Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Strateji mineral ehtiyatlarının mənbəyi

Strateji mineral ehtiyatlarının mənbəyi

26.09.2026 [11:45]

Azad ərazilər dağ-mədən sənayesinin əsas ünvanına çevrilir

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə mineral resursların istehsalı və emalı, ixracı üçün əlavə imkanların səfərbər edilməsi,  istehsal zəncirinin genişləndirilməsi və yeni güclərin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramda strateji sahələrdən biri kimi işğaldan azad edilmiş ərazilərdəki dağ-mədən və metallurgiya sənayesinin inkişafını təşviq edən stimullaşdırıcı alətlərin tətbiqi, xarici sərmayədarlarla birgə işlərin aparılması və digər addımlar da nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkəmizin ümumi mineral-xammal potensialının çox böyük hissəsini təşkil edən olduqca zəngin təbii resurslara malikdir. Bölgəki qızıl, gümüş, mis, molibden, alüminium, qara metallurgiya üzrə ehtiyatlar mineral resurs mənbələrinin yarıdan çoxunu təşkil edir. Bu regionda 167 müxtəlif növ faydalı qazıntı və mineral su yatağı qeydə alınıb.

Qarabağ və Şərqi Zəngəzurun yeni mineral xəritəsi hazırlanır

Kəlbəcərdə yerləşən məşhur Söyüdlü (Zod) və Tutxun yataqları, Zəngilandakı “Vejnəli” yatağı Azərbaycanın ən böyük nəcib metal ehtiyatlarındandır. Ağdərə rayonundakı “Qızılbulaq” qızıl-mis və “Dəmirli” mis-molibden yataqları sənaye əhəmiyyətinə görə regional miqyasda mühüm çəkiyə malikdir. Dünyada nadir tapılan civə yataqlarından bir neçəsi Kəlbəcərdəki “Şorbulaq” və “Ağyataq”da yerləşir. Qeyri-filiz yataqları ilə də zəngin olan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq layihələrini yerli xammalla təmin edən 120-dən çox tikinti materialı yatağı mövcuddur: Zəngilandakı Oxçuçay mərmərləşmiş əhəngdaşı və “Bartaz” porfirit yataqları yüksək keyfiyyətli inşaat xammalıdır. Eləcə də, Ağdam, Füzuli və Zəngilanda böyükhəcmli qeyri-filizlər mövcuddur. Hazırda bu yataqların böyük iqtisadi dəyərə çevrilməsi məqsədilə genişmiqyaslı geoloji kəşfiyyat işləri aparılır və regional mineral potensialın xəritəsi yenilənir.

“AzerGold”un ambisiyalı hasilat planı - 3,6 milyard manat investisiya

Hazırda azad edilmiş ərazilərdə qızılçıxarma sənayesində yeni mərhələ başlayıb. Milli istehsal brendimiz olan “AzerGold” hasilat zonalarında böyük investisiya layihəsi icra edir. Qafqazın ən böyük qızıl yataqlarından biri olan “Söyüdlü” yatağında - “Zod” yatağında fəaliyyət artıq təmin edilib. “AzerGold”a 2026-cı ildə qeyri-filiz yataqları üzrə operator statusu da həvalə edilib ki, bu da istismar işlərinin daha da genişləndirilməsi deməkdir. Şirkət Dövlət Proqramı çərçivəsində 4 əsas strateji istiqamət üzrə layihə həyata keçirməyi planlaşdırır. İlk layihə “Söyüdlü” qızıl yatağıdır. Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır.

İkinci layihə Naxçıvanda yerləşən “Ortakənd” qızıl yatağıdır. Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır.

Digər layihə “Filizçay” polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir. Bu layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Başqa bir layihə isə azad ərazilərdə və ətraf sənaye zonalarında dağ-mədən və metallurgiya komplekslərinin vahid istehsal zəncirlərində birləşdirilməsidir.

Ümumilikdə, həmin layihələr üzrə toplam investisiya həcmi təxminən 3,6 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Türkiyənin mədən şirkətləri azad ərazilərdə

Azad ərazilərdə mədənçıxarma sənayesinə yerli şirkətlərlə yanaşı, xarici investorların da cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorları cəlb etməkdədir. Qardaş Türkiyənin “Eti Bakır A.Ş” və “Artvin Maden A.Ş” şirkətləri Kəlbəcərin “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında hasilata başlamaqdadır. Eləcə də digər zəngin mənbələr olan “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli”, “Dəmirli” yataqlarının işlənməsi üçün xarici investorların təklifləri nəzərdən keçirilir.

Eləcə də Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti mis, gümüş və qızıl mədənlərində - “Xarxar” və “Qaradağ”, “Dəmirli” yataqlarında işlərini davam etdirir. Bu layihələrin icrası azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsini təmin edəcək.

Vergi-gömrük güzəştləri, iqtisadi stimullar

Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, eləcə də sosial vergilərdən azad olunublar ki, bu amil həmin bölgəyə sənaye qruplarının axınlarını sürətləndirəcək.

Proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq. Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək. Nəticədə azad ərazilər müasir sənaye quruculuğunun mərkəzi olmaqla, elmtutumlu iqtisadiyatın da əsas sütunlarından birini təşkil edəcək.

Beləliklə, Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın icrası azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsinə, Azərbaycanın qızıl ehtiyatlarının artmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30