Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bioloji fəallığa malik qida əlavələri...

Bioloji fəallığa malik qida əlavələri...

12.04.2023 [11:23]

Hansı halda və necə qəbul edilməlidir?

Yeganə BAYRAMOVA

Gündəlik qəbul etdiyimiz qidalar sağlamlığın üçün vacib ünsürlərindən biridir. Düzgün qidalanmaq üçün rasionumuza vitamin və minerallarla zəngin qidaların daxil edilməsi əsas şərtdir. Bu baxımdan qida rasionunun zənginləşdirilməsində bioloji fəallığa malik qida əlavələrindən də istifadə olunur. Bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji aktivliyə malik bu məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Həmin qida əlavələri gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır.

Bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin orqanizmdə çatışmazlığının aradan qaldırılmasına rol oynayır. Bu məhsullar orqanizmin normal fəaliyyətinin təmin edilməsi baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur. Məlumdur ki, vitaminlərin kifayət qədər qəbul edilməməsi insan orqanizminə mənfi təsir göstərir. Vitamin çatışmazlığı yarandıqda orqanizmin xəstəliklərə qarşı davamlılığı zəifləmiş olur. Bioloji fəallığa malik qida əlavələrinin tərkibində amin turşuları, yağ turşuları, zülallar və müxtəlif bitki mənşəli ekstraktlar da daxil olmaqla digər maddələr mövcud ola bilər. Lakin bu qida əlavələrinin düzgün qəbul edilməsi vacib faktlardan biridir. Yanlış istifadə orqanizmin normal fəaliyyətini təmin etmək yerinə müxtəlif fəsadlara yol aça bilər.

Qida əlavələri müalicə məqsədi daşıya bilməz

Mövzu barədə “Yeni Azərbaycan”a danışan həkim-terapevt Nərgiz Ağayeva bildirib ki, qida əlavələri, əslində müalicə deyil, insanın həyat tərzinin optimallaşdırılmasıdır. Onun sözlərinə görə, bu əlavələr orqanizmdə farmakoloji, immunoloji və ya metabolik təsirlərə malik deyil. Bu səbəbdən də onların istifadəsi insanlarda xəstəliklərin müalicəsi və ya fizioloji funksiyaları dəyişdirmək məqsədi daşımır: “Bioloji fəallığa malik qida əlavələri ənənəvi təbabətdə həmişə istifadə olunub. Məsələn, Belarusun istehsal etdiyi ekstrakt valerian preparatı var, sakitləşdirici kimi istifadə olunur. Bioloji fəallığa malik qida əlavələri xaricdə, bir çox inkişaf etmiş ölkələrdə reseptsiz, hətta bəzi ərzaq mağazalarında satılır. Əslində bunlar dərman deyil. Qida əlavələri bir növ həyat tərzidir. Misal üçün, Yaponiyada, ABŞ-da vətəndaş gedib marketlərdən bu məhsulu ala bilir. Onlara qeydiyyat da tələb olunmur. Sadəcə gigiyenik sertifikat tələb olunur. Necə ki, qida məhsullarına gigiyenik sertifikat tələb edilir, qida əlavələri də o şəkildə istifadə olunur”.

Terapevtin sözlərinə görə, qida əlavələri ən çox ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrdə istifadə olunur: “Ötən əsrin 60-70-ci illərindən ABŞ-da qida əlavələrindən istifadə faizi artıb. Yəni, maarifləndirmə gedib. Orta ömür 15-20 il artıb. Tutaq ki, insan tərkibində cəfəri, sarımsaq olan qida əlavələrini daim qəbul edərsə, ürəyin işemik xəstəliyinə, mədə-bağırsaq xəstəliklərinə tutulma ehtimalı az olur. Məsələn, balıq yağı da qida əlavəsidir. Balıq yağı müxtəlif adlar altında istehsal olunur. Bunlar dərman deyil və düzgün qəbul edilmək şərti ilə həyat tərzimizdə olmalıdır”.

Normal qidalanmanı əvəz etmir

N.Ağayeva qeyd edib ki, qida əlavələri orqanizmin zəruri tələbatlarının ödənilməsi üçün qidalanma zamanı və ya qida məhsulları kimi ayrıca qəbul edilir. Lakin heç bir halda normal qidalanmanı əvəz etmir: “Qida əlavəsinin resept formasında yazılmaması məntiqlidir. Bunu sadəcə olaraq azad seçim kimi vətəndaş gedib öz şikayətinə uyğun olaraq aptekdən, ya marketdən özü də ala bilər. Qida əlavələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərman maddələri kateqoriyasına yox, dərman bitkiləri kateqoriyasına aiddir. Ancaq yaxşı olar ki, həmin məhsullar həkim təyinatı ilə alınsın”.

Həkim bioloji fəallığa malik qida əlavələrini alarkən diqqət edilməli olan məqamları da açıqlayıb: “Qablaşdırma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı barədə diqqətlə tanış olmaq lazımdır. Bu, imkan verəcək ki, aldığımız məhsulun potensial faydaları ilə bərabər, yaratdığı riskləri, gündəlik qəbuletmə dozası və əks göstərişləri ilə bağlı məlumatlı olaq. Hər bir qida əlavəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi onun yalnız müəyyən edilmiş qəbuletmə dozalarında özünü göstərir”.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31