Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hörmüz boğazından keçid necə tənzimlənəcək?

Hörmüz boğazından keçid necə tənzimlənəcək?

11.08.2026 [09:50]

Hazırda Hörmüz boğazında yaranan vəziyyət və bununla bağlı aparılan müzakirələr ABŞ-İran müharibəsinin və dialoqunun əsas elementinə çevrilib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Son dialoq mərhələsi başlayanda ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında Hörmüz boğazının avqustun 4-dək açılması ilə bağlı danışıqlar aparıldığını bildirsə də, bu, baş vermədi.

Tehrandan gələn son açıqlamalar ona dəlalət edir ki, hələlik Hörmüz boğazının açılması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb. Ümumiyyətlə, Hörmüz boğazının gələcək statusu ilə bağlı İrandan fərqli baxış bucağı sərgilənir. Tehran o mövqedən çıxış edir ki,  Hörmüz boğazı heç vaxt cari il fevralın 28-də başlayan müharibədən əvvəlki rejimdə fəaliyyət göstərməyəcək. Müharibə yeni reallıqlar yaradıb və Hörmüz boğazı vasitəsilə naviqasiya da mütləq qaydada yenilənmiş şərtlər əsasında tənzimlənməlidir.

İran parlamenti təsdiqlədi...

İran uzun müddət idi ki, coğrafi yerləşməsini nəzərə almaqla Hörmüz boğazından keçidin tənzimlənməsinin bu ölkənin müstəsna hüququ olduğunu əsaslandırmağa çalışırdı. Təsadüfi deyildir ki, Tehran Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarında Hörmüz boğazı ilə bağlı məsələni masaya daşımağa müvəffəq olmuşdu. Son olaraq isə Tehran keçid üzərində hüququnu qanunvericilik qaydasında təsbit edib. Belə ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi “Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün strateji tədbirlər haqqında” qanun layihəsini təsdiqləyib.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Sənədə əsasən, boğazın idarə olunması ilə bağlı yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, İran parlamentində müvafiq qanunla bağlı müzakirələrin aparıldığı barədə xəbərlər hələ xeyli müddət bundan əvvəl yayılmışdı.  Avqustun 7-də İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi ölkə parlamentinin ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirdiyini açıqlamışdı. Həmçinin İran parlamentinin digər bir üzvü Əli Babayi Karnayi də Hörmüz boğazının idarə olunması ilə bağlı üçüncü təcili kateqoriyalı qanun layihəsinin parlamentə təqdim edildiyini açıqlamışdı. Onun sözlərinə görə, qanun layihəsi qəbul edilərsə, İrana Hörmüz boğazı üzərində iqtisadi, sosial və təhlükəsizlik sahələrində daha geniş səlahiyyətlər veriləcək. Parlamentari bildirmişdi ki, sənəddə boğazla bağlı nəqliyyat axınlarının və digər fəaliyyətlərin vahid çərçivədə tənzimlənməsi, eləcə də inteqrasiya olunmuş nəzarət mexanizminin yaradılması nəzərdə tutulur.Ehtimal olunur ki, yuxarıda bəhs olunan qanun layihəsində də bu kimi  müddəalar öz əksini tapıb.

Bütövlükdə, danışıqların yeni mərhələsində İran Hörmüz boğazı ilə bağlı ritorikasını daha da sərtləşdirib. Belə ki, Tehran Hörmüz boğazının açılması üçün ABŞ qarşısında bir sıra yenilənmiş şərtlərini irəli sürüb.  “The Times” nəşrinin yaydığı məlumata əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr Vaşinqtonun siyasətini dəyişməyənədək və Tehranın irəli sürdüyü şərtləri yerinə yetirməyənədək boğazın bağlı qalacağını bildirib. Zülqədrin açıqladığı şərtlərə ABŞ-ın İran ətrafındakı hərbi qüvvələrini geri çəkməsi, İrana qarşı tətbiq olunan sanksiyaları və dəniz blokadasını aradan qaldırması, ölkənin xaricdə dondurulmuş aktivlərini azad etməsi və müharibə nəticəsində dəymiş ziyana görə kompensasiya ödəməsi daxildir.

Bundan başqa, Tehran ABŞ-dan İran və onun regiondakı müttəfiqlərinə qarşı hərbi əməliyyatları dayandırmağı, həmçinin İrana qarşı təhdid və təhqirlərə son qoymağı tələb edir. Vurğulayaq  ki, İran rəsmisinin açıqlaması Hörmüz boğazının açılması ilə bağlı danışıqların davam etdiyi bir vaxtda verilib ki, bu da suallar yaratmaya bilməz.

Omanla birgə bəyanat şübhə altında...

İran parlamentində həhs olunan qanun layihəsinin təsdiqlənməsi başqa bir məsələni də diqqət mərkəzinə gətirir. Söhbət Hörmüz boğazında digər bir sərhəd dövlətinin - Omanın hansı mövqedən çıxış edəcəyindən gedir. İran parlamentində qanun layihəsi həssas bir dönəmdə - Omanla Hörmüz boğazından gəmiçiliklə bağlı birgə bəyanatın verilməsinə hazırlıq işlərinin yekun mərhələsində olduğu bir vaxtda təsdiqlənib. İranla Oman təxminən iki ay ərzinddə Hörmüz boğazından keçidlə bağlı müzakirələr aparıblar. İki sərhəd dövlətinin dialoqu müsbət məcrada apardığı bildirilirdi. İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai avqustin əvvəlində verdiyi açılamasında danışıqların peşəkar atmosferdə irəlilədiyini qeyd etmişdi. Onun sözlərinə görə, təklif olunan gəmiçilik marşrutunun coğrafi koordinatları artıq razılaşdırılıb və əgər üçüncü tərəflər prosesə mane olmasa, sənəd yaxın vaxtlarda hazır olacaq.

Bununla belə, Baqai vurğulayıb ki, İran və Oman arasındakı bu razılaşma hələlik Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə tam zəmanət verə bilməz. Çünki boğazın bağlanmasına səbəb olan amillər, o cümlədən ABŞ-ın hərbi-dəniz blokadası, həmçinin ABŞ və İsraildən gələn davamlı təhdidlər hələ də həllini tapmayıb.

Beləliklə, aydın olur ki, İran ABŞ qoşunlarının bölgədə olmasını Omanla apardığı danışıqlarda da Hörmüz boğazının bağlı qalmasının əsas səbəbi kimi ön mövqeyə çəkir. Omanın bu mövqeni bölüşdüyü və yaxud əks arqumentlərdən çıxış edib-etməməsi barədə isə məlumat verilmir. Buna görə də Hörmüz boğazı ilə bağlı İranla Omanın birgə bəyanat verəcəlklərini bəri başdan söyləmək çətindir.

Hörmüzdən keçidə görə rüsum alınacaqmı?

Sərhəd dövlətləri olan İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqları hansı məcrada aparırlar? Burada narahatlıq yaradan əsas məqam əldə olunacaq razılaşmada boğazdan keçid üçün rüsum ödəniməsinin nəzərdə tutulub-tutulmaması ilə bağlıdır. Bir daha xatırlatmaq istərdik ki, ABŞ və digər dünya dövlətləri Hörmüz boğazında beynəlxalq gəmiçilik üçün sərbəst keçidin təmin olunmasını istəyirlər.

“İran və Oman arasında Hörmüz boğazı ilə bağlı müzakirələrdə hələlik bu boğazdan keçidlə əlaqədar rüsumların alınması haqda danışıqlar aparılmır”. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai avqustun 10-da Tehranda keçirilən mətbuat konfransında deyib. “Hazırda bəlli olan odur ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə nəzarətlə yanaşı, ətraf mühitin qorunması, dəniz xidmətlərinin göstərilməsi istiqamətində mexanizmlərin yaradılması gündəmdədir. Təbii ki, dəniz xidmətləri göstərildiyi halda, onun qarşılığında vəsaitin alınması mütləq olacaq”, - deyə o qeyd edib.

Beynəlxalq birliyin mövqeyi

Hörmüz boğazı qlobal enerji sisteminin “dar keçid” nöqtəsi, beynəlxalq daşımaların əsas arteriyalarından biri kimi səciyyələndirilir. Uzunluğu təxminən 150 kilometr olan bu boğaz bəzi yerlərdə cəmi bir neçə on kilometr enə malikdir və bu xüsusiyyət onu qlobal enerji nəqliyyatının ən həssas nöqtələrindən birinə çevirir. Müharibədən əvvəl bu boğazdan neft axını gündə orta hesabla 21 milyon barel təşkil edib. “Bloomberg” agentliyinin məlumatına görə, Hörmüz boğazında yaranan problemlərdən əsasən neft tankerləri zərər görüb. Qlobal neft və LNG daşımalarının təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilirdi.

Eyni zamanda, Hörmüz boğazı ətrafında yaranan indiki vəziyyət qeyri-neft ticarətinin təxminən 2,4 faizini də risk altına alıb Körfəz dövlətləri qiymətli metallar, alüminium və sementin böyük ixracatçısı olduqlarından qlobal idxalçıların 4-7 faizi risklə üzləşir. Vəziyyət hələ də qeyri-sabitdir və təsirin miqyası Hörmüz boğazının faktiki bağlı qalma müddətindən asılı olacaq.

İslamabad danışıqları fiaskoya uğradıqdan sonra Donald Tramp Hörmüz boğazının blokadaya alınması barədə qərar verib. Buna uyğun olaraq ABŞ donanmasının gəmiləri regiona cəlb olunub.

Beynəlxalq birliyin mövqeyi isə ondan ibarətdir ki, tərəflərin Hörmüz boğazına nəzarəti mübahisələndirmələri yolverilməzdir. BMT rəsmisinin açıqlamasında bildirilib ki, münaqişənin bütün tərəfləri beynəlxalq hüquqa riayət etməli, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığını təmin etməlidirlər.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31