Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni dünya nizamının “soyuq cəbhəsi”

Yeni dünya nizamının “soyuq cəbhəsi”

16.09.2026 [09:45]

Arktikada yeni strateji savaş başlayır?

XXI əsrin ikinci onilliyindən etibarən formalaşan yeni dünya nizamında güc mərkəzləri arasında strateji ərazilər uğrunda mübarizə getdikcə daha açıq xarakter almaqdadır. Yaxın və Orta Şərqdə baş verən proseslər, Mərkəzi Avropada təhlükəsizlik böhranı, Asiya-Sakit okean məkanında ABŞ-Çin rəqabətinin dərinləşməsi göstərir ki, XXI əsrin geosiyasi mübarizəsi artıq yalnız siyasi təsir və iqtisadi resurslar üzərində qurulmur. Coğrafiyanın özü yenidən böyük güclər arasında rəqabətin əsas amilinə çevrilir. Bu baxımdan dünyanın ən ucqar və uzun müddət əlçatmaz hesab edilən məkanlarından biri - Arktika xüsusi əhəmiyyət qazanır.

İqlim dəyişiklikləri nəticəsində buzlaqların azalması yeni dəniz marşrutlarını və təbii ehtiyatlara çıxışı genişləndirir. Lakin Arktikanın əhəmiyyəti təkcə neft, qaz, nadir metallar və yeni nəqliyyat yolları ilə məhdudlaşmır. Bu ərazi Şimali Atlantika ilə Sakit okeanı birləşdirən strateji xətt, qitələrarası raket trayektoriyaları, sualtı kommunikasiyalar və nüvə çəkindirmə imkanları baxımından da son dərəcə mühüm mövqeyə malikdir.

Məhz buna görə son dövrdə Avropa ölkələrinin Arktikaya münasibəti dəyişir. Avropa İttifaqı 2026-cı ildə Arktika siyasətini yeniləyərkən təhlükəsizlik, müdafiə, bağlantı və iqtisadi təhlükəsizliyi əvvəlki dövrlə müqayisədə daha ön plana çıxarır. Beləliklə, Arktika artıq yalnız ekoloji və elmi əməkdaşlıq məkanı deyil - Şimalda yeni strateji düzənin konturları görünür və bu düzənin əsas sualı belədir: dünyanın ən mühüm güc mərkəzləri Arktikadakı gələcək təhlükəsizlik arxitekturasını kim və hansı qaydalar əsasında müəyyən edəcək?

Yeni hərbi nizamın şüarı: Arktikanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir

Yeri gəlmişkən, Avropa İttifaqı ölkələri Arktikada strateji maraqlarının qorunması və regionda təhlükəsizliyin gücləndirilməsi məqsədilə qurum çərçivəsində fəaliyyətlərini artırmaq barədə razılığa gəliblər. Bu barədə Finlandiyanın Rovaniemi şəhərində keçirilən Avropa Arktika Sammitinin yekunlarına dair birgə bəyanatda bildirilib. Aİ-nin 12 üzvünün yüksəksəviyyəli nümayəndələrinin qatıldığı görüşdə qurumun Arktikanın Avropa hissəsində daha strateji və fəal siyasət yürütməsinin vacibliyi vurğulanıb. Tərəflər monitorinq və informasiya mübadiləsinin gücləndirilməsi, vahid vəziyyət mənzərəsinin yaradılması, nəqliyyat və rəqəmsal infrastruktura, hərbi mobilliyə, eləcə də kritik obyektlərin qorunmasına investisiyaların artırılmasını dəstəkləyiblər.

Bundan başqa, Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətlərinin artması region üçün əsas təhdidlərdən biri kimi göstərilib. Çinin artan marağı, Ukraynadakı müharibənin nəticələri və iqlim dəyişiklikləri də Arktikada geosiyasi vəziyyəti dəyişdirən amillər kimi qeyd olunub.

Aİ Şurasının Prezidenti Antonio Koşta Sammitdən sonra açıqlamasında bildirib ki, Arktikanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. Onun sözlərinə görə, yeni geosiyasi reallıq Aİ-nin gələcək uzunmüddətli büdcəsində təhlükəsizliyə və müdafiəyə, o cümlədən Arktika regionuna yatırımların artırılmasında əksini tapacaq.

Sammitin iştirakçıları Arktikada təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı, kritik xammal ehtiyatları, gəmiçilik, kosmik sənaye və rəqəmsal bağlantı sahələrində iqtisadi imkanların daha səmərəli istifadəsini də nəzərdə tuturlar.

Arktika uğrunda mübarizənin mərkəzində Rusiya dayanır

Xatırladaq ki, Arktika coğrafi baxımdan səkkiz dövlətin - Rusiya, ABŞ, Kanada, Danimarka, Norveç, İsveç, Finlandiya və İslandiyanın nüfuz dairəsindədir. Lakin bu ölkələrin regiondakı imkanları eyni deyil. Arktika ərazilərinin təxminən yarısına malik olan Rusiya həm coğrafi miqyas, həm də hərbi infrastruktur baxımından açıq üstünlüyə sahibdir. Rusiya 2000-ci illərin ortalarından etibarən Sovet dövründən qalmış hərbi obyektlərini yenidən qurub, hava hücumundan müdafiə, radar, aviasiya və dəniz qüvvələrinin imkanlarını artırıb. Kola yarımadasında yerləşən Şimal Donanmasının nüvə sualtı qayıqları isə Rusiyanın bu regiondakı əsas strateji üstünlüklərindən biridir.

Məsələ yalnız hərbi bazalarla da məhdudlaşmır. Şimal Dəniz Yolu Rusiyanın Arktikadakı iqtisadi və geosiyasi strategiyasının mühüm hissəsidir. Moskva bu marşruta nəzarəti həm iqtisadi gəlir, həm də Avropa ilə Asiya arasında alternativ logistika xətti kimi qiymətləndirir. Avropa Parlamentinin 2026-cı il sənədlərində də Rusiyanın Arktikadakı hərbi infrastrukturunun genişləndirilməsi, Şimal Dəniz Yolunda nəzarətin gücləndirilməsi və Çin-Rusiya əməkdaşlığının artması ilə bağlı narahatlıq ifadə olunur.

Arktikada Aİ-nin tək “rəqibi” Rusiya deyil - ABŞ Alyaskadakı hərbi imkanları və Qrenlandiyadakı Pituffik kosmik bazası ilə regionda mühüm mövqeyə malikdir. Eyni zamanda Kanada da Arktika təhlükəsizliyinin əsas aktorlarıdır. Finlandiya və İsveçin NATO-ya daxil olması isə Qərb alyansının Şimaldakı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. NATO 2026-cı ilin fevralında “Arctic Sentry” adlı yeni fəaliyyəti də məhz regionda çəkindirmə və müdafiə imkanlarını artırmaq məqsədilə başladıb.

Beləliklə, Aİ-nin yeni Arktika strategiyası tədricən yeni hərbi balansın formalaşdırılmasına istiqamətlənir. Yeni mübarizənin detallarına baxsaq - Rusiya burada mövcud üstünlüyünü qorumağa çalışır, Qərb isə həmin üstünlüyün strateji nəticələrini məhdudlaşdırmağa hazırlaşır.

Avropa Arktika xəttini niyə gücləndirir?

Diqqət çəkən əsas məqam Avropa İttifaqının Arktikaya münasibətində təhlükəsizlik faktorunun sürətlə önə çıxmasıdır. Aİ-nin yeni təhlükəsizlik doktrinasında ABŞ yer almır - bir sıra siyasi mütəxəssislər düşünürlər ki, burada məsələni “Aİ NATO-dan kənar yeni təhlükəsizlik sistemi yaradır” kimi təqdim etmək tam mənzərəni ifadə etmir. Aİ-nin hazırkı sənədlərində NATO ilə əməkdaşlıq xüsusi olaraq vurğulanır. Avropa Parlamentinin mövqeyində Arktikada Aİ-NATO dialoqunun, kəşfiyyat mübadiləsinin, dəniz müşahidəsinin və kritik infrastrukturun qorunmasının gücləndirilməsi tövsiyə olunur.

Lakin bununla yanaşı, Avropanın ayrıca strateji xətt formalaşdırmaq istəyi açıq görünür. 12 ölkənin bəyanatında Avropa İttifaqının Arktikada daha strateji və fəal rol oynaması istəyi aydın şəkildə ortaya qoyulur. Bu, sadəcə ekoloji siyasətin genişləndirilməsi deyil, Avropanın öz maraqlarını ayrıca müəyyənləşdirmək cəhdidir. Bəs bunun səbəblərini necə izah etmək olar?

Burada Ukrayna faktorunun da ciddi təsiri görünür. Avropada belə bir qənaət güclənib ki, qlobal təhlükəsizlik məsələlərində ABŞ və Rusiya arasında formalaşa biləcək hər hansı yeni anlaşma Avropanın maraqlarını avtomatik şəkildə təmin etməyə bilər. Ukrayna müharibəsi ətrafında Avropanın qərarvermə masasındakı rolunun məhdud qalması bu narahatlığı daha da artırıb. Buna görə də Brüssel Arktika məsələsində “başqa güclərin qərarlarını gözləyən tərəf” olmaq istəmir.

Bu yanaşmanın arxasında daha geniş “strateji muxtariyyət” ideyası dayanır. Avropa kritik infrastrukturun, peyk rabitəsinin, dəniz yollarının, enerji təhlükəsizliyinin və müdafiə imkanlarının xarici güclərdən həddindən artıq asılı vəziyyətə düşməsini istəmir. Arktikada sualtı kabellər və digər kommunikasiya xətləri ilə bağlı son hadisələr də bu narahatlığı gücləndirib.

Beləliklə, Avropanın məqsədi NATO-nu kənarlaşdırmaqdan daha çox, ABŞ-dan asılı olmayan əlavə siyasi və strateji imkanlar yaratmaqdır. Bu isə Arktikanı Avropanın strateji muxtariyyət siyasətinin yeni sınaq meydanına çevirir.

Qrenlandiya düyünü: Vaşinqtonla Brüssel arasındakı ziddiyyət

Arktika məsələsini ABŞ-Avropa münasibətlərindən ayırmaq mümkün deyil. Çünki regionun ən strateji nöqtələrindən biri Qrenlandiyadır. Hüquqi baxımdan Qrenlandiya Danimarka Krallığının tərkibində olan və özünü idarə edən ərazidir. Danimarka Aİ üzvü olsa da, Qrenlandiyanın özü Aİ-nin tərkibində deyil. Buna baxmayaraq, onun təhlükəsizliyi, resursları və geosiyasi mövqeyi Avropa üçün həyati əhəmiyyət daşıyır. Aİ institutları Qrenlandiyanın gələcəyinə yalnız Qrenlandiya xalqının və Danimarkanın qərar verməli olduğunu dəfələrlə vurğulayıb.

ABŞ-ın Qrenlandiyaya nəzarət məsələsində irəli sürdüyü iddialar isə Avropada ciddi narahatlıq yaradıb. Vaşinqtonun arqumenti əsasən Arktikanın dəyişən təhlükəsizlik mühiti və ABŞ-ın strateji maraqları ilə əlaqələndirilir. Lakin Avropa üçün məsələ bundan daha genişdir. Əgər hərbi təhlükəsizlik arqumenti gələcəkdə Qrenlandiyanın siyasi statusuna təzyiq vasitəsinə çevrilərsə, bu, təkcə Danimarkanın deyil, bütövlükdə Avropa təhlükəsizlik sisteminin problemi olacaq.

Məhz buna görə Aİ daxilində Qrenlandiyaya siyasi və iqtisadi dəstəyin artırılması istiqamətində addımlar atılır. Avropa Parlamenti Qrenlandiyanın suverenliyi və öz müqəddəratını müəyyən etmək hüququnu xüsusi olaraq müdafiə edir. Avropa Komissiyasının da Qrenlandiyada investisiya, peyk rabitəsi, xammal və bərpaolunan enerji layihələrinə marağı artır.

Bununla belə, burada daha mürəkkəb bir paradoks yaranır. ABŞ NATO-nun əsas üzvüdür və Avropa onunla Arktikada təhlükəsizlik əməkdaşlığından imtina edə bilməz. Elə 2026-cı ilin iyununda Avropa liderləri də Arktika təhlükəsizliyinin NATO çərçivəsində, ABŞ-ın iştirakı ilə təmin edilməsinin vacibliyini bəyan etmişdilər.

Deməli, Aİ Qrenlandiya məsələsinə görə, ABŞ-dan maksimum “uzaqlaşmağa” çalışsa da, mümkün olmayacaq. Əsas məsələ ABŞ-la müttəfiqlik münasibətlərini qoruyaraq, Avropanın öz maraqlarının ayrıca təmin edilməsidir. Qrenlandiya isə bu ziddiyyətin ən həssas nöqtəsinə çevrilib.

Orta Dəhliz iqtisadi xətdirsə, Arktika yeni hərbi xəttə çevrilə bilər

Göründüyü kimi, yeni iqtisadi nizamda Orta Dəhlizin əhəmiyyəti nə qədər artırsa, yeni təhlükəsizlik arxitekturasında da Arktikanın çəkisi də bir o qədər yüksəlir. Lakin bu iki məkanın funksiyası fərqlidir. Orta Dəhliz Şərqlə Qərbi birləşdirən iqtisadi, logistika və enerji bağlantısı kimi önə çıxırsa, Arktika qlobal güclərin hərbi-strateji balansına birbaşa təsir edən məkan kimi formalaşır.

Buzlaqların əriməsi regionu tədricən daha əlçatan etdikcə burada yeni dəniz yolları, enerji və mineral resurslar, rabitə xətləri və logistika imkanları uğrunda rəqabət genişlənəcək. Bu isə Arktikanı iqtisadi maraqların kəsişdiyi məkan olmaqla yanaşı, hərbi çəkindirmə və qarşıdurma risklərinin artdığı əraziyə çevirə bilər.

Üstəlik, Rusiya ilə Qərb arasındakı qarşıdurmanın Avropanın şimal sərhədlərinə yaxınlaşması regionun əhəmiyyətini daha da artırır. NATO artıq Arktikada hərbi təlimlərin və müşahidənin intensivləşdirilməsini həyata keçirir. Bu mərhələdə Norveç, Finlandiya və İsveçin rolu artır, Danimarka Qrenlandiya istiqamətində müdafiə imkanlarını genişləndirir, Kanada və ABŞ isə öz şimal ərazilərində hərbi və radar imkanlarını gücləndirir.

Bütün bunlar göstərir ki, qarşıdakı mərhələdə Arktikada əsas mübarizə təkcə torpaq və su sahələri uğrunda olmayacaq. Söhbət radar və peyk sistemlərindən, sualtı kabellərdən, dəniz yollarından, nüvə çəkindirməsindən, kosmik müşahidədən və kritik infrastrukturdan gedəcək. Çin də “Qütb İpək Yolu” və iqtisadi layihələr vasitəsilə regiona marağını artırır. Avropa Parlamentinin sənədlərində Rusiya və Çin əməkdaşlığının Arktikadakı strateji nəticələrinə ayrıca diqqət yetirilir.

Beləliklə, qarşıdakı illərdə Arktika sadəcə “Şimaldakı soyuq məkan” kimi deyil, yeni dünya nizamının ən mühüm strateji koordinatlarından biri kimi qəbul edilə bilər.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30