Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türk Dövlətləri Təşkilatı öz potensialından maksimum istifadə edir

Türk Dövlətləri Təşkilatı öz potensialından maksimum istifadə edir

21.09.2026 [15:10]

Müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal proseslərdə fəal iştirak edən təşkilatların rolu getdikcə artır. Siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik imkanlarının bir araya gətirilməsi dövlətlərin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsinə mühüm təsir göstərir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı böyük potensiala malik mühüm əməkdaşlıq platforması kimi diqqəti cəlb edir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə qeyd etdiyi kimi, təşkilat yarandığı gündən ötən müddət ərzində mühüm məsələlərin həlli, üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı və beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Dövlət başçısı TDT ölkələrinin rəhbərlərinin ümumi mövqeyinin təşkilatın beynəlxalq arenadakı rolunu və yerini gücləndirməkdən ibarət olduğunu bildirib.

Türk Dövlətləri Təşkilatının gücü ilk növbədə onun üzv dövlətlərini birləşdirən tarixi, mədəni və mənəvi bağlardan qaynaqlanır. Ortaq dil, tarix, adət-ənənə və mədəni dəyərlər dövlətlər arasında münasibətlərin daha möhkəm təməl üzərində qurulmasına imkan verir. Bununla yanaşı, təşkilatın potensialı yalnız mənəvi və mədəni bağlarla məhdudlaşmır. TDT geniş coğrafiyanı, böyük iqtisadi imkanları, enerji resurslarını, nəqliyyat-logistika infrastrukturlarını və mühüm strateji mövqeləri əhatə edir.

Təşkilatın yerləşdiyi coğrafi məkan xüsusi əhəmiyyət daşıyır. Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və enerji marşrutlarının bu regiondan keçməsi TDT ölkələrinin beynəlxalq iqtisadi və logistika proseslərində rolunu artırır. Prezident İlham Əliyev də enerji və nəqliyyat bağlantılarının bu gün təhlükəsizlik məsələlərindən ayrı nəzərdən keçirilə bilməyəcəyini vurğulayıb. Bu amillər TDT-nin regional əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, onun beynəlxalq əhəmiyyətini də artırır.

Azərbaycan TDT çərçivəsində nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı, Azərbaycanın mühüm tranzit imkanları, liman və dəmir yolu infrastrukturu Türk dünyasının ölkələri arasında bağlantıların gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi inkişafına və qarşılıqlı inteqrasiyasına xidmət edir.

TDT-nin beynəlxalq mövqeyinin möhkəmlənməsində təhlükəsizlik sahəsində əməkdaşlıq da mühüm yer tutur. Bakı şəhərində TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi təhlükəsizlik məsələlərinin təşkilat daxilində daha sistemli şəkildə müzakirə edildiyini göstərir. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər birgə əməkdaşlığı zəruri edən çağırışlardır.

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması həm də üzv ölkələrin vahid mövqedən çıxış etməsi və bir-birinə qarşılıqlı dəstək göstərməsi ilə bağlıdır. Birgə mövqelərin formalaşdırılması TDT-nin beynəlxalq təşkilatlarla və digər dövlətlərlə münasibətlərində daha təsirli əməkdaşlıq imkanları yaradır.

Azərbaycan TDT-nin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təşkilatın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi üçün bütün imkanlar mövcuddur. Bu imkanlardan səmərəli istifadə olunması, birgə layihələrin həyata keçirilməsi və üzv ölkələr arasında həmrəyliyin daha da gücləndirilməsi TDT-nin gələcək inkişafında mühüm rol oynaya bilər.

Bu gün Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni və humanitar əlaqələrin inkişaf etdirildiyi platforma deyil. Təhlükəsizlik, nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələrdə genişlənən əməkdaşlıq təşkilatın fəaliyyət dairəsinin getdikcə genişləndiyini göstərir. TDT-nin potensialından maksimum istifadə edilməsi onun üzv dövlətlərinin ümumi maraqlarının qorunmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində əsas istiqamətlərdən biri də türk dövlətləri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi, mövcud potensialın reallaşdırılması və regionda davamlı sülh və təhlükəsizliyə töhfə verilməsidir. Bu istiqamətdə atılan addımlar Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsinə yönəlir.

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri             

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30