Metsamor Cənubi Qafqazda nüvə təhlükəsi mənbəyidir
15.08.2026 [11:35]
İlham Əliyev: O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır
Hazırda dünyada nüvə təhdidi heç vaxt olmadığı qədər artıb. Özü də bu təhdid yalnız artan qlobal geosiyasi və geoiqtisadi gərginliklər, şiddətlənən müharibələr fonunda ayrı-ayrı nüvə dövlətlərinin arsenallarında olan atom silahlarından istifadə edilməsi ehtimallarını vaxtaşırı gündəmə gətirmələri ilə bağlı deyil. Eyni zamanda, dinc məqsədlər üçün işlədilən nüvə texnologiyaları da bəşəriyyət üçün atom silahları qədər dəhşətli fəsadlar törədə biləcək təhlükə mənbəyidir.
Xüsusilə də dinc məqsədli nüvə texnologiyalarına, o cümlədən də ucuz enerji mənbəyi olan atom elektrik stansiyalarına lazımi səviyyədə nəzarət edilmədikdə bu risklər daha da artır. 1979-cu ildə ABŞ-ın Tri-Meyl-Aylend Atom Elektrik Stansiyasında (AES), 1986-cı ildə Ukraynanın Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima AES-lərində baş verən qəzaları xatırlayaq. Bu qəzalar nəticəsində böyük coğrafiyalarda ekosistemə və genefonda ciddi ziyan dəyib. Aradan on illər ötsə də, hələ də AES-lərdə baş verən qəzaların fəsadları tam şəkildə aradan qaldırılmayıb.
Bölgə dövlətlərinin ciddi narahatlığı
Təəssüf doğuran haldır ki, bu gün Cənubi Qafqaz da nüvə təhlükəsindən uzaq deyil və bu təhlükənin mənbəyi Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasıdır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələni bütün ciddiliyi ilə gündəmə gətirib. Metsamorun fəaliyyətindən bölgə dövlətlərinin narahatlığına diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “... Bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər”.
1976-cı ildə istismara verilən bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 50 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınıb. Artırılmış müddət artıq tamamlanıb. Buna görə də AES-in gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşib. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir. Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə xarici investorlar tapmaq da müşkülə çevrilib. Rusiyanın Ermənistanda Metsamoru əvəzləyəcək AES-in inşa edəcəyinə bəslənilən ümidlər də suya düşərək əriyib. Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun planlarında korrektələr edib. İndi Ermənistan üçün yeni atom elektrik stansiyasının tikintisi bu ölkənin prioritetləri və reallıqları ilə bir araya sığmır. Bu kimi amilləri nəzərə alan Ermənistan rəhbərliyi çıxış yolunu Metsamorun istismar müddətini daha 10 il uzatmaqda görür. Ermənistanın bəhs olunan planının reallaşdırılmasına qonşu dövlətlər, beynəlxalq birlik tərəfindən imkan veriləcəyi təqdirdə Cənubi Qafqazın və daha geniş coğrafiyanın başı üstünü amansız nüvə kabusunun alacağı tam realdır.
Dünya Metsamora “yox” deyir
Ermənistan hökumətinin Metsamorun istismar müddətinin uzadılması ilə bağlı planlar qurması absurddur. İlk növbədə region dövlətləri hər şeyi etməlidirlər ki, bu təhlükəli planın reallaşması mümkün olmasın. Azərbaycanın birmənalı mövqeyini növbəti dəfə diqqətə çatdıran Prezident İlham Əliyev “O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır”, - deyə bildirib.
Eyni zamanda , bütün dünya Metsamorunun fəaliyyətini davam etdirməsinə “yox” deyir. Ayrı-ayrı beynəlxalq təşkilatlar indiyədək hazırladıqları hesabatlarda bir sıra tövsiyələrini və xəbərdarlıqlarını bildiriblər. 2000-ci ildə Avropa İttifaqı (Aİ) AES-in fəaliyyətinin dayandırılmasına çağırış esib. Hətta bunun müqabilində Aİ Ermənistana 138 milyon avro vəsait ödəməyə hazır olduğunu bildirib. İrəvan isə bu vəsaitlə razılaşmayıb və Avropa İttifaqının təklifindən vaz keçib. 2002-ci ildə Avropa Şurasının ekspert komissiyası bölgəyə gələrək seysmik zonada yerləşən stansiyanın beynəlxalq standartlara uyğun olmadığı və fəaliyyətinin ətraf-mühit üçün çox təhlükəli olduğunu bildirib. Bununla bağlı AŞ PA öz narahatlığını ifadə edən müvafiq sənədlər - 27.06.2001-ci ildə 9148 saylı, 31.01.2022-ci ildə 9336 saylı, 07.05.2022-ci ildə 9444 saylı qətnamələr qəbul edib.
Metsamorun ən təhlükəli AES olduğu zaman-zaman dünya mətbuatında yer alan şərhlərdə də vurğulanır. Məsələn, Yaponiyanın “tokyo-np.co.jp” saytı Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilən Metsamor Atom Elektrik Stansiyası haqqında xüsusi məqalə yayıb. “National Geographic” kimi məşhur nəşrdə də Ermənistandakı AES-in fəaliyyətindən narahatlıq ifadə olunub. Bu nəşrdə “Metsamor - hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” başlıqlı silsilə məqalələr dərc olunub.
Azərbaycanın və beynəlxalq birliyin Metsamorun fəaliyyətindən narahatlığı ilk növbədə təhlükəsizlik və ekoloji amillərlə bağlıdır. Metsamor keçmiş SSRİ-nin köhnə texnologiyası əsasında inşa olunub. Ötən 50 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza keçmiş ittifaqın nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olmaq iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerjisi sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. Metsamor da zamanında eyni texnologiya əsasında qurulub. Kim zəmanət verə bilər ki, Cernobolda yaşananlar Ermənistanda təkrarlanmayacaq? Digər tərəfdən, ehtimal olunur ki, Ermənistan hökuməti maliyyə vəsaitlərinə qənaət etmək üçün AES-də nəzərdə tutulan təmiri səthi şəkildə reallaşdıracaq. Bu, bir növ beynəlxalq təşkilatların gözündən pərdə asmaq xarakteri daşıyacaq. Belə qənaətə gəlməyə hər cür əsas var. Əgər Ermənistanın vəsaitləri olsa idi, yeni AES-in inşası planından vaz keçilməzdi. Xatırladaq ki, Metsamor AES-də qəzalar tez-tez təkrarlanır. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü.
Digər tərəfdən, Metsamor 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir. Ərazinin seysmik aktivliyini nəzərə alan SSRİ rəhbərliyi Spitak bölgəsində baş verən zəlzələdən sonra Metsamor AES-in fəaliyyətini tamamilə dayandırmışdı. Amma enerji böhranını bəhanə gətirən Ermənistan hökuməti 1995-ci ildə ikinci bloku yenidən işə salıb. Mütəxəssislər o qənaətdədirlər ki, aşağı bal gücündə zəlzələ AES-də zədələnmələrə və beləliklə də təhlükəli maddələrin sızmasına, ekoloji fəlakətə yol aça bilər.
Başqa bir amilə də diqqət çəkmək yerinə düşər. AES-in idarəçiliyində hesabatlılığa və şəffaflığa əməl olunmur. Ermənistan hökuməti AES-dən çıxan nüvə tullantılarının daşınmasını və utilizasiyasını necə həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. 44 günlük müharibədən əvvəl Metsamorun nüvə tullantılarının Azərbaycanın işğal altındakı ərazilərində basdırıldığına dair məlumatlar yayılmışdı. Ermənistan hökuməti bu məlumatları təkzib etmədi. İndi isə hökumət nüvə tullantılarının utilizasiya edilməsi barədə suallara cavab verməkdən yayınır. Hətta Ermənistan bir qədər də irəli gedərək radioaktiv tullantıları qeyri-qanuni yollarla satışa çıxarır. Bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi şəhərində üzə çıxardığı faktlar da bunu sübut edir. Fakta görə, “Americium-241” radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərdikləri üçün iki nəfər saxlanılmışdı, onlar 300 min avroya radioaktiv maddə satmağı planlaşdırıbmış. Nüvə dəllallarının təhlükəli maddələri Metsamordan əldə etdikləri məlum olub.
Ermənistan üçün alternativlər də mövcuddur
Ermənistan hökumətinin Metsamorun istismar müddətinin uzadılması planlarından çıxış etməsi AES-in ölkənin enerji təchizatında mühüm yer alması ilə bağlıdır. Qeyd edək ki, Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. Buna görə də Prezident İlham Əliyevin də bildirdiyi kimi, Metsamor bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq.
Ancaq Ermənistan üçün alternativ də mövcuddur. Prezident İlham Əliyev müsahibəsində TRIPP marşrutunun (Zəngəzur dəhlizinin) enerji xətti seqmentindən bəhs edib. Məlumat verilib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır. Artıq Azərbaycanı təmsil edən mütəxəssislər Ermənistanda olublar, hətta elektrik dirəklərinin harada basdırılacağını da müəyyənləşdiriblər. Paralel şəkildə, Azərbaycan öz ərazisində zəruri layihələrin icrasını təmin edir. Məsələn, işğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunub. Həmin yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir və məhz Zəngəzur elektrik dəhlizi üçün tikilib. Eyni zamanda, son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırılıb. Enerji dəhlizinin yaradılması ilə bağlı yekun razılıq əldə olunacağı təqdirdə Azərbaycan bütün işləri cəmi 6 aya tamamlaya bilər. Ermənistanın isə onun ərazisindən keçəcək bu enerji dəhlizindən mənbə kimi istifadə etmək imkanları tam realdır. Layihənin vacibliyini nəzərə alan Azərbaycan Ermənistanın tezliklə məsələyə aydınlıq gətirməsini istəyir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20

