Belçika müstəmləkəçiliyi: Təzminat mübarizəsinin 101 ili
22.08.2026 [10:20]
Dünən paytaxtımızda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Tədbirə Belçikanın keçmiş müstəmləkələri olan, eləcə də bu ölkələrdə neokolonial təsirlərin davam etdiyi Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, həmçinin Mərakeş və Cənubi Afrika Respublikasından təmsilçilər, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri qatılıblar.
Konfransda iştirak edən rəsmi şəxslər arasında Konqo Demokratik Respublikasının ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları yer alıblar.
Krallığın müstəmləkəçiliyinin tarixdən heç vaxt silinməyəcək qanlı izləri
Konfrans çərçivəsində Belçika müstəmləkəçiliyinin tarixi, onun keçmiş müstəmləkələrdə yaratdığı siyasi, sosial və iqtisadi nəticələr, müstəmləkəçilik siyasətinin doğurduğu ədalətsizliklər, tarixi həqiqətlərin araşdırılması və zərərçəkmiş xalqların təzminat tələbləri ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Belçika müstəmləkəçiliyinin tarixdən heç vaxt silinməyəcək qanlı izlərinə aid faktlarla tanış olduqda insan qeyri-iradi olaraq heyrətə gəlir. Dünyada böyük coğrafi kəşflərlə başlayan müstəmləkəçilik tarixində Fransa ilə yanaşı, Belçika da öz nəzarəti altına aldığı ərazilərin aborigen sakinlərinə qarşı xüsusi amansızlığı ilə fərqlənir. Belə baxanda hər iki ölkə Avropanın elan olunmamış paytaxtları sayılır. Bu ölkələrdən hər zaman dünyaya demokratiya, azadlıq mesajları ünvanlanır. Bəs onların özləri necə, bəyan etdikləri prinsiplərə sadiqdirlərmi? Müstəmləkə əsarəti altında inləyən xalqların taleyi, gündəlik yaşayışı göz önündə əks mənzərə formalaşdırır. Aydın şəkildə görünür ki, özlərini Avropanın seçilmiş ölkələri kimi təqdim etməyə çalışan Fransa və Belçika müstəmləkə əsarətində saxladıqları ərazilərə münasibətdə bu prinsiplərdən çox-çox uzaqda dayanırlar.
Belçika Krallığının müstəmləkəçiliyi əsasən də Konqo Demokratik Respublikası, Ruanda və Burundidə təbii resursların istismarı, zorakılıq və irqi ayrı-seçkiliklə müşayiət edilib. Qəribə burasıdır ki, bu ölkə müstəmləkəçilik siyasətindən XXI əsrdə də əl çəkmir və onu yeni formalarda, lakin daha amansız mahiyyətlə davam etdirməyə çalışır.
Qeyd etdiyimiz kimi, Belçikanın müstəmləkələrindən biri Konqo Demokratik Respublikası olub. Krallığın qəddarlığı ilə fərqlənən müstəmləkəçi lideri II Leopold 1885-ci ildən 1908-ci ilədək Konqonu şəxsi mülkü kimi idarə edib.
O, Beynəlxalq Afrika Təşkilatı (International African Association) adlı qurum yaradıb və buraya “mədəniyyət” gətirmək ideyasını irəli sürüb ki, bunun da əsl məqsədi yerli əhalini istismar etmək olub. Həmin dövrdə Konqoda baş verən insan haqları pozuntuları və qətliamlar tarixdə ən dəhşətli müstəmləkəçilik nümunələrindən biri kimi qeyd olunur. Ehtimallara görə, Leopoldun hakimiyyəti dövründə təxminən 10 milyon afrikalı öldürülüb. Lakin tarixçilər hələ də dəqiq rəqəmlər barədə mübahisə edirlər. 44 il Belçikaya rəhbərlik edən Leopoldun rejimi Afrika regionunun zəngin resurslarını mənimsəyib. Kişilər, qadınlar və uşaqlar ağlasığmaz vəhşiliklərə məruz qalıblar - milyonlarla insan tiranlıq altında həlak olub. Nəhayət, Afrikadakı genişmiqyaslı insan hüquqları pozuntuları barədə məlumatlar beynəlxalq ictimaiyyətə çatıb. Yalnız beynəlxalq etirazlardan sonra kral 1909-cu ildə, ölümündən bir il əvvəl Konqodan imtina etmək məcburiyyətində qalıb. Dünyanın sonuncu insan zooparkı da burada mövcud olub. İnsan zooparkı 1897-ci ildə kral II Leopold tərəfindən yaradılıb və sonradan Afrika Muzeyinə çevrilib. Süni kənd yaradan təşkilatçılar burada insanları təhqir edir, onları aşağılayırdılar.
Belçika Konqo ilə yanaşı, Ruanda və Burundidə də “parçala və hökm et” siyasəti tətbiq edərək etnik gərginlikləri dərinləşdirib ki, bu da gələcəkdə baş verən soyqırımların əsasını təşkil edib. Məsələn, bəşər tarixinin ən qanlı soyqırımı 1994-cü ildə Ruandada baş verib və bu qətliamda Belçikanın da məsuliyyəti var. Radikal hutular tərəfindən tutsilərin kütləvi şəkildə öldürülməsi hələ də yaddaşlardan silinməyib. Bu hadisələr müstəmləkə dövründə yaradılan etnik qarşıdurmanın nəticəsi olaraq meydana çıxıb.
Belçika çoxsaylı müstəmləkə cinayətlərinə görə məsuliyyət daşıyır və təzminatlar ödəməlidir
Yerli xalqların və ayrı-ayrı beynəlxalq təşkilatların mövqeyi ondan ibarətdir ki, Belçika çoxsaylı müstəmləkə cinayətlərinə görə məsuliyyət daşıyır və təzminatlar ödəməlidir. “Belçikanın Mərkəzi Afrikadakı müstəmləkəçilik siyasətinin başa çatmasından uzun illər keçməsinə baxmayaraq, Konqo Demokratik Respublikası, Ruanda və Burundi hələ də tarixi ədalətin bərpası istiqamətində bu ölkədən konkret addımlar gözləyir”. Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.
O qeyd edib ki, müstəmləkəçilik dövründə törədilmiş cinayətlərin nəticələrinin aradan qaldırılması yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, məsələ konkret hüquqi mexanizmlər və təzminat öhdəlikləri çərçivəsində həllini tapmalıdır.
“Belçika dövlət səviyyəsində Konqo Demokratik Respublikasından, Ruandadan və Burundidən üzr istəməlidir. Bundan sonra müstəmləkəçilik dövründə həmin ölkələrə vurulmuş zərərə uyğun maliyyə təzminatlarının həcmi müəyyən edilməli və bu vəsait mərhələli şəkildə ödənilməlidir”, - deyə A.Abbasov diqqətə çatdırıb.
“Müstəmləkəçilik yalnız ərazilərin işğalı ilə məhdudlaşmayıb, eyni zamanda siyasi hakimiyyətə, sosial kimliklərə, iqtisadi münasibətlərə və cəmiyyətdə ayrı-seçkilik mexanizmlərinə təsir edən institutlar formalaşdırıb. Bu strukturlar formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə bir sıra keçmiş müstəmləkələrdə öz təsirini saxlayır”. Bu fikirləri isə iqamətgahı Ankarada olmaqla Ruanda Respublikasının Türkiyə, Azərbaycan, Qazaxıstan və Livandakı səfiri Çarlz Kayonqa beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Səfir vurğulayıb ki, müstəmləkəçiliklə bağlı siyasi təcrübənin öyrənilməsi uzunmüddətli nəticələri anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, müstəmləkəçilik Ruandanın sonrakı siyasi inkişafını mexaniki şəkildə müəyyənləşdirməyib, lakin sonrakı siyasi aktorların fəaliyyət göstərdiyi institusional və sosial çərçivənin formalaşmasına təsir göstərib.
“Bu strukturların mahiyyətini və onların yaratdığı uzunmüddətli nəticələri aydın şəkildə ortaya qoymaq vacibdir. Yalnız bundan sonra tarixi məsuliyyət, ədalətin bərpası və reparasiya məsələləri ətrafında mənalı və əsaslandırılmış müzakirə aparmaq mümkündür”, - deyə Ç.Kayonqa bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55

