Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunub

Ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunub

10.06.2026 [10:16]

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Komitənin sədri Azər Əmiraslanov çıxış edərək ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini bildirib.

Sonra çıxış edən maliyyə naziri Sahil Babayev sənəd barədə ətraflı məlumat verib. O bildirib ki, 2025-ci il Azərbaycan üçün uğurlu il olub. Ümumi daxili məhsulumuz 129,1 milyard manata çatıb və bu 2024-cü illə müqayisədə nominal olaraq, 2 faizlik artım deməkdir. Onun sözlərinə görə,  2025-ci il üzrə büdcə siyasətində iqtisadi artımın davam etməsi, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi ilə yanaşı, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təminatının gücləndirilməsi, eləcə də Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların, innovativ tətbiqlərin genişləndirilməsi, real sektorun inkişafının sürətləndirilməsi də prioritetdir.

“2025-ci ildə qeyri-neft sektorumuz daha da genişlənib. Qeyri-neft sektorunda ümumi daxili məhsulumuz 92,3 milyard manata çatıb. 2024-cü illə müqayisədə bu, 2,7 faizlik real artımdır. Xam neftin ötən il ortaillik qiyməti 71 dollara bərabər olub. Ortaillik inflyasiyamız 5,6 faiz, manatın məzənnəsi isə stabil olaraq 1,7 manat - 1 ABŞ dolları məzənnəsi ilə təsbit olunub”,-deyən nazir əlavə edib ki, əhalinin nominal gəlirləri 8 faizlik artım göstərib. Bu da həm inflyasiyadan yüksək olmaqla əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilər.

S.Babayevin sözlərinə görə, 2025-ci ildə dövlət borcu ilin sonuna 26 milyard manat və ya illik ÜDM-in 20,1 faizinə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə ilin sonuna 1,6 faiz bəndi az deməkdir: “Dövlət borcunun bu günə olan rəqəmi isə, ümumiyyətlə, 24,1 milyard manata və ya proqnozlaşdırılan illik ÜDM-in 18,4 faizinə bərabərdir. Bu da Azərbaycanın dünyada dövlət borcunun səviyyəsinin ÜDM-ə nisbətən ən aşağı ölkələrdən biri olmasının daha bariz bir göstəricisidir”.

Qeyd edilib ki, strateji valyuta ehtiyatlarımız bu günə artıq 88,4 milyard dollara çatıb. Bu da xarici dövlət borcunu 19,2 dəfə, ümumi daxili məhsulu isə təqribən 15 faiz üstələyir. Nazir bildirib ki, Dövlət Neft Fondundan büdcəyə transfer ötən il proqnoz səviyyəsində 8,5 milyard dollar məbləğində icra olunub. Artıq 2026-cı il büdcəsinin təqdimatı zamanı, 2026-cı və növbəti üç il üzrə proqnozlarda bu rəqəmlərin azaldılaraq 6 milyard dollara qədər çatdırılması planlaşdırılır. Büdcə profitsitlə icra edilib. “Büdcənin icrasında əsas məqamlara baxdıqda, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faizə çatıb. Bu, proqnozdan 7,5 faiz bənd daha çoxdur və 2029-cu ilə hədəfimiz bu rəqəmi 100 faizə çatdırmaqdır. Çünki cari xərclər qorunan xərclərdir və qeyri-neft gəlirləri ilə biz bütün cari xərclərimizin örtülməsini tam şəkildə təmin etdiyimiz zaman, əlbəttə ki, dayanıqlığımızı daha da gücləndirəcəyik”, - deyə nazir vurğulayıb.

Diqqətə çatdırılıb ki, keçən il 15,3 milyard manat və ya büdcənin 40 faizi demək olar ki, sosialyönümlü xərclərə yönəldilib. 2024-cü illə müqayisə etsək, bu rəqəm 602 milyon manat daha çoxdur. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb. “Müdafiə və milli təhlükəsizlik xərcləri xüsusi olaraq ən geniş icra olunan istiqamətlərimizdən biridir. Bu istiqamətə 2025-ci ildə 8,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin təqribən 21 faizi yönəldilib. 2024-cü illə müqayisədə ötən il bu istiqamətə 1,5 milyard manat daha çox vəsait yönəldilib”, - deyə S.Babayev qeyd edib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə çıxışında bildirib ki, Palata “Büdcə sistemi haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlilini aparıb, bu göstəricilərin tamlığının və düzgünlüyünün qiymətləndirilməsinə çalışıb. Onun sözlərinə görə, aparılmış təhlillər qanun layihəsində əks etdirilmiş dövlət büdcə gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib: “Dövlət büdcə gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2025-ci ildə 37,7 milyard manat təhlillə əhatə olunub. Bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,2 faizinə bərabərdir. Hesabatlardakı müvafiq icra göstəricilərinin dövlət büdcəsinin icrasına dair illik hesabatında əks etdirilmiş göstəricilərlə uyğunluq təşkil etdiyi müəyyən edilib. Analitik prosedurların nəticələrinə əsasən, 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib”.

Müzakirələr zamanı deputatlar qanun layihəsi barədə fikirlərini bildiriblər. Sonda layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30