisinin ifadəsi idi. Mən yuxarıda o dövrün mənzərəsini qısa şəkildə təsvir etdim. Bəlkə də, bir çox siyasətçilər belə təlatümlü, perspektivi mücərrəd görünən bir dövrdə hakimiyyətə gəlməyə risk etməz və gələcək karyerasını qorumaq naminə suların durulmasını gözləyərdi. Ancaq bu qəlbi, varlığı həmişə xalqla bir yerdə döyünən böyük Heydər Əliyev idi. Azərbaycanın müstəqilliyə qovuşması Heydər Əliyevin amalı idi və O, illər boyunca xalqını, ölkəsini buna hazırlamışdı. Təbii ki, Ulu Öndər müstəqilliyimiz üçün yaranan təhdidlərə seyirçi qala bilməzdi və qalmadı da. Onu da qeyd edək ki, həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsini yalnız xalq arzulamırdı, bunu həm də o zamankı iqtidar istəyirdi. Beləliklə, YAP Sədri Heydər Əliyev 9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin həyatında yeni bir dövr başladı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyev Prezident seçildi və bununla da partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrildi.

Həmin dövrdən etibarən Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərdə öz üstünlüyünü təmin edib. Seçkilərdə YAP-ın namizədlərinin dəstəklənməsi ilk növbədə xalqın partiyanın əsasını qoyan Ümummilli Liderimizə və Onun siyasi varisi, YAP-ın hazırkı Sədri Prezident İlham Əliyevə böyük hörmət və inamının ifadəsidir. Partiyanın VII qurultayından sonra qəbul olunan yeni proqramda qarşıya ölkəmizin hazırkı inkişaf reallıqları nəzərə alınmaqla yeni hədəflər qoyulub. Hesab edirəm ki, Heydər Əliyev siyasi kursunun ardıcıllığının Azərbaycanın dövlət başçısı tərəfindən uğurla təmin edilməsi ölkəmizin inamlı inkişafının təməlində dayanan mühüm amillərdən biridir. Bu siyasi kursun davam etdirilməsi respublikamızı zirvələrə yüksəldib, bizə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini yaşadıb. Qürurverici haldır ki, Yeni Azərbaycan Partiyası özünün yubileyini zəfər ovqatı ilə qeyd edir.

Nizami Cəfərov,

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31