Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

15.08.2026 [09:05]

Bəlkə də, hansısa qayğı yükündən

Əyilib qalıbdır gülün budağı.

Bəlkə də bu həzin musiqi deyil,

Biçarə bülbülün könül ahıdır...

Bəlkə ağaclar da intizar çəkir,

Saralıb solmuşdur yaşıl yarpağı.

Bəlkə Günəş deyil göylərdə yanan,

O sevən qəlblərin alışmağıdır...

Bəlkə də bu dağlar biganə qəlbdən,

Sarsılmış, yığılmış xeyli daş olub...

Bəlkə də su deyil çaylarda axan,

Yarın göz yaşıdır dolub çay olub...

Bəlkə də sən mənə diqqət etmirsən,

Vəslinə kövrəlib can qovrulacaq.

Bəlkə də mərhəmət edərsən o vaxt,

İkimizdən bir can hasil olacaq...

***

Bütün şairlərin vəsfini yığsam,

Bəlkə bir zərrənə yetişməzdi, Mah.

Sən hüsnü-məhəbbət mülkündə şahsan,

Nurun göyə sığmaz, daşarsan nagah...

Bir dünya quraram ürəyimdə mən,

Bünövrəsi sevgi, sütunları dərd...

Ah, sənin haqqında, heç kim bilməyən,

Ən gözəl mahnını oxumağım şərt...

***

Mən kimə gərəyəm, kimə aşiqəm,

Yolumda qüssənin gülləri açar...

Əssalam-əleyküm, vardım qəlbimə,

Dilimdə nə vardır vidadan başqa?

Bunca saralmısan, ey, xəzan fəsli,

Yellər udur məni, ey, tozan fəsli,

Yox, əsl baharsan, bahar - can fəsli,

Mən kiməm, yollara fədadan başqa?

Yandım, gözlərimdən ulduzlar baxır,

Boylansam, üzümdən gündüzlər baxır,

Niyə qəmli-qəmli hürr qızlar baxır,

Mənim nəyim vardır, sevdadan başqa?

Göyün tikişləri söküldü birdən,

Ah çəkdim, göy üzü töküldü birdən,

Fəqət mürüvvət qıl, şəfqət qıl, Xudam,

Heç nə edəmmədim xətadan başqa...

***

Ah, sevgi hadisəsi

Aləmdən də qədimdir.

Amma kədərlənməyin,

Mən onu yenilərəm.

Dünya,

qərib şərqilərlə,

Doludur, sinəm dolu...

Mən qəlbləri nəvaya

doldurmağa gəlmişəm.

Əslində, bir zərrə

olmasam belə,

Mən də varam

bu dünyanın xorunda.

Məhəbbət əhli daim

dözümlüdür həyatda...

Sevgi səbr bəxş edər.

Dünyaya zülmət çöksə -

Dar gündə üzülməyin.

Mən bu dünya üzünə

Kədər çiçəklərini

soldurmağa gəlmişəm.

Sayrışan ulduzlar da

Balıqlarçün talisman...

Ah,

Ay, yoxdur mənimtək

Camalına xumarlar...

Bir dərdiniz sağalmaz,

Gəlsə bütün bimarlar;

Amma mən

ürəkləri

ovutmağa gəlmişəm.

Ana torpaq, sənin toz,

daşlarını sevmişəm.

Ağacını, gülünü,

Quşlarını sevmişəm.

Bu, bivəfa dünyanı

Pak olsun istəmişəm -

Mən ürəklərə vəfa

hopdurmağa gəlmişəm.

***

Sanki hər şey qəm daşır,

hər şey kədər bağışlar;

Sənə gülmək yaraşır,

Sənə ağlamaq olmaz.

Kimə qarğış eyləsən,

Ömrü azar, bilərsən;

Bir söz söyləməm gülsən,

Sənə ağlamaq olmaz.

Paxıl ballı qaşıqla,

Zəhər tökər aşına;

Qadan alım, ağrıma,

Sənə ağlamaq olmaz.

Gözlərində həyat var,

Bu dünyayçün ağlama...

Mən ağlaram, darılma,

Sənə ağlamaq olmaz.

***

Bu gecə

Qəlbimi büsbütün parçalayaraq,

Qızıl qartallara yem edəcəyəm.

Bütün ömrüm-günüm bir heç olacaq,

Tapdanan fidana bənzəyəcəyəm.

Bu gecə

Bu gecə qəlbimi parçalayaraq,

Sevda şərbətiylə nuş edəcəyəm.

Həyatım yepyeni şəkil alacaq.

İncədən kəsilmiş tumurcuqlartək,

Bir də göyərməyə o can atacaq...

Zalım arzulardan əl çəkməliyəm,

Ruhum kainattək böyük olmalı...

Nur əsirgəməyən Günəş misalı -

Qəlbimi qəlblərə həsr etməliyəm...

Bir gün bu dünyanın sonu gələcək,

Xatəmə yalvarar səma - mütləqdir...

Zərrə yaxşılığa mükafat varkən,

Zərrə pisliyə də cəza mütləqdir...

Yaşları calayır yaşıma həyat,

Hey ağ boya sürtür saçıma həyat.

Anam var, qorxmaram, neynək,

büsbütün

Qəmini yollasa başıma həyat...

Aşiq yanarmıdı, fəraq olmasa,

Məqsədsiz üsyandan iraq olmasa.

Zülmətdə səmtini necə tapsın o,

Yoluna nur saçan çıraq olmasa...

Kimsə gər sevməzsə

məhbub edə bilməz,

Əməlini misqalca mərğub* edə bilməz.

Müzəffər eyləsə bir şəxsi Xuda özü,

Heç zaman kimsə onu

məğlub edə bilməz.

Qeyrət Məcid

(Özbək şairi)

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31