Hörmüz boğazında qeyri-müəyyənlik: Dünya bundan necə təsirlənir?
21.08.2026 [11:58]
Cari ilin fevral ayından başlayaraq Yaxın Şərq yenidən od-alova bürünüb. Hazırda aylardır ki, davam edən ABŞ-İran müharibəsinin ən həssas məqamı Hörmüz boğazı ətrafında yaranan gərginliklə bağlıdır. Dünyanın ən önəmli su yollarından biri sayılan Hörmüz müharibənin gedişində tərəflər arasında siyasi təzyiq alətinə çevrilib. Deyə bilərik ki, indi İranla Oman arasında yerləşən bu dar keçiddə ikihakimiyyətlilik hökm sürür. Həm ABŞ, həm də İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) burada öz qüvvələrini yerləşdiriblər. İran boğazdan keçidin bu ölkənin nəzarəti altında təmin edilməsi zərurətini şərt kimi irəli sürür, hətta müyyən rüsumların ödənilməsini istəyir. ABŞ isə Hörmüzə tam nəzarət etdiyini bildirərək İranın şərtlərini qəbuledilməz adlandırır. Beləliklə, Hörmüzdə vəziyyət gərgin olaraq qalır. Son olaraq cəmi bir neçə gün bundan əvvəl Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) iki gəmisi Hörmüz boğazında hücuma məruz qalıb. Yaranmış vəziyyət kommersiya kəmiçiliyinin fəaliyyətini iflic edib ki, bunun da qlobal miqyasda zərərləri çox böyükdür.
Xatırladaq ki, müharibədən əvvəl dünyanın neft-qaz tələbatının təxminən 20 faizi məhz Hörmüz vasitəsi ilə daşınan enerji məhsulları hesabına ödənilirdi. Bundan başqa, region dövlətləri böğaz vasitəsi ilə gübrə, ərzaq və digər məhsulların idxalını həyata keçirirdilər.
Hörmüzdən daşınan neft və neft məhsullarının həcmində kəskin azalma
Hörmüz boğazından daşınan xam neft və digər neft məhsullarının həcmi münaqişədən əvvəl - 2025-ci ilin son rübündə gündəlik orta hesabla 21,6 milyon barel olduğu halda, bu göstərici cari ilin ikinci rübündə sutkada 4,9 milyon barelə düşüb. Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
EIA qeyd edib ki, Bab əl-Məndəb boğazı həm qlobal neft ticarətində vacib tranzit nöqtəsi, həm də Səudiyyə Ərəbistanının Hörmüz boğazından istifadə etmədən neft ixracını həyata keçirməsi üçün alternativ yollardan biridir. Səudiyyə Ərəbistanının Misirdəki Süveyş kanalı və Süveyş-Aralıq dənizi (SUMED) boru kəməri vasitəsilə daşımalarını yenidən istiqamətləndirmək seçimi olsa da, bu alternativlər daha uzun, bahalı və məhdud tutuma malikdir.
Hesabatda xatırladılır ki, Hörmüz boğazında yaranan vəziyyət neft qiymətlərinə təsirsiz ötüşmür. İyun ayında ABŞ və İran arasında imzalanan sülh razılaşmasından sonra “Brent” markalı xam neftin bir barelinin qiyməti iyulun 2-də 69 dollara düşüb. Lakin, Hörmüz boğazından keçən tankerlərə hücumların yenidən başlaması və iyulun sonrakı günlərində neft daşınmalarının azalması qiymətlərin artmasına səbəb olub.
EIA-ya görə, Səudiyyə Ərəbistanının Bab əl-Məndəb boğazından həyata keçirdiyi neft ixracına yeni blokadanın tətbiq olunması riski də neft qiymətlərinə təsir edib.
Hesabatda Hörmüz boğazında davam edən fasilələrin qlobal neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu və neft axını normal vəziyyətə qayıdana və ehtiyatlar doldurulana qədər qiymətlərin yüksək qalacağı proqnozlaşdırılır. Bildirilir ki, qlobal neft ehtiyatları bu ilin ikinci rübündə gündəlik orta hesabla 4,2 milyon barel azalıb və üçüncü rübdə isə sutkada orta hesabla 3,8 milyon barel azalacağı proqnozlaşdırılır.
Bu dinamikanı nəzərə alaraq, “Brent” markalı xam neftin bir barelinin qiymətinin üçüncü rübdə orta hesabla 85 dollar olacağı gözlənilir. Bu proqnoz ötən ayın hesabatındakı proqnozla müqayisədə 11 dollar yuxarıdır. Hörmüz boğazında tanker trafikinin tədricən artması və istehsalın bərpası ilə neft qiymətlərinin dördüncü rübdə bir barel üçün orta hesabla 78 dollara düşəcəyi proqnozlaşdırılır.
Eyni zamanda, 2027-ci ilin birinci rübündə dayandırılmış istehsalın böyük hissəsinin işə düşməsi və qlobal neft ehtiyatlarının yenidən artmağa başlaması ilə “Brent” neftinin bir barelinin qiymətinin gələn il orta hesabla 69 dollara düşməsi gözlənilir.
BEA: Dünyada neft çatışmazlığı daha da artacaq
Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarına dair aylıq hesabatında isə bildirilir ki, yüksək enerji qiymətlərinin tələbi azaltmasına baxmayaraq, İranla yenidən alovlanan münaqişə səbəbindən qlobal neft ehtiyatlarının bu rüb ərzində gözləniləndən daha çox azalacağı proqnozlaşdırılır. Hesabatda diqqətə çatdırılır ki, yenidən alovlanan münaqişələr və dəniz nəqliyyatında pozuntular istehsalın bərpasına mane olduğu üçün neft bazarları gündəlik 1,8 milyon barel kəsirlə üzləşir. 2026-cı il üzrə bu kəsir son beş ildə qeydə alınan ən yüksək göstərici olacaq.
BEA yüksək yanacaq qiymətləri səbəbindən bu il qlobal neft tələbatının aşağı düşməsi ilə bağlı proqnozunu təxminən 50 faiz artıraraq gündəlik 1,6 milyon barelə çatdırıb. Qeyd olunur ki, ehtiyatlar yenidən azalır və bu, 2020-ci ildəki COVID pandemiyasından bəri ən böyük orta illik azalmadır.
Agentliyin məlumatına görə, neft bazarları tədarük artıqlığına qayıtdıqdan sonra dünyanın tükənmiş ehtiyatlarının gələn il doldurulması lazım olacaq. Bildirilir ki, mart ayında ABŞ, Yaponiya və Almaniya kimi üzv dövlətlər rekord miqdarda neft ehtiyatı işlətdiyini elan etdikdən sonra strateji neft ehtiyatlarını doldurmalı olacaqlar. “Bazarın bu ilin sonuna yaxın tədarük artıqlığına qayıtması proqnozlaşdırılsa da, risklər əhəmiyyətli olaraq qalır və strateji neft ehtiyatlarının sürətlə tükənməsi səbəbindən Hörmüz boğazının yenidən açılmasının təcililiyi artıb”, - deyə BEA qeyd edir.
Avropada təbii qazın qiymətində kəskin artım
Avropada təbii qazın qiyməti mart ayından bəri ən yüksək səviyyəyə çatıb.
“Spiegel” nəşrinin məlumatına görə, Niderlandın TTF habında qaz fyuçersinin qiyməti meqavat/saat üçün 64,60 avro təşkil edib. Bu, martın ortalarından bəri qeydə alınan ən yüksək göstəricidir.
Qazın bahalaşmasına Hörmüz boğazında ticarət gəmilərinə hücumlarla bağlı narahatlıqlar və Körfəz bölgəsində tədarükün tezliklə normallaşmasının mümkün olmaması təsir göstərir. Son iki həftədə qazın qiyməti 20 faizdən çox artıb. İran Hörmüz boğazının açılması üçün ABŞ ilə iyunun ortalarında imzalanmış çərçivə sazişinin icrasını tələb edir.
Qiymət artımı Avropada qaz anbarlarının doluluq nisbətinin ötən illə müqayisədə aşağı olduğu vaxta təsadüf edir. “Gas Infrastructure Europe”nin (GIE) məlumatına görə, Avropadakı anbarların doluluq nisbəti hazırda 61,40 faiz, Almaniyada isə 50,06 faizdir. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 74 və 67 faiz olub.
Almaniyanın Qaz Magistral Şəbəkəsi Operatorları Assosiasiyası (FNB Gas) bildirib ki, ölkədə noyabrın 1-dək qanunla müəyyən edilmiş qaz ehtiyatı səviyyəsinə çatmaq artıq çətin görünür. Hətta qaz anbarlarının sutkada 1,2 TVt-saat (TWh) sürətlə doldurulması belə tələb olunan göstəriciyə çatmağa kifayət etməyə bilər.
Şirkətlərin gəlirləri azalır
Hörmüz boğazında davam edən qeyri-müəyyənlik, xüsusilə də təhlükəsizliklə bağlı problemlərin qalması daşıma şirkətlərini ehtiyatlı davranmağa sövq edir. Verilən məlumatlara görə, son vaxtlarda boğazdan gün ərzində cəmi 5-10 gəmi keçir. Halbuki, eskalasiyadan əvvəlki dövrdə Hörmüz boğazından sutkalıq rejimdə 130-140 gəmi keçirdi.
Təbii ki, yaranmış vəziyyət səbəbindən daşıma şirkətlərinin gəlirləri azalır. Təhlillər göstərir ki, hərbi risklər və gəmilərin Afrika (Ümid burnu) ətrafına yönləndirilməsi qlobal miqyasda gəmiçilik şirkətlərinə gündəlik 340 milyon avrodan çox əlavə yanacaq yükü yaradır. Eyni zamanda, müharibə riskli sığorta haqları (war-risk insurance) əvvəlki səviyyələrlə müqayisədə dəfələrlə bahalaşıb, hər gəmi keçidi üçün sığorta dəyəri gəmi qiymətinin 5-10 faizinə qədər yüksəlib.
Almaniyanın “Hapag-Lloyd” şirkəti ikinci rübdə Hörmüz boğazının bağlanmasının ona 600 milyon dollara başa gəldiyini açıqlayıb. “ƏL-Cəzirə”nin yaydığı xəbərdə bildirilir ki, şirkət xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 306 milyon dollardan 83 milyon dollaradək azaldığını elan edib.
“Hapag-Lloyd” əlavə edib ki, Asiyadan olan böyükhəcmli ixrac və ABŞ-da artan tələbat Yaxın Şərqdəki fasilələrin səbəb olduğu itkiləri qismən kompensasiya edib. Boğazın bağlanmasından sonra gəmi yanacağı, sığorta, saxlama, marşrutun dəyişdirilməsi və daxili nəqliyyat üçün yaranan əlavə xərclər səbəbindən şirkətin əməliyyat mənfəəti 167 milyon dollardan 153 milyon dollara düşüb.
Qeyd edək ki, Almaniyanın nəhəng gəmiçilik şirkəti olan “Hapag-Lloyd” dünyanın ən böyük konteyner daşıma şirkətlərindən biridir.
Hörmuz ətrafında davam edən qeyri-müəyyənliyin yaratdığı çətinliklər həmçinin ABŞ şirkətlərindən də yan ötmür.Bir qədər bundan əvvəl ABŞ-ın “Spirit Airlies” şirkəti fəaliyyətini dayandırdığını bəyan edərək bütün reysləri ləğv edib. Bəyanatda bildirilib ki, aviasiya kerosininin həddindən artıq bahalaşması şirkətin gəlirlərini heçə endirib. Ağ Ev administrasiyası şirkətə 500 milyon dollar ayırsa da, şirkətin maliyyəyə vəziyyəti sabitləşmir. Çünki bütün gəlirlər yanacaq almağa sərf olunur, digər xidmətlərə və əməkdaşlara məvacib ödəməyə vəsait qalmır. Bu, ABŞ-a müharibə zamanı dəyən böyük iqtisadi zərbədir.
Qlobal neft tədarükünə və tələbatına dair proqnozlar
Bu arada qlobal neft tədarükü və tələbatına dair proqnozlar açıqlanıb. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatında bildirilir ki, bu il qlobal neft tədarükünün gündəlik orta hesabla 100 milyon 820 min barel, qlobal neft istehlakının isə sutkada 102 milyon 730 min barel olacağı proqnozlaşdırılır. Gələn il isə qlobal tədarükün gündəlik orta hesabla 109 milyon 740 min barelə, tələbatın isə sutkada 104 milyon 960 min barelə çatacağı gözlənilir.
“Qlobal neft istehlakının bu il ötən illə müqayisədə təxminən 1,2 milyon barel azalacağı nəzərdə tutulur. Bu azalmanın təxminən 800 min bareli OECD-yə üzv olmayan ölkələrin payına düşəcək. OECD-yə üzv olmayan ölkələrdə gündəlik neft istehlakının cari ildə 58 milyon 100 min bareldən 57 milyon 200 min barelə enəcəyi proqnozlaşdırılır.
Bundan başqa, qlobal neft tələbatının gələn il bərpa olunacağı və təxminən 2,2 milyon barel artacağı gözlənilir. Bu göstərici 2025-ci ilin orta səviyyəsindən sutkada təxminən 1 milyon barel yüksəkdir”, - deyə EIA qeyd edir.
Hörmüzün əhəmiyyəti azalacaq?
Qlobal iqtisadiyyatın Hörmüz boğazında yaranan qeyri-məyyənlikdən ciddi şəkildə təsirləndiyi bir vaxtda Donald Trampdan sensassiya təsiri bağışlayan açıqlama gəlib. ABŞ Prezidenti bildirib ki, çoxsaylı boru kəmərlərinin tikintisi və alternativ neft tədarükü marşrutlarının inkişafı səbəbindən gələcəkdə Hörmüz boğazı az əhəmiyyətli olacaq. D.Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Neftin qiymətindən danışan Amerika lideri qeyd edib ki, ABŞ-in İrana qarşı müharibəsinə baxmayaraq, neftin qiyməti indi bir barel üçün 84-85 dollardır. Onun sözlərinə görə, bunun səbəblərindən biri də Hörmüz boğazından böyük həcmdə neftin keçməsidir. “Ancaq bundan əlavə, insanlar düşünmədikləri alternativ variantları tapdılar - Texas, Alyaska, Luiziana və digər enerji hasilatı yerlərində. Bununla yanaşı, çoxlu sayda boru kəmərləri tikilir. Söhbət rekord saydan gedir. Buna görə düşünürəm ki, Hörmüz boğazı əvvəlki kimi vacib olmayacaq”, - deyə Tramp vurğulayıb.
Həqiqətən də, hazırda dünya ölkələri alternativlər tapmağa ciddi şəkildə səfərbər olublar. Söhbət digər regionlarda neft-qaz istehsalının artırılmasından, enerji transformasiyasının sürətləndirilməsindən və əlbəttə ki, daşımaların yeni marşrutlara yönəldilməsindən gedir. D.Trampın vurğu etdiyi kimi, ABŞ-ın Texas, Alyaska və Luiziana kimi bölgələrində enerji istehsalı sürətlə artır. Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazından yan keçmək üçün Habshan-Fuceyra boru xəttini inşa edir. Bu layihənin ölkənin ixrac gücünü əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Səudiyyə Ərəbistanı Fars körfəzindən Qırmızı dəniz sahillərinə neft nəql edən Şərq-Qərb mövcud magistral boru xətlərinin imkanlarından maksimum istifadə etməyə çalışır. Eləcə də, Türkiyə və digər maraqlı tərəflər boğazdan asılılığı azaltmaq üçün alternativ quru və dəniz marşrutları üzərində işləyirlər. Verilən məlumatlara görə, hazırda alternativ boru kəmərlərinin ümumi ötürmə gücü gündəlik təxminən 3.5-5.5 milyon barel qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, bu kəmərlər riskləri azaltsa da, hələlik Hörmüz boğazından keçən ümumi neft həcmini tam şəkildə əvəz etmək gücünə malik deyillər. Buna görə də Hörmüz boğazında eskalasiyadan əvvəlki durumun bərpası ən yaxşı variant sayılır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53

