Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müharibənin 5 günü...

Müharibənin 5 günü...

05.03.2026 [09:52]

Qarşıdurma davam edir: 1097 mülki şəxs həyatını itirib

Yaxın Şərqdə qarşıdurma davam edir. Yayılan məlumatlara görə, fevralın 28-dən martın 4-nə qədər İranda 1097 mülki şəxs öldürülüb. Onlardan 181-i 10 yaşadək uşaqlardır.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper “X” hesabındakı paylaşımında fevralın 28-dən bu yana baş tutan əməliyyat zamanı ABŞ ordusunun 17 İran gəmisini məhv etdiyini, 2000 hədəfə zərbə endirildiyini yazıb. “Bizə atəş aça biləcək hər şeyə diqqət yetiririk. Biz həmçinin İranın donanmasını - bütöv bir donanmanı batırırıq. İndi İranın ən bacarıqlı sualtı qayığı da daxil olmaqla, 17 İran gəmisini məhv etmişik, bu gəminin yan tərəfində dəlik var”.

O, həmçinin ABŞ-ın B-2 və B-1 strateji bombardmançı təyyarələrinin nəticələrini “danılmaz cərrahi zərbələr” adlandırıb: “Bu gün Fars körfəzində, Hörmüz boğazında və ya Oman körfəzində bir dənə də olsun İran gəmisi yoxdur. Və biz dayanmayacağıq”.

Kuperin sözlərinə görə, “Epik Qəzəb” əməliyyatında 50 mindən çox Amerika əsgəri və 200-dən çox döyüş təyyarəsi iştirak edir və zərbələr gecə-gündüz həyata keçirilir: “Biz artıq 2000-dən çox sursatdan istifadə edərək təxminən 2000 hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflətmişik və yüzlərlə İran ballistik raketini, buraxılış qurğusunu və dronunu məhv etmişik”.

Kuper qeyd edib ki, əməliyyatın əvvəlindən bəri İran Amerika hədəflərinə, İsrailə və ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinə qarşı cavab hücumlarında 500-dən çox ballistik raket və 2000-dən çox PUA atıb.

4 mindən çox raket...

İsrail Müdafiə Qüvvələri (İDF) bildirib ki, əməliyyatın başlanğıcından bəri İrana qarşı 4000-dən çox hava sursatı istifadə edilib. İDF-in sözçüsü, briqada generalı Efi Defrin bildirib ki, istifadə olunan sursatın həcmi artıq 2025-ci ilin iyun ayında İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı atılan bombaların sayından çoxdur. Həmin müharibə zamanı təxminən 4000 bomba istifadə olunmuşdu. Sözçü əlavə edib ki, münaqişənin başlanğıcından bəri İsrail qırıcı təyyarələri təxminən 1600 döyüş uçuşu həyata keçirib.

İran hədələdi...

Bu arada İran Müdafiə Nazirliyi ABŞ və İsrailə yönəlik kəskin bəyanat yayıb. Rəsmi açıqlamada yaxın günlərdə ABŞ və İsrailin hərbi əməliyyatı dayandırmağa məcbur olacağı bildirilib. Nazirliyin bəyanatında vurğulanıb ki, əgər İranın “əsas mərkəzləri” hücuma məruz qalarsa, Tehran Yaxın Şərqin “bütün iqtisadi mərkəzlərinə” zərbələrlə cavab verəcək.

İran tərəfi həm də ABŞ ilə artıq heç bir danışıqlar aparmaq niyyətində olmadığını və müharibəni lazım olduğu qədər davam etdirməyə hazır olduğunu açıqlayıb. Bu barədə İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber bildirib. “Biz amerikalılara etibar etmirik və onlarla heç bir danışıqlar aparmaq niyyətində deyilik. Zərurət yaranarsa, səkkizillik Müqəddəs Müdafiə dövründə (1980-1988-ci illər İran-İraq müharibəsi) olduğu kimi müharibəni istədiyimiz qədər davam etdirə bilərik”, - deyə o bildirib.

ABŞ administrasiyası isə İran İslam Respublikasına qarşı elan edilən “Böyük hərbi əməliyyat”ın əsas hədəflərini açıqlayıb. Ağ Evin yaydığı rəsmi məlumatda əməliyyatın bir neçə strateji məqsəd daşıdığı bildirilib. Bəyanata əsasən, plan İranın demilitarizasiyasını, ABŞ-ın gələcək mümkün hücumlardan qorunmasını, ayətulla rəhbərliyindəki rejimin zərərsizləşdirilməsini və İranın proksi qüvvələrinin təsirindən mülki əhalinin müdafiəsini nəzərdə tutur. Açıqlamada vurğulanıb ki, əməliyyat ABŞ-ın milli təhlükəsizlik maraqları çərçivəsində həyata keçirilir.

Qaani saxlanıldı...

Qeyd edək ki, İranın keçmiş ali dini rəhbəri Əli Xamneinin öldürülməsi ilə bağlı müəyyən detallar bəlli olub. Belə ki, koordinatların əvvəlcədən qarşı tərəfə xəbər verilməsi şübhəsi ilə başlanan proses nəticələnib - SEPAH-ın ən strateji qanadlarından biri olan Qüds qüvvələrinin komandiri  İsmail Qaani saxlanılıb. Onun ölkəsinə xəyanət etdiyi və xarici kəşfiyyat orqanları ilə işbirliyi qurduğu barədə məlumatlar yayılsa da, bu xəbərlərin heç biri rəsmi şəkildə təsdiqlənməyib. Qaani İsrailin kəşfiyyat xidməti - MOSSAD üçün casusluq etməkdə şübhəli bilinir və məhz İnqilab Mühafizəçilərinin keçirdiyi daxili əməliyyat nəticəsində nəzarət altına alınıb.

Yeni lider seçildi...

Bu arada İranda yeni dini lider seçilib. Öldürülən ali dini lider Ayətullah Əli Xameneinin yerini oğlu Müctəba Xamenei tutub. Müctəba Xamenei bu posta “Məclisi Xubregan”ın səsverməsi nəticəsində seçilib. Qeyd edək ki, Müctəba Xameneinin varis kimi önə çıxması prosesi artıq bir neçə ildir ki, davamlı hal almışdı. Əli Xameneinin yerinə onun ikinci oğlu Müctəba Xameneinin seçilməsi ölkənin siyasi tarixində ən mübahisəli və rezonanslı qərarlardan biri kimi qiymətləndirilir. 1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei dini təhsilini əsasən Qum şəhərində alıb. Şiə fiqh məktəbinin klassik proqramlarını keçdiyi bildirilsə də, onun ali dini rütbəyə - mərceyi-təqlid səviyyəsinə yüksəlməsi geniş müzakirəyə səbəb olmuşdu. Qeyd olunur ki, SEPAH və Bəsic başda olmaqla İranın aparıcı silahlı qüvvələri məhz Müctəba Xameneinin əmrindədir. Müctəbanın bir çox mühüm proseslərə, o cümlədən 2005-ci il seçkilərində Əhmədinejadın prezident seçilməsinə və 2009-cu ildə etirazların zorakılıqla yatırılmasına birbaşa müdaxilə etdiyi də bildirilir.

Onun sərt təhlükəsizlik yanaşmasına üstünlük verəcəyi, SEPAH-ın regional siyasətdə rolunun daha da artacağı və Qərblə münasibətlərdə gərgin kursun davam edəcəyi ehtimal olunur.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz İranın növbəti ali lideri olacaq hər kəsi öldürməklə hədələyib. Nazir bu barədə “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirib: “İran rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-a, azad dünyaya və bölgə ölkələrinə təhdid yaratmaq, həmçinin İran xalqını boğmaq məqsədilə təyin olunacaq hər bir lider, qeyd-şərtsiz məhv edilməli hədəf olacaq”.

Hərbi təyyarə vuruldu...

İranın “Tasnim” agentliyi ABŞ-a məxsus daha bir hərbi təyyarənin vurulduğunu iddia edib. Agentliyin xəbərinə görə, ABŞ-ın F-15 tipli qırıcısı İran Ordusunun hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Məlumatda insidentin vaxtı və məkanı ilə bağlı detallı informasiya verilməyib. ABŞ tərəfi isə hələlik bu iddiaya münasibət bildirməyib.

Eyni zamanda, İranın İsrail istiqamətində yeni raket seriyası buraxdığı bildirilib. İraqın INA agentliyinin məlumatına görə, raketlər İran ərazisindən İsrail istiqamətinə doğru atılıb. Hücumun nəticələri, eləcə də mümkün dağıntı və itkilər barədə açıqlama yoxdur. İsrail tərəfi isə insidentlə bağlı hələlik rəsmi bəyanat yaymayıb.

3 günə 2 milyard dollar...

ABŞ İrandakı əməliyyata 3 gün ərzində 2 milyard dollardan çox vəsait xərcləyib. Məlumata görə, hesablamalara hərbçilərin saxlanması, gəmilər, təyyarələr və digər hərbi infrastrukturla bağlı xərclər daxil edilib. Bundan başqa, Vaşinqton bir neçə Körfəz ölkəsinə İranın davam edən hücumlarından müdafiə olunmaq üçün silah və sursat verməkdən imtina edib. Bu barədə “Middle East Eye” Qərb və keçmiş Amerika rəsmisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, İran hücumlarından zərər görən azı bir Körfəz dövləti ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra tükənən silah ehtiyatlarının bərpası üçün Vaşinqtona müraciət edib. Lakin bu istək qəbul olunmayıb. Digər mənbə isə bildirib ki, regionun daha bir ölkəsi ABŞ-ın onların hava hücumundan müdafiə sistemlərinə dəstək verməyə və öz ərazilərində yerləşən aviabazalardan istifadə etməyə hazır olub-olmadığını soruşub. Sabiq amerikalı məmurun sözlərinə görə, Fars körfəzi ölkələri yeni raket tədarükünə ümid etməməlidir.

Kərəcdə partlayış...

İranın paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərində bir neçə güclü partlayış baş verib. “Əl-Cəzirə”nin məlumatına görə, Kərəcdə ard-arda güclü partlayış səsləri eşidilib. Hadisə nəticəsində dəyən mümkün ziyan və xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Eyni zamanda, İNA xəbər agentliyi İranın mərkəzində yerləşən Qum şəhərində də partlayışların baş verdiyini bildirib. “Tasnim” agentliyi isə İranın üçüncü ən böyük şəhəri olan İsfahan və paytaxt Tehranda bir neçə güclü partlayışın qeydə alındığını yazır.

İraq, Qətər və Səudiyyə Ərəbistanına növbəti hücum...

İraq Kürdüstanının paytaxtı Ərbildə də üç partlayış baş verib. “Shafaq News” portalı yerli mənbəyə istinadla məlumat yayıb ki, Kasnazan bölgəsinə yaxın ərazidə partlayıcı qurğularla dolu pilotsuz uçan aparat düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. İraqın “Saraya Avliya əl-Dam” silahlı qruplaşması bildirib ki, ABŞ-ın Ərbildəki qoşunlarını yerləşdirmək üçün istifadə etdiyi hotelə də pilotsuz təyyarə hücumu edilib.

Qətər Müdafiə Nazirliyinin məlumatına görə, İran ölkəyə doğru iki ballistik raket atıb. Onlardan biri Əl-Udeyd hərbi bazasına düşüb, digərini isə hava hücumundan müdafiə sistemi məhv edib. Nazirlik əlavə edib ki, xəsarət alan yoxdur.

Eyni zamanda, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri ölkənin mərkəzi üzərində ikiqanadlı raketi vurub. Nazirlik vurulan raketlərin Əl-Xərc şəhəri üzərində məhv edildiyini açıqlayıb.

“Kilo” məhv edildi...

ABŞ Hərbi Dəniz Qüvvələri İranın ən təhlükəli dəniz aktivlərindən biri hesab olunan “Kilo” sinfinə məxsus dizel-elektrik sualtı qayığını məhv edib. Bu əməliyyat Tehranın dənizdəki hərbi potensialına endirilmiş ən ağır zərbələrdən biri kimi qiymətləndirilir. Məlumatlara görə, “Kilo” sinfi sualtı qayıqlar İran donanmasının ən döyüşkən və strateji texnikaları sırasına daxildir. Dayaz sularda, xüsusən də Fars körfəzində gizli əməliyyatlar aparmaq üçün nəzərdə tutulan bu platformalar torpedo və gəmiəleyhinə raketlərlə təchiz olunub. Həm hərbi gəmilər, həm də kommersiya gəmiçiliyi üçün ciddi təhdid yaradan bu qayıqlar “sakit qatil” kimi tanınırdı.

“Viktoriya” hərbi bazası vuruldu...

İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ-ın “Viktoriya” hərbi bazası pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Zərbənin birbaşa hərbi obyektin strateji nöqtələrinə endirildiyi bildirilir. Məlumata görə, kamikadze dronu bazanın hava hücumundan müdafiə sistemlərini aşaraq əraziyə düşüb. Hadisə şahidləri aeroport yaxınlığında güclü partlayış səslərinin eşidildiyini və ərazidən tüstü yüksəldiyini qeyd ediblər. İlkin xəbərlərdə hücumun İrana məxsus və ya İranın dəstəklədiyi qruplaşmalar tərəfindən idarə olunan PUA vasitəsilə həyata keçirildiyi vurğulanır. Hazırda baza?a dəyən ziyanın miqyası və tələfat barədə rəsmi məlumat yoxdur. ABŞ hərbi rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıblar.

Çindən növbəti xəbərdarlıq...

Çin növbəti dəfə Yaxın Şərqdə genişmiqyaslı müharibə riskinin artması ilə bağlı ciddi narahatlığını ifadə edərək, beynəlxalq koalisiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Bu barədə Çin parlamentinin rəsmi nümayəndəsi Lou Tsintszyan bəyanatla çıxış edib. Pekin rəsmisi vurğulayıb ki, Çin İrandakı vəziyyəti diqqətlə izləyir və istənilən dövlətin milli suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşılmasını zəruri hesab edir. O, tərəfləri eskalasiyadan qaçmağa səsləyərək bunları qeyd edib: “Çin tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasına, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasına, dialoq və danışıqların bərpasına çağırır. Yaxın Şərqdə sülh və sabitliyin qorunması qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir”.

Fransa da döyüşlərə qoşuldu...

Fransa qırıcı təyyarələri BƏƏ-də İran dronlarını vurub. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFMTV-yə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, Fransa hərbi bazalarını qorumaq üçün Birləşmiş Ərəb Əmirliklərinin hava məkanına “Rafale” qırıcı təyyarələri göndərib. “Onlar bazalarımız üzərindəki hava məkanının təhlükəsizliyini təmin etdilər”, - deyə Barro qeyd edib

SEPAH 10 tankerə hücum edib...

SEPAH isə Hörmüz boğazında ərazinin təhlükəli olması barədə xəbərdarlıqlara məhəl qoymayan 10-dan çox tankerə hücum edib. Bu barədə SEPAH-ın hərbi dəniz qüvvələrinin komandan müavini Məhəmməd Əkbərzadə məlumat yayıb. O bildirib ki, gəmilər boğazdan keçməzdən əvvəl bir neçə dəfə xəbərdarlıq edilib, lakin onlar irəliləməyə davam ediblər. O bildirib ki, 10-dan çox neft tankeri müxtəlif mərmilərlə vurulub və yandırılıb. Əkbərzadə deyib ki, SEPAH-ın hərbi dəniz qüvvələri əvvəllər qlobal naviqasiya şəbəkəsinə gəmilərə raket və ya pilotsuz təyyarə hücumları riski barədə xəbərdarlıq göndərib və əraziyə girməməyi tövsiyə edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 351 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30