Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 1 gün qaldı...

1 gün qaldı...

06.06.2026 [10:12]

İyunun 7-də Ermənistan özünün gələcəyini müəyyən edəcək

Ermənistanda parlament seçkilərinə 1 gün qalır. İyunun 7-də seçicilər hansı siyasi qüvvəyə etimad göstərdiklərini təsdiqləyəcəklər.

Parlament seçkilərində 16 partiya və iki partiya bloku mübarizə aparır.  Onların arasında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası, həmçinin Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Ermənistan (“Hayastan”) və Narek Karapetyanın “Güclü Ermənistan” blokları da var. Rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi “Güclü Ermənistan” blokuna eyniadlı partiya, “Yeni Dövr” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.

Seçkinin favoritləri hansı siyasi qüvvələrdir?

Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan, seçkini “qütblərarası savaşın seçkisi” adlandıranlar da var. Məlum olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir.

Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır. Ötən ilin iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyətləri ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.

73 yaşlı Köçəryanın isə seçkilərdəki qələbə ehtimalı zəif dəyərləndirilir - səbəb kimi isə, onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir. Bununla belə, revanşist Köçəryan komandası Rusiyanın dəstəyinə ümid edir. Lakin seçki öncəsi rəy sorğuları hazırki baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” parityasının öndə olduğunu göstərir.  Bunun əsas səbəbi kimi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir.

Rusiyanın təzyiqləri nəticələrə təsir edəcəkmi?

Bütün bunların fonunda revanşistlər ictimai rəydə nüfuz qazanmaq üçün Qarabağ kartından yenidən istifadə etməyə çalışırlar. Digər tərəfdən, seçki öncəsi Rusiyada müəyyən dairələr Paşinyana təzyiq göstərməyə çalışırlar. Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı təbii qazın qiymətinin artırılacağı ilə bağlı xəbərdarlıqlar səslənir. Bundan əlavə, Moskva bəzi Ermənistan məhsullarının idxalına qadağa qoyub. Bu yöndə qadağalar daha da sərtləşməkdədir. Belə ki, son günlər kənd təsərrüfatı məhsullarına qadağalar daha da sərtləşib.

Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda Avropa İttifaqı İrəvana 50 milyon avrodan çox təcili yardım paketi hazırlayır. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra məlumat verib: “Bu gün mən Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi son məhdudiyyətlər barədə danışdım. Bu, iqtisadi məcburiyyətdən başqa bir şey deyil və qəbuledilməzdir. Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərinin müddətini uzadaraq siyasi təzyiq göstərmək üçün iqtisadi münasibətlərdən silah kimi istifadə edir. Biz bu taktikanı çox yaxşı bilirik. Məhz buna görə Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir. Biz Avropa İttifaqı tərəfindən dəstək tədbirləri paketi hazırlayırıq. Bu, 50 milyon avrodan çox məbləğdə təcili maliyyə yardımını ehtiva edir. Həmçinin bir sıra Ermənistan malları, xüsusən də aqro-ərzaq sektoru məhsulları üçün ticarətin asanlaşdırılması tədbirləri nəzərdə tutulub”.

Fon der Lyayen əlavə edib ki, Aİ İrəvanda keçirilən son sammitdə əldə edilmiş razılaşmalar çərçivəsində Avropa və Ermənistan müəssisələri arasında əlaqələri gücləndirməyə davam edəcək. Onun sözlərinə görə, bu təşəbbüslərin daha da irəlilədilməsi iyunun 23-də keçiriləcək qarşılıqlı əlaqə məsələləri üzrə platformanın nazirlər görüşündə müzakirə ediləcək: “Biz bütün bu istiqamətlər üzrə səmərəli koordinasiyanı təmin etmək üçün Aİ-Ermənistan birgə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bu orqan bütün bu təşəbbüslərin, eləcə də gələcəkdəki hər hansı sonrakı tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək”.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib  isə bildirib ki, Avropa İttifaqının  Ermənistana ayırmaq niyyətində olduğu 50 milyon avro həcmində maliyyə yardımı iqtisadi dəstək baxımından qətiyyən heç nəyi həll etməyəcək: “Bu, qətiyyən heç nəyi həll etmir. Bizim Ermənistanla ticarət həcmlərimiz tamamilə fərqlidir, bunu heç şərh etmək belə istəmirəm”.

Bundan əlavə, son günlər Rusiyada yaşayan ermənilərin də Ermənistana gəlişi artıb. Hakimiyyət yönümlü ekspertlər hesab edir ki, Moskva onları məqsədli şəkildə göndərir ki, səsvermə prosesində Rusiyayönümlü siyasi qüvvələrin üstünlüyünə nail olunsun. Ümumiyyətlə, Rusiyanın mövqeyi belədir ki, əgər Paşinyan hakimiyyəti Avrasiya İqtisadi Birliyini Avropa İttifaqı ilə əvəzləyərsə Ermənistanı çətin vəziyyət gözləyir.

Nəzərə alaq ki, Ermənistanda seçkiqabağı atmosfer son dərəcə gərgindir. Seçki kampaniyası qarşılıqlı ittihamlar, informasiya mübarizəsi, siyasi qalmaqallar və gərginlik fonunda keçdi. Lakin əsas məqam ondan ibarətdir ki, bu seçki kampaniyası artıq, sadəcə parlament mandatları uğrunda siyasi partiyaların mübarizəsi deyil. Əslində, Ermənistan cəmiyyəti dövlətin gələcək inkişaf modelini müəyyənləşdirəcək seçim qarşısındadır.  Bu gün Ermənistanda siyasi mübarizə aparanları təsnifatlaşdırsaq, deyə bilərik ki, bir tərəfdə yeni regional reallıqların qəbul edilməsi, qonşularla münasibətlərin normallaşdırılması və daimi qarşıdurma siyasətindən imtina xətti dayanır. Digər tərəfdə isə, hələ də keçmişin siyasi mifləri ilə yaşayan və ölkəni yenidən təhlükəli revanşizm siyasətinə qaytarmağa çalışan qüvvələr var.

Seçkinin nəticələri sülh prosesinə təsir edəcək

Bununla yanaşı, mühüm bir tendensiya da müşahidə olunur. Hakimiyyətə qarşı narazılıq yüksək olsa da, erməni cəmiyyətində revanşist ritorikadan və radikalizmdən ciddi yorğunluq hiss olunur. Bir çox vətəndaş Paşinyanı tənqid etsə də, köhnə siyasi elitanın hakimiyyətə qayıdışından da ehtiyat edir.

Azərbaycan üçün isə əsas məsələ gələcək baş nazirin kimliyi deyil. Əsas sual budur: Ermənistan siyasi sistemi ölkəmizə qarşı ərazi iddialarından birdəfəlik imtina etməyə, konstitusiyaya dəyişiklik etməyə və beynəlxalq hüquq prinsipləri əsasında sülh prosesini başa çatdırmağa hazırdırmı? Məhz bu, seçkilərin əsas nəticə göstəricisi olacaq. Əgər seçkilərdən sonra Nikol Paşinyan hakimiyyətdə qalarsa, sülh prosesinin davam etməsi ehtimalı daha yüksək görünür. Çünki bütün tənqidlərə baxmayaraq, məhz Paşinyan hakimiyyəti son illərdə Ermənistanın əvvəlki siyasi xəttinin iflasa uğradığını etiraf edən ilk hökumət olub. Onun dövründə Azərbaycanla sərhədlərin delimitasiyası istiqamətində addımlar atılıb, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı bəyanatlar səsləndirilib və sülh müqaviləsi üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunub.

Bütün hallarda Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Rəsmi Bakı sülh müqaviləsinin imzalanmasında maraqlıdır, lakin bu sənəd hüquqi və siyasi baxımdan dayanıqlı olmalıdır. Bu isə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını, revanşizm siyasətindən imtinanı və regionda yeni münasibətlər sisteminin formalaşdırılmasını tələb edir. Ona görə də seçkilərin əsas nəticəsi parlamentdə mandatların bölgüsü deyil. Əsas nəticə Ermənistanın, hansı siyasi seçimi edəcəyidir: gələcəyə baxan dövlət olmaq, yoxsa keçmişin məğlub olmuş layihələrinə bağlı qalmaq. Məhz bu seçim Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyini və perspektivlərini müəyyən edəcək.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30