Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan regionda sabitliyin və inkişafın təminatçısıdır

Azərbaycan regionda sabitliyin və inkişafın təminatçısıdır

11.07.2026 [12:20]

Türkiyə-Azərbaycan əməkdaşlığı bölgədə təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir

XXI əsrin ikinci onilliyinin sonlarından etibarən beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi dəyişikliklər regional təhlükəsizlik modellərinin də yenidən nəzərdən keçirilməsini zəruri edib. Enerji marşrutları, nəqliyyat dəhlizləri, ərzaq təhlükəsizliyi və yeni iqtisadi əlaqələr artıq dövlətlərin hərbi potensialı qədər əhəmiyyət daşıyan amillərə çevrilib. Məhz belə mürəkkəb beynəlxalq şəraitdə Cənubi Qafqaz yeni geosiyasi rəqabətin deyil, əməkdaşlıq platformasının formalaşdığı məkan kimi ön plana çıxmağa başlayıb. Bu prosesdə isə Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir.

2020-ci ildə başa çatan Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar regionun təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişdirdi. Rəsmi Bakı uzun illər davam edən işğal problemini aradan qaldırmaqla yanaşı, separatizm faktorunu da gündəmdən çıxardı və beynəlxalq hüquqa əsaslanan yeni təhlükəsizlik modeli formalaşdırdı. Bunun nəticəsində Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün real siyasi və hüquqi baza yarandı. Azərbaycanın irəli sürdüyü yanaşma hərbi üstünlüyün qorunması ilə yanaşı, iqtisadi inteqrasiya, regional kommunikasiyaların açılması, enerji əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı asılılığın artırılması kimi prinsipləri də özündə birləşdirir.

Bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas geoiqtisadi qovşaqlardan biri hesab olunur. Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edən Bakı eyni zamanda Orta Dəhlizin əsas həlqəsini təşkil edir. Qlobal ticarət marşrutlarının dəyişdiyi, alternativ nəqliyyat xətlərinə ehtiyacın artdığı bir dövrdə Azərbaycanın strateji mövqeyi daha da möhkəmlənir. Avropa İttifaqı, Türkiyə, Çin, Mərkəzi Asiya dövlətləri və digər mühüm aktorların Bakı ilə əməkdaşlığı genişləndirmək istəyi də məhz bu reallıqdan irəli gəlir. Azərbaycanın təqdim etdiyi təhlükəsizlik modeli yalnız regional sabitliyə deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi və siyasi balansın qorunmasına xidmət edir. Bakı artıq təkcə coğrafi baxımdan deyil, həm də yeni təhlükəsizlik məntiqinin formalaşdığı əsas mərkəzlərdən biri kimi çıxış edir.

Yeni təhlükəsizlik nizamı...

Son illərdə beynəlxalq təhlükəsizlik sistemində baş verən hadisələr göstərir ki, klassik hərbi ittifaqlar fəaliyyət prinsiplərini dəyişmək məcburiyyətində qalırlar. Müasir dövrdə təhlükələr yalnız dövlətlərarası müharibələrlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, miqrasiya, terrorizm, kritik infrastrukturun qorunması və logistika marşrutlarının təhlükəsizliyi artıq təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə regional güclərin rolu daha da artır və onlar qlobal təhlükəsizlik sisteminin mühüm elementinə çevrilirlər.

NATO-nun son Ankara Sammiti və sammitdə qəbul olunan qərarlar da bu tendensiyanı təsdiqləyir. Ankara Zirvəsi bir daha təsdiqlədi ki, Alyans daxilində Türkiyənin rolu əvvəlki illərlə müqayisədə daha da güclənib. Güclü müdafiə sənayesi, müstəqil xarici siyasət kursu, vasitəçilik təşəbbüsləri və müxtəlif regionlarda əldə etdiyi təcrübə Ankaranı Avrasiyanın əsas təhlükəsizlik aktorlarından birinə çevirib. Türkiyə artıq yalnız NATO-nun cənub cinahını qoruyan dövlət deyil, həm də Qara dəniz hövzəsi, Şərqi Aralıq dənizi, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji körpü funksiyasını yerinə yetirir.

Yeni təhlükəsizlik nizamında regional əməkdaşlıq mexanizmləri qlobal təhlükəsizlik sistemini tamamlayan əsas elementlərdən biri hesab edilir. Bu baxımdan Türkiyənin Azərbaycanla qurduğu strateji tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiq statusu əldə etmiş Ankara və Bakı həm hərbi əməkdaşlıq, həm enerji layihələri, həm də nəqliyyat-kommunikasiya xətlərinin inkişafı sahəsində vahid yanaşma nümayiş etdirirlər. Bu model yalnız iki ölkənin maraqlarına xidmət etmir, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir. Yeni dövrdə məhz bu regional əməkdaşlıq formatları qlobal təhlükəsizlik sistemində daha çox əhəmiyyət qazanır.

Bakının təhlükəsizlik fəlsəfəsi...

Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət göstərir ki, təhlükəsizlik anlayışı yalnız hərbi qüdrətlə məhdudlaşdırılmır. Rəsmi Bakı regional sabitliyin iqtisadi inteqrasiya, qarşılıqlı maraqlar və uzunmüddətli əməkdaşlıq vasitəsilə möhkəmləndirilə biləcəyini nümayiş etdirir. 2020-ci ildən sonra yaranmış yeni reallıqlar məhz bu yanaşmanın praktik nəticəsi kimi qiymətləndirilə bilər. Bölgədə separatizm faktorunun aradan qaldırılması və dövlət suverenliyinin tam təmin olunması yeni inkişaf mərhələsinin əsasını formalaşdırıb.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Vurğulandığı kimi, Orta Dəhlizin inkişafı Şərqlə Qərb arasında yükdaşımaların daha təhlükəsiz və səmərəli həyata keçirilməsinə imkan yaradır. Bu isə Azərbaycanın yalnız tranzit ölkəsi deyil, həm də regional sabitliyin əsas təminatçılarından biri kimi qəbul edilməsinə səbəb olur.

Bakının təhlükəsizlik fəlsəfəsinin əsas xüsusiyyətlərindən biri qarşıdurma deyil, əməkdaşlıq platformalarının təşviq edilməsidir. Kommunikasiyaların açılması, yeni iqtisadi əlaqələrin qurulması, investisiya mühitinin genişləndirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsi uzunmüddətli sabitliyin əsas şərtləri kimi təqdim olunur. Ermənistanın da bu proseslərə konstruktiv yanaşması regionun bütün dövlətləri üçün yeni iqtisadi imkanlar yarada bilər.

Bütün bunlar Azərbaycanın Avrasiyada geosiyasi əhəmiyyətini daha da artırır. Bakı yalnız enerji ixrac edən ölkə deyil, həm də müxtəlif siyasi mərkəzlər arasında dialoqun qurulduğu, qlobal nəqliyyat marşrutlarının kəsişdiyi və təhlükəsizlik mexanizmlərinin formalaşdığı mühüm platformaya çevrilir. Məhz buna görə də beynəlxalq tərəfdaşlar Azərbaycanla strateji əməkdaşlığı uzunmüddətli təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsi hesab edirlər.

Ankara-Bakı tandemi bölgənin aparıcı güc mərkəzi kimi

Qeyd olunduğu kimi, Azərbaycan ilə Türkiyə arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini hüquqi müstəviyə daşımaqla yanaşı, regional təhlükəsizlik sisteminin əsas sütunlarından birini formalaşdırıb. Müdafiə, enerji, nəqliyyat, iqtisadiyyat və diplomatiya sahələrində koordinasiyanın güclənməsi Ankara-Bakı tandemini artıq Mərkəzi Asiya-Kiçik Qafqaz- Kiçik Asiya geostrateji coğrafiyasında mühüm təhlükəsizlik çətiri kimi ön plana çıxır, Avrasiya məkanının aparıcı geosiyasi mərkəzlərindən birinə çevirir.

Bu əməkdaşlığın ən mühüm xüsusiyyətlərindən biri onun yalnız iki dövlətin milli maraqlarına xidmət etməməsidir. Əksinə, formalaşan yeni təhlükəsizlik modeli regionda sülhün, iqtisadi inkişafın və qarşılıqlı etimadın möhkəmlənməsinə hesablanıb. Mərkəzi Asiyadan Avropaya qədər uzanan geniş coğrafiyada enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi də məhz bu siyasi sabitlikdən qaynaqlanır.

Avropa İttifaqı, ABŞ, Çin və digər böyük güclərin regiona marağının artması da təsadüfi deyil. Şərq-Qərb ticarət marşrutlarının təhlükəsiz fəaliyyəti, alternativ logistika xətlərinin inkişafı və enerji resurslarının şaxələndirilməsi Bakı-Ankara əməkdaşlığını qlobal iqtisadiyyat üçün strateji əhəmiyyətli edir. Zəngəzur dəhlizinin perspektivləri də bu kontekstdə xüsusi diqqət çəkir. Həmin marşrut reallaşacağı təqdirdə türk dünyasının inteqrasiyasını gücləndirməklə yanaşı, Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin inkişafına əlavə imkanlar yaradacaq.

Yeni geosiyasi şəraitdə Ankara-Bakı tandemi regional təşəbbüslərin əsas müəlliflərindən biri kimi çıxış edir. Bu əməkdaşlıq modeli göstərir ki, qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli strateji planlaşdırma regional təhlükəsizlik sisteminin ən mühüm təminatlarından biridir.

Bakının təhlükəsizlik gündəmində rolu daha da artacaq

Beləliklə, dünyada geosiyasi rəqabətin artdığı, təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi indiki mərhələdə regional güc mərkəzlərinin əhəmiyyəti daha da yüksəlir. Göründüyü kimi, Cənubi Qafqaz da bu prosesdən kənarda qalmır və son illərdə baş verən dəyişikliklər göstərir ki, bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşır. Bu modelin əsas xüsusiyyəti hərbi qarşıdurmanın deyil, iqtisadi inteqrasiyanın, enerji əməkdaşlığının və nəqliyyat-kommunikasiya layihələrinin ön plana çıxarılmasıdır.

Azərbaycanın həyata keçirdiyi siyasət ölkəni regionun əsas təhlükəsizlik təminatçılarından birinə çevirib. Türkiyə ilə strateji müttəfiqlik, beynəlxalq tərəfdaşlarla genişlənən əməkdaşlıq, Orta Dəhlizin inkişafı və enerji təhlükəsizliyinə verilən töhfələr Bakının geosiyasi mövqeyini daha da möhkəmləndirir. Bu reallıq Azərbaycanın yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin qorunmasında mühüm rol oynayacağını göstərir.

Qarşıdakı dövrdə regional əməkdaşlıq platformalarının genişlənməsi, yeni kommunikasiya xətlərinin istifadəyə verilməsi və iqtisadi inteqrasiyanın dərinləşməsi Bakının təhlükəsizlik gündəmində rolunu daha da artıracaq. Beləliklə, Azərbaycan yeni geosiyasi mərhələdə təkcə strateji coğrafi mövqeyi ilə deyil, formalaşdırdığı təhlükəsizlik fəlsəfəsi və əməkdaşlıq modeli ilə də regional sabitliyin əsas dayaqlarından biri kimi çıxış etməyə davam edəcək.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31